Məhkəmə qərarları › İş №e-2-2(119)-767/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-767/2023

29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-767/2023 29.09.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X9 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1 oğlunun, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin icra edilməsi" tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 31 may 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin icra edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 52,960 ton armaturun (metal materialı) İddiaçınə təhvil verilməsi öhdəliyinin cavabdeh “Qızıl-Daş R" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması, bu mümkün olmadıqda cavabdehdən hazırki bazar qiyməti üzrə 52,960 ton armaturun dəyərini təşkil edən 58256 (əlli səkkiz min iki yüz əlli altı) manat məbləğin (ƏDV daxil deyil) İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək İddiaçı tərəfindən 11 avqust 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edilərək, cavabdeh “Qızıl-Daş R" Məhdud Məsuliyyətli Cəmiyyətindən hazırkı bazar qiyməti üzrə 52,960 ton armaturun dəyərini təşkil edən 58256 (əlli səkkiz min iki yüz əlli altı) manat məbləğində (ƏDV daxil deyil) pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia ərizəsində və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC (bundan sonra “Satıcı”) ilə iddiaçı “Şərq İnşaat" MMC (bundan sonra “Alıcı”) arasında 08 dekabr 2020-ci il tarixli 37/20 nömrəli Alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqaviləyə əsasən müqavilədə göstərilən metal materiallarını (bundan sonra mal) müqavilə müddəti dövründə “Satıcı” Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə həmin malların dəyərini bu müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada “Satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən, malın bir ton qiyməti hər növbəti partiya üçün razılaşdırılaraq “Satıcı” tərəfindən “Alıcıya” verilən hesab-fakturada göstərilir. “Alıcı” isə malın dəyərini köçürülmə yolu ilə əvvəlcədən ödəyir. “Satıcı” isə öz növbəsində malı anbarından “Alıcının” nümayəndəsinə təhvil verməyi öhdəsinə götürür. Yuxarıda qeyd olunan Müqavilə əsasında 16 dekabr 2020-ci il tarixli e-qaimədən göründüyü kimi tərəflər arasında malın bir tonuna 900 manat qiymət razılaşdırılmış və “Alıcı” təxminən 100 ton məhsul üçün 90001,02 manat və ƏDV olaraq 16200,18 manat pulu “Satıcının” hesabına köçürmüşdür. Bu faktı ******* və ******* nömrəli ödəniş tapşırıqları da təsdiq edir. Lakin, “Satıcı” öz öhdəliyini tam yerinə yetirməmiş, ******* və ******* nömrəli qaimə fakturalarından göründüyü kimi yalnız 47,040 ton malı təhvil vermiş, yerdə qalan 52,960 ton malın təhvil verilməsindən isə bu günə qədər boyun qaçıraraq müqavilə öhdəliyini kobud surətdə pozmuşdur. Hazırki mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən mediasiya təşkilatına və pretenziya qaydasında cavabdehə müraciət olunmasına baxmayaraq, mübahisənin məhkəmədən kənar və yaxud mediasiya qaydasında həll edilməsi mümkün olmamışdır. Mediasiya xərci olaraq İddiaçı MMC tərəfindən 400 manat haqq ödənilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, iddianın məhkəməyə təqdim edildiyi tarixə 1 ton armaturun bazar dəyəri 1100 manat təşkil edir. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək cavabdeh “Qızıl-Daş R" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 10 avqust 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddia tələbinə qarşı “Etiraz” təqdim edilərək, İddiaçı cavabdeh “Qızıl-Daş R" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin icra edilməsi" barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, iddiaçının hazırki iddia tələbinin nə faktiki, nədəki hüquqi əsası yoxdur. Ona görə ki, tərəflər arasında bağlanmış 08 dekabr 2020-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gələrək cavabdehin 15 dekabr 2020-ci il tarixli elektron qaiməsi əsasında iddiaçı tərəfindən 16 dekabr 2020-ci il tarixdə ödənilmiş 90000 manat (ƏDV xaric) məbləğə münasibətdə bütün mallar iddiaçıya təhvil verilmişdir. Hətta, bununla belə iddiaçının növbəti partiya üzrə mala görə cavabdehə bu günədək borcu yaranmışdır. Belə ki, iddiaçı iddia ərizəsində qəbul etdiyini bildirdiyi 47,040 ton mala dair məhkəməyə 2 ədəd qaimə faktura təqdim etsə də, digər partiya (4 ədəd) qaimə fakturaları nədənsə təqdim etməmiş və elə görüntü yaratmaq istəmişdir ki, güya həmin mallar ona təhvil verilməmişdir. Bununla bağlı məhkəmənin diqqətinə çatdırılır ki, müqavilə şərtlərinə əsasən, mala görə ödəniş öncədən həyata keçirilməsi qeyd edilməsinə rəğmən, əslində tərəflər arasında işgüzar münasibət qarşılıqlı etimada əsaslanmış və buna görə hər həftə alınan bir neçə partiya mallar əvvəlcədən razılaşdırılaraq alıcıya təqdim edildikdən sonra, bir-iki gün ərzində həmin malların ödənişi həyata keçirilir və növbəti həftə üçün mal sifariş olunarkən əvvəlki malların pulu alıcı tərəfindən tam ödənilməklə şərtləndirilir. Bu yolla iddiaçı təşkilata cavabdeh tərəfindən 6 maşın (partiya) mal tədarük olunaraq göndərilmişdir. Müqavilə bağlandıqdan sonra səhəri gündən başlayaraq 2020-ci ilin 09, 10, 11 və 14 dekabr tarixlərində (həftə içi boyu) cavabdeh tərəfindən mal tədarük olunmuş və iddiaçıya 97380 ton mal (ƏDV xaric 87646,50 manat) göndərilmişdir. Növbəti partiya mal iddiaçıya 16 və 22 dekabr 2020-ci il tarixlərdə 47,040 ton olmaqla göndərilmişdir. İddiaçı isə əvvəlki partiya mala görə və yeni maldan 2353 manat ödəniş etməklə 15 dekabr 2020-ci ildə verilmiş elektron qaimə üzrə ümumilikdə 90000 manat (ƏDV xaric) ödəniş həyata keçirmişdir. Göründüyü kimi, əslində iddiaçının cavabdehə yeni partiya mal üzrə (16 və 22 dekabr 2020-ci il üzrə) aldığı 47,040 ton mala görə (47,040 x 900 manat = 42336 - 2353) 39982,50 manat (ƏDV xaric) borcu yaranmış olur. Belə ki, həmin maldan qeyd edilən kimi 2353 manat ödəniş edilsə də, qalan 39982,5 manat ƏDV xaric məbləğ bu günədək cavabdehə ödənilməmişdir. Cavabdeh iddiaçı ilə işgüzar münasibətə və gələcək əməkdaşlığa sadiq qalaraq hələ ki, həmin borcu rəsmi olaraq tələb etməmşdir. Lakin, iddiaçı nədənsə, digər aldığı malların qəbul edilmə faktını gizlədərək, süni borc görüntüsü yaratmaqla, məhkəməni işin əsl mahiyyətindən yayındırmağa və bu yolla əsassız varlanmağa çalışır. Yuxarıda qeyd olunan hallar üzrə hər partiya malların iddiaçıya göndərilməsi "xxxx" MMC tərəfindən yük avtomaşınlarına malı yükləyən əməkdaşların iştirakı ilə həyata keçirilmişdir. Həmçinin bu zaman mallar cavabdehə göndərilərkən həmin vaxt iddiaçı təşkilat ilə cavabdehi tanış edən və arada işgüzar münasibətin qurulmasında vasitəçi kimi iştirak edən şəxslər də iştirak etmişlər. Həmin şəxslər malların həqiqətən iddiaçıya göndərilməsi faktını və bununla bağlı digər halları məhkəmədə şahid ifadələri vermək üçün dəvət olunacaqlar. Beləliklə, qeyd olunanlara əsasən iddiaçının iddia tələbinin nə faktiki, nədəki hüquqi əsası yoxdur və bu iddia tələbinin rədd olunması üçün əsasdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə yazılanlara uyğun izahat verərək, ƏDV nəzərə alınmadan hesabına köçürülmüş pula görə təhvil verilməmiş armaturların hazırkı bazar qiyməti üzrə dəyərini təşkil edən 58256 manat məbləğində pul vəsaitinin cavabdeh “Qızıl-Daş R" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, tərəflər arasında bağlanmış 08 dekabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq satıcı “Qızıl-Daş R" MMC tərəfindən təqdim olunmuş 15 dekabr 2020-ci il tarixli elektron qaimədə nəzərdə tutulan armatur məhsullarının dəyəri olan ƏDV xaric cəmi 90001,02 manat məbləğində pul vəsaiti müvafiq olaraq 20000 manat və 70001,02 manat məbləğlərində olmaqla 16 dekabr 2020-ci il tarixli və 17 dekabr 2020ci il tarixli Ödəniş tapşırıqları ilə Bank vasitəsi ilə Satıcının hesabına ödənilmişdir. Lakin, cavabdeh “satıcı” olaraq üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və 15 dekabr 2020-ci il tarixli elektron qaimədə nəzərdə tutulan armaturların hamısını deyil, bir tonunun qiyməti 870 manatdan hesablanan 6,296 ton F16 markalı və qalan hissəsi isə tonu 900 manatdan hesablanan digər markalı armaturlar olmaqla, yalnız cəmi 47,040 ton armatur təhvil vermiş, qalan hissəni isə verməkdən yayınmışdır. Yəni, iddiaçı təxminən 100 ton armaturun dəyəri olaraq 90001,02 manat məbləğində pul ödəsə də, cəmi 47,040 ton malı təhvil almışdır. Həmin təhvil verilmiş 47,040 ton armaturla əlaqədar tərəflər arasında heç bir sənəd imzalanmasa da, iddiaçı tərəf cavabdehdən ödənilmiş pulun müqabilində verilməli olan armaturların hamısını tələb etdikdə, sonuncunun səlahiyyətli şəxsləri 2021-ci ilin sonunda onlara müvafiq qaydada imzalanmamış 2 ədəd Qaimə Fakturanın kserosurətlərini təqdim edərək, orada qeyd olunan cəmi 47,040 ton armaturun təhvil verildiyini bildirmişlər. Qaimələrdə malları kimin təhvil aldığı yazılmadığı üçün iddiaçı tərəf həmin qaimələri sübut kimi qəbul etməsə də, hər iki qaimədə cavabdeh tərəfin qeyd etdiyi 47,040 ton armaturu aldığını təsdiq edir. Çünki, tərəflər arasında baş tutan həmin danışıqlara əsasən 47040 ton armaturun verildiyi dəqiqləşdirilmişdi. Eyni zamanda, məhkəməyə təqdim edilən 2 ədəd qaimə fakturanın əsli iddiaçıda yoxdur. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi qaimə fakturaları isə istənilən vaxt yazıb doldurmaq olar. Çünki, həmin qaimə fakturalarda da armaturu təhvil alanın imzası yoxdur. Bununla belə, dəfələrlə tələb olunmasına baxmayaraq qalan armaturlar isə təhvil verilməmiş və tikinti bazarında həmin armaturların qiyməti artmışdır. 2020-ci ildə armaturun bazar qiyməti təxminən 900 manat məbləğində olsa da, bu günlərdə armaturun qiyməti 1080 - 1110 manat arasında dəyişir. Bu səbəbdən də iddiaçı bu günkü bazar qiymətini təsdiq edən rəyi məhkəməyə təqdim etmişdir. Həmin rəyə görə hal-hazırda armaturun bazar qiyməti 900 manatdan 1110 manatadək artdığı üçün iddiaçı cavabdehdən 58256 manat pulun qaytarılmasını tələb edir. Ona görə də, iddiaçı tərəf müstəqil qiymətləndirici Təşkilata müraciət edərək təhvil verilməyən armaturların hazırkı bazar qiymətini müəyyən etmiş və yeni qiymətlərə uyğun olaraq verilməyən armaturların hazırkı bazar dəyəri kimi hesablanmış 58256 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb edir. Məhkəmə iclasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”da göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin icra edilməsi" barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, tikinti mallarının satışı ilə bağlı alış-veriş təcrübəsinə əsasən mallar təhvil alınmamış pul ödənilmir. Müqavilədə formal olaraq “malın dəyərinin əvvəlcədən ödənilməsi” yazılsa da, heç bir tikinti şirkəti və mənzil-tikinti kooperativi reallıqda malları almamış pulu ödəmir. 08 dekabr 2020-ci ildə müqavilə bağlandıqdan sonra növbəti günlərdə dərhal armatur verilişi həyata keçirilmişdir. Cavabdeh tərəfindən hansı malların hansı tarixdə təhvil verildiyi barədə 4 nüsxədə qaimə fakturalar tərtib edilmişdir. 09 dekabr, 10 dekabr, 11 dekabr və 14 dekabr 2020-ci il tarixlərdə ardıcıl olaraq mallar iddiaçıya təhvil verilmişdir. Belə ki, ümumilikdə 97,380 ton, yəni ƏDV daxil olmadan təxminən 87646,5 manat dəyərində ilkin 4 partiya mal verilişi həyata keçirilmişdir. Bundan sonra Şirkət mal verilişini dayandırmışdır. Çünki, tərəflər arasındakı danışıqlara əsasən mal verildikdən bir neçə gün sonra iddiaçı ödəniş etməli idi. 14 dekabr 2020-ci il tarixində sonuncu mal verilişindən sonra cavabdeh göndərdiyi mala münasibətdə faktura kəsmişdir. Növbəti gün həmin malların pulu ödənilmiş və iddiaçı tərəf 2353 manat artıq pul ödəmişdir. Əvvəlki mallara görə ödəniş həyata keçirildikdən, yəni borc öhdəliyi aradan qaldırıldıqdan sonra iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş materiallarında olan 2 qaimədə göstərilən 47,040 ton malın verilişi baş tutmuşdur. Satıcı "xxxx" MMC isə müştərisini itirməmək və işgüzar münasibəti qorumaq üçün pulu əvvəlcədən almadan armatur vermişdir. Satıcı 90001,02 manat məbləğində pulu əvvəldən verilmiş mallara görə qəbul etmişdir. Növbəti verilən 2 partiya mal isə 47,040 tondur və bununla bağlı iddiaçının “Alıcı” olaraq Satıcıya ödənilməmiş 39982,5 manat qalıq borcu vardır. Lakin, cavabdeh işgüzar nüfuzu qorumaq naminə hələki həmin pulu geri tələb etmir. İddiaçı isə cavabdehdən əvvəl məhkəməyə müraciət etmişdir. 2020-ci ilin dekabr ayında cavabdeh iddiaçıya 100 tondan artıq mal vermişdir. Bunu təsdiq edən qaimə fakturalar da məhkəməyə təqdim edilmişdir. İddiaçı tərəfin isə cavabdehdən mal tələb etməyə nə faktiki, nə hüquqi əsası yoxdur. Çünki, İddiaçı MMC və cavabdeh "xxxx" MMC arasında 08 dekabr 2020-ci il tarixli müqavilə üzrə 6 dəfə mal gedişi olmuş və 6 qaimə faktura kəsilmişdir. Cavabdeh ümumilikdə 4 qaimə faktura əsasında 97380 ton armatur verdikdən sonra 16 dekabr 2020-ci il tarixində cavabdehin hesabına 90001,02 manat məbləğində pul köçürülmüşdür. 2020-ci ilin 16 dekabr və 22 dekabr tarixlərində isə əlavə olaraq 47,040 ton mal vermişdir və həmin armaturun 39982,5 manat qalıq pulu halhazıradək Satıcıya ödənməmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, şahid ifadələrini, iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizəni, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”ı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X4, X1, X2 və X3 ifadələrində cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əməkdaşlıq edən sürücü və işçilər kimi 2020-ci ilin dekabr ayında İddiaçı tikinti obyektinə yük avtomobili ilə armatur məhsullarını apardıqlarını, lakin daşıdıqları armaturların təhvil verilməsi ilə əlaqədar hər hansı bir sənədi, o cümlədən də təhvil-təslim aktı, qaimə faktura və s. imzalamadıqlarını bildirmişlər. İş materiallarında olan “satıcı” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) ilə “alıcı” İddiaçı (VÖEN **********) arasında bağlanmış 08 dekabr 2020-ci il tarixli 37/20 nömrəli Alqı-satqı Müqaviləsinin 1.1-ci bəndindən görünür ki, Alıcı bu Müqavilədə göstərilən şərtlərə uyğun olaraq Satıcıdan metal materialları (bundan sonra mal) almağı öz öhdəsinə götürür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, Satıcı aşağıda 1 №-li Əlavədə göstərilən malları alıcıya göndərməyi, Alıcı isə göndərilmiş malın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 1.4-cü bəndinə əsasən, Satıcı satılan malı öz anbarından Alıcının nümayəndəsinə təhvil verir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, satılan malın bir ton qiyməti hər növbəti partiya üçün razılaşdırılaraq Satıcı tərəfindən Alıcıya verilən hesab-fakturada göstərilir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, Alıcı aldığı malın dəyərini aldığı hesabfaktura əsasında köçürülmə yolu ilə əvvəlcədən ödəyir. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, malın göndərilməsi zamanı qaiməfaktura tərtib edilir və orada aşağıdakılar göstərilir: malın adı, nominal diametri (profili), 1 tonun və cəmi miqdarının qiyməti, göndərilən təşkilatın adı, müqavilənin nömrəsi və tarixi. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, bu Müqavilə imzalandığı andan qüvvəyə minir və 31 dekabr 2020-ci il tarixinədək qüvvədə olacaqdır. Müqavilənin müddətinin bitməsinə 15 gün qalmış tərəflərdən heç biri müqaviləyə xitam verilməsi ilə bağlı müraciət etməzsə, hazırkı müqavilə eyni şərtlərlə uzadılacaqdır. İş materiallarında olan 15 dekabr 2020-ci il tarixli EBAT 914370 nömrəli Elektron Qaimə ilə müəyyən olunur ki, 08 dekabr 2020-ci il tarixli 37/20 nömrəli Müqavilə üzrə satıcı "xxxx" MMC tərəfindən alıcı İddiaçı MMC-yə 1 tonu 900 manatdan hesablanan ƏDV daxil 69762,78 manat (59121 manat malın dəyəri + 10641,78 manat ƏDV) dəyərində 65690 ton həcmində “10/32” markalı armatur, 1 tonu 900 manatdan hesablanan ƏDV daxil 29974,95 manat (25402,5 manat malın dəyəri + 4572,45 manat ƏDV) dəyərində 28225 ton həcmində “F12” markalı armatur və 1 tonu 870 manatdan hesablanan ƏDV daxil 6463,47 manat (5477,52 manat malın dəyəri + 985,95 manat ƏDV) dəyərində 6,296 ton həcmində “F16” markalı armatur olmaqla, ümumilikdə ƏDV daxil 106201,20 (yüz altı min iki yüz bir manat 20 qəpik) manat (90001,02 manat malın dəyəri + 16200,18 manat ƏDV) dəyərində 100211 ton armaturların satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunur ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə 08 dekabr 2020-ci il tarixli 37/20 nömrəli Alqı-satqı Müqaviləsi üzrə alıcı İddiaçı tərəfindən satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına 16 dekabr 2020-ci il tarixli ******* nömrəli Ödəniş Tapşırığı ilə 20000 (iyirmi min) manat və 17 dekabr 2020-ci il tarixli ******* nömrəli Ödəniş Tapşırığı ilə 70001,02 (yetmiş min bir manat 02 qəpik) manat olmaqla, ümumilikdə cəmi 90001,02 (doxsan min bir manat 02 qəpik) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan İddiaçı “ƏDV sub-uçot” hesabından Çıxarışdan görünür ki, armatur alışı ilə əlaqədar alıcı İddiaçı MMC-nin “ƏDV sub-uçot” hesabından satıcı "xxxx" MMC-nin “ƏDV sub-uçot” hesabına 16 dekabr 2020-ci il tarixdə 3600 manat və 17 dekabr 2020-ci il tarixdə 12600,18 manat olmaqla, cəmi 16200,18 (on altı min iki yüz manat 18 qəpik) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçının məhkəməyə təqdim etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş 18 avqust 2023-cü il tarixli UNİ/A 21-417/23 nömrəli “Tikinti materialının bazar dəyəri ilə bağlı” Arayışda qeyd olunmuşdur ki, İddiaçı MMC-nin 15 avqust 2023-cu il tarixli məktubuna cavab olaraq bildirilir ki, "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən həyata keçirilmiş qiymətləndirmə nəticəsində çoxmənzilli yaşayış binalarının tikintisində istifadə olunan 500 marka armaturun 1 tonunun bazar qiyməti 1080-1110 manat (ƏDV daxil deyil) aralığında müəyyən edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş 16 dekabr 2020-ci il tarixli ******* nömrəli Qaimə Fakturada (kserosurətdir) cəmi 23,620 ton və 22 dekabr 2020-ci il tarixli ******* nömrəli Qaimə Fakturada (kserosurətdir) isə 23,420 ton olmaqla, ümumilikdə 47,040 ton müxtəlif markalı armatur materiallarının təhvil verildiyi qeyd olunsa da (həmin Qaimə Fakturaların “Kimdən” qrafasında “Dərnəgül”, “Kimə” qrafasında isə “Şərq MTK” sözləri qeyd olunmuşdur), həmin Qaimə Fakturaların “Təhvil aldı” qrafalarında hər hansı bir imza yoxdur (məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi bildirmişdir ki, ödənilmiş 90001,02 manat məbləğində pul müqabilində verilməmiş armaturların tələb edilməsi ilə əlaqədar 2021-ci ilin sonunda tərəflər arasında aparılan danışıqlar zamanı cəmi 47,040 ton müxtəlif markalı armatur materiallarının təhvil verildiyinin təsdiqi olaraq həmin Qaimə Fakturaların kserosurətlərini cavabdeh tərəfin səlahiyyətli şəxsləri təqdim etmişlər və həmin sənədlərdə “alıcı” qismində iddiaçı tərəfin səlahiyyətli şəxslərinin imzaları olmasa da, iddiaçı tərəf həqiqətən də cavabdehdən yalnız cəmi 47,040 ton müxtəlif markalı armatur materiallarını aldığını təsdiq edir). İş üzrə məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş 09 dekabr 2020-ci il tarixli ******* nömrəli Qaimə Fakturada (kserosurətdir) 19,740 ton və 10,375 ton, 10 dekabr 2020-ci il tarixli ******* nömrəli Qaimə Fakturada (kserosurətdir) 10,330 ton və 10,670 ton, 11 dekabr 2020-ci il tarixli ******* nömrəli Qaimə Fakturada (kserosurətdir) 13,525 ton, 5,515 ton və 5,010 ton və 14 dekabr 2020-ci il tarixli ******* nömrəli Qaimə Fakturada (kserosurətdir) isə 12,380 ton, 4,950 ton və 4,890 ton müxtəlif markalı armatur materiallarının təhvil verildiyi qeyd olunsa da (həmin Qaimə Fakturaların “Kimdən” qrafasında “Dərnəgül”, “Kimə” qrafasında isə “Şərq MTK” sözləri qeyd olunmuşdur), həmin Qaimə Fakturaların “Təhvil aldı” qrafalarında hər hansı bir imza yoxdur (məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi həmin Qaimə Fakturaların kserosurətlərində qeyd olunan armaturların iddiaçı tərəfə təqdim edilmədiyini bildirmişdir). Beləliklə, yuxarıda təsvir olunanlar nəzərə alınmaqla qeyd etmək lazımdır ki, iddia ərizəsinin məzmunu və iş materialları ilə müəyyən olunur ki, alıcı İddiaçı (iddiaçı) ilə satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (cavabdeh) arasında bağlanmış 08 dekabr 2020-ci il tarixli 37/20 nömrəli Alqı-satqı müqaviləsi əsasında Satıcının müvafiq qaydada təqdim etdiyi 15 dekabr 2020-ci il tarixli EBAT 914370 nömrəli Elektron Qaimədə nəzərdə tutulan ümumilikdə 100,211 ton müxtəlif markalı armaturların alınması ilə əlaqədar alıcı İddiaçı MMC tərəfindən satıcı "xxxx" MMC-nin hesabına cəmi 90001,02 (doxsan min bir manat 02 qəpik) məbləğində (ƏDV daxil deyil) pul vəsaiti ödənilmişdir. Lakin, ödənilmiş 90001,02 manat məbləğində pul müqabilində satıcı "xxxx" MMC tərəfindən yalnız 47,040 ton müxtəlif markalı armatur materialları təhvil verilsə də, həmin pul vəsaiti üzrə qalan armaturların təhvil verilməməsi əsası ilə alıcı (iddiaçı) İddiaçı MMC satıcı (cavabdeh) "xxxx" MMC-dən “təhvil verilməmiş armaturun hazırkı bazar qiyməti üzrə dəyərini təşkil edən 58256 (əlli səkkiz min iki yüz əlli altı) manat məbləğində (ƏDV daxil deyil) pul vəsaitinin tutulması” barədə iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, mövcud mübahisənin həlli ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh "xxxx" MMC ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı MMC tərəfindən müvafiq qaydada mediatora müraciət olunmuşdur. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, satıcı "xxxx" MMC ilə alıcı İddiaçı MMC arasında metal materialların alqı-satqısı ilə əlaqədar 08 dekabr 2020-ci il tarixli 37/20 nömrəli Alqı-satqı Müqaviləsi bağlanmışdır. Həmin Müqavilə üzrə satıcı "xxxx" MMC tərəfindən alıcı İddiaçı MMC-yə malın dəyəri 90001,02 manat və ƏDV məbləği 16200,18 manat olmaqla, ƏDV daxil cəmi 106201,2 manat dəyərində armaturların satılması üçün 15 dekabr 2020-ci il tarixli EBAT 914370 nömrəli Elektron Qaimə təqdim olunmuş və alıcı İddiaçı MMC tərəfindən isə satıcı "xxxx" MMC-nin bank hesabına həmin Elektron Qaimə əsasında 16 dekabr 2020-ci ildə 20000 manat və 17 dekabr 2020-ci ildə isə 70001,02 manat olmaqla, ümumilikdə həmin malların dəyəri olan cəmi 90001,02 manat məbləğində pul vəsaiti ödənilmişdir (əlavə olaraq “ƏDV sub-uçot” hesabına isə cəmi 16200,18 (on altı min iki yüz manat 18 qəpik) manat ƏDV məbləği ödənilmişdir). Qeyd olunan bu xüsusatlar həmin sənədlərlə mübahisəsiz olaraq təsdiq olunur və tərəflər işin bu hallarını mübahisələndirmirlər. Lakin, 08 dekabr 2020-ci il tarixli 37/20 nömrəli Alqısatqı Müqaviləsi üzrə satıcı "xxxx" MMC-nin hesabına köçürülmüş 90001,02 manat məbləğində pul vəsaiti müqabilində alıcı İddiaçı MMC-yə armatur məhsullarının təhvil verilməsi (satılması) mötəbər sübut qismində qəbul edilməsi mümkün olan rəsmi sənədlərlə təsdiq olunmur. Çünki, tərəflər arasında bağlanmış Müqavilədə nəzərdə tutulan qaydada malların təhvil verilməsini təsdiq edən rəsmi sənədlər (təhvil-təslim aktı, qaiməfaktura və s.) məhkəməyə təqdim olunmamışdır. Məhkəməyə təqdim olunmuş yuxarıda adı çəkilən “Qaimə faktura”lar isə malları təhvil alan şəxs tərəfindən imzalanmamış və həmin sənədlərdə məlum Müqavilənin 3.2-ci bəndində nəzərdə tutulan məlumatlar (malın adı, nominal diametri (profili), 1 tonun və cəmi miqdarının qiyməti, göndərilən təşkilatın adı, müqavilənin nömrəsi və tarixi) qeyd olunmamışdır. Lakin, iddiaçı (alıcı) İddiaçı MMCnin nümayəndəsi məhkəmə araşdırması zamanı Müqavilə əsasında ödənilmiş 90001,02 manat məbləğində pul vəsaitinin əvəzində bir tonun qiyməti 870 manatdan hesablanan 6,296 ton həcmində “F16” markalı və bir tonun qiyməti 900 manatdan hesablanan digər markalı armatur olmaqla, cəmi 47,040 ton müxtəlif markalı armatur məhsulunu aldığını etiraf etmişdir. Yəni, Satıcı tərəfindən Alıcıya elektron qaimədə qeyd olunan armaturların təhvil verilməsini təsdiq edən mötəbər sübut qismində qiymətləndirilməsi mümkün olan rəsmi sənədlər məhkəməyə təqdim olunmasa da, Alıcının öz etirafı ilə məlum Elektron Qaimədə qeyd olunan 90001,02 manat məbləğində pul vəsaitinin əvəzində təhvil verilməsi nəzərdə tutulan ümumilikdə 100,211 ton armaturun yalnız bir tonun qiyməti 870 manatdan hesablanan 6,296 ton miqdarında “F16” markalı armatur və bir tonun qiyməti 900 manatdan hesablanan 40,744 ton miqdarında digər markalı armaturlar olmaqla (təhvil verilən digər armatur məhsullarının 1 tonunun qiyməti 900 manatdan hesablanmışdır), cəmi 47,040 ton müxtəlif markalı armatur məhsulunun alınması təsdiq olunur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələblərinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Eyni zamanda, yuxarıda təsvir olunanlara və işin konkret hallarına görə müəyyən olunur ki, cavabdeh “Qızıl-Daş R" MMC tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə qarşı “Etiraz”da qeyd olunan məlum iddia tələbinin əsassızlığı ilə əlaqədar cavabdeh tərəfin dəlilləri öz təsdiqini tapmır. Çünki, tərəflər arasında bağlanmış 08 dekabr 2020-ci il tarixli 37/20 nömrəli Alqı-satqı Müqaviləsində alınan malların pulunun əvvəlcədən ödənməsi (həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, alıcı aldığı malın dəyərini aldığı hesab-faktura əsasında köçürülmə yolu ilə əvvəlcədən ödəməlidir) və malların müvafiq qaydada tərtib edilmiş sənədlər əsasında təhvil verilməsi (həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, malın göndərilməsi zamanı qaimə-faktura tərtib edilməlidir və orada aşağıdakılar göstərilməlidir: malın adı, nominal diametri (profili), 1 tonun və cəmi miqdarının qiyməti, göndərilən təşkilatın adı, müqavilənin nömrəsi və tarixi) nəzərdə tutulmasına baxmayaraq, cavabdeh (Satıcı) tərəfindən hər hansı bir miqdarda armaturun iddiaçıya (Alıcıya) təhvil verilməsini təsdiq edən və mötəbər sübut kimi qiymətləndirilməsi mümkün olan heç bir sənəd məhkəməyə təqdim olunmamışdır (yuxarıda qeyd olunan hallara görə və məhkəməyə təqdim olunmuş məlum Qaimə Fakturaların (kserosurətlərinin) isə bu alqı-satqı üzrə malların təhvil verilməsini təsdiq edən mötəbər sübut qismində qiymətləndirilməsi mümkün deyildir). Halbuki, Alıcı (iddiaçı) tərəf məlum Elektron Qaimədə tələb olunan pul məbləğini Satıcıya (cavabdehə) rəsmi qaydada ödəmişdir. Bu halda, yəni mübahisənin həlli üzrə təhvil verilən armaturların miqdarını təsdiq edən mötəbər sənədlər olmadığı və Alıcı tərəf isə bu alqı-satqı üzrə ümumilikdə cəmi 47,040 ton miqdarında armatur almasını etiraf etdiyi üçün - tərəflər arasında mövcud olmuş münasibətlər nəzərə alınmaqla, işin halları Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci, 89-cu və 106-cı maddələrinin tələbləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi baxımından qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən, faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Bundan əlavə, “sübutetmə” ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki- Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz hallarından və mötəbər sübutlar əsasında təsdiq olunan xüsusatlardan görünür ki, 08 dekabr 2020-ci il tarixli 37/20 nömrəli Alqı-satqı Müqaviləsi əsasında təqdim olunan 15 dekabr 2020-ci il tarixli EBAT 914370 nömrəli Elektron Qaimə üzrə satıcı "xxxx" MMC tərəfindən alıcı İddiaçınə təhvil verilməli olan cəmi 90001,02 manat dəyərində qiymətləndirilmiş müxtəlif markalı armaturlardan 1 tonu 870 manatdan hesablanan 5477,52 manat dəyərində 6,296 ton “F12” markalı armatur və 1 tonu 900 manatdan hesablanan 36669,6 manat dəyərində 40,744 ton digər markalı armatur olmaqla (47,040 ton - 6,296 ton = 40,744 ton), ümumilikdə cəmi 42147,12 manat dəyərində 47,040 ton armatur təhvil verilmişdir (6,296 ton x 870 manat + 40,744 ton x 900 manat = 42147,12 manat). Bu halda isə, cavabdeh tərəfindən iddiaçıya 47853,9 (qırx yeddi min səkkiz yüz əlli üç manat 90 qəpik) manat dəyərində armaturun verilmədiyi müəyyən olunur (ümumi ödənilən pul: 90001,02 manat - təhvil verilən armaturun qiyməti: 42147,12 manat = 47853,9 manat qalıq borc). Lakin, işin konkret hallarına görə 47853,9 manat dəyərində təhvil verilməyən armaturların dəyərinin hazırkı iddia tələbində mövcud bazar qiymətlərinə uyğun hesablanaraq tələb olunmasının əsaslılığı isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). İşin konkret hallarına və yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, 08 dekabr 2020-ci il tarixli 37/20 nömrəli Alqı-satqı Müqaviləsi əsasında təqdim olunmuş 15 dekabr 2020-ci il tarixli EBAT 914370 nömrəli Elektron Qaimə üzrə ödənilmiş 90001,02 manat müqabilində cavabdeh “Qızıl-Daş R" Məhdud Məsuliyyətli Cəmiyyətindən təhvil verilməmiş armaturun “hazırkı bazar qiyməti üzrə dəyərini təşkil edən 58256 (əlli səkkiz min iki yüz əlli altı) manat məbləğində (ƏDV daxil deyil) pul vəsaitinin” İddiaçı xeyrinə tutulması barədə iddia tələbi qismən, yəni “47853,9 (qırx yeddi min səkkiz yüz əlli üç manat 90 qəpik) manat məbləğində pul vəsaitinin tutulması” hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı xeyrinə cavabdeh “Qızıl-Daş R" Məhdud Məsuliyyətli Cəmiyyətindən 47853,9 (qırx yeddi min səkkiz yüz əlli üç manat 90 qəpik) manat məbləğində pul vəsaiti tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, cavabdeh "xxxx" MMC-dən iddia tələbi üzrə tutulan pul vəsaiti ilə əlaqədar hesablanan 233,56 (iki yüz otuz üç manat 56 qəpik) manat məbləğində dövlət rüsumu isə dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 47853,9 (qırx yeddi min səkkiz yüz əlli üç manat 90 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə 233,56 (iki yüz otuz üç manat 56 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar