Məhkəmə qərarları › İş №e-2-2(119)-849/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(119)-849/2023

28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-849/2023 28.08.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı verilmiş “pul tələbi" barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “pul tələbi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının xeyrinə cavabdehdən 17550 manat məbləğində əsas borc, 548,23 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 18098,23 (on səkkiz min doxsan səkkiz manat 23 qəpik) manat məbləğində borcun və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin və vəkilə çəkilmiş xərcin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışıdır ki, İddiaçı ilə Cavabdeh arasında 15 mart 2022-ci il tarixində 09/22 nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilə əsasında iddiaçı tərəfindən 2 dəfə partiyalarla mallar cavabdehə təhvil verilmişdir. Birinci partiya xx.xx.2022-ci il tarixində təhvil verilmiş, malların ümumi məbləği ƏDV daxil 15300 (on beş min üç yüz) manat təşkil etmiş və həmin gün qaimə-faktura təqdim edilmişdir. İkinci partiya isə xx.xx.2022-ci il tarixində təhvil verilmiş, malların ümumi məbləği ƏDV daxil 2250 (iki min iki yüz əlli) manat təşkil etmiş və həmin gün qaimə-faktura təqdim olunmuşdur. Müqavilənin 4.1-ci bəndinə əsasən mallar təhvil verildikdən sonra 30 iş günü müddətində ödənilməli idi. Lakin malların təhvil verilməsindən uzun müddət keçməsinə baxmayaraq cavabdeh ödənişi həyata keçirməmişdir. Bununla əlaqədar olaraq Cavabdehnə pretenziya göndərilsə də, cavabdeh tərəf buna əhəmiyyət verməyərək öz öhdəliklərini icra etmir. Cavabdehin hal-hazırda əsas borcu 17550 manat təşkil edir. Həmçinin müqavilənin 5.1-ci bəndinə əsasən ödəniş gecikdirildiyi halda gecikdirilən hər gün üçün malın ümumi dəyərinin 0,01% həcmində cərimə tətbiq edilir. Bunu nəzərə alaraq gecikməyə görə cavabdeh tərəfindən əlavə olaraq 548,23 manat cərimə ödənilməlidir. Cavabdehin ümumilikdə borcu 18098,23 manat təşkil edir. Məsələ ilə bağlı mediatora müraciət olunmuş, cavabdehin nümayəndəsi mediasiya sessiyasında iştirak etmədiyindən xx.xx.2023-cü il tarixdə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və ərizə təqdim edərək vəkilə çəkilmiş xərcin ödənilməsinə ehtiyac olmadığını bildirmiş, İddiaçı xeyrinə Cavabdehndən 17550 manat məbləğində əsas borc, 548,23 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 18098,23 (on səkkiz min doxsan səkkiz manat 23 qəpik) manat məbləğində borcun və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda o, ərizə verərək Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Cavabdehnə məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə baxış iclaslarında iştirak etməmə səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Sumqayıt Kommersiya Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, e-2-2(119)- 849/2023 nömrəli qərardadı ilə iddiaçının ərizəsi nəzərə alınaraq işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan satıcı İddiaçı (VÖEN: **********) ilə alıcı Cavabdeh (VÖEN: **********) arasında bağlanmış 15 mart 2022-ci il tarixli 09/22 nömrəli alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən satıcı alınan malları realizə edir, alıcı isə dəyərini ödəməklə qəbul edir. Malların tam siyahısı, ölçü vahidləri və qiymətləri əlavə olaraq faktura əsasında müəyyənləşdirilir. Həmin müqavilənin 2-ci bəndinə əsasən müqavilə bağlandıqdan sonra satıcı sifariş olunan malı 1 (bir) iş günü ərzində alıcıya təhvil verir. Malların təslim edilməsi günü kimi qaimə-faktura tarixi qəbul edilir. Mallar onlar üçün tərtib olunan qaimə-faktura əsasında təhvil verilir və qəbul edilir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən hesablaşma qaydaları alıcı tərəfindən pozularsa, onda gecikdirilən hər iş günü üçün alınan malın ümumi dəyərinin 0,01 %-i miqdarında alıcı tərəfindən satıcıya cərimə ödənilməlidir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 15300 manat dəyərində malların satılması ilə bağlı 16 mart 2022-ci il tarixli EBBT seriyalı 013906 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 2250 manat dəyərində malların satılması ilə bağlı 14 aprel 2022-ci il tarixli EBBU seriyalı 496893 nömrəli elektron qaimə təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında 15 mart 2022-ci il tarixli 09/22 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən müvafiq mallar cavabdehə verilmiş, lakin Cavabdeh tərəfindən öhdəlik icra edilməyərək malların dəyəri ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 17550 (on yeddi min beş yüz əlli) manat məbləğində əsas borcun və 548,23 (beş yüz qırx səkkiz manat 23 qəpik) manat məbləğində cərimənin Cavabdehndən İddiaçı xeyrinə tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə bağlı cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmiş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448-ci maddəsinin tələblərinə görə əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsində irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçı tərəfindən satılmış mallar cavabdehə verilmiş, cavabdeh isə öhdəliyini yerinə yetirməyərək aldığı malların dəyərini ödəməmişdir. Buna görə də cavabdehdən iddiaçının xeyrinə 17550 (on yeddi min beş yüz əlli) manat məbləğində əsas borcun və 548,23 (beş yüz qırx səkkiz manat 23 qəpik) manat məbləğində cərimənin tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və Cavabdehndən 17550 (on yeddi min beş yüz əlli) manat məbləğində əsas borc və 548,23 (beş yüz qırx səkkiz manat 23 qəpik) manat məbləğində cərimə İddiaçı xeyrinə tutulmalıdır. Həmçinin iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı İddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eləcə də Cavabdehndən 144,29 (yüz qırx dörd manat 29 qəpik) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1 -ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasıya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasıya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasıya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 17550 (on yeddi min beş yüz əlli) manat məbləğində əsas borc, 548,23 (beş yüz qırx səkkiz manat 23 qəpik) manat məbləğində cərimə və mediasiya prosesinin keçirilməsi ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla cəmi 18298,23 (on səkkiz min iki yüz doxsan səkkiz manat 23 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdehndən dövlət nəfinə 144,29 (yüz qırx dörd manat 29 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar