Məhkəmə qərarları › İş №e-2-2(119)-825/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-825/2022

15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-825/2022 15.09.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı qanuni təmsilçisi Qasımov Elnur Ağamalı oğlunun iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 03 iyun 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 40747 (qırx min yeddi yüz qırx yeddi) manat əsas borc, 3258 (üç min iki yüz əlli doqquz) manat cərimə borcu, 200 (iki yüz) manat məcburi ilkin mediasiya xərci və 25 (iyirmi beş) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 44230 (qırx dörd min iki yüz otuz) manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (Təchizatçı) ilə ********** nömrəli VÖEN-lə fəaliyyət göstərən fərdi sahibkar Cavabdeh (Alıcı) arasında 22 iyul 2021-ci il tarixli U21/07/25 nömrəli Alqı-Satqı Müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə görə Təchizatçı Alıcını ikinci tərəfin sifarişlərinə müvafiq olaraq mallar ilə təmin etməyi, Alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiymətini) ödəməyi öz öhdəsinə götürür. X2 (Qiymətlərin razılaşma protokoluna) və təhvil-təslim aktına əsasən 22 iyul 2021-ci il tarixdə təchizatçı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh ümumilikdə 40747 (qırx min yeddi yüz qırx yeddi) manat dəyərində mal verilmişdir. Lakin Müqavilənin göstərilən şərtlərinə zidd olaraq, Alıcıya verilmiş malların dəyərinin ödənilməsi gecikdirilmiş və alınmış malların dəyəri ödənilməmişdir. Belə ki, Müqavilənin 3.3-cü bəndinə görə Təchizatçı malları Alıcıya təhvil verdikdən sonra, Alıcı malların dəyərini 15 (on beş) iş günü ərzində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 07 aprel 2022-ci il tarixdə pretenziya qaydasında borcun ödənilməsi barədə bildiriş göndərilsə də, həmçinin cavabdeh qanunvericiliyə uyğun olaraq məcburi mediasiya prosesinə çağırılsa da, öhdəlik 9 (doqquz) aydır ki, icra olunmur. Cavabdehlə bağlanmış Müqavilənin 5.5-ci bəndinə əsəsən bu müqavilə üzrə Alıcı tərəfindən Təchizatçının hesablaşma hesabına köçürmələr gecikdirilərsə, Alıcı müqavilənin ümumi dəyərindən 10% artıq olmamaq şərti ilə, hər gecikdirilən gün üçün bu müqavilənin 0,1% həcmində cərimə ödəyir. Bu baxımdan iddiaçı təşkilat olaraq cavabdehdən müqavilənin ümumi dəyərinin 8% həcmində cərimənin, yəni 3258 (üç min iki yüz əlli səkkiz) manatın, 200 (iki yüz) manat məcburi ilkin mediasiya xərcinin və 25 (iyirmi beş) manat dövlət rüsumu kimi ödənilmiş məbləğində pulun da iddiaçının xeyrinə tutulması ədalətli və əsaslıdır. Məhkəməyə müraciət edilməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq iş üzrə məcburi ilkin mediasiya sesiyası keçirilmiş olsa da, cavabdeh mediasiya sesiyasında iştirak etməkdən yayındığı üçün mediator tərəfindən müvafiq arayış verilmişdir (Arayış iddia ərizəsinə əlavə olunmuşdur). Məhkəmə iclasında İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh 40747 manat əsas borc, 3258 manat cərimə borcu, 200 manat məcburi ilkin mediasiya xərci və 25 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 44230 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan təchizatçı İddiaçı (VÖEN **********) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 22 iyul 2021-ci il tarixli U21/07/25 nömrəli Alqı-satqı Müqaviləsinin şərtlərinə görə, təchizatçı İddiaçı MMC alıcı Cavabdehı - ikinci tərəfdən şifahi və ya yazılı şəkildə təqdim edilmiş tələbnamə-sifarişlərinə müvafiq olaraq - kompyuter, printer və digər ofis avadanlıqları (mallar) ilə təmin etməyi, Alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öz öhdəsinə götürür (1.1-ci bənd). Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, Mallar barədə məlumatlar (adı, siyahısı, təsviri, çatdırılma şərti, miqdarı, qiyməti və s.) bu müqavilənin ayrılmaz hissəsi olan X1 – “Razılaşma Protokolu (Əlavədə)” təsbit edilir. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən, Təchizatçı malları Alıcıya təhvil verdikdən sonra, Alıcı malların dəyərini 15 (on beş) iş günü ərzində ödəməyi öhdəsinə götürür. Mallarla əlaqədar olan bütün risklər və mülkiyyət hüququ Təchizatçıdan Alıcıya mallar təhvil verildiyi tarixdən keçir. Həmin Müqavilənin 5.5-ci bəndinə əsasən, bu müqavilə üzrə Alıcı tərəfindən Təchizatçının hesablaşma hesabına köçürmələr gecikdirilərsə, hər gecikdirilən gün üçün bu müqavilənin 0,1 % həcmində cərimə ödəyir. Lakin bu məbləğ müqavilənin ümumi dəyərindən 10 % artıq olmamalıdır. Həmin Müqavilənin 8.1-ci bəndinə əsasən, bu müqavilə müqədimədə göstərilmiş imzalandığı gündən qüvvəyə minir və 31 Dekabr 2021-ci il tarixə kimi qüvvədədir. İş materiallarında olan, 22 iyul 2021-ci il tarixli Müqavilənin icrası ilə əlaqədar tərtib edilərək təsdiq olunmuş "Qiymətlərin razılaşdırma” Protokolundan (Əlavə 1) görünür ki, həmin Protokola əsasən 22 iyul 2021-ci il tarixli Müqavilə üzrə satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh cəmi 40747 (qırx min yeddi yüz qırx yeddi) manat (34531,36 manat malın dəyəri + 6215,64 manat ƏDV) dəyərində məhsulların (printer və s.) satılması barədə razılığa gəlinmişdir. İş materiallarında olan 22 iyul 2021-ci il tarixli U21/07/25 nömrəli Alqı-satqı müqaviləsinin icrası ilə əlaqədar satıcı İddiaçı ilə alıcı Cavabdeh tərəfindən tərtib edilərək imzalanmış 22 iyul 2021-ci il tarixli Təhvil-Təslim Aktından görünür ki, alıcı Cavabdeh 22 iyul 2021-ci ildə satıcı İddiaçındən ƏDV daxil cəmi 40747 (qırx min yeddi yüz qırx yeddi) manat dəyərində müxtəlif adda printer və digər avadanlıqları təhvil almışdır. İş materiallarında olan 22 iyul 2021-ci il tarixli EBBF 169051 nömrəli Elektron Qaimədən görünür ki, təqdim edən (satıcı) "xxxx" MMC tərəfindən alıcı Cavabdeh ƏDV daxil cəmi 40747 (qırx min yeddi yüz qırx yeddi) manat (34531,36 manat malın dəyəri + 6215,64 manat ƏDV) dəyərində müxtəlif məhsulların satılması barədə müvafiq qaydada elektron qaimə təqdim edilmişdir. İş materiallarında olan 25 iyul 2022-ci il tarixli CU/25/07 nömrəli Maliyyə Arayışından görünür ki, 25 iyul 2022-ci il tarixinə alıcı Cavabdeh 22 iyul 2021-ci il tarixli U21/07/25 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə satıcı İddiaçı MMC-yə 40747 (beş min beş yüz doxsan iki) manat məbləğində əsas borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış 22 iyul 2021-ci il tarixli U21/07/25 nömrəli Alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında printer və digər avadanlıqların alqı-satqısı baş tutmuş və həmin alqısatqı üzrə “alıcı” Cavabdeh “satıcı” İddiaçınə ümumilikdə cəmi 40747 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 40747 manat məbləğində əsas borcun və həmin əsas borcun ödənişinin gecikdirildiyinə görə 03 iyun 2022-ci il tarixinədək hesablanmış 3258 (üç min iki yüz əlli səkkiz) manat məbləğində cərimə borcunun Cavabdeh tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora 200 (yüz) manat məbləğində xidmət haqqı və eyni zamanda, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən isə 25,50 (iyirmi beş) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC ilə bağlanmış 22 iyul 2021-ci il tarixli U21/07/25 nömrəli Alqı-satqı müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 40747 (beş min beş yüz doxsan iki) manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın cavabdehdən 3258 manat məbləğində cərimənin tutulması tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla iddia ərizəsində tələb olunan cərimə məbləği azaldılaraq, cavabdehdən cəmi 1000 (min) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin, qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği azaldılarkən digər hallarla yanaşı, tərəflər arasında bağlanmış Müqavilə üzrə satılmış avadanlıqların dəyərinin ödənilmə müddətinin və qaydasının müəyyən edilməsinə baxmayaraq, iddiaçı tərəfindən həmin Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər vaxtında görülməyərək, uzun müddət sonra məhkəməyə müraciət edilməsi və bununla əlaqədar hesablanan cərimə məbləğinin də yüksək həddə artması və cərimə məbləğinin artmasına iddiaçı tərəfin də hərəkətsizliyinin səbəb olması nəzərə alınmalıdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh (VÖEN **********) 40747 manat məbləğində əsas borc və ödənişin gecikdirildiyinə görə hesablanmış 1000 manat məbləğində cərimə İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin olunmamalıdır. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Dövlət Büdcəsinə ödəmiş olduğu 25,50 (iyirmi beş) manat məbləğində dövlət rüsumunun əvəzi və mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 200 (yüz) manat məbləğində xidmət haqqı da Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Həmçinin, hazırkı iddia tələbinin təmin olunmuş hissəsi üzrə ümumilikdə hesablanan 215,24 (iki yüz on beş manat 24 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 190,24 (yüz doxsan manat 24 qəpik) manat məbləğində pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi Cavabdeh dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir (215,24 manat – 25 manat = 190,24 manat). “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 40747 (qırx min yeddi yüz qırx yeddi) manat məbləğində əsas borc, 1000 (min) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı və 25 (iyirmi beş) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 41972 (qırx bir min doqquz yüz yetmiş iki) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumunun qalığı kimi 190,24 (yüz doxsan manat 24 qəpik) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar