Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-805/2024 14.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 22 aprel 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun və digər ödənişin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 12 noyabr 2022-ci il tarixli 213/2022 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 7100,59 (yeddi min yüz manat, əlli doqquz qəpik) manat məbləğində borc və 91,01 (doxsan bir manat, bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 7191,6 (yeddi min yüz doxsan bir manat, altmış qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış 12 noyabr 2022-ci il tarixli 213/2022 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 8518,42 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə həmin məhsulları qəbul etmiş, malların dəyərini 3 (üç) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh iddiaçının qanuni təmsilçisinə ünvanlandığı ərizədə borcunu etiraf etmiş və üç ay ərzində borcu tam şəkildə ödəyəcəyini bildirmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər icra edilsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi, yəni aldığı malların dəyərini ödəməmiş, nəticədə 7100,59 manat məbləğində əsas borcu yaranmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək müqavilə üzrə 7100,59 manat məbləğində borcun, həmçinin 91,01 manat məbləğində pulun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 noyabr 2022-ci il tarixli 213/2022 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqavilənin 1-ci bəndinə əsasən, satıcı (İddiaçı MMC) alıcıya (Cavabdeh) ümumi dəyəri 8518,42 manat məbləğində olan müxtəlif çeşidli məhsulları (və ya taranı) satır. Həmin müqavilənin 3-cü hissəsinə əsasən, alıcı satıcıya 8518,42 manat məbləğində olan borcunu 3 ay ərzində pul şəklində ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 9-cu hissəsinə əsasən, müqavilənin üçüncü maddəsi ilə müəyyən edilmiş öhdəlik alıcı tərəfindən vaxtında icra olunmadıqda, satıcı borcu xəbərdarlıq etmədən dərhal tələb etmək hüququna malikdir. İş materiallarında olan 11 noyabr 2022-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin 1.1-ci bəndinə əsasən, kreditor (İddiaçı MMC) tərəfindən borcluya (Cavabdeh) verilmiş müxtəlif çeşidli məhsullar əsasında borclunun kreditora 8518,42 manat məbləğində borcunun yarandığı müəyyən olunmuşdur. Borclu kreditora 8518,42 manat borcunun olduğunu tam etiraf edir və bu müqavilədə göstərilən müddətə və qaydada ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, borclu borc məbləğini müqavilə bağlandıqdan sonra hər ay 2840 manat olmaqla 12 fevral 2023-cü il tarixinədək tam olaraq kreditora ödəməyi öhdəsinə götürür. İş materiallarında olan cavabdeh tərəfindən İddiaçı MMC-nin rəhbəri Ceyhun Abbasova ünvanlanmış 12 noyabr 2022-ci il tarixli ərizənin məzmunundan görünür ki, cavabdeh 12 noyabr 2022-ci il tarixli 213/2022 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçıya 8518,42 manat borcunun olduğunu qəbul edir və 3 ay müddətində həmin borcu tam şəkildə ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan 14 avqust 2024-cü il tarixli 1463 nömrəli maliyyə arayışına əsasən cavabdeh 12 noyabr 2022-ci il tarixli 213/2022 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 8518,42 manat məbləğində borcdan 1417,83 manat məbləğində ödəniş etmiş, borcun yerdə qalan 7100,59 manatlıq hissəsini isə ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında 12 noyabr 2022-ci il tarixli, 213/2022 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmetini təşkil edən malları (və ya taranı) cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya tam ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 7100,59 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehdən 12 noyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 7100,59 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddia tələbinin 91,01 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 25 aprel 2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 91,01 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 91,01 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 7100,59 manat məbləğində əsas borc və 91,01 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7191,6 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 7100,59 (yeddi min yüz manat, əlli doqquz qəpik) manat məbləğində əsas borc və 91,01 (doxsan bir manat, bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7191,6 (yeddi min yüz doxsan bir manat, altmış qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-805/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-805/2024
14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver