Məhkəmə qərarları › İş №e-2-2(119)-802/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-802/2025

10.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-802/2025 10.10.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları

1. İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 18007,8 (on səkkiz min yeddi manat səksən qəpik) manat məbləğində əsas borc, 900,39 (doqquz yüz manat otuz doqquz qəpik) manat məbləğində dəbbə pulu və 147 (yüz qırx yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 19055,19 (on doqquz min əlli beş manat on doqquz qəpik) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 31 iyul 2023-cü il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında S1251/23 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı İddiaçı MMC bu müqavilədə nəzərdə tutulmuş malları alıcı Cavabdeh sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü bəndinə əsasən bu müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların satıcı tərəfindən çatdırılması hallarında təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində satıcının ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı alıcı satılan malın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin, istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. Malların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu müqaviləyə əsasən onun dəyərinə daxildir. Satıcının ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş mallar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən çatdırılmış malların nağd şəkildə ödənişi mümkündür. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturalar əsasında mallar satıcı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı elektron-qaimələrə əsasən ƏDV daxil olmaqla 18007,8 (on səkkiz min yeddi manat səksən qəpik) manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq satıcı İddiaçı MMC-yə ödəməmişdir. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu gödəndilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Həm mövcud qanunvericiliyin, həm də tərəflərin razılaşdıqları şərtləri özündə əks etdirən müqavilənin digər maddələri nəzərə alınmaqla elektron qaiməyə əsasən 18007,8 (on səkkiz min yeddi manat səksən qəpik) manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilməlidir. Tərəflər arasında bağlanılan 31 iyul 2023-cü il tarixli S1251/23 nömrəli alqı-satqı müqaviləsinin 5.1ci bəndinə əsasən alıcı tərəfindən bu müqavilənin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda alıcı satıcıya hər gecikən gün üçün 0,3% dəbbə pulu (cərimə) ödəyir.

3. Məhkəmə iclasında iştirak edən iddiaçı "X2 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Qanuni nümayəndə iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. 22 avqust 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, İddiaçı MMC-ni tanımır, spirtli içkilərin satışı ilə məşğul olsa da, iddiaçıdan mal almamış və iddiaçı tərəfindən ona borcun ödənilməsi üçün müraciət olunmamışdır. O, öz sahibkarlıq fəaliyyəti ilə bağlı bütün işləri rəsmi formada həyata keçirir. Hazırkı mübahisə predmeti olan borcla bağlı ona imzalamaq üçün müqavilə və təhvil-təslim aktı göndərilməmişdir. Kimsə şirkətin mallarını başqa şəxsə satıb, lakin sənədləşdirmə işlərində onun adından istifadə edibsə, bu onun məsuliyyət daşımasına səbəb olmur. Əgər mallar ona təhvil verilmiş olsa idi, iddiaçı tərəf bu qədər müddətdə həmin borcun ödənilməsini tələb edərdi.

5. Lakin Cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

7. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, şahid ifadələrini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir.

8. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 31 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı - İddiaçı MMC bu müqavilədə nəzərdə tutulmuş malları alıcıya - Cavabdeh sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

9. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən malların miqdarı, çeşidi, qiyməti və dəyəri ƏDV daxil, aksizlər, eləcə də bütün digər məcburi ödənişlər mallara əlavə edilən qaimələrlə və hesab fakturalarla tərəflərin razılaşdığı və hazırkı müqavilənin ayrılmaz hissəsi sayılan əlavələrdə əks olunur.

10. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən mallar satıcı və ya onun cəlb etdiyi daşıyıcı tərəfindən alıcının müvafiq lisenziyaya malik olduğu bilavasitə alıcının anbarına (mağazaya, digər binalara) çatdırılır. Malların alıcıya faktiki təhvil verildiyi və mallar üçün əlavə hesab-fakturaların imzalandığı andan çatdırılma öhdəliyi yerinə yetirilmiş hesab olunur, həmin andan etibarən mallara qulluq yükü və malların təsadüfən itirilməsi riski alıcının üzərinə düşür.

11. İş materiallarından görünür ki, İddiaçı (VÖEN: **********) tərəfindən Cavabdeh (“Vip” market) (VÖEN **********) ƏDV daxil 18007,8 (on səkkiz min yeddi manat səksən qəpik) manat məbləğində malın təhvil verilməsi ilə bağlı 31 iyul 2023-cü il tarixli 0000- 006299 nömrəli qaimə-faktura təqdim olunmuşdur.

12. İş materiallarında olan 21 aprel 2025-ci il tarixli 36/25 nömrəli maliyə arayışında qeyd olunmuşdur ki, 21 aprel 2025-ci il tarixinə Cavabdeh “Vip Market” iaşə obyekti üzrə "X2 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə 18007,8 (on səkkiz min yeddi manat səksən qəpik) manat məbləğində əsas borc, 900,39 (doqquz yüz manat otuz doqquz qəpik) manat məbləğində dəbbə pulu olmaqla, 18908,19 (on səkkiz min doqquz yüz səkkiz manat on doqquz qəpik) manat məbləğində borcu mövcuddur.

13. İş materiallarında olan 30 iyul 2025-ci il tarixli 4/1164 nömrəli ekspert rəyinin nəticə hissəsinin 1.1-ci bəndinə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 52-53-cü vərəqlərində S1251/23 nömrəli 31 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsinin “alıcı” qrafalarındakı imzalar və 0000-006299 nömrəli 31 iyul 2023-cü il tarixli qaimə-fakturada “müştəri qrafasındakı” imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmin ekspert rəyinin 1.2-ci bəndinə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 52-53-cü vərəqlərində S1251/23 nömrəli 31 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsinin “alıcı” qrafalarındakı imzalarla 0000-006299 nömrəli 31 iyul 2023-cü il tarixli qaimə-fakturada “müştəri qrafasındakı” imza müxtəlif şəxslər tərəfindən icra olunmuşdur.

14. İddiaçı vəsatəti əsasında məhkəmədə şahid kimi dindirilmiş Şahid4 ifadəsində əvvəllər İddiaçı MMC-də hüquqşünas vəzifəsində işlədiyini, işlədiyi dövrdə şirkətin bağladığı müqavilələrin formasına cavabdeh olduğunu, lakin müqavilənin imzalanıbimzalanmamasına, audit, müştərinin mövcud olub-olmaması, malların obyektlərə çatıbçatmamasına cavabdeh olmadığını bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, satış təmsilçiləri müqavilələri gətirəndə ilk növbədə maliyyə şöbəsinin əməkdaşları müqavilələrin qeydiyyatını aparırdı. Daha sonra isə o, müştərinin VÖEN-ni, müqavilənin səhifələrini yoxlayır, bundan sonra iqtisadi təhlükəsizlik şöbəsinin müdiri həmin müqaviləni nəzərdən keçirirdi. Bu proseslərdən sonra şirkətin əməkdaşları tərəfindən müqaviləyə möhür vurulub imzalanırdı. Müqavilə imzalandıqdan sonra qaimə tərtib olunması üçün maliyyə şöbəsinə göndərilirdi. Ən sonda isə müqavilə direktor tərəfindən imzalanır və elektron qaimə göndərilirdi.

15. İddiaçı vəsatəti əsasında məhkəmədə şahid kimi dindirilmiş Şahid2 ifadəsində 2023-cü ildə ofisin idarə olunması vəzifəsində təqribən 3-4 ay işlədiyini, artıq 2 ildən çoxdur ki, həmin şirkətdə işləmədiyini, tərəflər arasındakı mübahisə ilə bağlı məlumatının olmadığını, həmçinin şirkətin müştəri bazası çox olduğuna görə Cavabdeh adlı müştərini xatırlamadığını bildirmişdir. Şirkətdə müqavilənin imzalanması prosesi ilə bağlı qeyd etmişdir ki, satış təmsilçisi müştərini tapır və onun məlumatlarını şirkətə təqdim edir, hüquqşünas VÖEN-in aktiv olub-olmadığını, mühasiblər isə müştərinin vergi borcunu, riskli vergi ödəyicisi olub-olmamasını yoxlayırdı. Müqavilə imzalandıqdan sonra satış təmsilçisinə verilirdi. O isə müqavilənin 1 (bir) nüsxəsini müştəriyə verirdi, digər nüsxə şirkətdə saxlanılırdı. Daha sonra malın çıxarılmasına başlanılırdı. Rəqabət güclü olduğundan çörək və tütün mallarından başqa bütün malların müştərilərə nisyə satışı həyata keçirilir, bununla bağlı onlara elektron qaimə göndərilirdi. Şahid2 Cavabdeh elektron qaimə göndərilmədiyini bildirmiş, müştərilər tərəfindən onlara müqavilədə nəzərdə tutulan malların təhvil verilməməsi barədə şirkətə şikayət daxil olmamışdır.

16. İddiaçı vəsatəti əsasında məhkəmədə şahid kimi dindirilmiş Şahid5 ifadəsində 2023-cü ilin may-avqust aylarında İddiaçı MMC-də işlədiyini bildirmişdir. O, şirkətdə elektron sistemin tətbiq olunmadığını, müqavilələrin hüquqşünas tərəfindən tərtib edildiyini, satış təmsilçisinin isə müştəri ilə danışıqlar apardığını qeyd etmiş, həmçinin şirkətdə işlədiyi dövrdə şirkətin əməkdaşı tərəfindən müştərinin məlumatlarının əldə olunması, daha sonra bu məlumatlar əsasında müqavilə tərtib olunması, lakin malların müştəriyə təhvil verilməməsi halı ilə rastlaşmadığını bildirmişdir.

17. İddiaçı vəsatəti əsasında məhkəmədə şahid kimi dindirilmiş Şahid6 ifadəsində Cavabdeh tanımadığını, özünə məxsus olan yük maşını ilə yükdaşıma xidməti göstərmək üçün internet saytlarında elan yerləşdirdiyini, bu vasitə ilə 2 dəfə iddiaçı şirkətə aid yükləri daşıdığını yük daşınması üçün İddiaçı MMC ilə müqavilə bağlamadığını bildirmişdir. O, həmçinin yalnız Sədərək Ticarət Mərkəzinə mal apardığını, şirkətdən ona sifarişləri verən şəxsin adını xatırlamadığını, sadəcə yükü aparıb, xidmət haqqını alıb getdiyini qeyd etmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdəki imzaların ona aid olmadığını bildirmişdir.

18. İddiaçı vəsatəti əsasında məhkəmədə şahid kimi dindirilmiş Şahid1 ifadəsində əvvəllər İddiaçı MMC-də işlədiyini, həmin vaxt onun şirkətdə vəzifəsinin müştərilərə sifariş yazmaq olduğunu, malların müştərilərə çatıb-çatmaması barədə məlumatı olmadığını, Qara Qarayev və Neftçilər ərazisinə malların çatdırılmasına nəzarət etdiyini, bu ərazilərə aid olan müştərilərdən ödəniş də aldığını bildirmişdir. Lakin 2023-cü ilin iyul ayından şirkətin daxili vəziyyətinin ürəkaçan olmadığını, həmçinin həmin vaxtlarda müştərilərdən alınaraq bölgə müdirinə verilən pul vəsaitinin kassaya ödənilmədiyini və buna görə də problemlər yaşandığını qeyd etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

21. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

22. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

24. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

25. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

26. Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında spirtli içkilərin satışına dair 31 iyul 2023-cü il tarixli alqısatqı müqaviləsi bağlandığını, həmin müqavilə üzrə ümumilikdə 18007,8 (on səkkiz min yeddi manat səksən qəpik) manat məbləğində malların 31 iyul 2023-cü il tarixli 0000- 006299 nömrəli qaimə-faktura əsasında cavabdehə təhvil verildiyini qeyd etmişdir. Lakin Cavabdeh məhkəməyə verdiyi izahatında iddiaçı şirkətlə aralarında belə bir müqavilə bağlanmadığını, həmin müqavilə üzrə ona elektron qaimə göndərilmədiyini və qeyd olunan malların ona təhvil verilmədiyini bildirmişdir. Bununla bağlı məhkəmə araşdırması zamanı məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2025-ci il tarixli 4/1164 nömrəli ekspert rəyində 31 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsinin “alıcı” qrafalarındakı imzaların və 0000-006299 nömrəli 31 iyul 2023-cü il tarixli qaimə-fakturada “müştəri qrafasındakı” imzanın Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu, 31 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsinin “alıcı” qrafalarındakı imzalarla 0000-006299 nömrəli 31 iyul 2023-cü il tarixli qaimə-fakturada “müştəri qrafasındakı” imzanın müxtəlif şəxslər tərəfindən icra olunduğu göstərilmişdir. Bundan başqa, məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid kimi dindirilmiş İddiaçı MMC-də əvvəllər hüquqşünas vəzifəsində işləmiş Şahid4 ifadəsində müştərilərlə müqavilə imzalandıqdan sonra qaimə tərtib olunması üçün maliyyə şöbəsinə göndərildiyini, ən sonda isə müqavilələrin direktor tərəfindən imzalandığını və müştəriyə elektron qaimə göndərildiyini bildirmiş, həmçinin məhkəmə iclasında şahid kimi dindirilmiş İddiaçındə əvvəllər Bakı nümayəndəliyinin direktoru vəzifəsində işləmiş Şahid2 da ifadəsində malların satışı ilə bağlı müştərilərə elektron qaimə göndərildiyini qeyd etmişdir. Lakin araşdırma zamanı iddiaçı tərəfindən cavabdehə mübahisə predmeti olan malların satılması ilə bağlı elektron qaimə təqdim edilmədiyi müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən iddia tələbini təsdiq edən sübut kimi məhkəməyə təqdim edilmiş alqısatqı müqaviləsi və qaimə faktura cavabdeh tərəfindən imzalanmamış, eyni zamanda cavabdehə həmin müqavilə ilə bağlı elekton qaimə göndərilməmişdir. Bundan əlavə məhkəmədə dindirilən digər şahidlərin ifadələrində də, İddiaçı tərəfindən Cavabdeh 18007,8 (on səkkiz min yeddi manat səksən qəpik) manat dəyərində mal verilməsi öz təsdiqini tapmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

27. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

30. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

31. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi təmin edilməməli və məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir.

33. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 138 (yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti İddiaçındən dövlət nəfinə tutularaq X1 ödənilməlidir.

34. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiası təmin olunmasın. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 138 (yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti İddiaçındən dövlət nəfinə tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar