Məhkəmə qərarları › İş №e-2-2(119)-817/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-817/2025

07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-817/2025 07.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları

1. İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 19447,60 (on doqquz min dörd yüz qırx yeddi manat altmış qəpik) manat məbləğində əsas borcun, müqavilə üzrə 5000 (beş min) manat məbləğində cərimənin, bank uçot dərəcəsi (7,75%) əsasında hesablanmış 1024 (min iyirmi dörd) manat məbləğində faizin və 167,91 (yüz altmış yeddi manat doxsan bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında 10 yanvar 2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə bu müqaviləyə əsasən satıcı müqavilənin qüvvədə olduğu müddətdə müqavilənin ayrılmaz tərkib hissələri olan Qiymət razılaşma protokollarında dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları alıcının ona təqdim etdiyi sifarişdə göstərilən miqdarda satmağı, alıcı isə həmin malları satıcı tərəfindən malla birlikdə təqdim olunan qaimə fakturaya əsasən qəbul edərək almağı və müqavilənin ayrılmaz tərkib hissələri sayılan Qiymət razılaşma protokollarında, həmçinin qaimə-fakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilə qüvvədə olduğu müddətdə İddiaçı müqavilə üzrə öhdəliyini vaxtında və layiqincə yerinə yetirərək, alıcıya müqavilə üzrə malları təhvil vermişdir. Lakin Cavabdeh müqavilə üzrə aldığı malların dəyərini hazırkı vaxtadək İddiaçınə tam şəkildə ödəməmişdir. Cavabdehlə iddiaçı arasında uzunmüddətli davam edən işgüzar münasibətlər elektron qaimələr üzərindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın (bundan sonra-“Qaydalar”) 3.9-cu bəndi ilə müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə cavabdehin malları qəbul edərək onların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir. İddia ərizəsinə əlavə edilmiş elektron qaimələrin siyahısından görünür ki, cavabdehin faktiki borcu 19447,60 manat təşkil edir. Hesablanmış cərimə 5000 manat, mərkəzi bankın rəsmi saytında bank uçot dərəcəsi 7,75% müəyyən edilmişdir. Mülki Məcəllənin 449-cu maddəsinə əsasən 1024 manat faiz cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməlidir.

3. 07 iyul 2025-ci il tarixdə İddiaçı qanuni təmsilçisi X1 məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.

4. Cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

7. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 10 yanvar 2024-cü il tarixli 01/24-S nömrəli alqı-satqı müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən satıcı alıcıya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Qiymət razılaşma protokol(lar)unda adları və hər 1 (bir) tonuna (uyğun qiymətləri (məbləğləri) göstərilmiş, heyvandarlıq və quşçuluqda istifadə olunan yem və yem əlavələri (bundan sonra ismin müvafiq halında “mal" adlandırılacaq) satmağı, alıcı isə həmin malı bu müqavilə, eləcə də onun ayrılmaz tərkib hissəsi sayılan Qiymət razılaşma protokol(lar)ı ilə razılaşdırılmış qaydada və ünvanda təhvil alaraq qəbul etməyi və bunun müqabilində bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Qiymət razılaşma protokol(lar)u ilə razılaşdırılmış qiymət və şərtlər əsasında, tərtib olunan elektron qaimə sənədində əks olunan aldığı malın cəmi dəyərini satıcıya tam ödəməyi öz öhdəsinə götürür.

8. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən malın adı, ölçü vahidi, hər 1(bir) tonuna uyğun qiyməti (məbləği), ödəniş qaydası və digər zəruri xüsusiyyətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Qiymət razılaşma protokol(lar)unda öz əksini tapmışdır.

9. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən alıcı tərəfindən sifariş siyahısı satıcıya istənilən formada (şifahi, məktub, elektron poçt, sms, WhatsApp vasitəsi ilə) bildirilə bilər. Sifariş siyahısında malların adı, miqdarı, forması və ölçüsü göstərilməlidir.

10. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən sifariş siyahısı, hesab faktura və elektron qaimə, əlavələr o cümlədən Qiymət razılaşma protokol(lar)u bu müqavilənin ayrılmaz tərkib hissəsidir.

11. İş materiallarında olan 14 avqust 2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdehnə 51,88 ton mal (arpa və buğda) tam və vaxtında təhvil verilmiş, alıcının alınan malların keyfiyyətinə, çəkisinə və müqavilə üzrə digər tələblərinə heç bir iradı olmamışdır.

12. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 19447,60 (on doqquz min dörd yüz qırx yeddi manat altmış qəpik) manat dəyərində malların satılması ilə əlaqədar 14 avqust 2024-cü il tarixli MT2408 seriyalı 10858384 nömrəli elektron qaimə təqdim olunmuşdur.

13. İş materiallarında olan tərəflər arasında imzalanmış “Üzləşmə aktı”ndan görünür ki, 03 yanvar 2025-ci il tarixə Cavabdeh İddiaçınə 19447,60 (on doqquz min dörd yüz qırx yeddi manat altmış qəpik) manat məbləğində borcunun olduğu müəyyənləşdirilmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

15. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

16. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

18. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

19. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

20. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

21. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında 10 yanvar 2024-cü il tarixli 01/24-S nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı üzərinə düşən öhdəlikləri icra edərək Cavabdehnə müvafiq malları (arpa və buğda) satmış, lakin cavabdeh həmin malların dəyərini ödəməmiş və tərəflər arasında 03 yanvar 2025-ci il tarixə cavabdehin iddiaçıya 19447,60 (on doqquz min dörd yüz qırx yeddi manat altmış qəpik) manat məbləğində borcunun olduğunu təsdiq edən “Üzləşmə aktı” imzalanmışdır. Buna görə İddiaçı Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Cavabdeh ilə İddiaçı arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, həmin müqavilə üzrə ödənilməmiş 19447,60 (on doqquz min dörd yüz qırx yeddi manat altmış qəpik) manat məbləğində əsas borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir

24. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

25. Həmin Məcəllənin 463.2-ci maddəsinə əsasən yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.

26. Göstərilən normaların məzmunundan da göründüyü kimi dəbbə pulu öhdəliyin icra edilmədiyinə və ya lazımınca icra edilmədiyinə görə tətbiq edilən maliyyə sanksiyasıdır. Həmin sanksiyanın tətbiq edilməsi qanunda nəzərdə tutula və ya müqavilə ilə müəyyənləşdirilə bilər.

27. Hazırkı halda iddiaçı cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin pozulması ilə bağlı dəbbə pulu tutulması tələbini irəli sürsə də, tərəflər arasında dəbbə pulu barədə yazılı razılaşmanın mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də qanun üzrə dəbbə pulunun tutulması üçün əsas verən hər hansı qanunvericilik normasına istinad etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən iddiaçının xeyrinə “5000 (beş min) manat məbləğində cərimənin tutulması” hissəsində təmin olunmamalıdır.

28. İddia tələbinin “Mülki Məcəllənin 449-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının bank uçot dərəcəsi əsasında hesablanmış 1024 (min iyirmi dörd) manat məbləğində faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı işdə cavabdehin ödəməsini gecikdirdiyi pul vəsaitindən faydalanması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Buna görə də, hazırkı işdə Mülki Məcəllənin 449.1-ci maddəsi ilə faiz hesablanması üçün əsaslar müəyyən edilmir.

29. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

30. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur: qanunsuz saxlama, qaytarmaqdan boyun qaçırma, ödənilməsini digər şəkildə gecikdirmə, başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.

31. Qeyd edilən qərardan göründüyü kimi, pul öhdəliklərinin icra edilməməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank uçot dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində qeyd edildiyi kimi faydalanması tələb olunur.

32. Lakin iddiaçı ona məxsus pul vəsaitindən normada sadalandığı kimi cavabdeh tərəfindən hər hansı gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əldə edilməsi halını sübuta yetirə bilməmiş, buna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi “cavabdehdən iddiaçının xeyrinə 1024 (min iyirmi dörd) manat məbləğində faiz borcunun tutulması” hissəsi hissədə əsassız olduğundan təmin edilə bilməz.

33. Məhkəmə qeyd edir ki, iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 167,91 (yüz altmış yeddi manat doxsan bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumun əvəzinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməli və iddianın təmin olunmuş hissəsinə uyğun hesablanan 148,34 (yüz qırx səkkiz manat otuz dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

34. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur.

35. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 19447,60 (on doqquz min dörd yüz qırx yeddi manat altmış qəpik) manat məbləğində borc və 148,34 (yüz qırx səkkiz manat otuz dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 19595,94 (on doqquz min beş yüz doxsan beş manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır.

37. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

40. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehndən 19447,60 (on doqquz min dörd yüz qırx yeddi manat altmış qəpik) manat məbləğində borc və 148,34 (yüz qırx səkkiz manat otuz dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 19595,94 (on doqquz min beş yüz doxsan beş manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar