Məhkəmə qərarları › İş №e-2-2(119)-85/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-85/2023

22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-85/2023 22.05.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1, cavabdeh "xxxx" Şirkətinin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2 iştirakı ilə, İddiaçı tərəfindən cavabdeh "xxxx" Şirkətinə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Şirkətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Şirkətindən (Türkiyə Respublikası hüquqi şəxsi; Türkiyə vergi nömrəsi: **********) mediasiya ödənişi olaraq 400 manat, dəymiş ziyana görə 147647 ABŞ dolları və məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 142 manat olmaqla, ümumilikdə 147647 ABŞ dollarının və 542 manat pulun İddiaçı (VOEN: **********) xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə "xxxx" Şirkəti (Türkiyə Respublikası, Vergi N: **********) arasında 10 oktyabr 2020-ci il və 30 may 2020-ci il tarixlərdə alqı-satqı muqavilələri imzalanmışdır. Həmin müqavilələr üzrə müxtəlif adda kənd təsərrüfatı təyinatlı malların, o cümlədən damlama-sulama sistemlərinin satın alınması nəzərdə tutulmuşdur. "xxxx" Şirkətindən satın alınmış bir dəst damlama-sulama sistemi "xxxx" MMC-i tərəfindən X1 və bu zaman müəyyən olmuşdur ki, həmin sistem lazımi ehtiyacları qarşılamır. X7nin ən vacib ünsürlərindən biri “yağmurlama” başlıqlarıdır. Cavabdeh Şirkət X7ni “Atom 42FC” adlı yağmurlama başlıqları ilə təchiz etmişdir. Cavabdehin bildirdiyinə görə Atom 42FC yağmurlama başlığı 47 metr məsafəyə su vurma imkanına malik olmalıdır. Bu xüsusat cavabdeh Şirkətlə sifariş göndərilməmişdən əvvəl müzakirə edilmiş və cavabdeh tərəfindən bildirilmişdir ki, Atom 42FC yağmurlama başlığı sistem üçün kifayətdir və sistemin işləməsi üçün lazımi texniki göstəricilərə (47 metr məsafəyə su vurma imkanına) malikdir. Damlama-sulama sistemi təhvil alınıb quraşdırıldıqdan sonra məlum olmuşdur ki, “Atom 42FC” yağmurlama başlığı sistemin tələblərinə cavab vermir və məhz buna görə də bütün sistem istismara tam yararsızdır. Beləliklə, "xxxx" Şirkəti (Vergi N: **********) müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Damlama-sulama sisteminin lazımi texniki parametrlərə cavab verməyən hissələrinin siyahısı aşağıdakı kimidir: MATERİAL SİYAHİSİ MİQDAR VAHİD QİYMƏT (AZN) ÜMUMİ MİQDAR(AZN) 75 MM X18 Adaptör 2.58 310.10 20 ədəd 75 MM Pompa Çıkış başlığı Dişi 20 ədəd 3.32 398.23 Çap75 20cm X16 5.17 620.75 20 ədəd Nəzərə çatdırılır ki, cavabdehin iddiaçıya bildirdiyinə və razılaşdırdığına görə Atom 42FC yağmurlama başlığı 47 metr məsafəyə su vurma imkanına malik olmalı idi. Lakin, əslində qeyd edilən yağmurlama başlığının texniki göstəriciləri 30 metr məsafəyə su vurmağa imkan verir. Qeyd edilən qüsurun, yəni Atom 42FC su vurma başlığının (və onun hissələrinin) lazımi texniki göstəricilərə malik olmamasının nəticəsində iddiaçı Şirkətə 147647 ABŞ dolları məbləğində zərər dəymişdir. Xatırlatmaq lazımdır ki, müqavilə şərtlərinə görə cavabdeh üzərinə lazımi keyfiyyətdə və texniki göstəricilərə malik mal vermək öhdəliyi götürmüşdür. Mübahisə ilə əlaqədar qarşı tərəfə pretenziya göndərilmişdir. Cavabdeh tərəf isə öz səhvini düzəltmək əvəzinə, iddiaçının göndərdiyi pretenziyaya qarşı başqa bir “pretenziya” göndərmişdir. Tərəflər arasında yaranmış problem, mediasiya yolu ilə də həll edilə bilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 587 və s. maddələrinə və imzaladığı müqavilələrə görə cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh "xxxx" Şirkətindən mediasiya ödənişi olaraq 400 manat, dəymiş ziyana görə 147647 ABŞ dolları və məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 142 manat olmaqla, ümumilikdə 147647 ABŞ dollarının və 542 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, cavabdeh "xxxx" Şirkətindən alınan və iddia ərizəsində qeyd olunan mübahisəli damlamasulama avadanlıqları X4 Salyan rayonu ərazisində yerləşən torpaq sahəsində quraşdırıldıqdan sonra onların qüsurlu olduğu müəyyən edilmişdir. Qüsurlar həmin çiləməsulama sistemi quraşdırıldıqdan sonra aşkar edilmişdir. Buna görə də sifarişçi Oktay Hacıyev tərəfindən iddiaçı Şirkətə irad bildirilmiş və onun tərəfindən həmin sifariş üzrə pul məbləğinin bir hissəsi İddiaçınə ödənilməmişdir. İddia ərizəsində dəymiş ziyan kimi tələb olunan 147647 ABŞ dolları məbləğinə damlama-sulama sisteminin dəyəri ilə yanaşı, sistemin yararsız olmasına görə çəkilmiş xərclər və digər xərclər də daxildir. Cavabdehlə iddiaçı arasında bir neçə il ərzində təxminən 4 milyon ABŞ dollarına yaxın həddə dövriyyə olsa da, bu dövriyyə üzrə qüsurlu avadanlıqlar yalnız X4 Salyan rayonu ərazisində yerləşən torpaq sahəsində quraşdırılan damlama-sulama sistemində aşkar edilmişdir. Cavabdeh Şirkətdən alınmış damlama-sulama avadanlıqları Oktay Hacıyevə məxsus torpaq sahəsinə iddiaçının öz mütəxəssisləri tərəfindən quraşdırılmışdır və təxminən 4-5 ildir ki, həmin mütəxəssislər bu sahədə çalışırlar. Məhkəmə iclasında cavabdeh "xxxx" Şirkətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirərək, İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı “pul tələbi” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsini xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, bir neçə il ərzində Türkiyədə yerləşən cavabdeh "xxxx" Şirkəti tərəfindən müvafiq ödənişlər müqabilində hüquqi ünvanı Xaçmaz şəhəri olan İddiaçı MMC-yə müxtəlif adda kənd təsərrüfatı təyinatlı mallar və damlama-sulama sistemləri göndərilsə də, həmin tərəflər arasında heç bir yazılı müqavilə imzalanmamışdır. Tərəflərin həyata keçirdikləri bu münasibətlər cari hesab “ilişkiləri”, yəni müvafiq maliyyəgömrük sənədləri əsasında baş tutmuşdur ki, bu beynəlxalq iqtisadi təcrübədə sıx istifadə olunan üsullardan biridir. Cari hesab “ilişkisi” isə malın dəyərinin həmin an deyil, daha sonra ödənilməsinə şərait yaradılması prosesindən ibarət münasibətdir. Belə ki, tərəflər arasında müqavilə olmadıqda, qaimə-fakturalar müqaviləni əvəz edir və həmin sənədlər əsasında verilən malların əvəzi də bank köçürmələri ilə göndərilən pul vəsaitləri hesabına ödənilir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi Azərbaycan dilində tərtib olunmuş müqavilə isə cavabdeh Şirkətin səlahiyyətli şəxsləri tərəfindən şəxsən və yaxud elektron qaydada imzalanmamışdır. Eyni zamanda, bu müqavilə həqiqətən də Türkiyədə yerləşən cavabdeh "xxxx" Şirkəti tərəfindən imzalanmış olsaydı, onun mütləq olaraq türk dilində də nüsxəsi və yaxud müvafiq türkcə yazılmış hissəsi olardı. Çünki, Türkiyə Respublikasına məxsus şirkətlər öz dillərində tərtib edilməyən müqavilələri imzalamırlar. Yəni, tərəflər arasında hər hansı bir öhdəlik yaradan yazılı müqavilə olmamışdır. Bununla belə, iddiaçı və cavabdeh arasında iddia ərizəsində qeyd olunan malların bir neçə illər ərzində ümumilikdə dəyəri milyonlarla hesablanan alqı-satqısı baş tutmuşdur. Cavabdeh Şirkət tərəfindən iddiaçıya ilk dəfə 21 oktyabr 2019-cu ildə 9000 ABŞ dolları məbləğində, sonuncu dəfə isə 08 iyun 2022-ci ildə 45000 ABŞ dolları məbləğində mal göndərilmişdir. Tərəflər arasında ümumi dövriyyə isə 3820075,8 ABŞ dolları məbləğində olmuşdur və bu məbləğdən ******* ABŞ dolları məbləğində pul vəsaiti iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Yəni, cavabdeh Şirkət iddiaçı Şirkətin sifarişləri əsasında Türkiyədə "xxxx" Şirkəti və yaxud digər başqa istehsalçılar tərəfindən istehsal edilən qeyd olunan malları tədarük edib, sonuncuya göndərmiş, sonuncu isə həmin malları qəbul edib dəyərini cavabdeh Şirkətə ödəmişdir. Göndərilən malların əksər hissəsi ilə əlaqədar cavabdeh Şirkətə heç bir irad bildirilməmişdir. İddia ərizəsində qeyd olunan mallarda qüsurların olması və bu qüsurlara görə məhz cavabdeh Şirkətin təqsirli olması isə müəyyən olunmur. Çünki, məhkəmə araşdırması zamanı mübahisəli damlama-sulama sistemini quraşdıran ustaların bu sahə üzrə təcrübəsiz olduqları müəyyən edilmişdir. Qüsurlu olduğu deyilən və mübahisələndirilən 97800 ABŞ dolları məbləğində mal 21 aprel 2021-ci il tarixli faktura əsasında 22 aprel 2021-ci il tarixdə gömrükdən keçmişdir. İddiaçı tərəfin təqdim etdiyi mütəxəssis rəyində damlama-suvarma sisteminin Atom 42FC markalı yağmurlama başlıqlarının faktiki texniki xüsusiyyətlərinin istehsalçı tərəfindən bəyan edilmiş texniki xüsusiyyətlərə uyğun olmadığı, faktiki atış məsafəsinin 30-35 metr olduğu qeyd olunmuşdur. Halbuki, eyni zamanda qeyd olunub ki, Atom 42FC suvarma başlığının istehsalçı tərəfindən bəyan edilən atış məsafəsi 25-45 metrdir. Yəni, rəydə qeyd olunan faktiki atış məsafəsi kimi göstərilən 30-35 metr, istehsalçı tərəfindən bəyan edilən atış məsafəsinin göstərildiyi 25-45 metrə daxildir. Bundan əlavə, "xxxx" Şirkətinin rəsmi internet saytında yerləşdirilmiş texniki göstəricilərdə küləkli havanın olduğu ərazilərdə quraşdırılan sistemin çiləmə məsafəsinə küləyin mənfi təsir göstərə biləcəyi də qeyd edilmişdir. İddiaçı malı təhvil alarkən istehsal qüsuru varıydısa, bu barədə məlumat verməli idi. Bundan əlavə malın qüsurlu olmasını təsdiq edən mötəbər sənəd də yoxdur. Əgər quraşdırmadan sonra hər hansı qüsur aşkar olunursa, buna quraşdırma işlərinin qüsurlu aparılması da səbəb ola bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, həmin mübahisəli çiləmə sulama sistemini quraşdıran şəxsin peşəsi “qaynaqçı” olub və şahid qismində dindirilən həmin şəxs çiləmə və yaxud X7nin quraşdırılması üzrə xüsusi biliyinin və bu peşəyə dair hər hansı bir sənədinin və yaxud sertifikatının olmadığını bildirmişdi. Damlama sulama və yaxud çiləmə-sulama sistemi kimi qəliz sistemin quraşdırılmasına, bu sahə üçün xüsusi biliyi və bacarığı olan peşəkar mütəxəssis cəlb edilməli idi. Mübahisəli damlama-sulama sistemini quraşdıran şəxsin bu sahə üzrə peşəkar mütəxəssis olmaması da nəzərdə tutulan nəticənin alınmamasına səbəb ola bilərdi. Cavabdehin göndərdiyi suvarma sistemi iddiaçı tərəfindən qəbul edilərək, quraşdırma üçün mütəxəssisə təqdim olunmaq əvəzinə, qeyri-peşəkar şəxsə təqdim olunmuşdur. Malı qəbul etdikdə də, hər hansı qüsur barədə məlumat verilməmişdir. Bundan əlavə, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi iddia ərizəsində damlama-sulama sisteminin qüsurlarının siyahısı göstərilmişdir. Həmin siyahıda təxminən 49000 ABŞ dolları məbləğində qüsurlar qeyd olunmuşdur. İddia tələbində isə 147647 ABŞ dolları məbləğində pul tələb edilir ki, hər iki məbləğ arasında kəskin fərq mövcuddur. Cavabdeh "xxxx" Şirkəti məhsullara dair qarantiya vermir, istehsalçı şirkətin texniki sənədlərini alıcıya göndərir. Atom 42FC adlı yağmurlama başlıqlarının keyfiyyət göstəriciləri "xxxx" Şirkətinin rəsmi internet saytında yerləşdirilmişdir. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, mütəxəssisə həmin göstəricilər təqdim edilmişdir. Lakin, mütəxəssisə təqdim olunan göstəricilərdən "xxxx" Şirkətinin rəsmi internet saytında yerləşdirilmiş müəyyən hissə çıxarılmışdır. Həmin çıxarılan hissədə isə sistemin sınağının küləksiz şəraitdə aparılmalı olduğu və küləkli havanın sistemə mənfi təsir göstərə biləcəyi qeyd edilmişdir. Eyni zamanda, damlama-sulama sistemini quraşdırılan işçilər də bu sahədə kifayət qədər peşakar olmalıdırlar. Əgər sistemi quraşdıran işçilərin peşəkarlığı barədə şübhələr var idisə, iddiaçı Şirkət montaj mütəxəssisi dəvət edərək, quraşdırılmada yol verilən qüsurları rəsmiləşdirə bilərdi. Məhkəməyə cavabdeh tərəfindən təqdim edilən auditor hesabatı isə yük-gömrük bəyannamələri və fakturalar əsasında tərtib edilmişdir. 25 aprel 2023-cü ildə və 01 may 2023-cü ildə keçirilmiş məhkəmə baxış iclaslarında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X10 izahatında bildirmişdir ki, o, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və onunla İddiaçı arasında bağlanmış müqavilə əsasında həmin MMC-nin işçiləri tərəfindən 2021-ci ilin təxminən aprel-iyun aylarında Salyan rayonu ərazisində yerləşən təxminən 40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində çiləmə-sulama sistemi quraşdırılmışdır. Lakin, quraşdırmadan sonra sınaq zamanı müəyyən edilmişdir ki, quraşdırılan sistemin yağmurlama başlıqları lazımi məsafədə su vurmur. Buna görə də, o, bu sistemi quraşdıran İddiaçı MMC-nin əməkdaşlarına öz iradını bildirmiş və bu sifariş üzrə ödəməli olduğu pulun bir hissəsini ödəməmişdir. Həmin MMC-nin işçiləri bu qüsuru aradan qaldırmaq istəsələr də, heç bir müsbət nəticə əldə olunmamışdır. Lakin, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X10 iş üzrə 22 may 2023-cü il tarixinə təxirə salınmış məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, həmin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq həmin iclasın mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 iştirakı olmadan keçirilməsini və onun iştirakı olmadan işin baxılmasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, şahid ifadəsini, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, İddiaçındə usta vəzifəsində işləyir və ixtisası qaynaqçıdır. O, X4 Salyan rayonu ərazisində yerləşən 40 hektar torpaq sahəsində 2021-ci ilin təxminən aprel-iyun aylarında çiləmə-sulama sistemini quraşdırmış, lakin quraşdırmadan sonra gözlənilən nəticəni əldə edə bilməmişdir. Çünki, quraşdırılan yağmurlama başlıqları tələb olunan məsafədə su vurmamışdır. O, damlama-sulama sisteminin quraşdırılması peşəsi üzrə hər hansı xüsusi təhsil almasa da, bu peşəni usta yanında işləyərək öyrənmişdir. O, 10-12 ildir ki, bu cür sistemlərin quraşdırılması sahəsində işləsə də, Oktay Hacıyevin sahəsində çiləmə sistemi üzrə ilk dəfə işləyirdi. Çiləmə sisteminin quraşdırılması üçün onun sertifikatı və s. yoxdur. Çiləmə sistemi ilə damlama sisteminin fərqi sadəcə “jet”ləri quraşdırmaqdadır. Damlama sistemi bağ üçün, çiləmə sistemi isə bostan üçün istifadə olunur. Həmin sahədə su borularını təxminən 70-80 sm torpaqaltı dərinliyə döşəmişdir. “Jet”in altındakı qurğuda təzyiq 6 bar olsa da, yağmurlama başlıqları suyu tələb olunan məsafədə vurmurdu. Sistemdə orta hissədən döşənilmiş “ana xətt” üzrə borunun uzunluğu 160 metr idi. “Ana xətt” borusunun kənarlarına 110 metr, 90 metr, 75 metr uzunluqlarında borular döşənmişdi. 110 metr uzunluğundakı boruda 2 ədəd “jet”, 90 metr uzunluğundakı boruda 2 ədəd “jet”, 75 metr uzunluğundakı boruda 1 ədəd “jet” var idi. Orta hissədən döşənilmiş “ana xətt” üzrə borunun uzunluğunun 160 metr, onun kənarlarına döşənilmiş boruların 110 metr, 90 metr, 75 metr uzunluqlarında olması, layihəyə əsasən müəyyən edilmiş uzunluqlardır. Sistemdə quraşdırılmış motorun gücü isə 45 kvt idi. Həmin sistemin quraşdırılması üçün hər hansı bir xüsusi mütəxəssis tərəfindən tərtib və təsdiq olunmuş layihə olmasa da, o, həmin sistemi lazımi qaydada quraşdırmış və quraşdırmada heç bir nöqsan olmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 10 oktyabr 2020-ci il tarixli Alqı-satqı Müqaviləsinin (Azərbaycan dilində tərtib edilmişdir) 1-ci bəndindən görünür ki, icraçı "xxxx" Şirkəti sifarişçi İddiaçınə məxsus sahədə (Azərbaycan Respublikası Xaçmaz rayonunda yerləşən bağ sahəsi) X7 - 40 SET, X14 Makinaları - 30 adet, Traktör - 15 adet (bundan sonra “Mal” adlandırılacaq) ilə təmin etməyi, Sifarişçi isə Malın dəyərini İcraçıya ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, malların qüsursuz və tam şəkildə çatdırılması üzrə bütün öhdəliklər İcraçının üzərindədir. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən, icraçı tərəfindən göndərilən malların Sifarişçiyə məxsus sahədə boşaldılması zamanı mallarda hər hansı qüsur aşkar edilərsə, həmin malların dəyəri hesablanaraq İcraçı tərəfindən Sifarişçiyə geri ödənilməlidir. Həmin Müqavilənin 4.4-cü bəndinə əsasən, icraçı tərəfindən malların çatdırılaraq Sifarişçiyə onun Podrat sahəsində təhvil verilməsini təsdiq edən 2 (iki) eyni hüquqi qüvəyə malik olan nüsxədə təhvil-təslim aktı ilə rəsmiləşdirilir. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, malların bu müqavilə üzrə müəyyən edilən keyfiyyət və şərtlər ilə "Sifarişçi” Podrat sahəsinə çatıdırimasını lazımı qaydada icra etmək (5.1.1-cü bəndi), müqavilənin 4.3. bəndində qeyd edilən hal baş verdikdə “Sifarişçi”nin tələbi ilə həmin malların dəyəri hesablanaraq Sifarişçiyə geri ödəmək (5.1.3cü bənd), bu müqavilə üzrə satılan mallarda “Sifarişçi” tərəfindən düzgün istismar edilməsi şərti ilə zəmanət müddətlərində hər hansı qüsür və ya nasazlıq baş verdikdə onları təmir etmək və ya yenisi ilə əvəzləmək (5.1.6-cı bənd) – İcraçının vəzifələrinə aid edilmişdir. Həmin Müqavilənin 5.4-cü bəndinə əsasən, malların bu müqavilə üzrə müəyyən edilən keyfiyyət və şərtlər ilə podrat sahəsinə lazımı qaydada çatıdırlmasını tələb etmək (5.4.1-ci bənd), müqavilənin 4.3. bəndində qeyd edilən hal baş verdikdə həmin malların dəyəri hesablanaraq “İcraçı”dan geri ödənişi tələb etmək (5.4.2-ci bənd), Müqavilə üzrə “İcraçı’nın üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasını və onlann pozulmasına yol verilməməsini “İcraçı”dan tələb etmək (5.4.3-cü bənd) - Sifarişçinin hüquqlarına aid edilmişdir. Qeyd etmək lazımdır ki, iş üzrə aparılan məhkəmə araşdırması zamanı məhkəmə iclaslarında iştirak edən cavabdeh "xxxx" Şirkətinin nümayəndəsi Nümayəndə2 tərəflər arasında hər hansı bir müqavilə bağlanmadan 2019-2022-ci illər ərzində dəfələrlə cavabdeh Şirkət tərəfindən İddiaçı MMC-yə sifariş əsasında kənd təsərrüfatında istifadə olunan müxtəlif avadanlıqların göndərildiyini, sonuncu tərəfindən göndərilən malların əksər hissəsinin dəyərinin ödənildiyini, lakin bu əməkdaşlıq üçün heç bir yazılı müqavilə, o cümlədən də 10 oktyabr 2020-ci il tarixli Alqı-satqı Müqaviləsi imzalanmadığını və bağlanmadığını, iddiaçı tərəfindən təqdim olunan həmin Müqavilənin cavabdeh Şirkətin səlahiyyətli şəxsləri tərəfindən imzalanmadığını, heç bir müqavilə olmadan qaimə fakturalar və gömrük sənədləri ilə malların göndərildiyini və tərəflər arasındakı münasibətlərin hər hansı bir müqavilə əsasında yaranmadığını bildirmişdir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 isə iddia tələbinin əsaslandırıldığı 10 oktyabr 2020-ci il tarixli Alqı-satqı Müqaviləsinin həqiqətən də cavabdeh Şirkətin səlahiyyətli şəxsləri tərəfindən imzalanmasının sübut olunması üçün heç bir təşəbbüs göstərməmişdir (iddia ərizəsində qeyd olunan 30 may 2020-ci il tarixli alqı-satqı muqaviləsi isə iddia predmeti üzrə mübahisələndirilən qüsurlu mallara aid olmaması səbəbindən, iddiaçının nümayəndəsi tərəfindən müzakirəyə çıxarılmamış və məhkəmə araşdırması zamanı həmin müqavilə tədqiqat obyekti olmamışdır). İddiaçının məhkəməyə təqdim etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş 28 fevral 2023-cü il tarixli UNİ/F 07-068/23 nömrəli Mütəxəssis Rəyindən görünür ki, sifarişçi İddiaçı MMC-nin müraciətinə əsasən "xxxx" MMC-nin mütəxəssisləri Salyan rayonu Qardili kəndi ərazisində yerləşən damlama suvarma sisteminin texniki xüsusiyyətlərinin müəyyən еdilməsi üçün işlər həyаtа kеçirərək, avadanlığın mövcud vəziyyəti, faktiki texniki xüsusiyyətləri, istismar yeri, şəraiti və s. nəzərə alınmaqla apаrılmış hеsаblаmаlаrа və təhlillərə əsаsən sualları aşağıdakı kimi cavablandırmışlar: 1. Damlama suvarma sisteminin yağmurlama başlıqları Atom 42FC-nin faktiki texniki xüsusiyyətləri istehsalçı tərəfindən bəyan edilmiş texniki xüsusiyyətlərə (atış məsafəsi faktiki 30-35 metr) uyğun deyil. 2. Damlama suvarma sisteminin başlıqları Atom 42FC-nin atış məsafəsi faktiki olaraq istehsalçı tərəfindən bəyan edilmiş xüsusiyyətlərə uyğun olmadığından ərazidə hər biri 10 metr diametrdə su şırnağı çatmayan sahələr mövcuddur.

3. Suvarma sisteminin detallarının və ya avadanlıqlarının təmiri, yaxud əvəz edilməsi ilə damlama sisteminin tədqiq edilmiş sahədə işlək vəziyyətə gətirilməsi mümkün deyil. 4. Sistemin detalları və avadanlıqları, həmçinin sahəyə çəkilmiş su boruları, hovuz xüsusi olaraq Atom 42FC başlıqları üçün quraşdırıldığından və suyun təzyiqi, boruların diametri, avadanlığın gücü və s. bu başlıqlar üçün hesablandığından sistemin tədqiq edilmiş sahənin tam suvarılması üçün işlək vəziyyətə gətirilməsi mümkün deyil. İddiaçının məhkəməyə təqdim etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 27 mart 2023-cü il tarixli UNİ/M 09-169/23 nömrəli "əmlakın qiymətləndirilməsi barədə" Mütəxəssis Rəyindən görünür ki, sifarişçi İddiaçı MMC-nin müraciətinə əsasən "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən Salyan rayonu Yenikənd kəndi ərazisində yerləşən yağmurlama-suvarma sisteminin qiymətləndirmə işi həyata keçirilmiş və həmin əmlakın yerləşdiyi yer, təyinatı, istifadə imkanları nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən Salyan rayonu Yenikənd kəndi ərazisində yerləşən yağmurlama suvarma sisteminin ədalətli bazar dəyərinin 27 mart 2023-cü il tarixə 333466 (üç yüz otuz üç min dörd yüz altmış altı) manat təşkil etdiyi müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, yuxarıda adı çəkilən 28 fevral 2023-cü il tarixli UNİ/F 07- 068/23 nömrəli Mütəxəssis Rəyində tədqiqat predmetinin Salyan rayonu Qardili kəndi ərazisində, 27 mart 2023-cü il tarixli UNİ/M 09-169/23 nömrəli Mütəxəssis Rəyində isə tədqiqat predmetinin Salyan rayonu Yenikənd kəndi ərazisində yerləşdiyi göstərilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 06 aprel 2023-cü il tarixli AZVİA 07-034/23 nömrəli “Daşınar əmlakın qiymətləndirilməsi barədə” mütəxəssis Rəyində göstərilir ki, sifarişçi “X5 X11 Taahhüt ve X3 Sanayi ve Ticaret Limited” Şirkətinin sifarişi əsasında "xxxx" MMC-nin ekspertləri tərəfindən Salyan rayonu Qaradilli kəndində X6 məxsus ərazidə İddiaçı MMC tərəfindən quraşdırılmış X7ninə baxış keçirilməsi üçün əraziyə gedilmişdir. X2 ərazidəki avadanlıqları mütəxəssislərə göstərməmiş və yalnız pencərəsi açıq olan hissədən avadanlıqları görmək mümkün olmuşdur. Salyan rayonu Qaradilli kəndində X6 məxsus ərazidə İddiaçı MMC tərəfindən quraşdırılmış X7nin İddiaçı MMC-nin sifarişi ilə "xxxx" Ananim Şirkəti tərəfindən istehsalçı firma olan “X12 İhracat Sanayi Ticaret” Anonim Şirkətindən əldə edilərək xx.xx.2021-ci il tarixli ZYE**********216 nömrəli fatura və X13 xx.xx.2021-ci il tarixli 21080100EX010384 nömrəli bəyannamə əsasında İddiaçı MMC-yə göndərilmiş X7nin olub-olmadığı (sistemin hər hansı hissəsinin, yaxud detalının başqa istehsalçı tərəfindən, məsələn hər hansı yerli istehsalçı tərəfindən istehsal edilmiş hissə, detal ilə əvəz edilib-edilmədiyi də daxil olmaqla) müəyyən edilə bilinmədi. Mütəxəssis həmin damlama suvarma sisteminin avadanlıqlarının tam olmaması barədə qənaətə gəlmişdir. Salyan rayonu Qaradilli kəndində X6 məxsus ərazidə İddiaçı MMC tərəfindən quraşdırılmış X7nin yağmurlama başlaqıları - Atom 42FC-nin texniki göstəricilərinin istehsalçı firma “X12 İhracat Sanayi Ticaret” Anonim Şirkətinin bəyan etdiyi texniki göstəricilərə uyğun olub-olmadığı müəyyən edilə bilinmədi. Sistemin tam işə salınmaması səbəbindən ərazidə quraşdırılmış X7nin yeraltı borularında su sızmalarının olub-olmadığı, əgər varsa bunun səbəbi (yanlış quraşdırılma və s. olub-olmadığı) müəyyən edilə bilinmədi. Həmçinin, əgər yeraltı borularda su sızmaları varsa, suyun atış məsafəsinin daha aşağı olmasının bu səbəbdən, yaxud sistemin quraşdırılması zamanı yol verilmiş başqa qüsurlardan yarandığı ehtimal edilir. Ərazidə suyun təzyiqi müəyyən edildikdən sonra X7nin ərazinin hansı hissələrinə hansı məsafədə su vurduğu müəyyən edilsin. Yaranmış problemin ərazinin yaxın və nisbətən daha uzaq hissələrində suyun daha uzaq məsafəyə vurulmasının mümkün olmamasının səbəbinin ərazidə suyun təzyiqinin az olmasından, yaxud başqa obyektiv səbəblərdən qaynaqlandığı mümkündür. Su krantlarının işlək vəziyyəti, «sarvat» olub-olmaması, əgər su krantlarının işlək vəziyyətində qüsur varsa, bunun istehsal qüsuru, yaxud yanlış quraşdırma və ya yanlış istismar etmə nəticəsində əmələ gəlib-gəlmədiyi müəyyən edilə bilinmədi. İddiaçı MMC tərəfindən quraşdırılmış X7nin su atışının zəif olmasının səbəbi sistemin quraşdırılması zamanı xətalara yol verilməsi, nəticədə yeraltı su borularında sızmalar əmələ gəlməsi və su krantlarının “sarvat” olaraq sıradan çıxması ola bilər. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş 18 mart 2023-cü il tarixli Auditor Hesabatından görünür ki, audit yoxlamasına təqdim edilmiş alqı-satqı əməliyyatlarına dair sənədlər üzrə tərtib edilmiş müqayisə cədvəlinə (dövriyyə cədvəlinə) əsasən 21 oktyabr 2019-ci il tarixdən 08 iyun 2022-ci il tarixədək "X15" Şirkəti tərəfindən (Talha Topan) 3.820.075,8 (üç milyon səkkiz yüz iyirmi min yetmiş beş dollar 80 sent) ABŞ dolları dəyərində kənd təsərrüfat texnikalarının, su qurğularının (damlama sulama su qurğuları sistemi), istixana avadanlıqlarının və s. İddiaçı MMC-nə satılması müəyyən olunmuşdur. İddiaçı MMC tərəfindən aldığı Kənd təsərrüfatı texnikalarına, su qurğularına (damlama sulama su qurğuları sistemi), istixana avadanlıqlarına və sairə görə “X15” Şirkətinə 3.618.400 (üç milyon altı yüz on səkkiz min dörd yüz) ABŞ dolları məbləğində pul vəsaiti ödəmişdir. Nəticədə İddiaçı MMC-nin “X15” Şirkətinə 201675,8 (iki yüz bir min altı yüz yetmiş beş) ABŞ dolları (3820075,8 - 3618400) kreditor borcu yaranmışdır. Qeyd olunan kreditor borcu "X15" Şirkətinə ödənilməlidir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, Türkiyə Respublikasından ixrac edilməsi ilə "xxxx" Şirkəti tərəfindən İddiaçınə (ünvan: Azərbaycan Respublikası ünvan 2kkiz yüz) ABŞ dolları məbləğində damlama-sulama sistemi avadanlıqları göndərilmiş (21 aprel 2021-ci il tarixli "e-Fatura") və həmin 97800 (doxsan yeddi min səkkiz yüz) ABŞ dolları məbləğində damlama-sulama sistemi avadanlıqları 22 aprel 2021-ci ildə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuşdur (22 aprel 2021-ci il tarixli Gömrük Bəyannaməsi). İş materiallarında olan icraçı İddiaçı ilə sifarişçi X10 (VÖEN **********) arasında bağlanmış 10 fevral 2021-ci il tarixli Alqı-satqı Müqaviləsinin 1-ci bəndindən görünür ki, İcraçı Sifarişçiyə məxsus Salyan rayonunun Qardili kəndində yerləşən 39,88 ha (hektar) torpaq sahəsində bir dəst “X9” ilə təmin etməyi, Sifarişçi isə həmin işin dəyəri olan 222700 manat məbləğində pul vəsaitini İcraçıya ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 587.1-ci maddəsinin tələblərinə görə, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə, alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını və yaxud əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 587.2-ci maddəsinin tələblərinə görə, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin (maddə 587.2.1.) və yaxud, lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin (maddə 587.2.2.). Həmin Məcəllənin 587.3-cü maddəsinə əsasən, bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Həmin Məcəllənin 587.5-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Həmin Məcəllənin 588.2-ci maddəsinə əsasən, satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, alıcı İddiaçı MMC (iddiaçı) ilə satıcı "xxxx" Şirkəti (cavabdeh) arasında 10 oktyabr 2020-ci il tarixli “Alqı-satqı müqaviləsi”nin hər iki tərəf üçün məqbul sayıla biləcək formada və məzmunda tərtib edilməsi və həmin Müqavilənin müvafiq qaydada səlahiyyətli şəxslər tərəfindən imzalanaraq bağlanmış olması mübahisəli olsa da, işin konkret halları və tərəflərin nümayəndələrinin izahatları əsasında təsdiq olunur ki, faktiki olaraq 2019 - 2022-ci illər ərzində cavabdeh "xxxx" Şirkəti tərəfindən dəfələrlə müxtəlif istehsalçılar tərəfindən istahsal edilmiş kənd təsərrüfat texnikaları, su qurğuları (damlama-sulama su qurğuları sistemi), istixana avadanlıqları və s. Türkiyə Respublikasından gömrük nəzarətindən keçirilməklə Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən İddiaçı MMC-yə satılmış, sonuncu tərəfindən isə həmin malların dəyəri mütəmadi olaraq bank vasitəsi ilə cavabdeh "xxxx" Şirkətinə ödənilmişdir. Lakin, qeyd olunan bu illər ərzində ümumilikdə təxminən 4 milyon ABŞ dollarına yaxın baş tutmuş dövriyyə üzrə göndərilən malların qüsurluluğu barədə başqa mübahisələr olmasa da, İddiaçı MMC-nin sifarişi ilə "xxxx" Şirkəti tərəfindən istehsalçı firma olan “X12 İhracat Sanayi Ticaret” Anonim Şirkətindən əldə edilərək xx.xx.2021-ci il tarixli ZYE**********216 nömrəli “fatura” və X13 xx.xx.2021-ci il tarixli 21080100EX010384 nömrəli bəyannamə əsasında İddiaçı MMC-yə göndərilən (97800 ABŞ dolları dəyərində) və İddiaçı MMC-nin işçiləri tərəfindən Salyan rayonu Qaradilli kəndində X6 məxsus ərazidə 2021-ci ilin təxminən may-iyun aylarında quraşdırılan damlama (çiləmə) sulama sistemində quraşdırmadan sonra qüsurların olduğu, yəni həmin sistem vasitəsi ilə suyun nəzərdə tutulan məsafəyə vurulmadığı müəyyən edildiyi üçün tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Buna görə də, İddiaçı MMC “cavabdeh "xxxx" Şirkətindən mediasiya ödənişi olaraq 400 manat, dəymiş ziyana görə 147647 ABŞ dolları və məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 142 manat olmaqla, ümumilikdə 147647 ABŞ dollarının və 542 manat pulun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunması” barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan X6 məxsus sahədə yeraltı boru çəkmə üsulu ilə quraşdırılan çiləmə-sulama sistemi iddiaçı "xxxx" MMC-nin öz işçisi tərəfindən icra edilmiş olsa da, həmin işçinin bu işləri görmək sahəsində xüsusi peşə biliyinə və ixtisasa malik olması hər hansı bir rəsmi sənədlər və mötəbər sübutlar əsasında müəyyən edilməmişdir. Eyni zamanda, məhkəmə araşdırması zamanı məlum quraşdırmanın - quraşdırılan sistemin xüsusiyyətlərini, texniki parametrlərini və yerin quruluşunu əks etdirən və müvafiq xüsusi biliyə malik mütəxəssis tərəfindən tərtib və təsdiq edilmiş layihə əsasında aparılmadığı müəyyən olunmuşdur. Halbuki, məlum sistemin qurulması üçün nəzərdə tutulan avadanlıqlar quraşdırıldıqdan sonra təyinatı üzrə istifadə imkanlarına nail olunmasında - quraşdırma işlərinin keyfiyyəti və quraşdırmanın düzgün və qaydasında aparılmasının mühüm əhəmiyyəti vardır. Tərəflər bu mübahisə üzrə məhkəməyə “mütəxəssis rəyləri” təqdim etsələr də, həmin mütəxəssis rəyləri quraşdırma işinin lazımi səviyyədə aparılmasının qiymətləndirilməsi üçün kifayət qədər mötəbər olmamışdır. Belə olan halda Salyan rayonunun Qardili kəndində yerləşən X6 məxsus 39,88 ha torpaq sahəsində quraşdırılan çiləmə-sulama sisteminin nəzərdə tutulan parametrlər üzrə işləməməsində “cavabdeh Şirkət tərəfindən göndərilən avadanlıqların qüsurlu olması” nəticəsinə gəlinməsi üçün kifayət qədər əsaslar mövcud deyil. Bundan əlavə, qeyd etmək lazımdır ki, hətta iddiaçı tərəfin iddia tələbini əsaslandırdığı 10 oktyabr 2020-ci il tarixli “Alqı-satqı müqaviləsi”nin tərəflərin hüquq və vəzifələrini müəyyən edən müqavilə şərtlərində də Salyan rayonu ərazisində yerləşən X6 məxsus sahədə quraşdırılan çiləmə-sulama sisteminin nəzərdə tutulan parametrlər üzrə işləməməsində cavabdeh Şirkətin təqsirli hesab edilməsi üçün kifayət qədər əsaslar mövcud deyil. Belə ki, həmin Müqavləyə əsasən sifarişçi İddiaçınə məxsus sahədə - Xaçmaz rayonunda yerləşən bağ sahəsində istifadə üçün alınan X7 avadanlıqlarının müqavilədə nəzərdə tutulmadığı halda Salyan rayonu ərazisində istifadə edilməsi, İcraçı tərəfindən göndərilən malların Sifarişçiyə məxsus sahədə boşaldılması zamanı mallarda hər hansı qüsur aşkar edilərsə, həmin malların dəyərinin hesablanaraq İcraçı tərəfindən Sifarişçiyə geri ödənilməsi (4.3-cü bənd), yəni “malların boşaldılması zamanı” aşkar olunan qüsurlara görə İcraçının məsuliyyətinin müəyyən edilməsi, malların təhvil-təslim aktı ilə verilməsi (4.5-ci bəndi), lakin belə bir aktın məhkəməyə təqdim olunmaması, göndərilən mallara zəmanətin verilməli olması (məhkəməyə qüsurlu mallarla əlaqədar zəmanət verilməsinə dair sübutlar təqdim olunmamışdır) və s. bu kimi halların heç biri də iddiaçı Şirkətin məlum quraşdırma üzrə “mütəxəssis olmayan işçiləri tərəfindən müvafiq texniki layihə olmadan aparılan” quraşdırılmadan sonra yaranan hər hansı bir qüsura və yaxud gözlənilən nəticənin alınmamasına görə məsuliyyətin cavabdeh Şirkətə aid edilməsinə əsas vermir. Eyni zamanda, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı ona satılan malın qüsurlu olmasına istinad edərək, bu qüsurların nəticəsində ona “147647 ABŞ dolları zərər dəyməsini” göstərərək, həmin zərəri cavabdehdən tələb etsə də, Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının tələblərinə uyğun olaraq bu zərərin “alış qiymətinin mütənasib azaldılması”, “əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması” və ya “əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi” qismində olub-olmamasını göstərməməklə, müvafiq qaydada əsaslandırmamış və bununla əlaqədar hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində “bütün sistemin yararsız olmasını və aldığı malı geri qaytarmaq niyyətində olmasını” deyil, məhz “Atom 42FC” yağmurlama başlıqlarının həmin sistemin tələblərinə cavab verməməsini və məhz buna görə də bütün sistemin istismara tam yararsız olmasını göstərmişdir. Yəni, iddiaçının dəymiş zərər qismində tələb etdiyi məbləğin “147647 ABŞ dolları” təşkil etməsinə və həmin zərərin malın dəyərindən artıq olmasına baxmayaraq, iddiaçı ona dəyən zərərin malın dəyərindən artıq olmasının səbəblərini və s. öz iddiasında əsaslandırmamışdır. Halbuki, "xxxx" Şirkəti tərəfindən 21 aprel 2021-ci il tarixli ZYE**********216 nömrəli “fatura” ilə İddiaçınə 97800 ABŞ dolları dəyərində damlama-sulama sistemi göndərilmiş və İddiaçı tərəfindən isə sifarişçi X6 bir dəst “X9” 222700 manata satılmışdır. Bununla belə, iddiaçı iddia ərizəsində yalnız malın qüsurlu olmasına istinad edərək, məlum quraşdırmanın düzgün aparılmasına və bu qüsurun yaranmasında satıcı olaraq cavabdeh Şirkətin təqsirinin olmasına dair heç bir sübut təqdim etmədən, ona bu qüsur nəticəsində “147647 ABŞ dolları” məbləğində zərər dəydiyini göstərmiş və həmin zərərin cavabdehin ödəməsini tələb etmişdir. Bundan əlavə, iddiaçının özünün məhkəməyə təqdim etdiyi 27 mart 2023-cü il tarixli UNİ/M 09- 169/23 nömrəli "Əmlakın qiymətləndirilməsi barədə" mütəxəssis rəyindən görünür ki, mübahisə predmeti olan yağmurlama suvarma sisteminin 27 mart 2023-cü il tarixə 333466 manat məbləğində dəyəri vardır. Yəni, iddiaçı əgər malın qüsurlu olmasına istinad edərək pul tələb edirsə, bu zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri baxımından 333466 manat dəyəri olan həmin malı da satıcıya qaytarmağa borclu olardı (maddə 587.5). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Göründüyü kimi, işin yuxarıda təsvir olunan halları ilə müəyyən olunur ki, İddiaçı MMC-nin işçiləri tərəfindən Salyan rayonu Qaradilli kəndində X6 məxsus 39,88 ha ərazidə 2021-ci ilin may-iyun aylarında quraşdırılan çiləmə-sulama sisteminin qüsurlarına görə dəymiş ziyan qismində hesablanaraq cavabdeh "xxxx" Şirkətindən “dəymiş ziyana görə 147647 ABŞ dolları məbləğində” pul vəsaitinin tələb olunmasının əsaslılığı sübut olunmamışdır. Halbuki, məhkəmə qeyd etməyi lazım bilir ki, yuxarıda təsvir olunan hallara və aşağıda qeyd olunan qanunvericilik normalarının tələblərinə görə bu iddia tələbi üzrə ilk növbədə iddiaçının öz işçiləri tərəfindən quraşdırılmış sistemdə gözlənilən və nəzərdə tutulan nəticənin alınmamasına görə məsuliyyəti cavabdeh Şirkətin daşımalı olması iddiaçı tərəfindən sübut edilməli idi. Çünki, bu mübahisə üzrə sübutetmə yükü “Salyan rayonu Qaradilli kəndində X6 məxsus 39,88 ha ərazidə quraşdırılan çiləmə-sulama sisteminin qüsurlarına görə ziyanın vurulduğunu” iddia edən iddiaçı tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Bundan əlavə, sübutetmə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir”. Beləliklə də, İddiaçı tərəfindən cavabdeh "xxxx" Şirkətinə qarşı qarşı verilmiş “dəymiş ziyana görə 147647 məbləğində ABŞ dolları məbləğində pulun tutulması” barədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, əsaslılığı sübuta yetmədiyinə görə İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı “pul tələbi” barədə iddia tələbi, yəni “cavabdeh "xxxx" Şirkətindən dəymiş ziyana görə 147647 ABŞ dolları məbləğində pulun İddiaçı xeyrinə tutulması” barədə iddia tələbi təmin olunmamalıdır. Eləcə də, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri, yəni hazırkı iddia tələbində cavabdehdən tutulması xahiş olunan “400 manat məbləğində mediasiya ödənişi” və “məhkəməyə müraciət üçün ödənilmiş 142 manat dövlət rüsumu məbləği” də iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirakı edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı tərəfindən cavabdeh "xxxx" Şirkətinə qarşı verilmiş “pul tələbi” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar