Məhkəmə qərarları › İş №e-2-2(119)-860/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-860/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-860/2023 16.10.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, iddiaçı "xxxx" Firmasının vəkili və nümayəndəsi Vəkil oğlunun və nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı "xxxx" Firmasının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Firması “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ******* (doqquz milyon doxsan doqquz min dörd yüz əlli) Rusiya rublu məbləğində pul vəsaitinin (ödəniş gününə Azərbaycan manatının məzənnəsi nəzərə alınmaqla) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı "xxxx" Firmasına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışıdır ki, iddiaçı "xxxx" Firması ilə Rusiya Federasiyasının Kirov şəhərində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixli 4-E 2021 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə satıcı Rusiya Federasiyası istehsalı olan taxta materialı alıcının sifarişi əsasında Azərbaycan Respublikasına göndərməli, alıcı isə həmin malın dəyərini ödəməli idi. Müqavilənin şərtlərinə görə ödənişlər sifariş verilən zaman həyata keçirilməli idi. "xxxx" Firması tərəfindən xx.xx.2021-ci il tarixdə 905000 rubl, xx.xx.2021-ci il tarixdə ******* rubl, xx.xx.2021-ci il tarixdə ******* rubl, xx.xx.2021-ci il tarixdə ******* rubl, xx.xx.2021-ci il tarixdə 691650 rubl, xx.xx.2021-ci il tarixdə ******* rubl, xx.xx.2021-ci il tarixdə ******* rubl və xx.xx.2022-ci il tarixdə 936300 rubl olmaqla, cəmi olaraq ******* rubl (Azərbaycan Respublikası məzənnəsinə uyğun olaraq 187448 manat) məbləğində pul vəsaiti bank vasitəsilə satıcının hesabına köçürülmüşdür. Lakin mallar satıcı tərəfindən göndərilməmişdir. Müəyyən edilmişdir ki, şirkətin direktoru X1 olan problemlərlə əlaqədar Bakı şəhərinə gəlmiş və xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bundan sonra həmin şirkətlə əlaqə yaradılmağa çalışılsa da, müsbət nəticə əldə olunmamışdır. Hazırda cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən öhdəliklər icra edilmədiyindən iddiaçıya ******* rubl məbləğində maddi ziyan dəymişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti sözügedən müqavilə üzrə öhdəliklərini icra etmir və qeyd olunan məbləği ödəmir. xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına pretenziya məktubu ünvanlanmış, lakin məktub qeyri-müəyyən səbəblərdən cavabdeh tərəfindən qəbul edilməmişdir. xx.xx.2023-cü tarixdə poçt vasitəsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdehin səlahiyyətli nümayəndələri həmin təklif barədə iddiaçı ilə əlaqə saxlamamışdır. Həmin tarixdən qanunla nəzərdə tutulmuş müddət keçdikdən sonra Bakı 9 saylı Mediasiya təşkilatına ilkin mediasiya sessiyası keçirilməsi üçün müraciət edilmişdir. Mediasiya sessiyasında iddiaçı tərəfin nümayəndəsi iştirak etsə də, cavabdeh tərəf iştirak etməmişdir. xx.xx.2023-cü il tarixdə Bakı 9 saylı Mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Daha sonra iddiaçı "xxxx" Firması tərəfindən məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edilərək ******* (doqquz milyon doxsan yeddi min altı yüz qırx beş) Rusiya rublu məbləğində pul vəsaitinin (ödəniş gününə Azərbaycan manatının məzənnəsi nəzərə alınmaqla) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı "xxxx" Firmasına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı "xxxx" Firmasının vəkili və nümayəndəsi Vəkil ərizələrin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmədə iştirak etməmə səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan alıcı Azərbaycan Respublikasında qeydiyyata alınmış "xxxx" Firması (VÖEN **********) ilə satıcı Rusiya Federasiyasında qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (dövlət qeydiyyat nömrəsi **********264; VÖEN **********) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 4-E 2021 nömrəli alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən satıcı Rusiya Federasiyası istehsalı olan, bundan sonra mal adlandırılacaq taxta materialı tədarük edir və alıcı müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq malların haqqını ödəyir. Malların xüsusiyyətləri bu müqavilənin ayrılmaz hissəsi olan Spesifikasiyalarda və Əlavələrdə müəyyən edilmişdir. İş materiallarında olan alıcı Azərbaycan Respublikasında qeydiyyata alınmış "xxxx" Firması ilə satıcı Rusiya Federasiyasında qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli 4-E 2021 nömrəli alqı-satqı müqaviləsinə 29 dekabr 2021-ci il tarixli 5 saylı əlavəyə əsasən tərəflər müqavilənin 12.4cü bəndinə düzəliş etmək və aşağıdakı redaksiyada oxunması barədə razılığa gəlmişlər: “Bu müqavilə imzalandığı gündən qüvvəyə minir və xx.xx.2023-cü ilə qədər qüvvədədir”. İş materiallarında olan alıcı Azərbaycan Respublikasında qeydiyyata alınmış "xxxx" Firması ilə satıcı Rusiya Federasiyasında qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli 4-E 2021 nömrəli alqı-satqı müqaviləsinə 15 fevral 2023-cü il tarixli 6 saylı əlavəyə əsasən tərəflər müqavilənin 11.1-ci bəndinə düzəliş etmək və aşağıdakı redaksiyada oxunması barədə razılığa gəlmişlər: “Bu müqavilədən və ya onunla əlaqədar yarana biləcək bütün mübahisələr və fikir ayrılıqları Kirov Arbitraj Məhkəməsində, habelə Azərbaycan Respublikasının məhkəməsində baxılmalıdır. Qərarları qəti və hər iki tərəf üçün məcburidir”. İş materiallarından görünür ki, "xxxx" Firması tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2021-ci il tarixli 4-E 2021 nömrəli alqı-satqı müqaviləsi üzrə 09 aprel 2021-ci il tarixdə 905000 rubl, 27 aprel 2021-ci il tarixdə ******* rubl, 07 may 2021-ci il tarixdə ******* rubl, 08 iyun 2021-ci il tarixdə ******* rubl, 27 oktyabr 2021-ci il tarixdə 691650 rubl, 18 noyabr 2021-ci il tarixdə ******* rubl, 24 dekabr 2021-ci il tarixdə ******* rubl, 11 mart 2022-ci il tarixdə 936300 rubl məbləğində pul köçürülməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ərizə ilə müraciət olunmuşdur. İş materiallarında olan "xxxx" Firmasının "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan xx.xx.2023-cü il tarixli bank hesabından çıxarışından görünür ki, "xxxx" Firması tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına 09 aprel 2021-ci il tarixdə 905000 rubl, 27 aprel 2021-ci il tarixdə ******* rubl, 07 may 2021-ci il tarixdə ******* rubl, 07 may 2021-ci il tarixdə ******* rubl, 08 iyun 2021-ci il tarixdə ******* rubl, 27 oktyabr 2021-ci il tarixdə 691650 rubl, 18 noyabr 2021-ci il tarixdə ******* rubl, 24 dekabr 2021-ci il tarixdə ******* rubl, 11 mart 2022-ci il tarixdə 936300 rubl ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" Firması ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövri əhatə edən üzləşmə aktından görünür ki, xx.xx.2021-ci il tarixli 4-E 2021 nömrəli alqı-satqı müqaviləsi üzrə "xxxx" Firması tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 12146750 rubl məbləğində ödəniş edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Firmasına ******* rubl dəyərində mal göndərilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məlumatlarına əsasən xx.xx.2022-ci il tarixinə cavabdehin iddiaçıya borcu ******* (doqquz milyon doxsan yeddi min altı yüz qırx beş) Rusiya rublu təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.3-cü madəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasındaxx.xx.2021-ci il tarixli 4-E 2021 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdehə mal göndərilməsi üçün cəmi 12146750 rubl ödəniş edilmiş, lakin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən öhdəlik tam icra edilməyərək iddiaçıya ******* rubl dəyərində mal göndərilmiş, ödənilmiş ******* rubl dəyərində mal isə göndərilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində ******* (doqquz milyon doxsan yeddi min altı yüz qırx beş) rubl pulun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı "xxxx" Firmasına ödənilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Buna görə də, Rusiya Federasiyasında qeydiyyata alınmış cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ******* (doqquz milyon doxsan yeddi min altı yüz qırx beş) Rusiya rublu məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikasında qeydiyyata alınmış iddiaçı "xxxx" Firmasına ödənilməsi barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Rusiya Federasiyasında qeydiyyata alınmış cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (dövlət qeydiyyat nömrəsi **********264; VÖEN **********) ******* (doqquz milyon doxsan yeddi min altı yüz qırx beş) Rusiya rublu məbləğində pul vəsaiti ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla tutularaq Azərbaycan Respublikasında qeydiyyata alınmış iddiaçı "xxxx" Firmasına (VÖEN **********) ödənilməlidir. Eləcə də, iddia ərizəsinin verilməsi üçün hesablanmış 448,30 manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 374,30 manat məbləğində (448,30 manat – 74 manat = 374,30 manat) pul vəsaiti dövlət rüsumunun qalığı kimi Rusiya Federasiyasında qeydiyyata alınmış cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin edilsin. Rusiya Federasiyasında qeydiyyata alınmış cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (dövlət qeydiyyat nömrəsi **********264; VÖEN **********) ******* (doqquz milyon doxsan yeddi min altı yüz qırx beş) Rusiya rublu məbləğində pul vəsaiti ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla tutularaq Azərbaycan Respublikasında qeydiyyata alınmış iddiaçı "xxxx" Firmasına (VÖEN **********) ödənilsin. Rusiya Federasiyasında qeydiyyata alınmış cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə 374,30 (üç yüz yetmiş dörd manat otuz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar