Məhkəmə qərarları › İş №e-2-2(119)-794/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-794/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-794/2020 10.11.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu İddiaçı cavabdeh X1 qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə cavabdehə qarşı alğı-satqı müqaviləsi üzrə əsas borcun və gecikməyə dair hesablanmış faiz borcunun qaytaılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır Belə ki, Mülki-Prosessual Məcəllənin 10-1-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə təqdim edilmiş iddia ərizəsinin tərəflər bölməsində yalnız iddiaçının adı qeyd edilmiş (bununla belə ünvanı göstərilməmişdir), cavabdeh haqqında məlumatlar isə göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində işdə iştirak edən şəxslərin adları və onların poçt ünvanları göstərilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh haqqında məlumatlar “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə təqdim edilən iddia ərizəsinin tərəflər bölməsində göstərilməldir. Bundan əlavə hazırkı iddia ərizəsi iddia icraatı qaydasında məhkəməyə təqdim olunmasına baxmayaraq, ərizənin sonunda cavabdehdən “...ümumilikdə 72224.50 (yeddi min iki yüz iyirmi dörd manat əlli qəpik) manat pul məbləğinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə əmr çıxarılması xahiş edilmişdir. Mülki-Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının tələbi göstərilməlidir. Həmin Məcəllənin 216.1-ci maddəsinə əsasən isə işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Məhkəmə qeyd edir ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının hazırkı tələb üzrə məhkəmə əmri çıxarılması barədə ərizəsinin qəbul olunmasından imtina edilmişdir. Həmçinin, iddia ərizəsində onu imzalayan şəxsin adı göstərilməmişdir. Məhkəmə bildirir ki, Mülki-Prosessual Məcəllənin 149.1 və 150.0.3-cü maddələrinə əsasən iddia ərizəsi səlahiyyətli şəxs tərəfindən imzalanmalı və bunu təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmalıdır. Qeyd olunanlarla yanaşı, məhkəmə bir daha iddiaçının diqqətinə çatdırır ki, sənədlərin elektron təqdim edilməsi zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2019-cu il tarixli “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının, habelə “Elektron Məhkəmə” İnformasiya Sistemi üzrə tətbiq edilən “Proses iştirakçısının Elektron kabinetindən istifadə qaydaları”nın tələblərinə əməl olunmalıdır. Belə ki, ərizəyə əlavə olunmuş sənədlər məhkəməyə fotoşəkil (.jpg) formatında deyil, elektron sənəd (.pdf, .adoc, .edoc) formatında təqdim olunmalıdır. Mülki-Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar