Məhkəmə qərarları › İş №e-2-2(119)-766/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-766/2025

23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-766/2025 23.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yafət qızının katibliyi, İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə iştirakı ilə İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5937,27 (beş min doqquz yüz otuz yeddi manat iyirmi yeddi qəpik) manat məbləğində əsas borc, 593,73 (beş yüz doxsan üç manat yetmiş üç qəpik) manat məbləğində dəbbə pulu və 85,31 (səksən beş manat otuz bir qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6616,31 (altı min altı yüz on altı manat otuz bir qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 dekabr 2022-ci il tarixdə İddiaçı ilə cavabdeh arasında S98/22 nömrəli təchizat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı, yəni satıcı bu müqavilədə nəzərdə tutulmuş malları alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin hesablaşma qaydaları başlıqlı 4-cü bəndinə əsasən bu müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların satıcı qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində satıcının ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, alıcı satılan malın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. Malların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu müqaviləyə əsasən onun dəyərinə daxildir. Satıcının ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş Mallar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış malların nağd şəkildə ödənişi mümkündür. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturaları əsasında mallar təchizatçı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq alıcı elektron-qaimələrə əsasən ƏDV daxil olmaqla 5937,27 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq İddiaçınə ödəməmişdir. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu gödəndilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan təchizatçı İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə alıcı Cavabdeh arasında bağlanmış 15 dekabr 2022-ci il tarixli S98/22 nömrəli təchizat müqaviləsinin 1.1-ci bəndinə əsasən təchizatçı alıcıya mal satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini təchizatçıya ödəyir. Bu müqavilə çərçivəsində mal termini dedikdə spirtli məhsullar nəzərdə tutulur. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların təchizatçı qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 təqvim günü müddətində təchizatçının ödəniş hesabına vəsait göndərməklə qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı alıcı ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 təqvim günündən gec olmamalıdır. Malların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu müqaviləyə əsasən onun dəyərinə daxildir. Təchizatçının ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş mallar ödənilmiş hesab olunur. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən alıcı realizasiya tarixindən etibarən hər 30 təqvim günündən bir, lakin istənilən halda növbəti hesabat tarixinin 20-sindən gec olmayaraq satılan/satımamış malların qalıqları barədə məlumatı təchizatçıya təqdim etməyi öhəsinə götürür. Alıcı tərəfindən bu cür məlumatların təqdim edilməməsi, satılmayan malların olduğu halda belə təchizatçı qarşısında mallar üçün tam ödəniş öhdəliyi yaradır. Bununla belə təchiz olunmuş mallara görə tam həcmdə ödəniş tələbinə əsasən alıcı təchizatçı tərəfindən təqdim edilmiş yazılı tələb alındığı andan 3 iş günündən gec olmayaraq ödəniş etməyə borcludur. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən alıcı tərəfindən bu müqavilənin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda alıcı satıcıya hər gecikən gün üçün 0,3% dəbbə pulu (cərimə) ödəyir. 4.2-ci bəndə əsasən hesabatların vaxtında təqdim edilmədiyi halda alıcı razılaşır ki, satıcı təhvil verilmiş bütün mallara görə peniya hesablayır. Hesabatlar 4.2-ci bənddə göstərilən müddətdə təqdim edilmədikdə, alıcı razılaşır ki, satıcı bütün çatdırılmış malın dəyərinə görə cərimələri hesablayır və onu satılmış hesab edir. Cərimənin ödənilməsi alıcını bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən azad etmir. İş materiallarından görünür ki, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Cavabdeh 246,80 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBCN seriyalı 957107 nömrəli, 170,53 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBCO seriyalı 143944 nömrəli, 133,19 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDA seriyalı 324861 nömrəli, 380,97 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDB seriyalı 258747 nömrəli, 133,05 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDB seriyalı 648961 nömrəli, 474,95 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDC seriyalı 289082 nömrəli, 5335,83 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDK seriyalı 984616 nömrəli, 301,44 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDL seriyalı 481508 nömrəli elektron qaimə-faktura təqdim olunmuşdur. İş materiallarında olan kassa mədaxil orderinin qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə 21 fevral 2023-cü il tarixdə 135 manat, 14 mart 2023-cü il tarixdə 50 manat, 22 mart 2023-cü il tarixdə 50 manat, 31 mart 2023-cü il tarixdə 100 manat, 13 iyun 2023-cü il tarixdə 50 manat, 25 iyun 2023-cü il tarixdə 50 manat, 11 iyul 2023-cü il tarixdə 50 manat, 28 iyul 2023-cü il tarixdə 54,5 manat, 24 avqust 2023-cü il tarixdə 100 manat, 29 avqust 2023-cü il tarixdə 100 manat, 19 sentyabr 2023cü il tarixdə 200 manat, 03 oktyabr 2023-cü il tarixdə 100 manat, 10 oktyabr 2023-cü il tarixdə 100 manat, 17 oktyabr 2023-cü il tarixdə 100 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan 09 aprel 2025-ci il tarixli maliyyə arayışında göstərilir ki, 15 dekabr 2022-ci il tarixli S98/22 nömrəli təchizat müqaviləsinə əsasən İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən alıcı Cavabdeh 7176,77 manat dəyərində mal verilmiş, cavabdeh tərəfindən 1239,5 manat ödəniş edilmiş, onun 5937,27 manat əsas borcu, 593,73 manat dəbbə pulu olmaqla, cəmi 6531 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 15 dekabr 2022-ci il tarixli S98/22 nömrəli təchizat müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Cavabdeh 7176,77 manat dəyərində spirtli məhsullar satılmış, həmin malların dəyərindən cavabdeh 1239,5 manat ödəniş etsə də, o, öz öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək malların dəyərini tam ödəməmişdir. Buna görə İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi həmin müqavilə üzrə ödənilməmiş 5937,27 (beş min doqquz yüz otuz yeddi manat iyirmi yeddi qəpik) manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 593,73 (beş yüz doxsan üç manat yetmiş üç qəpik) manat məbləğində dəbbə pulunun tutulması” hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla dəbbə pulunun məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 300 (üç yüz) manat məbləğində dəbbə pulu tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “85,31 (səksən beş manat otuz bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 82,37 (səksən iki manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5937,27 (beş min doqquz yüz otuz yeddi manat iyirmi yeddi qəpik) manat məbləğində əsas borc, 300 (üç yüz) manat məbləğində dəbbə pulu və 82,37 (səksən iki manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6319,64 (altı min üç yüz on doqquz manat altmış dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5937,27 (beş min doqquz yüz otuz yeddi manat iyirmi yeddi qəpik) manat məbləğində əsas borc, 300 (üç yüz) manat məbləğində dəbbə pulu və 82,37 (səksən iki manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6319,64 (altı min üç yüz on doqquz manat altmış dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Aliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar