Məhkəmə qərarları › İş №e-2-2(119)-867/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-867/2024

13.05.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-867/2024 13.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək 26 aprel 2024-cü il tarixinə hesablanmış dövlət büdcəsinə olan 100 (yüz) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 3048,23 (üç min qırx səkkiz manat, iyirmi dörd qəpik) manat məbləğində borcun və İşsizlikdən Sığorta Fonduna olan 16,8 (on altı manat, səksən qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi - 29 avqust 1987-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş ərizənin “Tərəflər” bölməsində Maraqlı şəxs yaşayış yeri “AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, tarzən Hacı Məmmədov, ev 9” kimi göstərilmişdir. Bununla belə, ərizənin mətninin məzmununda qeyd edilmişdir ki, “reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu Bağırov X1 rayonu, Qobustan şəhəri, Şikar Şikarov küçəsi, ev 4 ünvanında yaşayır”. Bundan əlavə, ərizəyə əlavə edilmiş “Fiziki şəxs haqqında məlumat” sənədində, o cümlədən maraqlı şəxsə ünvanlanmış borc bildirişlərində maraqlı şəxsə məxsus ünvan kimi ərizənin “Tərəflər” bölməsində qeyd edilən ünvan, yəni “AZ1033, ünvan 2 “Elektron məhkəmə” İnformasiya sistemindən əldə edilmiş məlumatlarla isə müəyyən edilir ki, maraqlı şəxs Qobustan şəhərində yerləşən ünvan üzrə rəsmi qeydiyyata alınmışdır. Göründüyü kimi, ərizəçinin ərizənin “Tərəflər” bölməsində maraqlı şəxsin ünvanı kimi qeyd etdiyi məlumatla həmin ərizənin məzmununda qeyd etdiyi bu barədə məlumat arasında ziddiyyət vardır. Həmçinin, ərizənin məzmununda maraqlı şəxsə aid edilmiş ünvanla həmin ərizəyə əlavə edilmiş sənədlərdə qeyd edilmiş ünvanlar fərqlidir. Bu isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin ərizəyə dair tələbləri əks etdirən 149.2.2-ci maddəsinin tələbləri baxımından yolverilən deyil. Burada o da nəzərə alınmalıdır ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizəyə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə məhkəmə tərəfindən baxılır, hazırkı ərizənin “Tərəflər” bölməsində maraqlı şəxsin ünvanı kimi qeyd edilmiş yaşayış yeri Bakı Kommersiya Məhkəməsinin, ərizənin məzmununda qeyd edilmiş yaşayış yeri isə Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Göründüyü kimi, ərizəçi tərəfindən ərizənin “Tərəflər” bölməsində və məzmununda maraqlı şəxsin yaşayış yeri kimi fərqli ünvanlar göstərildiyindən bu iddia ərizəsinin forma və məzmununa dair tələbləri müəyyən edən Mülki Prosessual Məcəllənin 149-cu maddəsinin müddəalarının pozulması ilə nəticələnmişdir. Mülki-prosessual qanunvericiliyin tələbinə görə, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxsin yaşadığı yer üzrə verilməli olduğundan maraqlı şəxsin yaşayış ünvanı barədə məlumatla bağlı hazırkı ərizənin “Tərəflər” bölməsinə düzəliş edilməli, onun yaşayış yeri ərizənin “Tərəflər” bölməsində qeyd edilən ünvan olduğu halda isə bunu təsdiq edən müvafiq sənəd əlavə edilməklə ərizə müvafiq məhkəməyə verilməlidir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki- Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki- Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələblərinə görə, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar