Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-784/2024 15.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı verilmiş “alqı-satqı müqaviləsi üzrə borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 22 aprel 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun və digər ödənişlərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 17 oktyabr 2022-ci il tarixli 17102022/2022 nömrəli alqı-satqı müqaviləsi üzrə 7780 (yeddi min yeddi yüz yetmiş səkkiz) manat məbləğində borc, 778 (yeddi yüz yetmiş səkkiz) manat məbləğində dəbbə pulu, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz olmaqla hesablanmış 389 (üç yüz səksən doqquz) manat məbləğində faiz borcu, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 320 (üç yüz iyirmi) manat pul vəsaitinin əvəzi, 110 (yüz on) manat məbləğində mediasiya xərcinin əvəzi və 3,77 (üç manat, yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 9380,77 (doqquz min üç yüz səksən manat yetmiş yeddi qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış 17 oktyabr 2022-ci il tarixli 17102022/2022 nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcı qismində çıxış edən iddiaçı tələbnamə-sifariş əsasında spesifikasiyaya, miqdara və qiymətə uyğun əşyaları və xidməti alıcının ünvanına çatdırmağı, alıcı qismində çıxış edən cavabdeh isə həmin malların və xidmətin dəyərini ödəməyi öhdəsinə götürmüş, müqavilə üzrə öhdəlik iddiaçı tərəfindən icra edilsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi, yəni aldığı malların dəyərini ödəməmiş, nəticədə 7780 manat məbləğində əsas borcu, habelə, öhdəliklərini müqavilənin şərtlərinə uyğun olaraq yerinə yetirmədiyinə görə öhdəliklərin son icra tarixindən (21 dekabr 2023-cü il tarixindən) başlamaqla və növbəti 201 gün üçün hesablanmaqla müqavilənin ümumi məbləğinin 10 %-i həcmində - ƏDV daxil olmaqla 778 manat məbləğində dəbbə pulu borcu yaranmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına, o cümlədən mediasiya vasitəsilə həllinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 17 oktyabr 2022-ci il tarixli 17102022/2022 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə əsasən satıcı (İddiaçı MMC) alıcıdan (Cavabdeh MMC) daxil olmuş tələbnamə-sifariş və qiymətə uyğun əşyaları və xidməti alıcının ünvanına çatdırır, alıcı isə müqavilə əsasında təqdim edilmiş qaimə ilə təsdiqini tapmış malların və xidmətin qiymətini ödəyir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, alıcı, malların dəyərini satıcının malı və ya malları alıcının ünvanına çatdırmasından, boşaltmasından və malın təhvil-təslimindən sonra 30 iş günü ərzində satıcının bank hesabına nağdsız şəkildə tam həcmdə ödəmək öhdəliyi götürür. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən, mallar çatdırıldıqda və görülmüş işlər təhvil verildikdə alıcıya təhvil-təslimindən sonra 30 iş günü ərzində malların dəyəri satıcının bank hesabına nağdsız şəkildə ödənilmədikdə, hər ləngidilmiş gün üçün 8.1.1-ci maddəyə əsasən əsasən satıcıya cərimə ödəməlidir. Həmin müqavilənin 8.1.1-ci yarımbəndinə əsasən, çatdırılmış malların və edilmiş xidmətin dəyərinin 0,1%-i (sıfır tam onda bir faizi) miqdarında (ümumi xidmətin dəyərinin 10 (on) faizindən çox olmamaq şərti ilə cərimə ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 1700 manat dəyərində malın satılması ilə əlaqədar 08 noyabr 2022-ci il tarixli EBCİ seriyalı 795608 nömrəli, 1650 manat dəyərində malın satılması ilə əlaqədar 08 noyabr 2022-ci il tarixli EBCİ seriyalı 795236 nömrəli, 1680 manat dəyərində malın satılması ilə əlaqədar 08 noyabr 2022-ci il tarixli EBCİ seriyalı 795624 nömrəli, 2750 manat dəyərində malın satılması ilə əlaqədar 08 noyabr 2022-ci tarixli EBCİ seriyalı 795441 nömrəli elektron qaimələr təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında 17 oktyabr 2022-ci il tarixli 17102022/2022 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmetini təşkil edən malları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 7780 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehdən 17 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 7780 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən 778 manat məbləğində dəbbə pulunun tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (alqı-satqı müqaviləsinin yuxarıda istinad edilmiş 8.1-ci bəndi və 8.1.1-ci yarımbəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 778 manat məbləğində dəbbə pulunun tutulmasına aid hissəsi qismən təmin olunmalı, tələb olunan cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 400 (dörd yüz) manat məbləğində cərimə (dəbbə pulu) tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan əlavə, iddiaçı iddia tələbində cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmaqla 389 manat məbləğin tutulmasını xahiş etsə də, məhkəmə araşdırması zamanı iddia tələbinin həmin hissədə əsaslılığı müəyyən edilməmişdir. Belə ki, ilk növbədə, qeyd edilən məbləğin hansı qaydada və hansı müddətlər daxilində hesablanması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı təsdiqedici sənəd (maliyyə arayışı və s.) təqdim edilməmişdir. Digər tərəfdən, müqavilənin 4.1-ci bəndindən görünür ki, alıcının malların dəyərini satıcının malı və ya malları alıcının ünvanına çatdırmasından, boşaltmasından və malın təhvil-təslimindən sonra 30 iş günü ərzində satıcının bank hesabına nağdsız qaydada tam həcmdə ödəməsini tərəflər öz aralarında razılaşdırmış və təqdim edilmiş elektron qaimələrə əsasən mallar cavabdehə 08 noyabr 2022-ci il tarixində təqdim edilmişdir. İddiaçı isə hazırkı iddia ilə məhkəməyə malların təhvilindən iki il yarımdan çox müddət keçdikdən sonra müraciət etmişdir. Malların təhvilindən 30 iş günü keçdikdən sonrakı müddətdə müqavilənin 4.1-ci bəndinin şərti nəzərə alınmaqla cavabdehdən ödənişlərin vaxtında tələb edilib-edilməməsi, müsbət halda, bunu təsdiq edən sənədlər iş materiallarına əlavə edilməmişdir. Buna görə də gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmaqla 389 manat məbləğində pul vəsaitinin tutulmasının əsaslılığı sübut olunmadığı üçün iddia həmin hissədə təmin edilməməlidir. Bundan əlavə, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 320 manat məbləğində pulun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarına əlavə edilmiş 05 aprel 2024-cü il tarixli 1 nömrəli ödəniş qəbzi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən vəkili göstərdiyi yardıma görə “EKOL” Vəkil bürosunun hesabına 320 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi təmin edilməli, iddiaçı tərəfindən vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 320 manat pul vəsaitinin əvəzi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Bunlardan əlavə, iddia tələbinin ödənilmiş 110 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarında olan 12 yanvar 2024-cü il tarixli, MŞS\9\2023-02490 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışa və 10 yanvar 2024-cü il tarixli,10012024 ödəniş qəbzinə əsasən müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdehlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən 110 manat məbləğində mediasiya xərci ödənilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin 110 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulması hissəsi də təmin edilməli, yuxarıda göstərilənlər və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən ödənilmiş 110 manat məbləğində mediasiya xərcinin əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, iddia tələbinin 3,77 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 06 aprel 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 3,77 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 3,77 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 17 oktyabr 2022-ci il tarixli 17102022/2022 nömrəli alqı-satqı müqaviləsi üzrə 7780 manat məbləğində borc, 400 manat məbləğində cərimə, hüquqi yardımla bağlı ödənilmiş 320 manat məbləğində pul vəsaitinin əvəzi, 110 manat məbləğində mediasiya xərcinin əvəzi və 3,77 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8613,77 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bunlardan əlavə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, hazırkı iddia tələbinin təmin edilmiş hissəsinə (7780 manat məbləğində borc + 400 manat məbləğində cərimə = 8180 manat) mütənasib olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 101,8 manat təşkil edir. İddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 3,77 manat məbləğində dövlət rüsumu ödənildiyindən, ödənilməli olan dövlət rüsumunun qalıq məbləği, yəni 98,03 manat məbləğində dövlət rüsumu yuxarıda istinad edilən Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 7780 (yeddi min yeddi yüz yetmiş səkkiz) manat məbləğində əsas borc, 400 (dörd yüz) manat məbləğində cərimə, hüquqi yardımla bağlı ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaitinin əvəzi, 110 (yüz on) manat məbləğində mediasiya xərcinin əvəzi və 3,77 (üç manat, yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8613,77 (səkkiz min altı yüz on üç manat, yetmiş yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh "BEELDİNG CONSTRUCTİON GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətindən 98,03 (doxsan səkkiz manat, üç qəpik) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-784/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-784/2024
15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver