Məhkəmə qərarları › İş №e-2-2(119)-849/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-849/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-849/2021 08.09.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xeyrinə Cavabdeh 6555,47 (altı min beş yüz əlli beş manat 47 qəpik) manat məbləğində əsas borc, 200 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində hesablanmış 6555,47 (altı min beş yüz əlli beş manat 47 qəpik) manat məbləğində penya və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 13140,94 (on üç min yüz qırx manat 94 qəpik) manat məbləğində borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Şirkətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, satıcı "xxxx" Şirkəti ilə alıcı, yəni fərdi sahibkar Cavabdeh arasında bağlanmış 16 aprel 2018-ci il tarixli 181/18 nömrəli alqı-satqı müqaviləsinin tələblərinə uyğun olaraq tərəflər arasında müxtəlif adda inşaat materiallarının nisyə alqı-satqısı baş tutmuş və həmin Müqavilə əsasında Satıcı müxtəlif adda tikinti və inşaat mallarını Alıcıya satmışdır. Alıcı isə almış olduğu həmin malların bir hissəsinin pulunu Satıcıya ödəmiş olsa da, Alıcı almış olduğu mallara görə cəmi 6555,47 manat məbləğində borcu ödəməmişdir. Bununla əlaqədar Satıcı və Alıcı tərəfindən tərtib edilərək imzalanmış 01 may 2019-cu il və 01 noyabr 2019-cu il tarixli “quru inşaat qarişiqlari üzrə”, “maye inşaat qarişiqlari üzrə” və “xırdavat məhsulları üzrə” “Öhdəliklərin qarşılıqlı tanınması” Aktlarında Cavabdeh yaranmış borcu etiraf etmişdir. Cavabdeh həmin Aktlar tərtib edilərkən əldə olunan razılaşmaya əsasən həmin borcu yaxın vaxtlarda tam ödəməyi öz üzərinə götürsə də, həmin borcun 6555,47 manat hissəsini hal-hazıradək ödəməmişdir. Yəni, iddiaçı "xxxx" Şirkəti ilə bağlanmış 16 aprel 2018-ci il tarixli alqı-satqı müqaviləsinin 3.2-ci bəndinə əsasən Cavabdeh malların verilməsindən 30 gündən gec olmayaraq ödəmək şərti ilə Şirkətin istehsal etdiyi məhsulları almış olsa da, həmin Müqavilə əsasında cavabdeh aldığı malların dəyərinin 6555,47 manat hissəsini ödəməmişdir. Cavabdeh bu günədək həmin borcu ödəmədiyi üçün tərəflər arasında imzalanmış məlum Müqavilənin 6.2-ci bəndinə əsasən gecikdirmənin müddəti 30 gündən çox olduqda 200 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 % həcmində penya kimi hesablanmış 6555,47 manat penyanı da ödəməli olduğuna görə, həmin penya məbləği də ödənilməmiş əsas borc məbləğinin üzərinə əlavə edilmişdir. Ona görə də, iddianın təmin edilməsi və iddiaçı "xxxx" Şirkəti ilə Cavabdeh arasında bağlanmış 16 aprel 2018-ci il tarixli 181/18 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış 6555,47 manat əsas borc, 200 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində hesablanmış 6555,47 manat penya və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 13140,94 manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçı "xxxx" Şirkətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “Satıcı” - hüquqi şəxs "xxxx" Şirkəti ilə “Alıcı” - hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh (VÖEN **********) arasında 16 aprel 2018-ci il tarixli 181/18 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, “Satıcı” bu Müqavilənin 1.2-ci bəndində göstərilən malları “Alıcı”ya satmağı, “Alıcı” isə həmin malları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, Müqavilənin predmeti olan məhsulun növləri, çeşidi, kəmiyyəti və qiyməti Razılaşma Protokolunda və ya Qaimə-Fakturada öz əksini tapır. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, “Alıcı” və “Satıcı” arasında mal dövriyyəsi və yaranmış borc qalıqları, mütəmadi olaraq tərəflər arasında bağlanan “Öhdəliklərin qarşılıqlı tanınması aktı” ilə müəyyən edilir. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, “Alıcı” ödənişləri malın qəbul edilməsindən sonra 30 (otuz) təqvim günündən gec olmayaraq bank Ödənişi və ya nağd ödəniş yolu ilə həyata keçirməlidir. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən, bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə “Alıcı” gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0,5%-i həcmində penya ödəyir. Gecikdirmənin müddəti 30 gündən çox olduqda “Satıcı” öhdəliklərin məcburi qaydada icra və penyaların ödənilməsi üçün məhkəməyə müraciət edə bilər. İş materiallarında olan, 16 aprel 2018-ci il tarixli 181/18 nömrəli alqı-satqı müqaviləsinə əsasən “satıcı” "xxxx" Şirkəti ilə “alıcı” Cavabdeh tərəfindən imzalanaraq təsdiq edilmiş “quru inşaat qarışıqları üzrə” 01 may 2019-cu il tarixli 5302 №-li “Öhdəliklərin qarşılıqlı tanınması” Aktı ilə müəyyən olunur ki, 30 aprel 2019-cu il tarixinə alıcı Cavabdeh satıcı "xxxx" Şirkətinə 1081,73 (min səksən bir manat 73 qəpik) manat məbləğində borcu vardır və tərəflər razılaşırlar ki, həmin borc aktın imzalandığı tarixdən etibarən 1 (bir) aydan gec olmayaraq ödəniləcəkdir. İş materiallarında olan, 16 aprel 2018-ci il tarixli 181/18 nömrəli alqı-satqı müqaviləsinə əsasən “satıcı” "xxxx" Şirkəti ilə “alıcı” Cavabdeh tərəfindən imzalanaraq təsdiq edilmiş “maye inşaat qarışıqları üzrə” 01 noyabr 2019-cu il tarixli 18113 №-li “Öhdəliklərin qarşılıqlı tanınması” Aktı ilə müəyyən olunur ki, 31 oktyabr 2019-cu il tarixinə alıcı Cavabdeh satıcı "xxxx" Şirkətinə 3097,70 (üç min doxsan yeddi manat 70 qəpik) manat məbləğində borcu vardır və tərəflər razılaşırlar ki, həmin borc aktın imzalandığı tarixdən etibarən 1 (bir) aydan gec olmayaraq ödəniləcəkdir. İş materiallarında olan, 16 aprel 2018-ci il tarixli 181/18 nömrəli alqı-satqı müqaviləsinə əsasən “satıcı” "xxxx" Şirkəti ilə “alıcı” Cavabdeh tərəfindən imzalanaraq təsdiq edilmiş “xırdavat məhsulları üzrə” 01 noyabr 2019-cu il tarixli 18186 №-li “Öhdəliklərin qarşılıqlı tanınması” Aktı ilə müəyyən olunur ki, 31 oktyabr 2019-cu il tarixinə alıcı Cavabdeh satıcı "xxxx" Şirkətinə 2386,43 (iki min üç yüz səksən altı manat 43 qəpik) manat məbləğində borcu vardır və tərəflər razılaşırlar ki, həmin borc aktın imzalandığı tarixdən etibarən 1 (bir) aydan gec olmayaraq ödəniləcəkdir. İş materiallarında olan, 16 aprel 2018-ci il tarixli 181/18 nömrəli alqı-satqı müqaviləsi üzrə tərtib edilmiş 21 may 2021-ci il tarixli MA-02/250 nömrəli Maliyyə Arayışından görünür ki, Satıcı "xxxx" Şirkəti ilə alıcı Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən alıcı Cavabdeh 21 may 2021-ci il tarixə olan qalıq borc məbləği 6555,47 (altı min beş yüz əlli beş manat 47 qəpik) manat təşkil edir və həmin Müqavilə üzrə sonuncu dəfə 30 oktyabr 2019-cu ildə 200 (iki yüz) manat məbləğində ödəniş edilmişdir (həmin arayışla müəyyən olunur ki, 16 aprel 2018-ci il tarixli 181/18 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" Şirkəti tərəfindən alıcı Cavabdeh ümumilikdə 25914,23 manat məbləğində mal satılmış və həmin satılmış malın pulunun 19358,76 manat hissəsi ödənmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, 16 aprel 2018-ci il tarixli 118/18 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə almış olduğu məhsullara görə Cavabdeh tərəfindən cəmi 6555,47 (altı min beş yüz əlli beş manat 47 qəpik) manat məbləğində əsas borc iddiaçı "xxxx" Şirkətinə ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 6555,47 (altı min beş yüz əlli beş manat 47 qəpik) manat məbləğində əsas borcun və həmin borc üzrə 200 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində hesablanmış 6555,47 (altı min beş yüz əlli beş manat 47 qəpik) manat məbləğində penyanın cavabdehdən tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" Şirkəti ilə bağlanmış 16 aprel 2018-ci il tarixli 118/18 nömrəli alqı-satqı müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 6555,47 (altı min beş yüz əlli beş manat 47 qəpik) manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın “cavabdehdən 6555,47 (altı min beş yüz əlli beş manat 47 qəpik) manat məbləğində penyanın tutulması” tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla penya məbləği azaldılaraq, cavabdehdən cəmi 600 (altı yüz) manat məbləğində penya tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh 6555,47 manat məbləğində əsas borc və 600 manat penya olmaqla - cəmi 7155,47 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Şirkətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 6555,47 (altı min beş yüz əlli beş manat 47 qəpik) manat məbləğində əsas borc, 600 (altı yüz) manat məbləğində penya və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 7185,47 (yeddi min yüz səksən beş manat 47 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar