Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-84/2020 12.03.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və Qanuni nümayəndə iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin cavabdeh “xxxx” MMC-yə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə kommersiya işinə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi cavabdeh “xxxx” MMC-yə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Sifarişçi” “xxxx” MMC ilə “İcraçı” SOCAR İnformasiya Texnologiyaları və Rabitə İdarəsi arasında “Sifarişçi”nin ərazisində istismar olunan təbii qaz xətti üzərindəki qaz tənzimləyicisinin təftişi və təmiri işlərinin görülməsi barədə xx xxxxxx 2014-cü il tarixli, **-TT-***4 №-li müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən ümumi qiymət 2419,76 manat təşkil etmişdir. Bağlanmış müqavilənin 1.1 və 2.1-ci maddələrinə əsasən “İcraçı” SOCAR İnformasiya Texnologiyaları və Rabitə İdarəsi “Sifarişçi” “xxxx” MMC-nin ərazisində istismar olunan təbii qaz xətti üzərindəki qaz tənzimləyicisinin təftişi və təmiri işlərinin görülməsini öz üzərinə götürür. “Sifarişçi” “xxxx” MMC isə həmin xidmətlərin dəyərinin müqavilənin şərtlərinə uyğun ödənilməsini təmin edir. Həmin müqavilənin 3.3, 3.4 və 3.5-ci bəndlərinə əsasən “İcraçı” olaraq SOCAR İnformasiya Texnologiyaları və Rabitə İdarəsi üzərinə düşən hüquq və öhdəlikləri layiqincə yerinə yetirərək, tərəflər arasında hər ay üzrə görülmüş işlərin təhvil-qəbul aktlarına əsasən nəzərdə tutulan bütün işləri yüksək səviyyədə həyata keçirmiş, “Sifarişçi” “xxxx” MMC isə görülmüş işlərin nəticələrini qəbul etmişdir. Lakin “xxxx” MMC bağlanmış müqavilənin şərtlərinə tam əməl etməyərək tərəflər arasında imzalanmış və təsdiq edilmiş qarşılıqlı borcların üzləşdirilməsi və təhvil-qəbul aktlarına əsasən yaranmış 1961,52 (bir min doqquz yüz altmış bir manat əlli iki qəpik) məbləğində borcu bu günə kimi ödəməmişdir. Bununla bağlı “Sifarişçi”yə dəfələlə xəbərdarlıq edilsə də, borc ödənilməmişdir. Göstərilənləri nəzərə alaraq, iddiaçı onunla cavadeh “xxxx” MMC arasında bağlanılmış xx xxxxxx 2014-cü il tarixli, **-TT-***4 №-li müqavilə üzrə görülmüş xidmətlərə görə ödənilməmiş 1961,52 (bir min doqquz yüz altmış bir manat əlli iki qəpik) manat məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin “xxxx” MMC-dən SOCAR İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndələri X2 və Qanuni nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh "xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinın iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi ilə “xxxx” MMC arasında bağlanılmış xx xxxxxx 2014-cü il tarixli, **-TT-***4 №-li müqavilənin surətindən görünür ki, “İcraçı” “Sifarişçi”nin ərazisində istismar olunan təbii qaz xətti üzərindəki qaz tənzimləyicisinin təftişi və təmiri işlərini öz üzərinə götürür, “Sifarişçi” isə həmin xidmətlərin dəyərini müqavilənin şərtlərinə uyğun ödənilməsini öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə və tərəflər arasında imzalanmış qiymət-razılaşma protokoluna əsasən xidmətlərin ümumi qiyməti 2419,76 manat təşkil edir. İş materiallarında olan görülmüş işlərin təhvil-qəbulu haqqında aktların surətindən görünür ki, “İcraçı” tərəfindən 2016,5 manatlıq işlər görülmüş və “Sifarişçi” tərəfindən qəbul edilmişdir. İş materiallarında olan tərəflər arasında imzalanmış qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən “xxxx” MMC-nin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə 1961,52 (bir min doqquz yüz altmış bir manat əlli iki qəpik) manat məbləğində borcu yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh “xxxx” MMC aralarındakı müqavilə əsasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən ona xidmət göstərilməsi hüququna malik olduğu kimi, eyni zamanda, həmin müqavilə əsasında ona göstərilmiş xidmətlərin məbləğini iddiaçıya ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin iddiaçı müqavilə əsasında müvafiq xidmətləri göstərmiş, cavabdeh isə öz vəzifəsini tam icra etməyərək, göstərilmiş xidmətlərin dəyərini tam ödəməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi yaranmış borcu “xxxx” MMC-dən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmədə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi ilə “xxxx” MMC arasında “Sifarişçi”nin ərazisində istismar olunan təbii qaz xətti üzərindəki qaz tənzimləyicisinin təftişi və təmiri işlərinin görülməsinə dair xx xxxxxx 2014-cü il tarixli, **-TT-***4 №-li müqavilə bağlanmış, müqaviləyə və tərəflər arasında imzalanmış qiymət-razılaşma protokoluna əsasən xidmətlərin ümumi qiyməti 2419,76 manat təşkil etmiş, “İcraçı” tərəfindən 2016,5 manatlıq işlər görülmüş və “Sifarişçi” tərəfindən qəbul edilmişdir. Lakin, sonuncu öz öhdəliklərini tam icra etməmiş, cavabdehin iddiaçıya 1961,52 (bir min doqquz yüz altmış bir manat əlli iki qəpik) manat məbləğində borcu yaranmışdır. Bununla bağlı “İcraçı” tərəfindən “Sifarişçi”yə dəfələlə xəbərdarlıq edilsə də, borc ödənilməmişdir. Ona görə də, iddiaçı məcbur olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə təqdim edilmiş və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçının istinad etdiyi hallar məhkəmədə sübuta yetirilir və bu səbəbdən iddia əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin cavabdeh “xxxx” MMC-yə qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilsin. Cavabdeh “xxxx” MMC-dən 1961,52 (bir min doqquz yüz altmış bir manat əlli iki qəpik) manat məbləğində borc tutularaq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdehdən 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq, iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-84/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-84/2020
12.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver