Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-834/2022 22.08.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı nümayəndəsi Bağırlı Əbdüləli Tofiq oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 06 iyun 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5592 manat məbləğində əsas borcun, 3942,36 manat məbləğində cərimənin, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 100 manat məbləğində mediator haqqının və 25,64 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq, İddiaçın xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı Cavabdeh ilə satıcı İddiaçı arasında bağlanmış 06 dekabr 2017-ci il tarixli 577 saylı İnşaat materiallarının alqı-satqısı Müqaviləsinin 1.1-ci bəndinə əsasən Müqaviləyə 1 saylı Əlavə olan Spesifikasiya aktında adları qeyd olunan malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə uyğun olaraq cavabdehin, yəni alıcı Cavabdeh sifarişi ilə tələb olunan mallar vaxtında və tam şəkildə ona təhvil verilmişdir. Alqı-satqı münasibətlərinin yekununda yekun dövriyyənin və “Alıcı”nın qalıq debitor borcunun müəyyənləşdirilməsi məqsədilə Cavabdeh və iddiaçının səlahiyyətli nümayəndələrinin iştirakı ilə üzləşdirmə aktı tərtib edilmişdir. 25 iyun 2020-ci il tarixli “Üzləşdirmə aktı”na əsasən alıcı Cavabdeh satıcı İddiaçı MMC-yə 6092 (altı min doxsan iki) manat məbləğində qalıq borcunun olduğu müəyyən edilmiş və həmin Akt tərəflərin imzası ilə təsdiqlənmişdir. Müəyyən ödənişlər edildikdən sonra Cavabdeh İddiaçı MMC-yə 5592 (beş min beş yüz doxsan iki) manat həcmində qalıq debitor borcu qalmışdır. Müqavilənin 8.1-ci bəndinə uyğun olaraq məsələni həll etmək məqsədilə dəfələrlə iddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. 08 aprel 2020-ci il və 30 aprel 2021-ci il tarixlərində cavabdehin ünvanına rəsmi qaydada pretenziya məktubu göndərilərək qalıq borcun ödənilməsi tələb olunsa da, cavabdeh tərəfindən münasibətlərin qaydaya salınması məqsədilə heç bir addım atılmamışdır. Eyni zamanda, Mülki- Prosessual Məcəlləyə uyğun olaraq pretenziya məktubu elektron qaydada cavabdehin müvafiq icra hakimiyyəti orqanında yaradılmış kabinetinə də yerləşdirilmişdir. Həmçinin, məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə də mübahisənin həll edilməsi mümkün olmamışdır. Beləliklə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, Cavabdeh müəssisədən aldığı malların dəyərini tam ödəməmiş və nəticədə onun alıcı olaraq İddiaçı MMC-yə 5592 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 5.1-ci bəndinə əsasən ödəmə bank köçürməsi yolu ilə və yaxud nağd hesablaşma yolu ilə Malların Alıcıya təhvil verildiyi gündən 30 gün ərzində Alıcı tərəfindən həyata keçirilməlidir. Eyni zamanda, Müqavilənin 6.2-ci bəndinə əsasən Alıcı sifariş edilmiş Malların dəyərini bu Müqavilənin 5.1-ci bəndində müəyyən edilmiş müddət ərzində ödəmədiyi halda hər gecikdirilən gün üçün Satıcıya Sifariş edilmiş Malların tam ödənildiyi günə qədər Malların ödənilməyən dəyərinin 0,1%-i məbləğində cərimə ödəməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh 06 dekabr 2017-ci il tarixli 577 saylı Alqı-satqı Müqaviləsi üzrə 5592 manat məbləğində əsas borcun, 3942,36 manat məbləğində cərimənin, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 100 manat məbləğində mediator haqqının və 25,64 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçın xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 06 dekabr 2017-ci il tarixli 577 nömrəli Alqı-satqı Müqaviləsinin şərtlərinə görə “Satıcı” müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Spesifikasiyada (Müqaviləyə 1 saylı Əlavə adları göstərilən malları satmağı, “Alıcı” isə həmin malları qəbul edib dəyərini ödəməyi öhdələrinə götürmüşlər (1.1-ci bənd). Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, malların miqdarının ölçü vahidi və malların çeşidi - müqavilənin ayrılmaz hissəsi sayılan Spesifikasiyada (Müqaviləyə 1 saylı Əlavə) göstərilir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, malların təhvil-təslimi Alıcının sifarişindən 2 gün ərzində Satıcının anbarında həyata keçirilir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən satıcının anbarında Malların Alıcıya təhvil verdiyi gün Satıcının öz öhdəliklərini icra etdiyi gün hesab olunur. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, ödəmə bank köçürməsi yolu ilə və yaxud nəğd hesablaşma (ödəniş) yolu ilə malların Alıcıya təhvil verildiyi gündən 30 gün ərzində Alıcı tərəfindən həyata keçirilir. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən, Alıcı sifariş edilmiş Malların dəyərini bu Müqavilənin 5.1-ci bəndində müəyyən edilmiş müddət ərzində ödəmədiyi halda, hər gecikdirilən gün üçün Satıcıya sifariş edilmiş malların tam ödənildiyi günə qədər Malların ödənilməyən dəyərinin 0,1% (sıfır tam onda bir) faizi məbləğində cərimə ödəyir. Həmin Müqavilənin 9.1-ci bəndinə əsasən, bu Müqavilə bağlandığı (imzalanaraq möhürlə təsdiqləndiyi) andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Bu müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda bu müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. İş materiallarında olan 06 dekabr 2017-ci il tarixli 577 nömrəli Alqı-satqı müqaviləsinin icrası ilə əlaqədar satıcı İddiaçı ilə alıcı Cavabdeh tərəfindən tərtib edilərək imzalanmış 25 iyun 2020-ci il tarixli Üzləşdirmə Aktından görünür ki, alıcı Cavabdeh 25 iyun 2020-ci il tarixinə satıcı İddiaçınə cəmi 6092 (altı min doxsan iki) manat məbləğində qalıq borcu olmuşdur. İş materiallarında olan 31 may 2022-ci il tarixli Maliyyə Arayışından görünür ki, alıcı Cavabdeh 06 dekabr 2017-ci il tarixli 577 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə satıcı İddiaçı MMC-yə 31 may 2022-ci il tarixinə 5592 (beş min beş yüz doxsan iki) manat məbləğində əsas borcu və 25 iyun 2020-ci ildən 31 may 2022-ci il tarixədək gecikdirilən hər gün üçün ümumi borcun 0,1%-i miqdarında, yəni 3942,36 (üç min doqquz yüz qırx iki manat 36 qəpik) manat məbləğində cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış 06 dekabr 2017-ci il tarixli 577 nömrəli Alqı-satqı müqaviləsinə əsasən “satıcı” İddiaçı ilə “alıcı” Cavabdeh arasında inşaat materiallarının alqı-satqısı baş tutmuş və həmin alqısatqı üzrə “alıcı” Cavabdeh “satıcı” İddiaçınə ümumilikdə cəmi 5592 (beş min beş yüz doxsan iki) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 5592 (beş min beş yüz doxsan iki) manat məbləğində əsas borcun və həmin əsas borcun ödənişinin gecikdirildiyinə görə 31 may 2022-ci il tarixinədək hesablanmış 3942,36 (üç min doqquz yüz qırx iki manat 36 qəpik) manat məbləğində cərimə borcunun Cavabdeh tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora 100 (yüz) manat məbləğində xidmət haqqı və eyni zamanda, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən isə 25,50 (iyirmi beş manat 50 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC ilə bağlanmış 06 dekabr 2017-ci il tarixli 577 nömrəli Alqı-satqı müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 5592 (beş min beş yüz doxsan iki) manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın cavabdehdən 3942,36 manat məbləğində cərimənin tutulması tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla iddia ərizəsində tələb olunan cərimə məbləği azaldılaraq, cavabdehdən cəmi 300 (üç yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin, qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği azaldılarkən digər hallarla yanaşı, tərəflər arasında bağlanmış Müqavilə üzrə satılmış inşaat materiallarının dəyərinin ödənilmə müddətinin və qaydasının müəyyən edilməsinə baxmayaraq, iddiaçı tərəfindən həmin Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər vaxtında görülməyərək, uzun müddət sonra məhkəməyə müraciət edilməsi və bununla əlaqədar hesablanan cərimə məbləğinin də yüksək həddə artması və cərimə məbləğinin artmasına iddiaçı tərəfin də hərəkətsizliyinin səbəb olması nəzərə alınmalıdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh (VÖEN **********) 5592 manat məbləğində əsas borc və ödənişin gecikdirildiyinə görə hesablanmış 300 manat məbləğində cərimə İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin olunmamalıdır. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Dövlət Büdcəsinə ödəmiş olduğu 25,50 (iyirmi beş manat 50 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi və mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı da Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Həmçinin, hazırkı iddia tələbinin təmin olunmuş hissəsi üzrə ümumilikdə hesablanan 78,92 (yetmiş səkkiz manat 92 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 53,42 (əlli üç manat 42 qəpik) manat məbləğində pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi Cavabdeh dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir (78,92 manat – 25,50 manat = 53,42 manat). “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda, 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 5592 (beş min beş yüz doxsan iki) manat məbləğində əsas borc, 300 (üç yüz) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı və 25,50 (iyirmi beş manat 50 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6017,50 (altı min on yeddi manat 50 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumunun qalığı kimi 53,42 (əlli üç manat 42 qəpik) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-834/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-834/2022
22.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver