Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-790/2025 01.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 21 dekabr 2022-ci il tarixli S169/22 nömrəli təchizat müqaviləsi üzrə 740,79 (yeddi yüz qırx manat, yetmiş doqquz qəpik) manat məbləğində əsas borc, 74,08 (yetmiş dörd manat, səkkiz qəpik) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 844,87 (səkkiz yüz qırx dörd manat, səksən yeddi qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 21 dekabr 2022-ci il tarixli S169/22 nömrəli təchizat müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında mallar iddiaçı tərəfindən cavabdehin mülkiyyətinə verilməsinə baxmayaraq, cavabdeh elektron qaimə-fakturalara əsasən ƏDV daxil olmaqla hesablanmış 740,79 manat məbləğində malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də cavabdehin üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq iddiaçıya ödəməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh 26 may 2025-ci il tarixində məhkəməyə iddiaya etirazla müraciət edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən ona pretenziya məktubu göndərilsə də, pretenziya məktubunda göstərilən müddətə riayət edilmədən məhkəməyə müraciət edilmiş, bu isə Mülki Prosessual Məcəlləsinin 259-cu maddəsinə görə ərizənin məhkəmədə baxılmamış saxlanılma əsaslardan biri hesab olunur. Bundan əlavə, iddiaçı iddia ərizəsinə əlavə etdiyi elektron qaimələrdə göstərilən malların cavabdehə təhvil verildiyini qeyd etsə də, iş materiallarına təhvil-təslim aktı əlavə edilməmişdir. Eyni zamanda “Goradil market” ticarət obyekti uzun müddətdir ki, fəaliyyət göstərmir. Həmçinin ona məxsus VÖEN-də aktiv deyildir, fəaliyyət dayandırılmışdır və ona elektron qaimə-faktura göndərilməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, iddiaçı və cavabdeh arasında 21 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, cavabdehin fəaliyyət göstərdiyi “Gorədil” marketə spirtli içki məhsulları satılmışdır. Ümumilikdə, cavabdehə 908,75 manat məbləğində məhsul satılmış, cavabdeh tərəfindən 168 manat məbləğində ödəniş həyata keçirilmiş və hazırkı vaxta qalıq borcu 740,79 manat məbləğində təşkil edir. Cavabdehlə iddiaçı arasında üzləşmə aktı imzalanmışdır ki, həmin akta əsasən, cavabdeh müvafiq borcunu etiraf edir. Həmin üzləşmə aktında Sevda Əliyeva adlı şəxsin adı qeyd edilmişdir. Həmin şəxsin kim olduğu ilə bağlı dəqiq məlumatı yoxdur, hesab edir ki, həmin şəxs cavabdehin işçisi və ya şərikidir. Cavabdehin fəaliyyət göstərdiyi qeyri-yaşayış obyekti “böyük market və ya marketlər şəbəkəsi” olmadığından iş materiallarına əlavə edilmiş sənədlərin tərtibi zamanı mağazada kim olmuşdursa, mağazanın nümayəndəsi kimi həmin sənədlər ona imzalatdırılmışdır. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materialları: İş materiallarında olan 21 dekabr 2022-ci il tarixli S169/22 nömrəli təchizat müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə əsasən satıcı (İddiaçı MMC) alıcıya (Cavabdeh) mal satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Bu müqavilə çərçivəsində mal termini dedikdə spirtli məhsullar nəzərdə tutulur. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, malların miqdarı, çeşidi, qiyməti və dəyəri, ƏDV daxil, aksizlər, eləcə də bütün digər məcburi ödənişlər mallara əlavə edilən qaimələrlə və hesab fakturalarla tərəflərin razılaşdığı və hazırkı müqavilənin ayrılmaz hissəsi sayılan Əlavələrdə əks olunur. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, malların satışı bu müqavilənin bütün müddəti ərzində bu müqaviləyə Əlavələr və onun ayrılmaz hissəsi olan spesifikasiyalar əsasında ayrı-ayrı partiyalarda hissə-hissə həyata keçirilir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, mallar satıcı və ya onun cəlb etdiyi daşıyıcı tərəfindən alıcının müvafiq lisenziyaya malik olduğu bilavasitə alıcının anbarına (mağazaya, digər binalara) çatdırılır. Malların alıcıya faktiki təhvil verildiyi və mallar üçün əlavə hesab-fakturaların imzalandığı andan çatdırılma öhdəliyi yerinə yetirilmiş hesab olunur, həmin andan etibarən mallara qulluq yükü və malların təsadüfən itirilməsi riski alıcının üzərinə düşür. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, mallara mülkiyyət hüququ tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən mallar üzrə qaimə sənədlərinin imzaladığı andan satıcıdan alıcıya keçir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, tərəflər razılığa gəldilər ki, malların qəbulu və təhvil-təslimi zamanı keyfiyyətə dair heç bir pretenziya olmadığı təqdirdə, qaimələrin imzalanması malların keyfiyyətinə əsasdır və malların təhvil-təslimi üzrə sənədlər imzalandıqdan sonra onun keyfiyyəti ilə bağlı pretenziya qəbul olunmur. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, bu müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların satıcı qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 təqvim günü müddətində satıcının ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, alıcı satılan malların bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesabfakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, alıcı realizasiya tarixindən etibarən hər 30 təqvim günündən bir, lakin istənilən halda növbəti hesabat tarixinin 20-sindən gec olmayaraq, satılan/satılmamış malların qalıqları barədə məlumatı satıcıya təqdim etməyi öhdəsinə götürür. Alıcı tərəfindən bu cür məlumatların təqdim edilməməsi, satılmayan mallar olduğu halda belə satıcı qarşısında mallar üçün tam tam ödəniş öhdəliyi yaradır. Bununla belə, təchiz olunmuş mallara görə tam həcmdə ödəniş tələbinə əsasən alıcı satıcı tərəfindən təqdim edilmiş yazılı tələb alındığı andan 3 iş günündən gec olmayaraq ödəniş etməyə borcludur. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış malların nağd şəkildə ödənişi mümkündür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, alıcı tərəfindən bu müqavilənin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda alıcı satıcıya hər gecikən gün üçün 0,3 faiz dəbbə pulu (cərimə) ödəyir. 4.2-ci bəndə əsasən hesabatların vaxtında təqdim edilmədiyi halda alıcı razılaşır ki, satıcı təhvil verilmiş bütün mallara görə penya hesablanır. Hesabatlar 4.2-ci bənddə göstərilən müddətdə təqdim edilmədikdə alıcı razılaşır ki, satıcı bütün çatdırılmış malın dəyərinə görə cərimələri hesablayır və onu satılmış hesab edir. Cərimənin ödənilməsi alıcını bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən azad etmir. İş materiallarında olan 09 oktyabr 2023-cü il tarixli qarşılıqlı üzləşmə aktında Cavabdeh 740,79 manat məbləğində borcu olduğu qeyd edilmişdir. Həmin qarşılıqlı üzləşmə aktı bir tərəfdən iddiaçının möhürü ilə təsdiqlənmiş, digər tərəfdən “Eliyeva Sevda” adı qeyd edilərək imzalanmışdır. İş materiallarında olan 17 aprel 2020-ci il tarixli 359479 nömrəli, 26 sentyabr 2020-ci il tarixli 430371 nömrəli, 16 iyun 2023-cü il tarixli 393882 nömrəli kassa mədaxil orderlərinin “Kimdən” qrafasının qarşısında “Əliyeva Sevda” qeyd edilmiş, yalnız iddiaçı təşkilatın möhürünün və “Kassir” qrafasının qarşısında imzanın olduğu həmin sənədlərə əsasən, cəmi 148 manat məbləğində ödəniş həyata keçirildiyi müəyyən edilir. İş materiallarında olan 16 oktyabr 2020-ci il tarixli 430578 nömrəli kassa mədaxil orderinin “Kimdən” qrafasının qarşısında “Əliyeva Nərmin” qeyd edilmiş, yalnız iddiaçı təşkilatın möhürünün və “Kassir” qrafasının qarşısında imzanın olduğu həmin sənədə əsasən, 20 manat məbləğində ödəniş həyata keçirildiyi müəyyən edilir. İş materiallarında olan 27 dekabr 2022-ci il tarixli 185 nömrəli və 14 aprel 2023-cü il tarixli 3131 nömrəli müştəri sifarişi (“заказ клиента”) adlı sənədlərdən görünür ki, Eliyeva Sevda tərəfindən “Goradil Market”ə ümumi dəyəri 856,31 manat məbləğində olan mallar sifariş edilmişdir. İş materiallarında olan 19 iyul 2023-cü il tarixli 0000-006006 nömrəli qaimə-fakturada “Kimə” qrafasının qarşısında “Goradil Market”, yekun məbləğ 52,48 manat qeyd edilərək iddiaçının möhürü ilə təsdiqlənmiş və “Müştəri” qrafasında Nadir yazılaraq imzalanmışdır. İş materiallarına 30 dekabr 2022-ci il tarixli EBCM seriyalı 303923 nömrəli, 17 aprel 2023-cü il tarixli EBDD seriyalı 718415 nömrəli və 21 iyul 2023-cü il tarixli EBDK seriyalı 421267 nömrəli elektron qaimə-fakturalar əlavə edilmişdir. İş materiallarında olan 16 aprel 2025-ci il tarixli 24/25 nömrəli maliyyə arayışından görünür ki, 21 dekabr 2022-ci il tarixli S169/22 nömrəli müqavilə üzrə yazılan qaimələrin məbləği 908,79 manat, ödənilən məbləğ 168 manat məbləğində təşkil edir və 16 aprel 2025-ci il tarixə cavabdehin “Goradil Market” iaşə obyekti üzrə iddiaçıya 814,87 manat məbləğində qalıq borcu vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 570.1.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa satıcının əşyanı alıcıya vermək vəzifəsi müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən, şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən 21 dekabr 2022-ci il tarixli S169/22 nömrəli təchizat müqaviləsi üzrə 740,79 manat məbləğində əsas borc, 74,08 manat məbləğində dəbbə pulu və 30 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 844,87 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması xahiş edilsə də, təqdim edilmiş sübutlarla iddianın əsaslılığı - təchizat müqaviləsinin predmeti olan malların cavabdehə təhvil verilməsi və həmin mallara görə cavabdehin iddiaçıya borcunun olması öz təsdiqini tapmır. Belə ki, tərəflər arasında bağlanmış 21 dekabr 2022-ci il tarixli S169/22 nömrəli təchizat müqaviləsinin 2.4-cü bəndinə əsasən, malların alıcıya faktiki təhvil verildiyi və mallar üçün əlavə hesab-fakturaların imzalandığı andan çatdırılma öhdəliyi yerinə yetirilmiş hesab olunur, həmin andan etibarən mallara qulluq yükü və malların təsadüfən itirilməsi riski alıcının üzərinə düşür. Yəni tərəflər müqavilə ilə malların mülkiyyət hüququnun satıcıdan alıcıya keçməsi anını “malların alıcıya faktiki təhvil verildiyi və mallar üçün əlavə hesab-fakturaların imzalandığı an” olaraq razılaşdırmışlar. Müqavilənin istinad edilən bəndini və digər sübutları məcmu halda qiymətləndirərək məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini təsdiq edən sənədlər kimi iş materiallarına əlavə edilmiş 09 oktyabr 2023-cü il tarixli qarşılıqlı üzləşmə aktı, 27 dekabr 2022-ci il tarixli 185 nömrəli və 14 aprel 2023-cü il tarixli 3131 nömrəli müştəri sifarişi (“заказ клиента”) adlı sənədlər, həmçinin 19 iyul 2023-cü il tarixli 0000- 006006 nömrəli qaimə-faktura hazırkı mübahisə üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, qətnamənin “İş materialları” hissəsində qeyd edildiyi kimi, bu sənədlərin üzərində cavabdehə məxsus VÖEN nömrəsindən savayı, həmin sənədlərin ona aidiyyətinə işarə edəcək hər hansı başqa rekvizit yoxdur. 27 dekabr 2022-ci il tarixli 185 nömrəli və 14 aprel 2023-cü il tarixli 3131 nömrəli müştəri sifarişi (“заказ клиента”) adlı sənədlərdə çap hərfləri ilə qeyd edilmiş “Заказчик” qrafasının qarşısında yenə çap hərfləri ilə “Eliyeva Sevda” qeyd edilmiş və bu sənədlərin hər biri zahiri cəhətdən fərqli olduğu aşkar seçilən müxtəlif imzalarla imzalanmışdır. 19 iyul 2023-cü il tarixli 0000-006006 nömrəli qaimə-fakturanın üzərində isə əlyazma ilə Nadir adı qeyd edilməklə imza edilmişdir. 09 oktyabr 2023-cü il tarixli qarşılıqlı üzləşmə aktının üzərində isə “мудир”, daha sonra “Исмайылова Биби” adı qeyd edilmişdir. Məhkəmə iclasında verdiyi izahatda iddiaçının nümayəndəsi qeyd etmişdir ki, “sənədlərdə adı qeyd edilən Sevda Əliyeva adlı şəxsin kim olması ilə bağlı dəqiq məlumatım yoxdur, hesab edirəm ki, həmin şəxs cavabdehin işçisi və ya şərikidir”. Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qaimə-faktura və qarşılıqlı üzləşmə aktının cavabdehə aidiyyəti, həmin sənədlərin cavabdeh tərəfindən imzalanması, eyni zamanda sənədlərdə adı və imzası olan şəxslərin cavabdehə aidiyyəti iş materialları ilə təsdiq edilmir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İddia tələbinin məhkəmə xərclərinin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-790/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-790/2025
01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver