Məhkəmə qərarları › İş №e-2-2(119)-858/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-858/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-858/2021 18.11.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə və cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 17 iyun 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "X1” MMC-dən 143501,95 (yüz qırx üç min beş yüz bir manat 95 qəpik) manat məbləğində əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, tikinti mallarının istehsalı və alqı-satqısı ilə məşğul olan iddiaçı "xxxx" MMC ilə cavabdeh "X1" MMC arasında tikinti mallarının alqı-satqısına dair 21 fevral 2019-cu il tarixli DGA001 saylı müqavilə bağlanmış və həmin Müqavilə üzrə cavabdeh "X1" MMC-yə satılmış mallara görə sonuncunun 31 may 2021-ci il tarixə iddiaçı "xxxx" MMC-yə 143501,95 (yüz qırx üç min beş yüz bir min 95 qəpik) manat məbləğində borcu yaranmışdır. Bu barədə cavabdehə pretenziya məktubu təqdim edilmiş olsa da, cavabdeh "X1" MMC müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və iddiaçı "xxxx" MMC-yə olan həmin borcu ödəməmişdir (Bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 569.1, 385.1, 442, 448.1, 21.1 və 21.2ci maddələrinin məzmunu qeyd olunmuşdur). Həmin iş üzrə məhkəmə prosesi zamanı cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti 09 sentyabr 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə İddiaçınə qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia ərizəsinin məzmununda yol verilmiş yanlışlığın düzəldilməsi ilə əlaqədar 01 oktyabr 2021-ci il tarixli və 11 noyabr 2021-ci il tarixli “qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizələrlə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən cəmi 112348,98 (yüz on iki min üç yüz qırx səkkiz manat 98 qəpik) manat məbləğində (95211 manat + 17137,98 manat ƏDV) pul vəsaitinin alınaraq qarşılıqlı iddia üzrə iddiaçı “X1” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “X1” MMC arasında 21 fevral 2019-cu il tarixli DGA001 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən “X1” MMC tərəfindən ödənilən pul məbləğinin əvəzi olaraq verilmiş sifariş əsasında İddiaçı MMC müvafiq malları “X1” MMC-yə təhvil verməsinə öhdəlik götürmüşdür. Lakin İddiaçı MMC tərəfindən müqavilədə göstərilən öhdəlik lazımınca yerinə yetirilməmişdir. Belə ki, “X1” MMC tərəfindən İddiaçı MMC-nin hesabına malın ümumi dəyəri ƏDV daxil olmaqla cəmi 112348,98 manat (95211 + 17137,98 (ƏDV)) ödəniş edilmiş, lakin bu günə qədər mallar “X1” MMC-yə təhvil verilməmişdir. Həmin mallar bunlardır: - 1). 60 ton (tonu 851 manat) – 14-lük armatur - 51060 manat; 2). 12 ton (tonu 851 manat) – 12-lik armatur - 10212 manat; 3). 8 ton (tonu 851 manat) – 25-lik armatur - 6808 manat; 4). 5 ton (tonu 1001 manat) – 8-lik katanka - 5005 manat; 5). 4 ton (tonu 851 manat) – 16-lıq armatur - 3404 manat; 6). 14 ton (tonu 851 manat) – 18-lik armatur - 11914 manat; 7). 4 ton (tonu 851 manat) – 20-lik armatur - 3404 manat; 8). 4 ton (tonu 851 manat) – 22-lik armatur - 3404 manat. Beləliklə, İddiaçı MMC-nin “X1” MMC-yə 112348,98 (yüz on iki min üç yüz qırx səkkiz min 98 qəpik) manat borcu yaranmışdır. Tərəflər arasında bağlanılmış 21 fevral 2019-cu il tarixli DGA001 saylı alqı-satqı müqaviləsinin 4.1-ci bəndinə əsasən “Satıcı” müqaviləyə uyğun olaraq “Alıcı” tərəfindən ödəniş həyata keçirildikdən sonra 3 (üç) təqvim gün ərzində malı “Alıcı”ya təhvil verməyi öhdəsinə götürür. Lakin İddiaçı MMC tərəfindən bu günə qədər mallar “X1” MMCyə təhvil verilməmiş və tərəflər arasında təhvil-təslim akt bağlanmamışdır. Eyni zamanda, iş üzrə məhkəmə prosesi zamanı cavabdeh “X1” MMC tərəfindən 19 oktyabr 2021-ci ildə məhkəməyə iddia tələbinə qarşı yazılı Etiraz təqdim edilərək, İddiaçı MMC-nin cavabdeh “X1” MMC-yə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən “X1” MMC-yə qarşı qaldırılan iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, “X1” MMC və ya MMC-nin səlahiyyətli şəxsləri tərəfindən iddia tələbində qeyd olunan tikinti materialları qəbul edilməmiş, tərəflər arasında malların təhvil verilməsi və təhvil alınması barədə akt belə olmamışdır. Həmçinin, iddiaçının iddia tələbi üzrə göstərdiyi mallara dair “X1” MMC tərəfindən İddiaçı MMC-nin hesabına heç bir ödəniş olunmamışdır. Yalnız qarşılıqlı iddia ərizəsində göstərilən ƏDV daxil cəmi 112348,98 manat dəyərində tikinti materiallarına görə “X1” MMC tərəfindən İddiaçı MMC-nin hesabına ödəniş olunmuşdur. Ona görə də, İddiaçı MMC-nin "‘X2” MMCyə qarşı 143501,95 manat pul tələbinə dair iddiası əsassızdır və rədd olunmalıdır. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsini isə qəbul etmədiyini bildirərək, iddia ərizəsində yazılanlara uyğun izahat verib, ilkin iddianın təmin edilərək, cavabdeh "X1” MMC-dən 143501,95 manat məbləğində əsas borcun və iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi və cavabdeh "X1” MMC-nin “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsinin isə təmin olunmaması haqqında qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi Nümayəndə1 məhkəmə iclaslarında suallara cavab olaraq bildirmişdi ki, İddiaçı MMC armatur, katanka və s. tikinti materialların satışını həyata keçirir və satıcı İddiaçı MMC ilə alıcı "X1” MMC arasında da bu məqsədlə 21 fevral 2020-ci ildə DGA001 nömrəli müqavilə bağlanmışdır. Lakin, həmin müqavilənin tərtibi zamanı texniki səhvə yol verilmiş və müqavilənin tarixi “21 fevral 2020ci il” əvəzinə “21 fevral 2019-cu il” kimi qeyd olunmuşdur. Həmin Müqavilə əsasında satıcı İddiaçı MMC tərəfindən alıcı "X1” MMC-yə birinci dəfə 2020-ci ilin fevral ayında və ikinci dəfə isə 2020-ci ilin aprel-may aylarında müxtəlif növ armatur və katanka məhsulları satılmışdır. 2020-ci ilin fevral ayında satılmış olan malların qiyməti ƏDV ilə birlikdə alıcı "X1” MMC tərəfindən tam ödənilmiş olsa da, 2020-ci ilin aprel-may aylarında satılmış malların qiyməti və ƏDV-si ödənilməmişdir. Həmin mallar 16 aprel 2020-ci il tarixli EBAİ 852789 nömrəli, 24 aprel 2020-ci il tarixli EBAİ 949927 nömrəli və 14 may 2020-ci il tarixli EBAJ 898533 nömrəli Elektron Qaimələrlə satılmış və həmin Qaimələrdə qeyd olunan armatur və katankalar alıcı "X1” MMC-nin göstərdiyi yerə çatdırılmışdır. Hər üç Qaimələrdə qeyd olunan məhsullara görə ƏDV daxil cəmi 143501,95 manat məbləğində pul ödənilməli olmasına baxmayaraq, həmin pul vəsaiti "X1” MMC tərəfindən ödənilməmişdir. Bununla əlaqədar "X1” MMC-nin rəhbəri Əlyev Fərhadla dəfələrlə danışıqlar aparılmış olsa da, sonuncu müxtəlif bəhanələrlə həmin borcun ödənməsindən yayınmışdır. Satıcı İddiaçı MMC tərəfindən həmin borc tələb olunarkən Nümayəndə2 əvvəlcə başqa şirkətdən alacağı pul hesabına keçən kimi borcunu ödəyəcəyini, sonra isə həmin pulu ala bilmədiyini bildirib, borcun əvəzində bahalı avtomobilini təklif etmiş olsa da, tərəflər arasında həmin avtomobilin qiymətində razılaşma olmadığı üçün bu danışıqlar da nəticəsiz bitmişdir. Artıq borcu ala bilməyəcəyinə əmin olduqdan sonra İddiaçı MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra isə “X1” MMC hazırkı iş üzrə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2021-ci ilin fevral ayında ödəmiş olduğu ƏDV daxil cəmi 112348,98 manat məbləğində pul vəsaitinə görə guya armatur və katanka məhsullarını almadığı üçün həmin pulun İddiaçı MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu qarşılıqlı iddia tamamilə əsassızdır. Çünki, 2021-ci ilin fevral ayında razılaşdırılmış alqı-satqıya görə ödənilmiş ƏDV daxil cəmi 112348,98 manat məbləğində pul vəsaiti müqabilində nəzərdə tutulan armatur və katanka məhsulları tam həcmdə “X1” MMC-yə verilmişdir və sonuncu tərəfindən həmin məhsulları almaması barədə heç bir irad bildirilməmişdir. Eləcə də, məhkəməyə müraciət olunanadək 16 aprel 2020-ci il tarixli, 24 aprel 2020-ci il tarixli və 14 may 2020-ci il tarixli Elektron Qaimələrlə satılmış məhsulları almaması barədə də heç bir etirazı olmamış və həmin Qaimələrin də qəbulundan imtina etməmişdir. Əslində bununla bağlı “vatsapla” və digər vasitələrlə aparılan bütün danışıqlarda məlum Qaimələrlə almış olduğu pulun ödənilməsində yalnız möhlət istəmiş və pulun ödənilməməsini isə digər şirkətdən pulunu ala bilməməsi ilə əlaqələndirmişdir. Yəni, tərəflər arasında bağlanmış məlum Müqavilə üzrə tərəflər arasında iki mərhələdə alqı-satqı əməliyyatı olmuşdur. Birinci əməliyyata görə mal da verilmiş və həmin malın pulu da ödənmişdir. İkinci əməliyyata görə isə alıcının sifariş etdiyi mallar verilsə də, pulu alınmamışdır və bununla bağlı alıcı “X1” MMC-yə verilmiş yazılı pretenziyaya da heç bir etiraz olmamışdır. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 qarşılıqlı iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsini qəbul etmədiyini bildirərək, qarşılıqlı iddia ərizəsində, “qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizələrdə və iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”da yazılanlara uyğun izahat verib, qarşılıqlı iddia tələbinin təmin edilərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən 95211 manat əsas borc məbləği və 17137,98 manat ƏDV məbləği olmaqla, cəmi 112348,98 manat məbləğində pul vəsaitinin alınaraq qarşılıqlı iddia üzrə iddiaçı “X1” MMC-yə ödənilməsi və İddiaçı MMC-nin ilkin iddia ərizəsinin isə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 məhkəmə iclaslarında suallara cavab olaraq bildirmişdi ki, tərəflər arasında bağlanmış DGA001 nömrəli Alqı-satqı Müqaviləsinə əsasən 2020-ci ilin fevral ayında alıcı “X1” MMC tərəfindən ƏDV daxil cəmi 112348,98 manat məbləğində pul vəsaiti satıcı İddiaçı MMC-nin hesabına ödənilmiş olsa da, sonuncu tərəfindən həmin pul vəsaitinin müqabilində nəzərdə tutulan armatur və katanka məhsulları alıcı “X1” MMC-yə təhvil verilməmişdir və həmin malların alıcıya təhvil verilməsi barədə heç bir təhvil-təslim aktı mövcud deyildir. Eləcə də, 2020-ci ilin aprel-may aylarında ƏDV daxil cəmi 143501,95 manat dəyərində müxtəlif növ armatur və katanka məhsullarının satılması barədə Satıcı tərəfindən tərtib edilmiş Elektron Qaimələrdə qeyd olunan məhsullar da Alıcıya təhvil verilməmişdir və bununla bağlı da hər hansı bir təhvil-təslim aktı mövcud deyildir. Məhkəmə, proses iştirakçılarının məhkəmə iclasında vermiş olduqları izahatları, iddia ərizəsini, qarşılıqlı iddia ərizəsini, “qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizələri, ilkin iddia tələbinə qarşı verilmiş yazılı Etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən “borcun tutulması” barədə ilkin iddia tələbi təmin edilməli, “pul tələbi” barədə qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə alıcı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında bağlanmış 21 fevral 2019-cu il tarixli DGA001 nömrəli Alqı-satqı Müqaviləsinin 1.1-ci bəndinə əsasən, “Satıcı” “Alıcı”ya müxtəlif çeşiddə metal (bundan sonra “Mal”) satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, Malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə razılaşma ilə müəyyən olunur. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, “Satıcı” Müqaviləyə uyğun olaraq “Alıcı” tərəfindən ödəniş həyata keçirildikdən sonra 3 təqvim günü ərzində Malı “Alıcı”ya təhvil verməyi öhdəsinə götürür. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, “Satıcı” Malın təhvil verilməsi ilə birlikdə qaimə-fakturanı və digər zəruri sənədləri “Alıcı”ya təqdim etməlidir. Həmin Müqavilənin 4.4-cü bəndinə əsasən, Malın daşınması və yüklənməsi ilə bağlı xərclər “Alıcı” tərəfində ödənilir. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, “Alıcı” sifariş olunan malın dəyərinin 100 % həcmində ödənişi sifariş təsdiq edildikdən və “Satıcı’nın təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra 5 (beş) iş günü ərzində köçürmə yolu ilə həyata keçirir. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən, malın “Alıcı”ya təhvil verilməsi ilə bağlı öhdəlik “Satıcı” tərəfindən lazımınca yerinə yetirilmədikdə “Alıcı” həmin öhdəlik lazımınca icra olunanadək ödənişin həyata keçirilməsini təxirə salmaq hüququna malikdir. İş materiallarında olan (iddiaçı tərəfindən təqdim olunmuşdur) 16 aprel 2020-ci il tarixli EBAİ 852789 nömrəli, 24 aprel 2020-ci il tarixli EBAİ 949927 nömrəli və 14 may 2020-ci il tarixli EBAJ 898533 nömrəli Elektron Qaimələrlə müəyyən olunur ki, 21 fevral 2019-cu il tarixli DGA001 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə satıcı (iddiaçı) İddiaçı tərəfindən alıcı (cavabdeh) “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ƏDV daxil cəmi 143501,95 (yüz qırx üç min beş yüz bir manat 95 qəpik) manat dəyərində (12545,05 manat + 108890,90 manat + 22066 manat) armatur və katanka məhsullarının satılması ilə əlaqədar satıcı İddiaçı MMC tərəfindən alıcı “X1” MMC-yə müvafiq qaydada 16 aprel 2020-ci il tarixli EBAİ 852789 nömrəli, 24 aprel 2020-ci il tarixli EBAİ 949927 nömrəli və 14 may 2020-ci il tarixli EBAJ 898533 nömrəli Elektron Qaimələr göndərilmişdir: -1). 16 aprel 2020-ci il tarixli EBAİ 852789 nömrəli Elektron Qaimə ilə müəyyən olunur ki, DGA001 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə satıcı İddiaçı MMC tərəfindən alıcı “X1” MMC-yə ƏDV daxil cəmi 12545,05 (on iki min beş yüz qırx beş manat 05 qəpik) manat dəyərində olmaqla (10631,40 manat malın dəyəri + 1913,65 manat ƏDV) 10 ton miqdarında “Katanka 8” məhsulu göndərilmişdir. -2). 24 aprel 2020-ci il tarixli EBAİ 949927 nömrəli Elektron Qaimə ilə müəyyən olunur ki, DGA001 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə satıcı İddiaçı MMC tərəfindən alıcı “X1” MMC-yə ƏDV daxil cəmi 108890,90 (yüz səkkiz min səkkiz yüz doxsan manat 90 qəpik) manat dəyərində olmaqla (92280,43 manat malın dəyəri + 16610,48 manat ƏDV) 47,208 ton miqdarında “Armatur U12”, 4,008 ton miqdarında “Armatur U14”, 6,017 ton miqdarında “Armatur U20”, 2,003 ton miqdarında “Armatur U22”, 37,439 ton miqdarında “Armatur U25” və 10 ton miqdarında “Katanka-8” məhsulları göndərilmişdir. - 3). 14 may 2020-ci il tarixli EBAJ 898533 nömrəli Elektron Qaimə ilə müəyyən olunur ki, DGA001 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə satıcı İddiaçı MMC tərəfindən alıcı “X1” MMC-yə ƏDV daxil cəmi 22066 (iyirmi iki min altmış altı) manat dəyərində olmaqla (18700 manat malın dəyəri + 3366 manat ƏDV) 22 ton miqdarında “Armatur U14” məhsulu satılmışdır. İş materiallarında olan “Bank” BTB tərəfindən 25 iyun 2021-ci ildə verilmiş hesabdan çıxarışdan (cavabdeh tərəfindən təqdim olunmuşdur) görünür ki, “X1” MMC-nin hesabından EBAG 681799 saylı elektron qaiməyə əsasən mal-material üçün 24 fevral 2020-ci ildə İddiaçı MMC-nin hesabına 95211 (doxsan beş min iki yüz on bir) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 21 fevral 2020-ci il tarixli **********919909 nömrəli Köçürmənin aparılması haqqında Bildirişdən (cavabdeh tərəfindən təqdim olunmuşdur) görünür ki, “X1” MMC-nin “ƏDV sub-uçot” hesabından EBAG 681799 saylı elektron qaimə üzrə 17137,98 (on yeddi min yüz otuz yeddi manat 98 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin “ƏDV sub-uçot” hesabına köçürülmüşdür. İş materiallarından görünür ki, ödəyici “X1” MMC tərəfindən DGA001 nömrəli müqaviləyə əsasən 60 ton 14-lük armatur (51060 manat), 12 ton 12-lik armatur (10212 manat), 8 ton 25-lik armatur (6808 manat), 5 ton 8-lik katanka (5005 manat), 4 ton 16-lıq armatur (3404 manat), 14 ton 18-lik armatur “11914 manat), 4 ton 20-lik armatur (3404 manat) və 4 ton 22-lik armatur (3404 manat) alınması üçün əvvəlcədən ödəniş olaraq mal göndərən İddiaçı MMC-yə ümumilikdə 95211 manat malın dəyəri və 17137,98 manat ƏDV olmaqla, cəmi 112348,98 (yüz on iki min üç yüz qırx səkkiz manat 98 qəpik) manat məbləğində pul vəsaitinin köçürülməsi üçün 21 fevral 2020-ci il tarixli 1 nömrəli hesabfaktura tərtib olunmuşdur (cavabdeh tərəfindən təqdim olunmuşdur). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3-cü bəndinin tələblərinə görə vergi ödəyicisi elektron qaimə-fakturanı elektron formada göndərir (3.1.); Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir (3.2.); Cari elektron qaimə-faktura göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər (3.3.); malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir (3.4.). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı bu Məcəllənin 71- 1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinin tələblərinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (maddə 404.1), bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (maddə 404.2) və müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir (maddə 404.4). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76-cı maddəsinin tələbləri ilə müəyyən olunur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur və həmin sübut növlərindən biri də qanuni yolla əldə edilmiş yazılı sübutlardır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair 18 mart 2019-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə də, iş üzrə məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla və işin konkret halları ilə müəyyən edilir ki, satıcı İddiaçı (VÖEN **********) ilə alıcı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında bağlanmış 21 fevral 2019-cu il tarixli DGA001 nömrəli Alqı-satqı Müqaviləsi (məhkəmə araşdırması zamanı tərəflərin nümayəndələri izahatlarında 21 fevral 2019-cu il tarixli DGA001 nömrəli müqavilənin əslində 21 fevral 2020-ci ildə bağlandığını, lakin müqavilənin tərtibi zamanı texniki səhvə yol verilərək müqavilənin tarixinin “21 fevral 2019-cu il” kimi qeyd olunduğunu bildirmişlər) üzrə “X1” MMC-nin hesabından EBAG 681799 saylı elektron qaiməyə əsasən malmaterial üçün 24 fevral 2020-ci ildə İddiaçı MMC-nin hesabına 95211 manat məbləğində pul vəsaiti və həmçinin, “X1” MMC-nin “ƏDV sub-uçot” hesabından EBAG 681799 saylı elektron qaimə üzrə 17137,98 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin “ƏDV subuçot” hesabına, yəni hər iki hesab üzrə cəmi 112348,98 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Lakin, həmin pul ödənişinin əvəzində EBAG 681799 saylı elektron qaimədə qeyd olunan məhsulların satıcı İddiaçı MMC tərəfindən “X1” MMC-yə verilməməsi, yəni satılmaması öz təsdiqini tapmamış və bu xüsusat məhkəmə araşdırması zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun sübut edilməmişdir. Eyni zamanda, məlum alqı-satqı Müqaviləsi üzrə 16 aprel 2020-ci il tarixli EBAİ 852789 nömrəli, 24 aprel 2020-ci il tarixli EBAİ 949927 nömrəli və 14 may 2020-ci il tarixli EBAJ 898533 nömrəli elektron qaimələrlə satıcı İddiaçı tərəfindən alıcı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ƏDV daxil cəmi 143501,95 manat dəyərində armatur və katanka məhsullarının satılması və həmin alqı-satqı üzrə yaranmış cəmi 143501,95 manat məbləğində borcun satıcı İddiaçı MMC-yə ödənilməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cəmi 143501,95 manat məbləğində borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar satıcı İddiaçı tərəfindən alıcı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, İddiaçı MMC-nin “143501,95 manat məbləğində əsas borcun cavabdeh “X1” MMC-dən tutulması” barədə ilkin iddia tələbi əsaslıdır. Lakin, cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçınə qarşı verilmiş “pul tələbi” barədə qarşılıqlı iddia tələbinin, yəni İddiaçı MMC-dən “cəmi 112348,98 manat (95211 manat + 17137,98 manat ƏDV) məbləğində pul vəsaitinin tutularaq “X1” MMC-yə ödənilməsi” barədə qarşılıqlı iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilərək, cavabdeh "X1” MMC-dən 143501,95 manat məbləğində əsas borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Eyni zamanda, cavabdeh “X1” MMC tərəfindən İddiaçı MMC-nə qarşı verilmiş “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsi isə təmin edilməməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən – hazırkı iş üzrə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (16 iyun 2021-ci il tarixli **********67 nömrəli Ödəniş Qəbzi) cavabdeh "X1” MMC-dən tutularaq İddiaçı MMC-nə ödənilməlidir. Qarşılıqlı iddia isə təmin edilmədiyindən, qarşılıqlı iddia tələbi üzrə məhkəmə xərcləri qarşılıqlı iddianı vermiş cavabdeh "X1” MMC-nin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən 143501,95 (yüz qırx üç min beş yüz bir manat 95 qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 143531,95 (yüz qırx üç min beş yüz otuz bir manat 95 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçınə qarşı verilmiş “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi üzrə məhkəmə xərcləri cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar