Məhkəmə qərarları › İş №e-2-2(119)-848/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-848/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-848/2021 16.09.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı cavabdeh X1 3187,62 (üç min yüz səksən yeddi manat, 62 qəp) manat əsas borc, 200 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində hesablamaqla 3187,62 (üç min yüz səksən yeddi manat, 62 qəpik) manat penya və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 6405,24 (altı min dörd yüz beş manat, 24 qəpik) manat məbləğində borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, cavabdeh X4 ilə "xxxx" şirkəti arasında bağlanmış 355/19 saylı, 21.08.2019-cu il tarixli alqı-satqı müqaviləsinin 3.2 bəndinə əsasən cavabdeh, malların verilməsindən 30 (otuz) gündən gec olmayaraq ödəmək şərti ilə şirkətin istehsal etdiyi məhsulların satışı ilə məşğul olmuşdur. Belə ki, cavabdeh aldığı malların dəyərinin bir hissəsini ödəmiş və onunla 01.02.2020-ci və 20.05.2020-ci il tarixində imzalanmış “Öhdəliklərin qarşılıqlı tanınması aktı” tərtib edilərkən razılaşmaya əsasən yaranmış borcu etiraf edərək yaxın vaxtlarda ödəməyi öz üzərinə götürsədə, lakin indiyədək 3187,62 (üç min yüz səksən yeddi manat, 62 qəp) manat borc qalığını ödəməmişdir. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh bu günədək öz borcunu ödəməmiş və bu o deməkdir ki, tərəflər arasında imzalanmış müqavilənin 6.2 bəndinə əsasən gecikdirmənin müddəti 30 gündən çox olduqda hər gün üçün 0,5 % həcmində penya pulunuda ödəməli və həmin məbləğ borc məbləğinin üzərinə əlavə edilməlidir. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin artırılmasına dair ərizə təqdim etmişdir. Ərizədə göstərilir ki, işin məhkəmədə baxıldığı dövrdə dəqiqləşmələr aparılmış və müəyyən olunmuşdur ki, hazırda cavabdehin şirkətə olan borc qalığı 6230,38 (altı min iki yüz otuz manat, 38 qəpik) manat təşkil edir. Bu səbəbdən də, cavabdeh Z.Davudovdan 6230,38 (altı min iki yüz otuz manat, 38 qəpik) manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu və 500 gün gecikdirmənin hər gününə görə borc məbləğinin 0,2 faizi həcmində hesablamaqla 6230,38 ( altı min iki yüz otuz manat, 38 qəpik) manat penya, cəmi 12490,76 (on iki min dörd yüz doxsan manat 76 qəpik) manat məbləğində borcun ödənilməsi barəsində məhkəmə qətnaməsi çıxarılmasını xahiş edilmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Z.Davudov iddia tələbini qəbul etdiyini, pandemiya ilə əlaqədar fəaliyyət göstərmədiyini və yaranmış borc məbləğindən müəyyən hissəni ödədiyini, qalan məbləği isə ödəyəcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarından olan “Satıcı” "xxxx" şirkəti ilə “Alıcı” X4 arasında bağlanmış 21.08.2019-cu il tarixli 355/19 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilənin 1.2ci yarımbəndində göstərilən malları alıcıya satmağı, alıcı isə həmin malları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən satıcı alıcıdan satılmış malın dəyərini bu müqavilədə müəyyən edilmiş müddətdə ödəməyi tələb etmək hüququna malikdir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən alıcı malların dəyərini bu müqavilə ilə müəyyən edilmiş vaxta ödəmək vəzifəsi daşıyır. İş materiallarında olan 07.06.2021-ci il tarixli, MA-02/261 nömrəli maliyyə arayışına əsasən "xxxx" şirkəti tərəfindən müştəri Z.Davudova alqı-satqı müqaviləsi üzrə ümumi dəyəri 5434.58 manat olan mal verilmiş və Z.Davudov tərəfindən 2246.96 manat məbləğində ödəniş edilmişdir. Həmin arayışa əsasən Z.Davudov 3187.62 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan 20.07.2021-ci il tarixli öhdəliyin qarşılıqlı tanınması aktına əsasən isə Z.Davudovun "xxxx" Şirkətinə 6430,38 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı xeyrinə cavabdeh X1 6230,38 (altı min iki yüz otuz manat, 38 qəpik) manat məbləğində əsas borcun tutulması hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməlidır. Bundan əlavə, 21.08.2019-cu il tarixli 355/19 saylı alqı-satqı müqaviləsinin 6.2-ci bəndinə əsasən, müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə “Alıcı” gecikmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0.5% (sıfır tam onda beş) faizi həcmində dəbbə pulu ödəyir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını və cavabdehin dəlillərini nəzərə alaraq 50 (əlli) manat məbləğində cərimənin müəyyənləşdirilməsini məqsədəmüvafiq hesab edir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bununla yanaşı, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh X1 6230,38 (altı min iki yüz otuz manat, 38 qəpik) manat əsas borc, 50 (əlli) manat məbləğində cərimə borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla ümumulikdə 6310,38 (altı min üç yüz on manat 38 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (ay) müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar