Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-86/2024 24.01.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı nümayəndə Cavabdehə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən hesablanmış 719 (yeddi yüz on doqquz) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən tələb onunla əsaslandırılmışdır ki, sahibi olduğu "xxxx" restoranında quraşdırılmış qaz sayğacına cavabdeh tərəfindən baxış keçirilmiş və təbii qazın uçotunun pozulması haqqında akt tərtib edilərək 719 manat məbləğində itirilmiş sərfiyyatın bərpası üçün borc yazılmış, həmin aktda sayğac göstəricilərinin xətasının normadan artıq olduğu göstərilsə də, həmin normaların özü, yəni nədən ibarət olduğu göstərilməmiş, bundan əlavə qaz qurğularının layihə və digər texniki sənədlər əsasında quraşdırılmadığını və istimar edilmədiyini göstərən heç bir göstərici mövcud olmamış, həmçinin qazın hesablanma metodologiyası cavabdehdən tələb olunmasına baxmayaraq, təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na 3 nömrəli əlavəyə əsasən, istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq vəzifəsi paylayıcının vəzifələrindən biri olduğundan, istehlakçıların fasiləsiz və etibarlı şəkildə, habelə qazın hesabatının xətasız aparılmasının və rotorların sərbəst şəkildə işləməsinin təmin edilməsi üçün sayğaclar rotordan açılaraq, rotor, turbin və süzgəc hissələri təmizlənilir. Bundan başqa, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” AR Qanunun 5.1-ci bəndinə uyğun olaraq, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələr tipi təsdiq edilmiş və yoxlamadan keçən ölçmə vasitələrindən istifadə edilməklə ölçmə metodikaları yerinə yetirilməlidir. Sənaye qaz qurğularından istifadə edən istehlakçılar tərəfindən öz vəzifələrinin yerinə yetirilməməsi, habelə qaz sayğaclarının pasport göstəricilərinə uyğun istismar edilməməsi nəzərə alınaraq uçota alınmayan qaz sərfiyyatının hesablanması məqsədəmüvafiqdir və bununla əlaqədar təbii qazın uçotunun pozulması haqqında aktda qeyd olunan borc məbləği düzgün hesablanmışdır. Məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək bildirdi ki, sahibkarlıq obyekti barədə həmin aktın yazılması və 719 manat məbləğində borcun hesablanması ilə nəticələnmiş yoxlama “X2 Reyestri”ndə qeydiyyata alınmamış, istifadələrində olan sayğac işləməmiş, onlar bununla əlaqədar müvafiq qaz idarəsinə müraciət etmiş, bununla əlaqədar həmin sayğac başqa sayğacla əvəz edilmiş, təxminən 1 ay sonra əvvəlki sayğac yenidən quraşdırılmış, bildiriş gəldikdən sonra 719 manat borc yazıldığı məlum olmuşdur. İddiaçının nümayəndəsi, göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilən iddiaçı məhkəməyə ərizələr ünvanlayaraq işlərinin çoxluğu ilə əlaqədar məhkəmə baxış iclaslarında iştirak edə bilməyəcəyini, işə onun iştirak olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işə iddiaçının iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan abonent kimi Cavabdeh Xaçmaz X3 İdarəsinin Xaçmaz xidmət sahəsində qeydiyyatdadır. Onun istifadəsində olan qaz sayğacına xidmətin əməkdaşları tərəfindən xx.xx.2022-ci il baxış keçirilərkən istehlakçı tərəfindən hər hansı müdaxilə edilməsi halı aşkar olunmasa da, sayğacın xəta ilə işlədiyi müəyyən olunmuş, metrologiya departamentinə bununla bağlı akt göndərilmiş, 2022-ci ilin dekabr ayında isə təbii qazın uçotunun pozulması haqqında akt tərtib edilmişdir. İddiaçının istifadəsində olan sayğacın yoxlanılması “X2 Reyestri”ndə qeydiyyatdan keçməmişdir, buna səbəb yerində baxışın yoxlama sayılmamasıdır, belə ki, həmin vaxt sayğaca yerində texniki xidmət göstərilmiş, dişli çarxlar pasdan təmizlənmiş, qurudulmuş, yağlanılmış və sonradan akt tərtib edilmişdir. Sayğacın yoxlanılması proseduru isə belədir ki, sayğac düzgün işləməzsə, ona yerində xidmət göstərilir, problem aradan qalxmadığı təqdirdə isə sayğac yerindən açılaraq laboratoriyaya göndərilir. İddiaçıya məxsus sayğac isə laboratoriyaya göndərilməmişdir. "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" AR Qanununun 5.1-ci bəndinə uyğun olaraq, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək istifadə edilən 37116 m3 qazın sərfiyyatı 7.5 %-ə vurulmaqla hesablanma aparılmış və 719 manat məbləğində borc hesablanmışdır. Yerində baxışın xx.xx.2022-ci il tarixində, aktın isə 2022-ci ilin dekabr ayında tərtib edilməsinə səbəb sənədləşmə prosesi - aktın metrologiya departamentinə göndərilməsi, həmin departament viza verdikdən sonra abonentlərlə iş şöbəsi tərəfindən razılaşdırma aparılması və borcun abonent saldosuna işlənilməsi ilə əlaqədar olmuşdur. Yerində xidmət zamanı sayğaca hər hansı müdaxilə edildiyi aşkar olunmamışdır, belə ki, uçotu pozulmuş qaz sərfiyyatının yaranması sayğacın texniki cəhətdən qüsurundan irəli gəlməkdədir, burada istehlakçının hər hansı məsuliyyəti olmasa da, təbii qazın istehlakçının qazişlədici cihazları tərəfindən istifadə olunduğu, sayğac tərəfindən isə həmin sərfiyyat qeydə alınmadığı üçün borc hesablanmışdır. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10 aprel 2019-cu il tarixli, AMX-647/19 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinin 1-ci bəndinə əsasən, paylayıcı – Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını – "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.1.1 və 2.1.8-ci bəndlərinə əsasən, istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək və verilən qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək paylayıcının vəzifələrinə aiddir. Həmin Müqavilənin 3.5-ci maddəsinə əsasən istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş, “Təsdiq edirəm” hissəsinin tarix qrafası boş saxlanılmış, “İstehlakçı: "xxxx" MMC, “Ünvan: Xaçmaz rayon (şəhər) X4 və BMY meşəbəyliyinin ərazisi”; “abonent kodu: **********00012” qeydləri yazılmış “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 40 nömrəli aktda göstərilir ki, xx.xx.2022-ci ildə “Qazdan istifadə Qaydaları”nın 4.3-cü bəndinə uyğun olaraq “b-40” markalı 75122705 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı müəyyən edilmişdir. Aktda daha sonra sayğacın quraşdırılması tarixi qrafasının qarşısına “xx.xx.2022”, yerində xidmət tarixi qrafasının qarşısına “xx.xx.2022”, 2021-ci il üçün yekun sərfiyyat qrafasının qarşısına “37116 m3 x 7,75 % 2876 m3” qeydləri aparılmışdır. Aktda, həmçinin yoxlama aparılan müəssisənin nümayəndəsinin aktı imzalamaqdan imtina etməsi qeyd edilmişdir. Sözügedən aktda məlum yoxlamanın “X2 Reyestri”ndə qeydiyyata alınması barədə heç bir qeydiyyat aparılmamışdır. İş materiallarında olan, istehlakçı "xxxx" MMC-nin adına tərtib edilmiş abonentin saldosu (abonent kodu: **********00012) ilə müəyyən olunur ki, 2023-ci ilin yanvar ayında istehlakçıya məxsus Xaçmaz rayonu ərazisində yerləşən sahibkarlıq obyektinin hesabına iddia tələbində qeyd olunan birdəfəlik 719 manat məbləğində borc hesablanmışdır. Həmçinin, həmin saldoda olan məlumatlarla müəyyən olunur ki, məlum sahibkarlıq obyekti təbii qazla təchiz edildiyi dövrlərdə quraşdırılmış sayğac vasitəsi ilə istifadə edilən qazın hesabatı aparılmış və istehlakçı tərəfindən aylar üzrə müəyyən məbləğlərdə ödənişlər edilmişdir. Yəni, qaz sərfiyyatları aylar üzrə müvafiq qaydada sayğac tərəfindən hesablanmış və müvafiq aylar üzrə qaz sərfiyyatına görə ödənişlər həyata keçirilmişdir. “Qaz təchizatı haqqında” 30 iyun 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 5-ci hissəsinə əsasən, sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. Həmin Qanunun 3-cü maddəsinin 5-1-ci hissəsinə əsasən, qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qanunun istinad edilən normalarında göstərilən qayda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.10 və 2.10-1-ci bəndlərində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2 iyul 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur və yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1-ci və 3.2-ci maddələrində təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X2 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinin tələblərinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən X2 reyestri aparılır (maddə 13.1), sahibkarlıq sahəsində aparılan X2 reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (maddə 13.2), yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar (maddə 13.3) və yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan X2 reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər (maddə 13.4). Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın X2 reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il Fərmanının 1.2-ci hissəsində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmış, Fərmanın 2-ci hissəsinə əsasən isə sahibkarlıq sahəsində aparılan hər bir yoxlamanın bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə tədiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X2 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən, yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, istilik, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarların sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Beləliklə, təsvir olunanlarla müəyyən olunur ki, istehlakçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Xaçmaz rayonu ərazisində yerləşən sahibkarlıq obyektində (abonent kodu: **********00012) xx.xx.2022-ci il tarixində quraşdırılmış “B-40” markalı 75122705 nömrəli qaz sayğacına xx.xx.2022-ci il tarixdə Cavabdeh əməkdaşları tərəfindən yerində xidmət həyata keçirilmiş, bundan təxminən 6 ay sonra, yəni xx.xx.2022-ci il tarixdə isə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 40 nömrəli akt tərtib olunmuş, həmin akta əsasən, qeyd olunan sahibkarlıq obyektində uçotu pozulmuş qaz sərfiyyatının miqdarı 2876 m3 həcmində müəyyən edilərək 719 manat məbləğində birdəfəlik borc hesablanmış, istehlakçı (iddiaçı) həmin borc məbləği ilə razılaşmayaraq, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd olunan borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin aktın tərtib edilməsi və onun əsasında 719 manat məbləğində uçotu pozulmuş qaz sərfiyyatının miqdarı kimi hesablanması ilə nəticələnmiş 18 may 2022-ci il tarixdə istehlakçıya (iddiaçıya) məxsus sahibkarlıq obyektində quraşdırılmış qaz sayğacına baxış, yəni yoxlama tədbirləri - "X2 Reyestri"ndə qeydə alınmadan aparılmışdır. Qeyd etmək lazımdır ki, yoxlamanın qanunvericiliyin müəyyən etdiyi qaydada aparılmasını və həmin yoxlama tədbirinin həmin Reyestrdə qeydə alınmış olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamış, həmçinin cavabdehin nümayəndəsi də izahatında yoxlamanın həmin reyestrdə qeydə alınmadığını bildirmişdir. Cavabdehin nümayəndəsinin izahatında yoxlamanın “X2 Reyestri”ndə qeydiyyatdan keçirilməməsinin səbəbi kimi sayğaca yerində baxışın yoxlama hesab edilməməsi barədə göstərdiyi halla bağlı məhkəmə qeyd edir ki, mübahisələndirilən aktın məzmununda “xx.xx.2022-ci ildə “Qazdan istifadə Qaydaları”nın 4.3-cü bəndinə uyğun olaraq “b-40” markalı 75122705 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı müəyyən edilmişdir” qeydi yazılmışdır, yəni sözügedən sayğacla bağlı yoxlamanın aparılması hazırkı mübahisələndirilən aktın özünün məzmununda göstərilmişdir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, bu akt sayğaca yerində xidmət göstərildikdən dərhal sonra deyil, müəyyən tədbirlər (sözügedən sayğaca baxış keçirilərək ona müəyyən texniki xidmət göstərilməsi (onun çarxlarının pasdan təmizlənməsi, qurudulması və s.), onun sərfiyyat göstəricilərinin cavabdeh təşkilatın müvafiq struktur bölməsinə göndərilməsi, həmin göstəricilər nəzərə alınmaqla, cavabdehin nümayəndəsinin məhkəmə iclasında qeyd etdiyi kimi - borcun hesablanmasının təşkilatın strukturuna daxil olan müvafiq departamentlə razılaşdırılması) həyata keçirildikdən sonra tərtib edilmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarını əsas tutan məhkəmə hesab edir ki, qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyekti olan iddiaçıya məxsus qaz sayğacının göstəricilərinin oxunması zamanı həmin sayğacın qaz sərfiyyatını düzgün hesablamadığı qənaətinə gəldiyi halda, yoxlamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirməli idilər. Bundan başqa məhkəmə qeyd edir ki, sayğacın qaz sərfiyyatının uçotunun pozulubpozulmaması, əgər pozulma vardırsa, bunun səbəbinin aydınlaşdırılması üçün həmin sayğac labaratoriyaya göndərilməmiş, göndərildiyi halda isə bunun təsdiq edən akt məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun və onun əsasında qəbul edilmiş digər normativhüquqi aktların tələblərinin pozulması ilə “X2 Reyestri”ndə qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında Cavabdeh tərəfindən iddiaçı Qanuni nümayəndə məxsus “Səma-EH" ММС-nin **********00012 nömrəli abonent koduna təbii qazın uçotunun pozulması ilə əlaqədar hesablanmış 719 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan əlavə, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 30 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddianın qiyməti 1000 manatadək olduqda, ödənilməli dövlət rüsumunun məbləği 30 manat təşkil edir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh tərəfindən iddiaçıya məxsus “Səma-EH" Мəhdud Məsuliyyətli Cəmiyyətinin **********00012 nömrəli abonent koduna təbii qazın uçotunun pozulması ilə əlaqədar hesablanmış 719 (yeddi yüz on doqquz) manat məbləğində borc silinsin. Cavabdehdən dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-86/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-86/2024
24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver