Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-77/2023 09.02.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə oğlunun iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 28 noyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 16 noyabr 2021-ci il tarixli P/A 088/1121 nömrəli alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən ödənilmiş 4318,8 (dörd min üç yüz on səkkiz manat 80 qəpik) manat məbləğində pulun və ödənilmiş 70 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsində iddiaçı tərəfindən həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı "xxxx" MMC (hal-hazırda "xxxx" MMC) ilə satıcı Cavabdeh arasında 16 noyabr 2021-ci il tarixli P/A 088/1121 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmetinə və onun ayrılmaz tərkib hissəsi olan Əlavəyə əsasən Spesifikasiya(lar)da göstərilən tərkibdə, texniki göstəricilərə uyğun olan vəziyyətdə armatur Satıcı tərəfindən satılmalı, Alıcı isə malları qəbul edərək əvəzini ödəməli idi. Alıcı olaraq "xxxx" MMC tərəflər arasında bağlanılmış müqavilə və onun əlavələrinə uyğun olaraq üzərinə götürdüyü öhdəliyi, yəni 4318,80 manat (ƏDV daxil) vəsaiti vaxtında və lazımı qaydada Satıcının hesabına köçürmüş olsa da, Satıcı qismində cavabdeh müqavilə və onun əlavəsinə uyğun olaraq üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımı qaydada icra etməyərək bu günə kimi həmin Malları, yəni armaturu "Alıcı”ya təhvil verməmişdir. Bu hallar işə əlavə olunmuş müqavilə və ona Əlavə, ödəniş tapşırıqları ilə sübut və təsdiq olunur. Müqavilənin qüvvədə olduğu bir illik müddətin bitməsinə baxmayaraq, cavabdeh nə malları iddiaçıya təqdim etmiş, nə də həmin malların dəyərini qaytarmamışdır. Cavabdehin öz öhdəliyini icra etməməsi nəticəsində iddiaçının fəaliyyətində bir sıra problemlər yaranmışdır. Bununla bağlı cavabdehə pretenziya məktubunun göndərilməsinə və həmçinin, qanunamüvafiq qaydada tərəflər arasında mediasiya prosesinin aparılmasına baxmayaraq, müqavilə öhdəliyi yerinə yetirilməmiş və ödənilmiş pul vəsaiti qaytarılmamışdır. Bu səbəbdən də iddiaçı, məhkəmə müdafiəsi hüququndan istifadə edərək, tərəflər arasında bağlanmış Müqavilənin 4.3.3 və 4.3.4-cü bəndlərinin tələblərinə uyğun olaraq malların dəyəri kimi ödədiyi 4318,80 manat (ƏDV daxil) vəsaitin geri qaytarılmasını tələb edir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və iddiaçı ilə cavabdeh arasında bağlanmış 16 noyabr 2021-ci il tarixli P/A 088/1121 nömrəli alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən ödənilmiş 4318,80 manat məbləğində pulun və mediasiya xərci olaraq ödənilmiş 70 manat məbləğində xidmət haqqının Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “satıcı” Cavabdeh (VÖEN: **********) ilə “alıcı” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (hal-hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti), (VÖEN **********) arasında bağlanmış 16 noyabr 2021-ci il tarixli P/A 088/1121 nömrəli Alqı-satqı Müqaviləsinin 1.1-ci bəndindən görünür ki, “Satıcı” satır, “Alıcı” isə bu Müqaviləyə və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Müqaviləyə əlavə edilən Spesifikasiya(lar)da göstərilən tərkibdə, texniki göstəricilərə uyğun olan vəziyyətdə malları (bundan sonra “Mal” adlandırılacaq) Satıcıdan alır və Malın müqabilində Satıcıya bu Müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, malın qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Müqaviləyə əlavə edilən Spesifikasiya(lar)da müəyyən edilir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, malı bu Müqavilənin şərtlərinə uyğun Alıcıya vermək; malı bu müqavilənin Əlavəsində qeyd olunan tarixdə və ünvanda Alıcıya təhvil vermək; bu Müqavilə ilə müəyyən edilmiş öhdəlikləri icra etmək; alıcının tələbi ilə keyfiyyətsiz Mal(lar) aşkarlandıqda, Mal(lar)ın keyfiyyətlisi ilə əvəz edilməsini təmin etmək və həmin xərcləri öz hesabına ödəmək – Satıcının vəzifələridir. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən, satıcıdan Malı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun şəkildə ona verilməsini tələb etmək; satıcının təqsiri ilə vurulan zərərin ödənilməsini tələb etmək; satıcı sifariş edilmiş Malı çatdırmaqdan imtina etdikdə və ya sifariş edilmiş Malı təhvil verməkdən imtina etdikdə, sifariş olunmuş Malın dəyərini Satıcıdan tələb etmək; Satıcı bu Müqavilə ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Müqavilənin icrasından birtərəfli imtina etmək və Satıcıdan vurulmuş zərərin ödənilməsini tələb etmək – Alıcının hüquqlarıdır. Həmin Müqavilənin 8.4-cü bəndinə əsasən, bu Müqavilə imzalandığı andan hüquqi qüvvəyə minir və 1 (bir) il müddətinə qüvvədə qalır. İş materiallarında olan, 16 noyabr 2021-ci il tarixli P/A 088/1121 nömrəli Müqavilənin icrası ilə əlaqədar tərtib edilərək təsdiq olunmuş 16 noyabr 2021-ci il tarixli 01 nömrəli " Spesifikasiya və xüsusi şərtlər” Protokolundan (Əlavə № 1) görünür ki, həmin 01 nömrəli Əlavəyə əsasən 16 noyabr 2021-ci il tarixli P/A 088/1121 nömrəli Müqavilə üzrə satıcı Cavabdeh tərəfindən alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə bir tonu 1439,60 (min dörd yüz otuz doqquz manat 60 qəpik) manat dəyərində olmaqla, ümumilikdə ƏDV daxil cəmi 4318,80 (dörd min üç yüz on səkkiz manat 80 qəpik) manat məbləğində hesablanmış “armatur” məhsullarının satılması barədə razılığa gəlinmişdir. Həmin 01 nömrəli Əlavənin 3-cü bəndinə əsasən, Satıcı ödənişi qəbul edərək, 3 (üç) gün ərzində Mal(lar)ı tam həcmdə (miqdarda) Alıcıya təhvil verməyə hazır vəziyyətdə olmasını, həmçinin Malın təzə və qüsursuz olmasını təmin edir. İş materiallarında olan "xxxx" ASC vasitəsi ilə həyata keçirilən 120OPXO213210555 nömrəli bank ödəniş sənədindən görünür ki, alıcı "xxxx" MMC tərəfindən satıcı Cavabdeh bank hesabına 16 noyabr 2021-ci il tarixli P/A 088/1121 nömrəli Müqavilə üzrə 3660 (üç min altı yüz altmış) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan “Köçürmənin aparılması haqqında” 17 noyabr 2021-ci il tarixli **********233533 nömrəli bildirişdən görünür ki, alıcı "xxxx" MMC tərəfindən satıcı Cavabdeh hesabına köçürülən vəsait üzrə 658,80 (altı yüz əlli səkkiz manat 80 qəpik) manat məbləğində ƏDV ödənişi həyata keçirilmişdir. İş materiallarında olan iddiaçı "Bakı Prefabrik” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş və imzalanmış 06 yanvar 2023-ci il tarixli 2-500 №-li arayışla müəyyən olunur ki, alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 16 noyabr 2021-ci il tarixli P/A 088/1121 nömrəli müqavilə üzrə armatur məhsulların alınması üçün satıcı Cavabdeh ƏDV daxil cəmi 4318,80 manat məbləğində pul ödəmiş olsa da, həmin ödəniş müqabilində satıcı Cavabdeh tərəfindən qeyd olunan Müqavilə üzrə alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hər hansı mal təhvil verilməmiş və həmin ödəniş geri qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış 16 noyabr 2021-ci il tarixli P/A 088/1121 nömrəli Alqı-satqı Müqaviləsinin və həmin Müqavilənin icrası ilə əlaqədar tərtib edilərək təsdiq olunmuş 16 noyabr 2021-ci il tarixli 01 nömrəli Əlavənin tələblərinə uyğun olaraq bir tonu 1439,60 (min dörd yüz otuz doqquz manat 60 qəpik) manat dəyərində armaturun alınması üçün 2021-ci ilin noyabr ayında razılaşdırılmış ƏDV daxil cəmi 4318,80 manat məbləğində pul vəsaiti alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən satıcı Cavabdeh hesabına ödənilməsinə və həmin Müqavilə ilə nəzərdə tutulan müddətin bitməsinə baxmayaraq, almış olduğu pul vəsaitinin müqabilində “Satıcı” tərəfindən məlum Müqaviədə və 01 nömrəli Əlavədə nəzərdə tutulan armatur məhsulları “Alıcı”ya satılmamışdır. İş materiallarından görünür ki, satış üçün nəzərdə tutulan malın verilməsi və yaxud ödənilmiş pulun qaytarılması ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mediatorun hesabına 70 (yetmiş) manat məbləğində xidmət haqqı və eyni zamanda, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən isə 1 (bir) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə Cavabdeh 4318,8 manat məbləğində pulun tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdeh (VÖEN **********) 4318,8 (dörd min üç yüz on səkkiz manat 80 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Eləcə də, iddiaçı tərəfindən mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 70 (yetmiş) manat məbləğində xidmət haqqı “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Həmçinin, hazırkı iddia tələbi üzrə ümumilikdə hesablanan 63,18 (altmış üç manat 18 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 62,18 (altmış iki manat 18 qəpik) manat məbləğində (63,18 manat – 1 manat = 62,18 manat) pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi Cavabdeh dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Cavabdeh (VÖEN **********) 4318,80 (dörd min üç yüz on səkkiz manat 80 qəpik) manat borc və mediasiya ilə əlaqədar ödənilmiş 70 (yetmiş) manat xidmət haqqı olmaqla, cəmi 4388,80 (dörd min üç yüz səksən səkkiz manat 80 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumunun qalığı kimi 62,18 (altmış iki manat 18 qəpik) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-77/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-77/2023
09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver