Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-85/2024 27.02.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyyətli Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 16 noyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətindən 38958,88 (otuz səkkiz min doqquz yüz əlli səkkiz manat 88 qəpik) manat məbləğində ödənilməmiş əsas borc, bank uçot dərəcəsini nəzərə alaraq 3311,5 (üç min üç yüz on bir manat 50 qəpik) manat əlavə pul, ilkin mediasiya sessiyasinda iştirak üçün ödənilmiş 210 (iki yüz on) manat pul və 7,44 (yeddi manat 44 qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 42487,82 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyəti arasında 16 dekabr 2021-ci il tarixli BTF-21/73 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən iddiaçı 16538,88 manat dəyərində olan malları cavabdehin sifarişi əsasında hazırlayıb ona verməyi, cavabdeh isə həmin malları qəbul edib əvəzində malın dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra iddiaçı cavabdehlə 2022-ci il tarixdə şifahi alqı-satqı müqaviləsi də bağlamışdır. Həmin şifahi alqı-satqı müqaviləsinə əsasən isə iddiaçı 22420 manat dəyərində olan malları cavabdehin sifarişi əsasında hazırlayıb cavabdehə təhvil vermişdir. Cavabdeh isə həmin malları qəbul etsə də, aldığı malların dəyərini İddiaçıya hələ də ödəməmişdir. Belə ki, iddiaçı ümumilikdə 38958,88 manat dəyərində olan malları cavabdehə verməklə, yazılı və şifahi müqavilə üzrə öhdəliyini tam şəkildə yerinə yetirmişdir. Lakin, cavabdeh həmin aldığı mallara görə razılaşdırılmış məbləği indiyə qədər ödəməmişdir. İddiaçı borcun geri qaytarılması üçün cavabdehə xəbərdarlıq məktubu göndərsə də, cavabdehdən pulun alınması mümkün olmamışdır. Mübahisənin həll edilməsi üçün cavabdeh mediator vasitəsilə 30 oktyabr 2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak etmək üçün dəvət edilsə də, cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bundan sonra mediator iddiaçıya cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməməsi barədə arayış təqdim etmişdir. Mərkəzi Bankın veb saytında 16 noyabr 2023-cü il tarixinə olan uçot faiz dərəcəsi 8,5 % kimi müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətindən 38958,88 manat məbləğində ödənilməmiş əsas borc, bank uçot dərəcəsini nəzərə alaraq 3311,5 manat əlavə pul, ilkin mediasiya sessiyasinda iştirak üçün ödənilmiş 210 manat pul və 7,44 manat dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 42487,82 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) ilə sifarişçi Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyəti (VÖEN **********) arasında bağlanmış 16 dekabr 2021-ci il tarixli BTF-21/73 nömrəli Alqı-satqı Müqaviləsinin şərtlərinə görə, İcraçı bu müqavilədə qeyd edilmiş malları Sifarişçinin mülkiyyətinə verməyi, Sifarişçi isə həmin malları qəbul edib, əvəzində onun dəyərini hazırkı Müqavilə şərtlərinə uyğun İcraçıya ödəməyi öhdəsinə götürür (1.1-ci bənd). Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, bu Müqaviləyə əlavə olunmuş nümunəvi Razılaşma Protokoluna əsasən ilkin sınaq kimi malların adları, qiyməti və keyfiyyət göstəriciləri Tərəflər arasında razılaşdırılır. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, bu Müqavilənin 1.2-ci bəndinə əsasən Tərəflər arasında razılıq əldə olunarsa, sifariş ediləcək mallar bu müqaviləyə əlavə olunmuş X1 göstəriləcəkdir. Həmin Müqavilənin 2-ci bəndinə əsasən, İcraçının - Sifarişçidən malları bu müqaviləyə əlavə olunmuş X1 göstərilmiş müddətdə qəbul edilməsini tələb etmək (2.1.1-ci bənd), Sifarişçi müqavilə ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə Müqavilənin icrasından azı 1 (bir) ay əvvəlcədən yazılı şəkildə xəbərdar etməklə birtərəfli qaydada imtina etmək (2.1.4-cü bənd), İcraçının Sifarişçidən malların qiymətini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödənməsini tələb etmək, sifarişçi müqavilə ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə (alınmış malların dəyərini (razılaşdırılmış qiymətin ödənilməyən hissəsini) İcraçıya müəyyən edilmiş müddətdə ödəmədikdə gecikdirilən hər gunə malın dəyərinin ödənilməyən hissəsindən 0,02 faizi məbləğində cərimə pulu tələb etmək hüquqları vardır. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə malların ümumi (partiya) dəyəri Protokol ilə müəyyən edilir. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, müqavilə üzrə hesablaşma Azərbaycan manatı (AZN) ilə həyata keçiriləcək. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən, Sifarişçi malların protokolda göstərilmiş dəyərinin 100% həcmində ödənişini İcraçı tərəfindən malların tamamını təslim aldıqdan sonra hesab fakturası və qaimə yazıldıqdan 10 iş günü ərzində ödəyir. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, mallar müvafiq təhvil-təslim aktı tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzaladıqdan 30 iş günü sonra İcraçı tərəfindən Sifarişçiyə təhvil verilmiş hesab olunur. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən, müvafiq təhvil-təslim aktı, qaimə İcraçı tərəfindən tərtib edilir. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən, bu Müqavilənin icrası ilə bağlı tərəflər arasında yaranan bütün münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Həmin Müqavilənin 9.1-ci bəndinə əsasən, bu Müqavilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmasından sonra qüvvəyə minir və 16 dekabr 2022-ci il tarixə qədər qüvvədədir. İş materiallarında olan, 16 dekabr 2021-ci il tarixli BTF-21/73 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə tərtib edilərək sifarişçi Cavabdeh və icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən imzalanaraq təsdiq olunmuş 16 dekabr 2021-ci il tarixli 01 nömrəli "Qiymət Razılaşdırma” Protokolundan görünür ki, həmin 01 nömrəli Protokola əsasən 16 dekabr 2021-ci il tarixli BTF-21/73 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sifarişçi Cavabdehnə ƏDV (X3) daxil ümumilikdə cəmi 16538,88 manat (14016 manat malların dəyəri + 2522,88 manat ƏDV) dəyərində malların satılması barədə razılığa gəlinmişdir. İş materiallarında olan 18 aprel 2022-ci il tarixli 312050 nömrəli “Malların təhvil-qəbul” Aktından görünür ki, 18 aprel 2022-ci ildə satıcı "xxxx" MMC tərəfindən alıcı Cavabdehnə ƏDV daxil cəmi 16538,88 (on altı min beş yüz otuz səkkiz manat 88 qəpik) manat (14016 manat malın dəyəri + 2522,88 manat ƏDV) dəyərində məhsullar (mallar) satılmışdır. İş materialları ilə müəyyən olunur ki, 16 dekabr 2021-ci il tarixli BTF-21/73 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sifarişçi Cavabdehnə ƏDV daxil cəmi 16538,88 (on altı min beş yüz otuz səkkiz manat 88 qəpik) manat (14016 manat malın dəyəri + 2522,88 manat ƏDV) dəyərində malların satılması ilə əlaqədar 18 aprel 2022-ci il tarixli EBBU 671023 nömrəli Elektron Qaimə təqdim olunmuşdur. İş materiallarında olan 20 may 2022-ci il tarixli 026602 nömrəli Satış Qaiməsindən görünür ki, 20 may 2022-ci ildə satıcı "xxxx" MMC tərəfindən alıcı Cavabdehnə 19000 (on doqquz min) manat dəyərində mallar təhvil verilmişdir. İş materialları ilə müəyyən olunur ki, 16 dekabr 2021-ci il tarixli BTF-21/73 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sifarişçi Cavabdehnə ƏDV daxil cəmi 22420 (iyirmi iki min dörd yüz iyirmi) manat (19000 manat malın dəyəri + 3420 manat ƏDV) dəyərində malların satılması ilə əlaqədar 30 may 2022-ci il tarixli EBBX 258272 nömrəli Elektron Qaimə təqdim olunmuşdur. İddiaçı tərəfin təqdim etdiyi 11 yanvar 2024-cü il tarixli BTF-03/2024 nömrəli Maliyyə Arayışında göstərilir ki, Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətinin 16 dekabr 2021-ci il tarixli BTF-21/73 nömrəli Alqı-Satqı Müqaviləsinə əsasən almış olduğu mallara görə 11 yanvar 2024-cü il tarixə iddiaçı "Bakı Tekstil Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinə cəmi 38958,88 (otuz səkkiz min doqquz yüz əlli səkkiz manat 88 qəpik) manat məbləğində əsas borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin konkret halları ilə müəyyən olunur ki, 16 dekabr 2021-ci il tarixli BTF-21/73 nömrəli alqı-satqı Müqaviləsi üzrə almış olduğu mallara görə cəmi 38958,88 (otuz səkkiz min doqquz yüz əlli səkkiz manat 88 qəpik) manat məbləğində əsas borc alıcı Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyəti tərəfindən satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində 16 dekabr 2021-ci il tarixli BTF-21/73 nömrəli Alqı-satqı Müqaviləsi üzrə 38958,88 manat məbləğində əsas borcun, həmin ödənilməmiş əsas borc məbləğinə bank uçot dərəcəsinə əsasən hesablanmış 3311,5 manat əlavə pulun, 210 manat məbləğində ödənilmiş mediasiya xərcinin əvəzinin və 7,44 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətindən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyəti ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "xxxx" MMC tərəfindən mediatora 210 (iki yüz on) manat məbləğində xidmət haqqı və Dövlət Büdcəsinə isə 8 (səkkiz) manat məbləğində dövlət rüsumu ödənilmişdir (iddia tələbində isə “7,44 (yeddi manat 44 qəpik) manat məbləğində dövlət rüsumunun tutulması” xahiş olunmuşdur). Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətinin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara və işin konkret hallarına əsasən müəyyən olunur ki, 16 dekabr 2021-ci il tarixli BTF-21/73 nömrəli Alqı-satqı Müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə, həmin Müqavilə üzrə alınmış mallar üçün ödənilməmiş cəmi 38958,88 (otuz səkkiz min doqquz yüz əlli səkkiz manat 88 qəpik) manat məbləğində əsas borcun Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətindən iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır və həmin hissədə iddia təmin olunmalıdır. Lakin, iddiaçı "xxxx" MMC iddia tələbində Cavabdeh MMC-dən "bank uçot dərəcəsini nəzərə alaraq 3311,5 (üç min üç yüz on bir manat 50 qəpik) manat əlavə pulun” tutulmasını xahiş etsə də, məhkəmə araşdırması zamanı iddia tələbinin həmin hissədə əsaslılığı müəyyən edilməmişdir. Buna görə də "bank uçot dərəcəsini nəzərə alaraq 3311,5 (üç min üç yüz on bir manat 50 qəpik) manat əlavə pulun tutulması” hissəsində iddia tələbi əsaslılığı sübut olunmadığı üçün təmin edilməməlidir. Yəni, məhkəmə araşdırması zamanı həmin iddia tələbinin əsaslılığı iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Eyni zamanda, qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən tərəflər arasında bağlanmış Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər vaxtında (sifarişçi tərəfindən 16 dekabr 2021-ci il tarixli BTF-21/73 nömrəli Alqı-Satqı Müqaviləsinin 3.3-cü bəndinin tələblərinə uyğun olaraq 10 iş günü ərzində ödənilməmişdir) görülməyərək, uzun müddət sonra məhkəməyə müraciət edilmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarı ilə formalaşmış hüquqi mövqeyə əsasən, Mülki- Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətindən 38958,88 manat məbləğində əsas borc tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, hesablanmış dövlət rüsumunun iddiaçı tərəfindən ödənilmiş 7,44 (yeddi manat 44 qəpik) manat hissəsinin əvəzi və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə uyğun olaraq mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 210 (iki yüz on) manat məbləğində xidmət haqqının əvəzi də Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Qeyd etmək lazımdır ki, iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunması üçün iddiaçı "xxxx" MMC tərəfindən 8 (səkkiz) manat məbləğində dövlət rüsumu ödənilsə də, hazırkı iddia tələbində iddiaçı cavabdehdən “7,44 (yeddi manat 44 qəpik) manat məbləğində dövlət rüsumunun” tutulmasını xahiş etmişdir. Ona görə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) cavabdehdən həmin iddia tələbində göstərilən məbləğdə, yəni 7,44 (yeddi manat 44 qəpik) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Bundan əlavə, hazırkı iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ümumilikdə hesablanan 206,87 (iki yüz altı manat 87 qəpik) manat məbləğində dövlət rüsumunun Dövlət Büdcəsinə ödənilməmiş hissəsi olan 198,87 (yüz doxsan səkkiz manat 87 qəpik) manat (206,87 manat – 8 manat = 198,87 manat) məbləğində pul vəsaiti dövlət rüsumunun qalığı kimi Cavabdeh MMC-dən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətindən 38958,88 (otuz səkkiz min doqquz yüz əlli səkkiz manat 88 qəpik) manat məbləğində əsas borc, mediasiya ilə əlaqədar ödənilmiş 210 (iki yüz on) manat məbləğində xidmət haqqı və 7,44 (yeddi manat 44 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 39176,32 (otuz doqquz min yüz yetmiş altı manat 32 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətindən dövlət rüsumunun qalığı kimi 198,87 (yüz doxsan səkkiz manat 87 qəpik) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-85/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-85/2024
27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver