Məhkəmə qərarları › İş №e-2-2(119)-767/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-767/2020

07.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-767/2020 07.12.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı MMC-nin direktoru Nümayəndə, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı "İddiaçı" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" MMC cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. "İddiaçı" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx” MMC tərəfindən 2018-ci il üçün alınacaq mal-materiallarla bağlı həmin ildə tender keçirilmişdir. İddiaçı şirkəti həmin tenderdə iştirak etmiş, Departament tərəfindən alınacaq bütün növ təkər və ehtiyat hissələrinin alınması üzrə tenderin qalibi olmuşdur. Keçirilmiş tenderin nəticələri, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və X1 Dövlət Xidməti tərəfindən təsdiq olunmuşdur. Bundan sonra tenderdə qalib olmuş İddiaçı MMC ilə "xxxx” MMC arasında nəqliyyatda istifadə olunan bütün növ təkər və ehtiyat hissələrinin alqısatqısına dair, tərəflər arasında xx.xx.2018-ci il tarixli, 09/18 nömrəli müqavilə bağlanılmışdır. Müqavilənin 1.1-ci bəndinə uyğun olaraq, İddiaçı şirkəti "xxxx” MMC-yə 118.801,81 manatlıq mal-material satmışdır. Həmin məbləğdən 5900.00 manat ödənilmiş, qalıq borc məbləği 112.901,81 manat təşkil etmişdir. Təəssüf ki, dəfələrlə edilmiş rəsmi və şifahi xəbərdarlıqlara baxmayaraq, alıcı malların dəyərini zamanında ödəməmişdir. Belə olan halda "İddiaçı" MMC borcla bağlı keçmiş Sumqayıt İnzibati-İqtisad Məhkəməsində "xxxx” MMC-nə qarşı cavabdehdən 112.901,81 manat əsas borc, 124.742,10 manat cərimə, 17.226 manat ödənilmiş ƏDV, 500 manat vəkil xərcləri və 30 manat dövlət rüsumu tələb etməklə, iddia qaldırmışdır. Sumqayıt İnzibati-İqtisad Məhkəməsin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx” MMC-dən "İddiaçı" MMC-nin xeyrinə 112.901,81 manat əsas borc məbləğinin, 5000 manat məbləğində cərimənin və 13,85 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh vaxt udmaq üçün Ali Məhkəməyə qədər şikayət versə də qətnamə yuxarı instansiyalarda dəyişdirilmədən saxlanılmış, sonra qanuni qüvvəsini alaraq, icra üçün Sumqayıt İcra idarəsinə göndərilmişdir. Bütün bunlar azmış kimi cavabdeh ödənişin icrasına mərhələli möhlət verilməsi ilə bağlı Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. "İddiaçı" MMC yenə də cavabdehin arqumentlərini nəzərə alıb, ödənişi iki il gecikdirmələrinə baxmayaraq, yenidən 2020-ci il ərzində borcun hissə-hissə ödənilməsinə dair cavabdehlə xx.xx.2020-ci il tarixli ödəniş qrafikinə dair protokol imzalamışdır. Sumqayıt Kommersiya Məhkəməsi tərəflər arasında imzalanmış bu protokolu əsas tutaraq özünün xx.xx.2020-ci il tarixli qərarını vermiş, lakin qərarda tərəflər arasında imzalanmış bu protokolun yalnız əsas borc hissəsi ilə bağlı ödəniş qrafiki ilə bağlı qərar vermişdir. Qərarda bu borcun vaxtlı-vaxtında ödənilməsi ilə bağlı protokolda nəzərdə tutulmuş tərəflərin öhdəlikləri ilə bağlı hissə nəzərə alınmamışdır. Hansı ki, qeyd olunan protokolda cavabdeh öz üzərinə götürmüşdür ki, borcu qrafikə uyğun ödəməyəcəyi təqdirdə, güzəşt dövründən sonrakı hər bir gün üçün ilkin borc məbləğinin 1%-i həcmində cərimə ödəyəcəkdir. Bu isə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında öz əksini tapmamışdır. Bu səbəbdəndir ki, cavabdeh qrafik üzrə ödənişləri məhkəmə qərarına belə uymayaraq həddindən artıq gecikdirmişdir. Bunu nəzərə alaraq, "İddiaçı" MMC qərardadda yol verilmiş yanlışlığın aradan qaldırılmasına dair ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə ərizəni təmin edərək. yanlışlığı aradan qaldırmışdır. "xxxx” MMC həmin qərardaddan apelyasiya şikayəti vermiş və Sumqayıt Apelyasiya Məhkəməsi xx.xx.2020-ci il tarixli qərardadı ləğv edərək, ərizəyə yenidən baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərmiş və eyni zamanda öz qərarında göstərmişdir ki, xx.xx.2020-ci il tarixli protokol tərəflər arasında bağlanılmış müqavilədir, müqavilədən irəli gələn öhdəliyini icra etməyən tərəfə qarşı digər tərəf ümumi qaydada tələb irəli sürə bilər. Əsas borcun ödənilməsində baş vermiş gecikdirmələrə görə, ilkin məbləğə görə aylar üzrə hesablanılmış 1% cərimələr isə belə olmuşdur (5 günlük güzəşt dövrü nəzərə alınmaqla): mart ayı üzrə - 30.657,90 manat, aprel ayı üzrə - 29.478,75 manat, may ayı üzrə - 30.657,90 manat, iyun ayı üzrə - 29.478,75 manat, iyul ayı üzrə - 30.657,90 manat, avqust ayı üzrə - 30.657,90 manat, sentyabr ayı üzrə - 29.478,75 manat. Cəmi – 211.067,85 manat. Göstərilənləri nəzərə alaraq, iddiaçı "İddiaçı" MMC məhkəmədən cavabdeh "xxxx” MMC ilə aralarında bağlanılmış xx.xx.2020-ci il tarixli protokol üzrə öhdəliklərini yerinə yetirməməsu səbəbindən, xx xxxxxxx 2020-ci il tarixədək gecikdirilmiş günlər üçün cəmi məbləğ - 211.067,85 manat, iddiaçı tərəfindən ödənilmiş 31 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi və xx xxxxxxx 2020-ci ildən sonrakı tarixlərdə də əsas məbləğ tam ödənilənədək cərimə məbləğinin hesablanıb verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı MMC-nin direktoru Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirdi ki, bu ilin fevral ayında burada “xxxx” MMC ilə aralarında olan mübahisəli məsələyə baxılmışdır. Onlar elə bu zalda baxış zamanı “xxxx” MMC-nin müdiri ilə razılaşmış və protokol tərtib etmişlər. Hər iki tərəfdən protokola imza edib möhür vurulub. Aralarında 1% məsələsi ilə problem yaranmışdır. Məhkəmə qərardadında 1% məsələsi göstərilmədiyindən iddianının ərizəsinə əsasən bu yanlışlıq aradan qaldırıldı. Qarşı tərəf həmin qərardaddan şikayət verdi, iş Sumqayıt Apelyasiya Məhkəməsi göndərildi, orda qərardadı ləğv edib, işi geri qaytardılar. Yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etdi ki, birgə razılıq əsasında tərtib olunmuş protokolda göstərilmiş 1% ilə bağlı iddiam təmin edilsin. İddiaçı MMC protokolda göstərilən 1% məbləği tələb edir. Qarşı tərəf deyir ki, mart ayından başlayaraq pul ödəyiblər. Əslində bu, belə deyil. Mart, aprel, may, iyun aylarında ödəniş etməyiblər. Onlardan iyul ayına qədər pulların hamısını bank hesablarına sanksiya qoymaqla alınıb. Bütün pullar bu yolla alınıb, onlar könüllü olaraq ödəniş etməyiblər. İkincisi isə, xx xxxxxx 2020-ci il tarixli razılaşma protokolunda qeyd edilib ki, ödənişlər hər ayın 5-də olmaqla sonrakı 5 təqvim günü əlavə vaxt verilib ki, pulun ödənişi edilsin. Güzəşt dövründən sonra gecikdirilən hər gün üçün borc məbləğinin 1%-də cərimə hesablanır və cavabdehdən tutulur. Yəni, bunu hər iki tərəf razılaşaraq tərtib edib. Hansı aya gecikmə olub, onun peniyasını icra və probasiya şöbəsindən tələb ediblər. Onlar bunu protokol əsasında istəyib. Əlavə nəsə tələb etmirlər. Yoxsa qarşı tərəf ödəniş etmir, indi gəlib deyir ki, dövlət təşkilatıdır, dövlətindir, pulumuz yoxdur, pandemiyadır və sair. Cavabdeh təşkilat dövlət tərəfindən maliyyələşir və onlara dotasiya verirlər. Yəni cəriməni ödəmək imkanları var. Nümayəndə məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmədə cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili X4 bildirdi ki, iddianı qəbul etmirlər. İddiaçi İddiaçı MMC cavabdeh “xxxx” MMC-yə qarşı “cərimə tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərilən müəyyən məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini tamamilə əsassız hesab edir və iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş edir. İlk olaraq məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, “xxxx” MMC təsisçisi dövlət olan, nizamnamə kapitalının 100 %-i dövlətə məxsus olan hüquqi şəxs kimi xx xxxxxx 2009-cu il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsindən qeydiyyatdan keçməklə yaradılmışdır. Departamentin nizamnaməsinin 1.2-ci bəndinə əsasən Cəmiyyət Sumqayıt şəhər İcra Hakimiyyətinin idarəçiliyi ilə müstəqil hüquqi şəxs kimi tam təsərrüfat hesabı və özünü maliyyələşdirmə prinsipləri əsasında fəaliyyət göstərir. Departament tam təsərrüfat hesablı müəssisə olaraq gəlirlərini ayrı-ayrı təsərrüfat subyektləri ilə bağlanmış müqavilələr əsasında əldə edir. Eyni zamanda, Cəmiyyət öz fəaliyyətini hüquqi və fiziki şəxslərlə bağlanmış müqavilələr, tenderlər və s. yollarla həyata keçirir. İşin faktiki halları ondan ibarətdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(085)- 63/2019 saylı qətnaməsi ilə İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək cavabdehdən əsas borc qalığı 112.901,81 manat, cərimə 5000 manat, cəmi 117.901,81 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8-2(119)-2/2020 saylı qərardadı ilə “xxxx” MMC-nin ərizəsi İddiaçı MMC ilə “xxxx” MMC arasında imzalanmış protokol nəzərə alınaraq təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu “xxxx” MMC tərəfindən borcun hissə-hissə ödənilməsi qərara alınmışdır. Həmin qərardadla “xxxx” MMC tərəfindən 2020-ci ilin mart ayından başlayaraq həmin ilin sonuna kimi (dekabr ayı daxil olmaqla) İddiaçı MMC-yə qət edilmiş məbləğin ödənilməsi qərara alınmışdır. İddiaçı hazırkı ərizəsində gecikdirilmiş günlər üçün 211067,85 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Əvvəla, qeyd olunmalıdır ki, tərəflər arasında razılaşdırılmış xx.xx.2020-ci il tarixli protokol həmin vaxt Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan ərizəçi “xxxx” MMC-nin Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borcunun hissə-hissə ödənilməsinə dair ərizəsi ilə əlaqədar tərtib edilmişdir. Belə ki, protokol məhz yuxarıda qeyd olunan ərizəyə baxılarkən məhkəmə iclasında imzalanmışdır, həmçinin protokolun məzmununda da protokolun “xxxx” MMC-nin borcun hissə-hissə ödənilməsi ilə bağlı ərizəsi ilə əlaqədar razılaşdırıldığı qeyd olunmuşdur. Protokol razılaşdırıldıqdan X3 Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8-2(119)-2/2020 saylı qərardadı ilə İddiaçı MMC ilə “xxxx” MMC arasında imzalanmış protokol nəzərə alınaraq “xxxx” MMC-nin ərizəsi təmin edilmiş və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu “xxxx” MMC tərəfindən borcun 2020-ci ilin mart ayından başlayaraq həmin ilin sonuna kimi hissə-hissə ödənilməsi qərara alınmışdır. Həmin qərardaddan tərəflər şikayət verməmişlər və qərardad qanuni qüvvəsini almışdır. Beləliklə, müəyyən olunur ki, İddiaçı MMC-nin hazırkı iddia ərizəsində istinad etdiyi xx.xx.2020-ci il tarixli protokol üzrə ödənişlərə dair qanuni qüvvəsini almış məhkəmə qərardadı vardır və həmin qərardadla xx.xx.2020-ci il tarixli protokol üzrə tərəflər arasında olan razılaşmaya artıq hüquqi qiymət verilmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, “xxxx” MMC tərəfindən borc məbləği və cərimə tam şəkildə İddiaçı MMC-yə ödənilmişdir. Buna görə də, yəni İddiaçı MMC ilə “xxxx” MMC arasında imzalanmış protokol əsasında qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə müəyyən edilmiş öhdəlik “xxxx” MMC tərəfindən tam icra edildiyinə görə, yenə həmin protokola istinad edərək yeni tələb irəli sürmək əsassız və qanunsuzdur. Digər tərəfdən, həmin protokoldan görünür ki, tərəflər borc məbləğinin 2020- ci ilin mart ayından başlayaraq, həmin ilin dekabr ayına kimi ödənilməsi barədə razılığa gəlmişlər. Başqa sözlə, protokol üzrə Departamentin öhdəliyini icra etmə müddəti 2020-ci ilin sonuna kimi (dekabr ayı daxil olmaqla) müəyyən edilmişdir. Qeyd edildiyi kimi, Departament tərəfindən borc və cərimə məbləği tam şəkildə ödənilmişdir. Buna görə də İddiaçı MMC-nin hazırkı iddia tələbi əsassızdır. Başqa bir xüsusatı da məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, əgər Departament tərəfindən öhdəliyin icrasının gecikdirilməsi olmuşdursa da işin halları nəzərə alınmaqla yenə də iddia tələbinin əsassız olduğu müəyyən olunur. Belə ki, ödənişlərin Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8-2(119)-2/2020 saylı qərardadı qanuni qüvvəsini aldıqdan sonrakı ilk aylarda gecikdirilməsi Departamentin təqsiri olmayan və onun iradəsindən asılı olmayan səbəblərə görə, bütün dünyanı, o cümlədən Azərbaycan Respublikasını bürümüş koronovirus pandemiyası ilə əlaqədar olaraq yaranmış obyektiv səbəblərə görə baş vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın məlum qərarları ilə respublika ərazisində, həmçinin Sumqayıt şəhərində ticarət, iaşə və digər sahələrdə fəaliyyət göstərən müəssisələrin, obyektlərin fəaliyyətləri dayandırıldığını, tam təsərrüfat hesablı müəssisə olaraq Departamentin gəlirlərinin yalnız adları çəkilən sahələrdə fəaliyyət göstərən təsərrüfat obyektləri ilə bağlanmış müqavilələr əsasında yarandığını nəzərə alaraq həmin aylarda departamentin gəlirləri yalnız işçilərin əmək haqlarının ödənilməsinə kifayət etmişdir. Beləliklə müəyyən olunur ki, departament tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8-2(119)-2/2020 saylı qərardadı ilə müəyyən edilmiş ödənişlərin ilk aylarda ödənilməməsi üzürlü səbəblərdən baş vermişdir. Mövcud qanunvericiliyin tələblərinə görə də borclu öhdəliyin pozulmasının onun cavabdeh olmadığı haldan irəli gəldiyi hallarda məsuliyyət daşımır. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Mülki Məcəllənin 445.5-ci maddəsinə əsasən, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Mülki Məcəllənin 448-ci maddəsi və onun bəndlərinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Eyni zamanda məhkəmənin nəzərinə çatdırırıq ki, İddiaçı MMC-nin cərimə tələbi həm də aşağıda qeyd olunan qanunvericilik normalarına əsasən əsassız və qanuna ziddir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Yeri gəlmişkən, burada daha çox peniya tələbidir. Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Yuxarıda qeyd olunduğu kimi öhdəliyin icrasının gecikdirilməsini fərz etsək belə, gecikdirmə üçün Departament məsuliyyət daşımadığına görə (pandemiya ilə əlaqədar tətbiq olunan karantin tədbirləri nəticəsində departamentin gəlirlərinin kəskin azalması) İddiaçı MMC tərəfindən cərimə tələb edilməsi qanuna ziddir. Z.Abbasov buna görə də iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclas iştirakçılarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "İddiaçı" MMC “xxxx” MMC-yə qarşı Sumqayıt İnzibati- İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 112.901,81 manat əsas borc, 124.742,10 manat cərimə, 17.226 manat ödənilmiş ƏDV, 500 manat vəkil xərcləri və 30 manat dövlət rüsumu tələb etmiş, Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2- 2(085)-63/2019 №-li qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx” MMC-dən "İddiaçı" MMC-nin xeyrinə 112.901,81 manat əsas borc məbləğinin, 5000 manat məbləğində cərimənin və 13,85 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadının surətindən görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(085)-63/2019 №-li qətnaməsinin hissə-hissə icra edilməsi ilə bağlı “xxxx” MMC-nin ərizəsi təmin edilmiş, tələbkarla borclu arasında imzalanmış xx.xx.2020-ci il tarixli protokola uyğun olaraq xx xxxxxx 2019-cu il tarixli icra sənədi üzrə borclu “xxxx” MMC tərəfindən 2020-ci ilin mart ayı üçün 15.915,66 manat, aprel ayı üçün 15.000 manat, may ayı üçün 14.000 manat, iyun ayı üçün 13.000 manat, iyul ayı üçün 12.000 manat, avqust ayı üçün 11.000 manat, sentyabr ayı üçün 10.000 manat, oktyabr ayı üçün 9.000 manat, noyabr ayı üçün 8.000 manat, dekabr ayı üçün 10.000 manat, cəmi 117.915,66 manat borc məbləğinin hissə-hissə olmaqla İddiaçı MMC-yə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli protokolun surətindən görünür ki, razılaşmaya əsasən ödənişlər hər ayın 5-də olmaqla sonrakı beş təqvim günü güzəşt dövrü verilir. Güzəşt dövründən sonra gecikdirilən hər bir gün üçün, ilkin borc məbləğinin 1%-i həcmində cərimə hesablanır və cavabdehdən tutulur. İş materiallarında olan qərardadların surətlərindən görünür ki, tələbkar İddiaçı MMCnin direktoru Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, borclu ilə aralarında imzaladıqları xx.xx.2020-ci il tarixli protokolda göstərilən güzəşt dövründən sonra gecikdirilmiş hər gün üçün ilkin borc məbləğinin 1%-i həcmində cərimənin tutulması xx.xx.2020-ci il tarixli, 8-2(119)-2/2020 qərardadda qeyd edilmədiyi üçün həmin yanlışlığın aradan qaldırılmasını xahiş etmiş və məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin olunmuşdur. Sonra borclu həmin qərardaddan şikayət vermiş və Sumqayıt Apelyasiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadını ləğv etmiş, tələbkara müqavilədən irəli gələn öhdəliyini icra etməyən tərəfə qarşı ümumi qaydada tələb irəli sürmək hüququ izah edilmişdir. Məhkəməyə təqdim edilmiş ödəniş sənədlərinin surətindən görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(085)-63/2019 №-li qətnaməsi ilə cavabdehdən tutulması qət edilmiş əsas borc məbləği və cərimə “xxxx” MMC tərəfindən tam olaraq ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Beləliklə, məhkəmədə müəyyən edildi ki, Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(085)-63/2019 №-li qətnaməsi ilə "İddiaçı" MMC-nin “xxxx” MMC-nə qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 112.901,81 manat əsas borc, 5000 manat cərimə və 13,85 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. X3 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə həmin qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı “xxxx” MMC-nin ərizəsi təmin edilmiş, tələbkarla borclu arasında imzalanmış xx.xx.2020-ci il tarixli protokola uyğun olaraq xx xxxxxx 2019-cu il tarixli icra sənədinin üzrə borclu tərəfindən 2020-ci ilin sonunadək hissə-hissə olmaqla icra edilməsi qərara alınmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli protokolda qeyd olunan gecikdirilən hər bir gün üçün ilkin borc məbləğinin 1%-i həcmində cərimə hesablanması qəradadda göstərilmədiyinə görə tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, qərardadda yol verilmiş yanlışlığın aradan qaldırılmasını xahiş etmiş və məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin olunmuşdur. Sonra borclu həmin qərardaddan şikayət vermiş və Sumqayıt Apelyasiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadını ləğv etmiş, tələbkara müqavilədən irəli gələn öhdəliyini icra etməyən tərəfə qarşı ümumi qaydada tələb irəli sürmək hüququ izah edilmişdir. Buna əsasən İddiaçı MMC-nin direktoru Nümayəndə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə cavabdeh tərəf iddia tələbinə etiraz etmiş, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş əsas borc və cərimə məbləğlərinin borcun hissə-hissə ödənilməsinə dair qərardadda nəzərdə tutulmuş müddətdə, yəni 2020-ci ilin sonunadək tam olaraq ödənildiyini, bəzi aylarda müəyyən gecikmələrin olduğunu, lakin həmin gecikmələrin borclunun təqsiri ucbatından deyil, ölkəni və bütün dünyanı bürümüş koronavirus pandemiyası ilə bağlı olduğunu bildirmişdir. İddiaçı isə bu fikirlə razılaşmayaraq, bildirmişdir ki, cavabdeh tərəf mart, aprel, may, iyun aylarında ödəniş etməmiş, onlardan iyul ayına qədər pulların hamısı bank hesablarına sanksiya qoymaqla alınmışdır. Borcu ödəmək imkanları da həmişə olub. Məhkəmə təqdim olunmuş və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməldir. Əvvəla, iddia tələbi tərəflər arasında imzalanmış və onların könüllü iradə ifadəsini əks etdirən protokoldan irəli gəlir. Müqavilə xarakteri daşıyan həmin protokola əsasən borclu “xxxx” MMC məhkəmə qətnaməsi ilə müəyyən olunmuş əsas borc və cərimə məbləğlərinin hissə-hissə 2020-ci ilin sonunadək ödəyəcəyini və protokolda göstərilən güzəşt dövründən sonra gecikdirilmiş hər gün üçün ilkin borc məbləğinin 1%-i həcmində cərimə ödəyəcəyini öhdəlik olaraq üzərinə götürmüşdür. Məhkəmədə müəyyən edildi ki, borclu tərəfindən əsas borc və cərimə məbləğləri hissə-hissə 2020-ci ilin sonunadək tam ödənilsə də, müəyyən aylarda gecikmələr olmuşdur. Bu səbəbdən iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün hüquqi əsas yaranmışdır. Məhkəmə iddia tələbinin “xx xxxxxxx 2020-ci il tarixədək gecikdirilmiş günlər üçün cəmi məbləğ - 211.067,85 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, əsas borc məbləği 112.901,81 manat təşkil etdiyi halda cərimənin 211.067,85 manat məbləğində tələb edilməsi tənasübsüz surətdə yüksək sayılmalıdır. Bundan başqa, nəzərə alınmalıdır ki, əsas borc və cərimə məbləğləri borcun hissə-hissə ödənilməsinə dair Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadında nəzərdə tutulmuş müddətdə, yəni 2020-ci ilin sonunadək tam olaraq ödənilmişdir. Bəzi aylarda müəyyən gecikmələr olmuşdur. Lakin həmin gecikmələrin bu ilin mart ayından başlayaraq ölkəni və bütün dünyanı bürümüş koronavirus pandemiyası ilə bağlı olduğunu qəbul etmək məqsədəuyğundur. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, borcun ödənilməsi ilə bağlı bəzi aylarda müəyyən gecikmələr olsa da, cari il ərzində Azərbaycanda maliyyə sistemi sabit olmuş, inflyasiya baş verməmiş, bununla da borcun ödənilməsində bəzi aylarda yol verilmiş gecikmələrin tələbkar İddiaçı MMC-yə ciddi maddi ziyan vurulmasına gətirib çıxaran əsaslar yaranmamışdır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin “xx xxxxxxx 2020-ci il tarixədək gecikdirilmiş günlər üçün cəmi məbləğ - 211.067,85 manat pulun tutulması” hissəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi nəzərə alınmaqla qismən təmin edilməsi məqsədəuyğundur. Bu baxımdan məhkəmə hesab edir ki, əsas borc məbləği 112.901,81 manat təşkil etdiyi halda cərimənin 211.067,85 manat məbləğində hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə 3000 manata qədər azaldılmalıdır. Məhkəmə iddia tələbinin “xx xxxxxxx 2020-ci ildən sonrakı tarixlərdə də əsas məbləğ tam ödənilənədək cərimə məbləğinin hesablanıb verilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə qeyri-müəyyən ifadə olinduğuna, yəni tələb olunan məbləğ dəqiq göstərilmədiyinə görə əsassız sayılaraq təmin edilməməlidir. Məhkəmə yekun olaraq belə qənaətə gəlir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilərək, iddiaçı "İddiaçı" MMC ilə cavabdeh "xxxx" arasında imzalanmış xx.xx.2020-ci il tarixli protokol üzrə öhdəliklərin yerinə yetirməməsi səbəbindən, xx xxxxxxx 2020-ci il tarixədək gecikdirilmiş günlər üçün "xxxx" MMC-dən 3000 manat məbləğində pul tutularaq, iddiaçı "İddiaçı" MMC-yə ödənilməli, iddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "İddiaçı" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı "İddiaçı" MMC ilə cavabdeh "xxxx" arasında imzalanmış xx.xx.2020-ci il tarixli protokol üzrə öhdəliklərin yerinə yetirməməsi səbəbindən, xx xxxxxxx 2020-ci il tarixədək gecikdirilmiş günlər üçün "xxxx" MMC-dən 3000 manat məbləğində pul tutularaq, iddiaçı "İddiaçı" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 98,6%-i iddiaçıya, 1,4%-i cavabdehə aid edilsin. Cavabdehdən 0,42 (qırx iki qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq, iddiaçıya ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar