Məhkəmə qərarları › İş №e-2-2(119)-783/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-783/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-783/2025 23.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 19 dekabr 2022-ci il tarixli, S139/22 nömrəli təchizat müqaviləsi üzrə 1450,34 (min dörd yüz əlli manat, otuz dörd qəpik) manat məbləğində əsas borc, 145,03 (yüz qırx beş manat, üç qəpik) manat məbləğində dəbbə pulu və 36 (otuz altı) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1631,37 (min altı yüz otuz bir manat, otuz yeddi qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 19 dekabr 2022-ci il tarixli S139/22 nömrəli təchizat müqaviləsi bağlanılmışdır. Həmin müqavilə əsasında mallar iddiaçı tərəfindən cavabdehin mülkiyyətinə verilməsinə baxmayaraq, cavabdeh elektron qaimə-fakturalara əsasən ƏDV daxil olmaqla hesablanmış 1450,34 manat məbləğində malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də cavabdehin üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq iddiaçıya ödəməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etdiyini bildirərək izahatında göstərdi ki, maddi imkanının aşağı olması səbəbindən borc məbləğini ödəyə bilmir. Hazırda işləmir və himayəsində azyaşlı uşaqları var. İddia tələbində adıçəkilən malları şəriki ilə birlikdə qəbul etmiş, sonradan müəyyən problemlər yarandığından şərikliyə son vermişlər. Cavabdeh yekun məhkəmə aktı qəbul edilərkən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 19 dekabr 2022-ci il tarixli S139/22 nömrəli təchizat müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə əsasən təchizatçı (İddiaçı MMC) alıcıya (Cavabdeh) mal satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini təchizatçıya ödəyir. Bu müqavilə çərçivəsində mal termini dedikdə spirtli məhsullar nəzərdə tutulur. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, malların miqdarı, çeşidi, qiyməti və dəyəri, ƏDV daxil, aksizlər, eləcə də bütün digər məcburi ödənişlər mallara əlavə edilən qaimələrlə və hesab fakturalarla tərəflərin razılaşdığı və hazırkı müqavilənin ayrılmaz hissəsi sayılan Əlavələrdə əks olunur. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, malların təchizatı bu müqavilənin bütün müddəti ərzində bu müqaviləyə Əlavələr və onun ayrılmaz hissəsi olan spesifikasiyalar əsasında ayrı-ayrı partiyalarda hissə-hissə həyata keçirilir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, bu müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların təchizatçı qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 təqvim günü müddətində təchizatçının ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, alıcı satılan malların bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesabfakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, alıcı realizasiya tarixindən etibarən hər 30 təqvim günündən bir, lakin istənilən halda növbəti hesabat tarixinin 20-dən gec olmayaraq, satılan/satılmamış malların qalıqları barədə məlumatı təchizatçıya təqdim etməyi öhdəsinə götürür. Alıcı tərəfindən bu cür məlumatların təqdim edilməməsi, satılmayan mallar olduğu halda belə təchizatçı qarşısında mallar üçün tam tam ödəniş öhdəliyi yaradır. Bununla belə, təchiz olunmuş mallara görə tam həcmdə ödəniş tələbinə əsasən alıcı təchizatçı tərəfindən təqdim edilmiş yazılı tələb alındığı andan 3 iş günündən gec olmayaraq ödəniş etməyə borcludur. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış malların nağd şəkildə ödənişi mümkündür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, alıcı tərəfindən bu müqavilənin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda alıcı təchizatçıya hər gecikən gün üçün 0,3 faiz dəbbə pulu (cərimə) ödəyir. 4.2-ci bəndə əsasən hesabatların vaxtında təqdim edilmədiyi halda alıcı razılaşır ki, təchizatçıya təhvil verilmiş bütün mallara görə penya hesablanır. Hesabatlar 4.2-ci bənddə göstərilən müddətdə təqdim edilmədikdə alıcı razılaşır ki, təchizatçı bütün çatdırılmış malın dəyərinə görə cərimələri hesablayır və onu satılmış hesab edir. Cərimənin ödənilməsi alıcını bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən azad etmir. İş materiallarında olan 26 dekabr 2022-ci il tarixli 138 nömrəli müştəri sifarişi (“заказ клиента”) adlı sənəddən görünür ki, cavabdeh tərəfindən ümumi dəyəri 1010,94 manat təşkil edən mallar sifariş edilmişdir. İş materiallarına əlavə edilmiş 18 iyul 20223-cü il tarixli 0000-005981 nömrəli, 21 iyul 20223-cü il tarixli 0000-006091 nömrəli və 02 avqust 2023-cü il tarixli 0000-006401 nömrəli qaimə-fakturalardan görünür ki, müvafiq olaraq 532,80 manat, 503,04 manat və 108 manat dəyərində olan mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İş materiallarında olan 30 dekabr 2022-ci il tarixli EBCM seriyalı 301029 nömrəli elektron qaimə-faktura əsasında 1010,94 manat, 19 iyul 2023-cü il tarixli EBDK seriyalı 221510 nömrəli elektron qaimə-faktura əsasında 532,80 manat, 24 iyul 2023-cü il tarixli EBDK seriyalı 503488 nömrəli elektron qaimə-faktura əsasında 503,04 manat və 07 avqust 2023-cü il tarixli EBDL seriyalı 535145 nömrəli elektron qaimə-faktura əsasında 108 manat məbləğində olmaqla, ümumi dəyəri 2154,78 manat dəyərində olan mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İş materiallarında olan 31 mart 2023-cü il tarixli 359628 nömrəli kassa mədaxil orderindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 50 manat, 05 may 2023-cü il tarixli 359933 nömrəli kassa mədaxil orderindən görünür ki, 50 manat, 13 iyul 2023-cü il tarixli 413296 nömrəli kassa mədaxil orderindən görünür ki, 100 manat, 12 sentyabr 2023-cü il tarixli 430224 nömrəli kassa mədaxil orderindən görünür ki, 100 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan 08 aprel 2025-ci il tarixli 14/25 nömrəli maliyyə arayışından görünür ki, 19 dekabr 2022-ci il tarixli S139/22 nömrəli təchizat müqaviləsi üzrə yazılan qaimələrin məbləği 2154,78 manat, ödənilən məbləğ 300 manat, qaytarılan malların dəyəri 404,44 manat məbləğində təşkil edir, borcun ödənilməsinin gecikdirilməsinə görə 145,03 manat məbləğində dəbbə pulu hesablanmış və 08 aprel 2025-ci il tarixinə cavabdehin iddiaçıya qalıq borcunun məbləği 1595,37 manatdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 19 dekabr 2022-ci il tarixli S139/22 nömrəli təchizat müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq təchizatçı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan məhsulları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya tam ödəməmiş və nəticədə onun 1450,34 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehdən 19 dekabr 2022-ci il tarixli S139/22 nömrəli təchizat müqaviləsi üzrə 1450,34 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə hissəsi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən 145,03 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (təchizat müqaviləsinin yuxarıda istinad edilmiş 5.1-ci bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 145,03 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb edilən cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 73 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan əlavə, iddia tələbinin 36 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 08 aprel 2025-ci il tarixli **********87 nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 36 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda, 30 manat məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 35,23 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1450,34 manat məbləğində borc, 73 manat məbləğində cərimə və 35,23 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1558,57 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1450,34 (min dörd yüz əlli manat, otuz dörd qəpik) manat məbləğində əsas borc, 73 (yetmiş üç) manat məbləğində cərimə və 35,23 (otuz beş manat, iyirmi üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1558,57 (min beş yüz əlli səkkiz manat, əlli yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar