Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-791/2025 22.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 və X1 qarşı verilmiş “alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, tikintinin sökülməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 və X1 qarşı “alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, tikintinin sökülməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış, Bakı şəhəri, 26 saylı Notariat ofisinin xüsusi notariusu X3 tərəfindən 24 dekabr 2022-ci il tarixdə təsdiq edilmiş 4Ə-812 reyestr nömrəli alqı-satqı müqaviləsinin, həmin torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 13 yanvar 2023-cü il tarixli çıxarışın, torpaq sahəsinin plan və ölçü sənədinin etibarsız hesab edilməsi və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, giriş hissədə inşa edilmiş 7 mərtəbəli yaşayış binasının yan tərəfində Cavabdeh2 tərəfindən aparılan tikintinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçının cavabdehlərə qarşı “alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, Cavabdeh2 tərəfindən aparılan tikintinin sökülməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə verilmiş tələb üzrə ərizə və ona əlavə edilmiş sənədlər Sumqayıt Kommersiya Məhkəməsinin 10 fevral 2025-ci il tarixli e-2-2(119)-510/2025 nömrəli və 21 fevral 2025-ci il tarixli e-2-2(119)- 567/2025 ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.2-ci, 152.1.4-cü və 152.1.6-cı maddələrində nəzərdə tutulmuş əsaslarla geri qaytarılmış və bunun, iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmadığı izah edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin Cavabdeh2 tərəfindən alınmasını təsdiq edən sənəd iş materiallarına əlavə edilsə də, həmin qərardadlarda göstərilmiş digər nöqsanlar aradan qaldırılmadan, həmçinin pretenziya məktubunda göstərilən müddətə riayət edilmədən yenidən Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Belə ki, iş materiallarından görünür ki, pretenziya məktubu İlham Hüseynova 16 aprel 2025-ci il tarixdə göndərilmiş və öhdəliklərin 3 gün ərzində icra edilməsi tələb edilmişdir, yəni mübahisənin məhkəməyə qədər həlli ilə bağlı 3 günlük müddət müəyyənləşdirilmişdir. Buna baxmayaraq, 17 aprel 2025-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Göründüyü kimi, iddiaçı məlum mübahisənin məhkəməyəqədər həll edilməsi barədə vermiş olduğu pretenziya müraciətinin nəticəsini müəyyən etdiyi 3 gün müddətini gözləməyərək dərhal hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.3-cü maddəsinin tələblərinə görə, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Bundan əlavə, diqqətə çatdırılır ki, iddiaçı iddia ərizəsinin məzmununda cavabdeh qismində göstərilən X2 ərizənin “Tərəflər” bölməsinə əlavə etməmişdir. Nəzərə alınmalıdır ki, iddia ərizəsinin tərtibi və məhkəməyə təqdim olunması ilə əlaqədar mülki-prosessual qanunvericilikdə müəyyən edilmiş tələblərin müvafiq qaydada yerinə yetirilməməsi gələcəkdə hazırkı mübahisəni mahiyyəti üzrə həll edəcək məhkəmə aktının qanuniliyini və əsaslılığını da şübhə altına ala biləcəyindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən Mülki Prosessual Məcəllənin 149-150-ci maddələrinin müvafiq tələblərinin lazımi qaydada yerinə yetirilməsi iddiaçının maraq və mənafeyinə uyğun tələblərdir. Beləliklə, mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddiaçının cavabdehlərə qarşı “alğı-satqı müqaviləsinin, onun əsasında verilmiş dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, tikintinin sökülməsi” tələbi barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı tərəfindən cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 və X1 qarşı verilmiş “alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, tikintinin sökülməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-791/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-791/2025
22.04.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver