Məhkəmə qərarları › İş №e-2-2(119)-842/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-842/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-842/2021 23.06.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh “xxxx” MMC-dən 6749 ABŞ dolları və ya manatla ekvivalenti, 6800 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “xxxx” MMC-yə ödənilməsi barədə “qarşılıqlı iddia ərizəsi” ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə ayrıca iddia ərizəsi kimi təqdim edilmiş və məhkəmədə e-2-2(119)-842/2021 nömrəli iş kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə iddia ərizəsini və əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Hazırkı işdə iddiaçının adından verilmiş iddia ərizəsi elektron imza ilə Nümayəndə tərəfindən imzalansa da, onun hüquqi şəxs olan iddiaçının adından iddia ərizəsini imzalamaq səlahiyyətini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Mülki-Prosessual Məcəllənin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 150.0.3-cü maddəsinə əsasən, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə həmçinin qeyd edir ki, hazırki “qarşılıqlı iddia ərizəsi” “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmənin icraatında olan e-2-2(119)-724/2021 nömrəli işdə də təqdim edilmiş və həmin qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək iş üzrə məhkəmə baxış iclası təyin edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar