Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-801/2024 03.06.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 24 aprel 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “müqavilə üzrə borcun və digər ödənişlərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə cavabdehdən 2030,90 (iki min otuz manat, doxsan qəpik) manat məbləğində əsas borc, 85,20 (səksən beş manat, iyirmi qəpik) manat məbləğində faiz borcu, 1292,8 (min iki yüz doxsan iki manat, səksən qəpik) manat məbləğində cərimə və 70 (yetmiş) manat məbləğində mediasiya xərcinin əvəzi, cəmi 3478,9 (üç min dörd yüz yetmiş səkkiz manat, doxsan qəpik) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 31 avqust 2022-ci il tarixli 33/22 nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcı qismində çıxış edən iddiaçı həmin müqavilənin predmetini təşkil edən malları alıcı qismində iştirak edən cavabdehə satmağı, cavabdeh isə həmin malları qəbul edib onların dəyərini müqaviləylə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüş, müqavilə üzrə öhdəlik iddiaçı tərəfindən icra edilsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi, yəni aldığı malların dəyərini ödəməmiş, nəticədə cavabdehin 2030,90 manat məbləğində borcu yaranmış, eyni zamanda müqavilənin 8.2-ci maddəsində ödənişlərin gecikdirilməsinə görə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına, o cümlədən mediasiya vasitəsilə həllinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək məhkəmədən 2030,90 əsas borc, 85,20 manat məbləğində faiz borcu, 1292,8 manat məbləğində cərimə və 70 manat məbləğində mediasiya xərcinin əvəzi olmaqla, cəmi 3478,9 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 31 avqust 2022-ci tarixli, 33/22 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı (İddiaçı MMC) müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələrində göstərilən çeşiddə, miqdarda və təsvir olunan göstəricilərə malik malları istifadə məqsədləri üçün yararlı halda alıcıya (Cavabdeh MMCyə) təqdim etməyi, alıcı isə həmin malların dəyərini qiymət razılaşdırma protokolunda müəyyən edilmiş qiymət və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, Müqavilə üzrə Malların qiyməti Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələri ilə müəyyən edilir və satıcı tərəfindən ödəniş göndənlən elekton qaimə əsasında və ya nağd qaydada həyata keçirilir. Həmin müqavilənin 4.2.2-ci yarımbəndinə əsasən, Alıcı tərəfindən bu müqavilə üzrə öhdəliklər yerinə yetirilmədikdə və ya lazımınca yerinə yetirilmədikdə, əsas borcun, cərimələrin, həmçinin satıcının çəkdiyi bütün xərclərin, düşdüyü zərərin, hüquqi xidmətlə bağlı çəkdiyi məsrəflərin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb etmək satıcının hüququdur. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən, ödəniş müddətinin alıcı tərəfindən pozulduğu halda satıcı alıcıdan hər gecikdirmə günü üçün müqavilə və ya onun əlavələri üzrə yaranmış olan borc məbləğinin 0,5 faizi həcmində dəbbə pulu tələb edə bilər. Həmin dəbbə pulunun ödənilməsi alıcını bu müqavilə üzrə öhdəliklərinin icrasından azad etmir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 2030,90 manat dəyərində malın satılması ilə əlaqədar 10 oktyabr 2023-cü il tarixli EBDQ seriyalı 140698 nömrəli, elektron qaimə təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında 31 avqust 2022-ci tarixli, 33/22 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti inşaat materiallarını cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya tam ödəməmiş, nəticədə onun iddiaçıya 2030,90 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 31 avqust 2022-ci tarixli, 33/22 nömrəli alqı-satqı müqaviləsi üzrə 2030,90 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən 1292,8 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (alqı-satqı müqaviləsinin yuxarıda istinad edilmiş 8.2-ci bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 1292,8 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb edilən cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 100 (yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan əlavə, iddiaçı iddia tələbində cavabdehdən 85,20 manat məbləğində faiz borcunun tutulmasını xahiş etsə də, məhkəmə araşdırması zamanı iddia tələbinin həmin hissədə əsaslılığı müəyyən edilməmiş, iddiaçının nümayəndəsi də məhkəmə iclasında bu barədə verilən suala cavabında həmin məbləğlərin tələb edilməsini əsaslandırmamışdır. Buna görə 85,20 manat məbləğində faiz borcu tutulması barədə iddia tələbinin əsaslılığı sübut olunmadığı üçün təmin edilməməlidir. Bundan əlavə, iddia tələbinin ödənilmiş 70 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarında olan 17 yanvar 2024-cü il tarixli MŞB\9\2024-00017 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışın məzmunundan görünür ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdehlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənilmiş, iddia tələbində qeyd edildiyi kimi, məhz 70 manat məbləğində mediasiya xərcinin ödənilməsini təsdiq edən hər hansı təsdiqedici sənəd (ödəniş qəbzi və s.) iş materiallarına əlavə edilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınaraq, iddia tələbinin iddiaçı tərəfindən ödənilmiş 70 manat məbləğində mediasiya xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsi qismən təmin edilməli, cavabdehdən 60 manat məbləğində mediasiya xərcinin əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 31 avqust 2022-ci tarixli, 33/22 nömrəli alqı-satqı müqaviləsi üzrə 2030,90 manat məbləğində əsas borc, 100 manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin əvəzi olmaqla, cəmi 2190,9 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 41,3 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 31 avqust 2022-ci il tarixli 33/22 nömrəli alqı-satqı müqaviləsi üzrə 2030,90 (iki min otuz manat, doxsan qəpik) manat məbləğində borc, 100 (yüz) manat məbləğində cərimə və 60 (altmış) manat məbləğində mediasiya xərcinin əvəzi, cəmi 2190,9 (iki min yüz doxsan manat, doxsan qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdehndən dövlət nəfinə 41,3 (qırx bir manat, otuz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-801/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-801/2024
03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver