Məhkəmə qərarları › İş №e-2-2(119)-8/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-8/2023

09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-8/2023 09.03.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh “D.X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 06 yanvar 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "D.X1" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "D.X1" Məhdud Məsuliyyətli Cəmiyyətindən 524748,46 (beş yüz iyirmi dörd min yeddi yüz qırx səkkiz manat 46 qəpik) manat əsas borc və 50000 (əlli min) manat zərər olmaqla, ümumilikdə 574748,46 (beş yüz yetmiş dörd min yeddi yüz qırx səkkiz manat 46 qəpik) manat məbləğində borcun, iş üzrə ödənilmiş 400 (dörd yüz) manat mediasiya xidməti xərcinin və vəkilə ödənilmiş 360 (üç yüz altmış) manat xidmət haqqının iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 21 iyun 1996-cı ildən kənd təsərrüfatı sahəsində dərman preparatlarının satışı ilə məşğul olmaqla, sahibkarlıq fəyaliyyəti ilə məşğul olur və o, kənd təsərrüfatı sahəsində istifadə olunan dərman preparatlarını xarici dövlətlərdən alaraq Azərbaycan Respublikasına gətirir və onların satışını həyata keçirir (İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti 04 iyun 2020-ci il tarixdə təşkilatı-hüquqi formasını dəyişərək İddiaçı Qapalı Səhmdar Cəmiyyəti olmuşdur). İddiaçı QSC tərəfindən cavabdeh “D.X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə 2018-ci ildən 2020-ci il ilin sonlarınadək müxtəlif vaxtlarda kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün dəyərinin sonradan ödənilməsi şərtilə dərman preparatları satılmışdır. Lakin, cavabdeh iddiaçıdan aldığı preparatların dəyəri olan 524748,46 (beş yüz iyirmi dörd min yeddi yüz qırx səkkiz manat 46 qəpik) manat pulu bu günə qədər ödəməmişdir. Cavabdeh ilə iddiaçı arasında 25 fevral 2021-ci il tarixdə “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Akt tərtib olunmuş və hər iki tərəf həmin aktı imzalamaqla möhürləmiş və təsdiqləmişlər. Bu Akt tərib edildikdən sonra da dəfələrlə İddiaçı QSC-yə olan 524748,46 manat borcun ödənilməsi tələb olunsa da, cavadeh “D.X1” MMC hər dəfə müxtəlif bəhanələr gətirməklə borcu ödəməkdən yayınmışdır. 25 oktyabr 2021-ci il tarixdə rəsmi qaydada cavabdeh “D.X1” MMC-yə həmin borcun 10 gün müddətinə ödənilməsi barədə yazılı təklif verilsə də, bu günədək həmin yazılı məktuba hər hansı bir münasibət bildirilməmiş və iddiaçıya olan borc ödənməmişdir. Borcun alınması ilə əlaqədar “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, iddiaçı tərəfindən müvafiq qaydada cavabdehə və Mediasiya Şurasına müraciət edilmiş olsa da, cavabdehin nümayəndəsi gəlmədiyinə görə bu mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi də mümkün olmamışdır. Bununla bağlı mediator tərəfindən 09 oktyabr 2021-ci il tarixli 2021-002273 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayış təqdim edilmiş və ilkin mediasiyanın keçirilməsi üçün iddiaçı tərəfindən mediatorun hesabına 400 manat mediasiya xərci də ödənilmişdir. Bundan əlavə, rəsmi qaydada cavabdehə həm pretenziya, həm də iddia ərizəsi çatdırılmışdır. Odur ki, İddiaçı QSC cavabdeh “D.X1” MMC-dən 524748,46 manat məbləğində borcu başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmişdir. Eyni zamanda, cavabdeh “D.X1” Məhdud Məsuliyyətli Cəmiyyəti 524748,46 manat pulu qanunsuz olaraq özündə saxlamaqla, İddiaçı QSC-nə zərər də vurmuşdur. İddiaçı tərəf bu zərəri 50000 manat olaraq dəyərləndirir və həmin zərərin də tutulmasını tələb edir. Cavabdeh "D.X1" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi tərəfindən 28 fevral 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinə qarşı etiraz” təqdim edilərək, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh "D.X1" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” barədə iddia tələbinin rədd edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, “Elektron məhkəmə” portalı vasitəsi ilə iş materialları ilə tanış olarkən hazırkı məhkəmə mübahisəsi üçün əhəmiyyət kəsb edəcək bir sıra sənədlər, o cümlədən də, mübahisənin əsası kimi çıxış edən müqavilə aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Yenə həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən isə, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. İddia ərizəsində qeyd edilmişdir ki, “iddiaçı tərəfindən cavabdehə 2020-ci ilin sonlarınadək, müxtəlif vaxtlarda kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün dərman preparatları verilmiş, cavabdeh isə onların dəyərini ödəməmişdir”. Lakin, iddiaçı qeyd edilən malların hansı müqavilə və yaxud digər hüquqi əsasla verildiyini qeyd etməmişdir. İş materiallarında da bu cür müqaviləyə rast gəlinmir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 25 fevral 2021ci il tarixində “Qarşılıqlı borcların üzləşdirilməsi” barədə Akt tərtib olunmuş və hər iki tərəf həmin Aktı imzalamaqla möhürləmiş və təsdiqləmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş həmin Akt cavabdeh "D.X1" MMC-in adından imzalanıb möhürlənsə də, onu kimin və hansı vəzifəli şəxsin imzaladığı əks olunmamışdır. İddia ərizəsinə malların, işlərin və xidmətlərin təqdim edilməsinə dair elektron qaimə-fakturalar əlavə olunmuşdur. Lakin, onların heç biri nə iddiaçı, nə də ki cavabdeh tərəfindən imzalanmamışdır. Məhkəmə iclaslarında iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh "D.X1" Məhdud Məsuliyyətli Cəmiyyətindən 524748,46 manat məbləğində əsas borcun, 50000 manat məbləğində zərərin, iş üzrə ödənilmiş 400 manat mediasiya xidməti xərcinin və vəkilə ödənilmiş 360 manat xidmət haqqının iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, tərəflər arasında kənd təsərrüfatı məhsullarının becərilməsi ilə əlaqədar zəruri olan bitki mühafizə və dərman vasitələrinin alqı-satqısı üçün “satıcı” olaraq iddiaçı “EMA" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən müvafiq müqavilə tərtib edilib imzalanaraq “alıcı” qismində imzalanması üçün cavabdeh "D.X1" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş olsa da, sonuncu həmin müqaviləni imzalayıb iddiaçıya, yəni “Satıcı”ya qaytarmamışdır. Bununla belə, iddiaçı tərəfindən 2018 – 2020-ci illər ərzində cavabdehin sifarişləri əsasında ona müxtəlif bitki mühafizə və dərman vasitələri satılaraq, elektron qaimələr təqdim olunmuş və bu alqısatqılara görə cavabdeh tərəfindən də iddiaçının hesabına ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə ödənişlər edilmişdir. Lakin, hal-hazırda iddia ərizəsində pulunun ödənilməsi tələb olunan ümumilikdə 524748,46 manat dəyərində bitki mühafizə və dərman vasitələrinin də cavabdehə nisyə satılmasına və hər bir satışdan sonra bununla bağlı müvafiq qaydada tərtib edilən elektron qaimələr “alıcı” olaraq "D.X1" MMC-yə təqdim edilməsinə baxmayaraq, sonuncu qeyd olunan həmin məbləğdə borcunu ödəməkdən yayınmışdır. Cavabdeh tərəf pulunu ödəmədiyi ümumilikdə 524748,46 manat dəyərində dərman vasitələrinin satılması ilə əlaqədar təqdim olunan elektron qaimələrə etiraz etməmiş və elektron qaimələr müvafiq qaydada təsdiq olunmuşdur. Yəni, satılan mallara görə təqdim edilən elektron qaimələrə imtina və yaxud etiraz verilməmişdir. Bununla belə, iddiaçı tərəf dəfələrlə cavabdeh tərəfdən aldığı dərman vasitələrinin pulunu tələb etsə də, cavabdeh tərəf müxtəlif bəhanələrlə aldığı dərmanların pulunu ödəməkdən yayınaraq, 524748,46 manat məbləğində əsas borcunu ödəməmişdir. Buna görə də, tərəflər arasında 524748,46 manat məbləğində borcun olması barədə müvafiq qaydada 25 fevral 2021-ci il tarixdə “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Akt tərtib olunaraq imzalanıbmöhürlənmişdir. Lakin, həmin Akt tərtib olunduqdan sonra da cavabdeh "D.X1" MMC borcunu ödəməmişdir. Halbuki, 2018, 2019 və 2020-ci illər ərzində müxtəlif bitki mühafizə və dərman vasitələri cavabdehə nisyə satılmış və nisyə satılan malların bir hissəsinin dəyəri cavabdeh "D.X1" MMC tərəfindən müvafiq qaydada, yəni bank hesabları vasitəsi ilə ödənilmiş olsa da, 524748,46 manat dəyərində satılan malların pulu ödənməmişdir. 25 fevral 2021-ci il tarixli Üzləşmə aktı da nisyə qaydada alqı-satqı olduğunu təsdiqləyir və Üzləşmə aktını cavabdeh MMC-nin qanuni təmsilçisi imzalayaraq, möhürləmişdir. Hətta, 756,3 manat dəyərində satılmış mal cavabdeh tərəfindən geri qaytarılmış olduğundan, həmin 756,3 manat məbləğdə pul vəsaiti cavabdehin borcundan çıxılmış və bu fakt həm qeyd olunan Üzləşmə Aktında, həm də məhkəməyə təqdim olunmuş 25 fevral 2021-ci il tarixli elektron qaimədə öz təsdiqini tapmışdır. Göründüyü kimi, Üzləşmə Aktının və təsdiq olunmuş elektron qaimələrin mövcudluğu tərəflər arasında nisyə alqı-satqı əməliyyatlarının olmasını və həmin alqı-satqılar üzrə alıcı MMC-nin borclu qalmasını tam təsdiq edir. Məhkəməyə təqdim olunmuş 15 ədəd elektron qaimə ilə təsdiq olunur ki, iddiaçı tərəfindən 24 aprel 2018-ci il tarixdən 26 noyabr 2020-ci il tarixə qədər müxtəlif adda bitki mühafizə vasitələri satılmışdır. Lakin, tərəflər arasında 600000 manatdan çox olan ümumi dövriyyə üzrə müəyyən məbləğlərdə pul ödənmiş olsa da, cəmi 524748,46 manat məbləğində borc üzrə ödəniş həyata keçirilməmişdir. Bank hesab çıxarışlarından da görünür ki, ödənişlər cavabdeh “D.X1” MMC-nin hesabı vasitəsi ilə edilməklə yanaşı, cavabdeh MMC-nin təsisçisi İsaməddin Dəmirovun özü tərəfindən də edilmişdir. Məhkəməyə müraciət olunanadək cavabdeh hüquqi şəxsi təmsil edən səlahiyyətli şəxslərlə borc barədə dəfələrlə danışıqlar olmuş və borclu tərəf hər dəfə MMC-nin banklara olan borcunu ödədikdən sonra, iddiaçının borcunu da ödəyəcəyini bildirmişdir. Yəni, hazırkı ərizə ilə məhkəməyə müraciət olunanadək cavabdeh tərəf heç vaxt borcunu mübahisələndirməmişdir. İş üzrə keçirilmiş əvvəlki hazırlıq və baxış iclaslarında iştirak etmiş cavabdeh "D.X1" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etmədiyini bildirib, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsini xahiş etmiş və öz mövqeyini – tələb olunan borcla əlaqədar tərəflər arasında hər hansı bir öhdəlik yaradan müqavilənin və dərmanlarının satılmasını təsdiq edən təhvil-təslim aktlarının olmaması və cavabdehin 524748,46 manat məbləğində borcunun olması ilə əlaqədar iddiaçı tərəfindən məhkəməyə mötəbər hesab oluna biləcək sübutların təqdim olunmaması ilə əsaslandırmışdı. Lakin, cavabdeh “D.X1” Məhdud Məsuliyyətli Cəmiyyəti 09 mart 2023-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi həmin iclasa gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasının davam etdirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçılarının izahatlarını, iddia ərizəsini, cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş yazılı Etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilən iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (VÖEN **********) - “Satıcı”, "D.X1" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) – “Alıcı” olaraq tərtib olunmuş 14 iyul 2020-ci il tarixli 1/20-118AZ nömrəli “Bitki mühafizə vasitələrinin satışına dair” Müqavilə “Satıcı” "xxxx" QSC tərəfindən imzalanıb-möhürlənsə də, həmin Müqavilə “Alıcı” "D.X1" MMC tərəfindən imzalanmamışdır. Lakin, məhkəmə araşdırması zamanı təsdiq olunmuşdur ki, satıcı "xxxx" QSC tərəfindən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən alıcı "D.X1" MMC-yə bitki mühafizə vasitələri kimi müxtəlif dərman preparatları verilmiş və bununla əlaqədar satıcı "xxxx" QSC tərəfindən 24 aprel 2018-ci il, 31 may 2018-ci il, 11 iyul 2019-cu il, 19 noyabr 2019-cu il, 31 mart 2020-ci il, 12 may 2020-ci il, 29 may 2020-ci il, 01 iyun 2020-ci il, 09 iyun 2020-ci il, 19 iyun 2020-ci il, 15 iyul 2020-ci il, 22 iyul 2020-ci il, 24 iyul 2020-ci il, 25 avqust 2020-ci il və 26 noyabr 2020-ci tarixlərində alıcı "D.X1" MMC-yə müvafiq qaydada tərtib olunmuş Elektron qaimələr təqdim olunmuşdur. Eyni zamanda, alıcı "D.X1" MMC tərəfindən satıcı "xxxx" QSC-yə 756,30 manat dəyərində malın geri qaytarılması ilə əlaqədar 25 fevral 2021-ci il tarixli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan Elekton Qaimələr ilə müəyyən olunur ki, satıcı "xxxx" QSC tərəfindən alıcı "D.X1" MMC-yə 24 aprel 2018-ci il tarixli EAAİ 621133 nömrəli Elektron Qaimə üzrə 20868 manat dəyərində, 31 may 2018-ci il tarixli EAAJ 500254 nömrəli Elektron Qaimə üzrə 29927,04 manat dəyərində, 11 iyul 2019-cu il tarixli EAAX 021277 nömrəli Elektron Qaimə üzrə 4236 manat dəyərində, 19 noyabr 2019-cu il tarixli EBAC 600224 nömrəli Elektron Qaimə üzrə 69165,40 manat dəyərində, 31 mart 2020-ci il tarixli EBAİ 230133 nömrəli Elektron Qaimə üzrə 65608,05 manat dəyərində, 12 may 2020-ci il tarixli EBAJ 776390 nömrəli Elektron Qaimə üzrə 19384,40 manat dəyərində, 29 may 2020-ci il tarixli EBAK 447830 nömrəli Elektron Qaimə üzrə 13441,50 manat dəyərində, 01 iyun 2020-ci il tarixli EBAK 563457 nömrəli Elektron Qaimə üzrə 14570,40 manat dəyərində, 09 iyun 2020-ci il tarixli EBAK 923871 nömrəli Elektron Qaimə üzrə 5263,36 manat dəyərində, 19 iyun 2020-ci il tarixli EBAL 347226 nömrəli Elektron Qaimə üzrə 35337,68 manat dəyərində, 15 iyul 2020-ci il tarixli EBAM 395161 nömrəli Elektron Qaimə üzrə 8220,60 manat dəyərində, 22 iyul 2020-ci il tarixli EBAM 689728 nömrəli Elektron Qaimə üzrə 15152,40 manat dəyərində, 24 iyul 2020-ci il tarixli EBAM 777089 nömrəli Elektron Qaimə üzrə 1383,96 manat dəyərində, 25 avqust 2020-ci il tarixli EBAP 097640 nömrəli Elektron Qaimə üzrə 229728,13 manat dəyərində və 26 noyabr 2020-ci il tarixli EBAT 114265 nömrəli Elektron Qaimə üzrə 131961,47 manat dəyərində olmaqla, ümumilikdə cəmi 664248,39 (altı yüz altmış dörd min iki yüz qırx səkkiz manat 39 qəpik) manat dəyərində müxtəlif dərman preparatlarının (bitki mühafizə vasitələrinin) satılması ilə əlaqədar yuxarıda qeyd olunan elektron qaimələr təqdim olunmuşdur. İş materiallarında olan alıcı "D.X1" MMC tərəfindən satıcı "xxxx" QSC-yə göndərilmiş və təyinatı "malların qismən geri qaytarılması qaiməsi" kimi qeyd olunmuş 25 fevral 2021ci il tarixli EBAX 927353 nömrəli Elektron Qaimədən görünür ki, alıcı "D.X1" MMC tərəfindən satıcı "xxxx" QSC-yə 756,30 (yeddi yüz əlli altı manat 30 qəpik) manat dəyərində malın geri qaytarılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. Qeyd etmək lazımdır ki, yuxarıda qeyd olunan "xxxx" QSC tərəfindən "D.X1" MMCyə təqdim olunmuş elektron qaimələrin “Əsas” qrafasındakı (sətrindəki) qeydlərlə müəyyən olunur ki, 24 aprel 2018-ci il tarixli EAAİ 621133 nömrəli Elektron Qaimədə "Əsas: 24 aprel 2018-ci il tarixli Hesab-Faktura № 99", 31 may 2018-ci il tarixli EAAJ 500254 nömrəli, Elektron Qaimədə "Əsas: 24 aprel 2018-ci il tarixli 1/07-63 AZ saylı müqavilə", 11 iyul 2019-cu il tarixli EAAX 021277 nömrəli və 19 noyabr 2019-cu il tarixli EBAC 600224 nömrəli Elektron Qaimələrdə "Əsas: Müqavilə № 1/19-053 AZ", 31 mart 2020-ci il tarixli EBAİ 230133 nömrəli, 12 may 2020-ci il tarixli EBAJ 776390 nömrəli, 29 may 2020-ci il tarixli EBAK 447830 nömrəli, 01 iyun 2020-ci il tarixli EBAK 563457 nömrəli, 09 iyun 2020ci il tarixli EBAK 923871 nömrəli və 19 iyun 2020-ci il tarixli EBAL 347226 nömrəli Elektron Qaimələrdə "Əsas: 11 iyul 2019-cu il tarixli 1/19-053 nömrəli müqavilə", 15 iyul 2020-ci il tarixli EBAM 395161 nömrəli, 22 iyul 2020-ci il tarixli EBAM 689728 nömrəli, 24 iyul 2020ci il tarixli EBAM 777089 nömrəli, 25 avqust 2020-ci il tarixli EBAP 097640 nömrəli və 26 noyabr 2020-ci il tarixli EBAT 114265 nömrəli Elektron Qaimələrdə isə "Əsas: 15 iyul 2020ci il tarixli 1/20-118 AZ nömrəli müqavilə" qeydləri aparılmışdır. Həmçinin, "D.X1" MMC tərəfindən "xxxx" QSC təqdim olunmuş 25 fevral 2021-ci il tarixli EBAX 927353 nömrəli Elektron Qaimədə isə "Əsas: 15 iyul 2020-ci il tarixli 1/20-118 AZ nömrəli müqavilə" qeydi aparılmışdır. İş materiallarında olan və İddiaçı Qapalı Səhmdar Cəmiyyəti və cavabdeh “D.X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən imzalanaraq möhürlənmiş 25 fevral 2021-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Aktda göstərilir ki, tərəflər arasında olan alqı-satqı üzrə alıcı “D.X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 fevral 2021-ci il tarixinə satıcı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə cəmi 524748,46 (beş yüz iyirmi dörd min yeddi yüz qırx səkkiz manat 46 qəpik) manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 08 aprel 2022-ci il tarixli qərardadı ilə cavabdeh “D.X1” MMC-nin vəsatətinə əsasən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Həmin qərardad əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 02 noyabr 2022-ci il tarixli 9/5541 nömrəli Ekspert Rəyinin “Nəticə” hissəsində göstərilmişdir ki, “İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh “D.X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “D.X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən tələb etdiyi 524748,46 manat məbləğində borcun olmasını, ümumiyyətlə bitki mühafizə vasitələrinin təhvil verilməsini, nəticədə 25 fevral 2021-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə" Aktdakı göstəricilərin doğru olmasını məhkəmə-mühasibat ekspertizası ilə müəyyən etmək mümkün olmadı”. Lakin, iddiaçı tərəf həmin Ekspert Rəyi ilə razılaşmayaraq, “təkrar məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsi” barədə vəsatətlə məhkəməyə müraciət etmiş və Sumqayıt Kommersiya Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli e-2-2(119)-135/2022 nömrəli qərardadı ilə iddiaçının həmin vəsatəti əsasında iş üzrə təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilərək, təkrar ekspertiza keçirilmişdir. Təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 13 yanvar 2023-cü il tarixli 9/8603 nömrəli Ekspert Rəyində göstərilmişdir ki, təqdim edilmiş iş materiallarında 138743,65 manat məbləğində ödəniş edilməsi öz əksini tapmışdır. O cümlədən, Bank ödənişləri "Access Bank":-xx.xx.2019 - 10000, xx.xx.2019 – 3000, xx.xx.2020 – 33898,3, xx.xx.2019 – 6000, xx.xx.2020 - 8474,58 = cəmi 61372,88 manat; "Kapital Bank": - xx.xx.2020 – 19916, xx.xx.2020 – 7900 = cəmi 27816 manat; "Azər-Türk Bank": - xx.xx.2018 – 6260,40, xx.xx.2018 – 8978,11, xx.xx.2018 – 4444,57, xx.xx.2018 – 4444,57, xx.xx.2018 – 5000, xx.xx.2018 – 5000, xx.xx.2019 – 5000 = cəmi 39127,65 manat; "Kapital Bank": xx.xx.2020-ci il – 2800 (İsaməddin Dəmirov tərəfindən aparılan ödəniş - qəbzə əsasən); 25 fevral 2021-ci il tarixli AKT-da olan cədvələ əsasən ƏDV depozit hesabı üzrə ödəniş xx.xx.2020-ci il – 1525,42 manat, xx.xx.2020-ci il – 6101,70 manat. Eyni zamanda bildirilir ki, yuxarıda qeyd edilən ödənişlərin əksər hissəsinə dair elektron qaimələr üzrə məlumatlar təqdim edilmiş iş materiallarında olan bank çıxarışlarında öz əksini tapmışdır. Beləliklə də, məhkəmə araşdırması zamanı iş materialları, tərəflərin izahatları və işin konkret halları ilə müəyyən edilmişdir ki, hər iki tərəfin imzalamış olduğu yazılı alqı-satqı müqaviləsi məhkəməyə təqdim olunmasa da, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 24 aprel 2018-ci il tarixli EAAİ 621133 nömrəli, 31 may 2018-ci il tarixli EAAJ 500254 nömrəli, 11 iyul 2019-cu il tarixli EAAX 021277 nömrəli, 19 noyabr 2019-cu il tarixli EBAC 600224 nömrəli, 31 mart 2020-ci il tarixli EBAİ 230133 nömrəli, 12 may 2020-ci il tarixli EBAJ 776390 nömrəli, 29 may 2020-ci il tarixli EBAK 447830 nömrəli, 01 iyun 2020ci il tarixli EBAK 563457 nömrəli, 09 iyun 2020-ci il tarixli EBAK 923871 nömrəli, 19 iyun 2020-ci il tarixli EBAL 347226 nömrəli, 15 iyul 2020-ci il tarixli EBAM 395161 nömrəli, 22 iyul 2020-ci il tarixli EBAM 689728 nömrəli, 24 iyul 2020-ci il tarixli EBAM 777089 nömrəli, 25 avqust 2020-ci il tarixli EBAP 097640 nömrəli və 26 noyabr 2020-ci il tarixli EBAT 114265 nömrəli Elektron Qaimələrdə qeyd olunan ümumilikdə cəmi 664248,39 (altı yüz altmış dörd min iki yüz qırx səkkiz manat 39 qəpik) manat dəyərində müxtəlif bitki mühafizə vasitələrinin satıcı İddiaçı QSC tərəfindən alıcı "D.X1" MMC-yə satıldığı təsdiq olunmuşdur. Eyni zamanda, iş materiallarında olan Bank hesablarından çıxarışlarla və iş üzrə verilmiş X2 ilə müəyyən olunmuşdur ki, təqdim olunmuş elektron qaimələrə əsasən alıcı "D.X1" MMC tərəfindən satıcı İddiaçı QSC-nin hesabına ümumulikdə cəmi 138743,65 (yüz otuz səkkiz min yeddi yüz qırx üç manat 65 qəpik) manat məbləğində ödəniş edilmişdir. Bu halda isə həmin sənədlərlə satılmış mala görə ödənilməyən borcun 525504,74 manat məbləğində olduğu müəyyən olunur (664248,39 - 138743,65 = 525504,74 manat). Qeyd etmək lazımdır ki, iş materiallarında olan 25 fevral 2021-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Aktda əks olunmuş məlumatlar da yuxarıda qeyd olunan sənədlərdə təsbit olunmuş hesabatı inkar etmir və hazırkı iddia ərizəsində iddiaçı əsas borc kimi ödənilməyən 525504,74 manat məbləğində pulu deyil, nisbətən daha az məbləği, yəni həmin Üzləşmə Aktında qeyd olunan 524748,46 manat məbləğində əsas borcun ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329-cu madəsinin tələblərinə görə, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (maddə 329.2), şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur (maddə 329.3) və susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır (maddə 329.4). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, almış olduğu müxtəlif bitki mühafizə vasitələrinə görə cəmi 524748,46 manat məbləğində əsas borc alıcı "D.X1" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən satıcı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində cavabdehdən həmin əsas borcla yanaşı, pulu özündə qanunsuz saxlamaqla iddiaçıya vurduğu 50000 manat məbləğində zərərin əvəzinin də cavabdeh "D.X1" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulması xahiş olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, borcun ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh "D.X1" MMC ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən mediatora 400 (dörd yüz) manat məbləğində xidmət haqqı, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən isə 444,75 (dörd yüz qırx dörd manat 75 qəpik) manat məbləğində dövlət rüsumu və hazırki iddia tələbi ilə əlaqədar hüquqi yardım göstərilməsi ilə əlaqədar 360 (üç yüz altmış) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, hazırkı iddia tələbi iddiaçı "xxxx" QSC-nin xeyrinə cavabdeh "D.X1" Məhdud Məsuliyyətli Cəmiyyətindən “524748,46 manat məbləğində əsas borcun tutulması” hissəsində əsaslıdır. Lakin, cavabdehdən “50000 (əlli min) manat məbləğində zərərin tutulması” hissəsində isə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə cavabdeh "D.X1" Məhdud Məsuliyyətli Cəmiyyətindən 524748,46 manat məbləğində əsas borc tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən hüquqi yardımla əlaqədar nümayəndəyə ödənilmiş 360 (üç yüz altmış) manat məbləğində xidmət haqqı, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün Dövlət Büdcəsinə ödənilmiş 444,75 (dörd yüz qırx dörd manat 75 qəpik) manat məbləğində dövlət rüsumu və iddiaçı tərəfindən hazırkı mübahisə üzrə mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı cavabdeh "D.X1" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Həmçinin, hazırkı iddia tələbi üzrə ümumilikdə hesablanan 814,75 (səkkiz yüz on dörd manat 75 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 370 (üç yüz yetmiş) manat məbləğində (814,75 manat – 444,75 manat = 370 manat) pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi cavabdeh "D.X1" Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100000 manatdan ******* manatadək olduqda 390 manat + 100000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Eyni zamanda, iş üzrə keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının (13 yanvar 2023-cü il tarixli 9/8603 nömrəli Ekspert Rəyi) dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti cavabdeh “D.X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Lakin, aşağıda qeyd olunanlara əsasən 02 noyabr 2022-ci il tarixli 9/5541 nömrəli Ekspert Rəyinin verilməsi ilə nəticələnmiş ilkin məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri tərəflərə aid edilməməli və bu ekspertiza üzrə ekspertiza xərci tərəflərdən tutulmamalıdır. Çünki, həmin Rəylə müəyyən olunur ki, ilkin ekspertiza zamanı ekspert hər hansı bir xüsusi bilik tələb edən mütəxəssis tədqiqatı aparmadan, “rəyin tədqiqat hissəsində göstərildiyi kimi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh “D.X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “D.X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən tələb etdiyi 524748,46 manat məbləğində borcun olmasını, ümumiyyətlə bitki mühafizə vasitələrinin təhvil verilməsini, nəticədə 25 fevral 2021-ci il tarixli “qarşılıqlı borcların üzləşdirilməsi barədə" Aktdakı göstəricilərin doğru olmasını məhkəmə-mühasibat ekspertizası ilə müəyyən etmək mümkün olmadı” məzmununda rəy vermiş və bu “rəyi”ni iş materiallarında olan “müqavilənin və əlavələrin cavabdeh tərəfindən imzalanmaması” və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329 və 331-ci maddələrinin məzmununu qeyd etməklə əsaslandırmışdır. Halbuki, iş materiallarında tərəflər arasında baş tutmuş alqı-satqını əks etdirən elektron-qaimələrin, maliyyə-bank sənədlərinin, “166” vərəqdən ibarət bank hesab çıxarışlarının və digər hesabat sənədlərinin mövcud olmasına baxmayaraq, ekspert mühasibatlıq ekspertizası üçün tələb olunan xüsusi bilik, metod və üsullardan istifadə etməklə tədqiqat aparmayaraq, mühasibatlıq ekspertizası qarşısında qoyulmuş suallara hüquqi normalara istinad etməklə, “hüquqi qiymətləndirmə” apararaq rəy vermişdir. Göründüyü kimi, məhz ilkin ekspertizanın aparılmasının həvalə olunduğu ekspert tərəfindən “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasi Qanununun tələbləri müvafiq qaydada yerinə yetirilmədiyindən iş üzrə təkrar ekspertizanın keçirilməsi zərurəti yaranmış və buna görə də 11 noyabr 2022-ci il tarixli qərardadla başqa ekspertə həvalə olunmaqla iş üzrə təkrar məhkəmə-mühasibatlıq keçirilmişdir (həmin qərardadda 02 noyabr 2022-ci il tarixli 9/5541 nömrəli Ekspert Rəyi üzrə bütün hallar hərtərəfli qeyd olunmuşdur). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “D.X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən 524748,46 (beş yüz iyirmi dörd min yeddi yüz qırx səkkiz manat 46 qəpik) manat məbləğində əsas borc, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı, hüquqi yardımla əlaqədar ödənilmiş 360 (üç yüz altmış) manat məbləğində xidmət haqqı və 444,75 (dörd yüz qırx dörd manat 75 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 525953,21 (beş yüz iyirmi beş min doqquz yüz əlli üç manat 21 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh “D.X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət rüsumunun qalığı kimi 370 (üç yüz yetmiş) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 150 (yüz əlli) manat məbləğində pul vəsaiti cavabdeh “D.X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar