Məhkəmə qərarları › İş №e-2-2(119)-87/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-87/2024

03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-87/2024 03.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 20 noyabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında şifahi qaydada bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə 1149 (min yüz qırx doqquz) manat məbləğində borcun və 65 (altmış beş) manat məbləğində mediasiya xərcinin əvəzinin iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış şifahi alqı-satqı müqaviləsinə əsasən iddiaçı sement məhsullarını cavabdehə satmağı, cavabdeh isə həmin malları qəbul edərək onun dəyərini razılaşdırmış vaxta iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Bununla əlaqədar xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli elektron qaimələrlə müəyyən edildiyi kimi, cavabdehə 18432,24 manat dəyərində sement məhsulları satılmış, cavabdeh isə bunlara görə cəmi 17283,24 manat məbləğində pul ödəmiş, qalıq 1149 manat borc isə hazırkı vaxtadək ödənilməmişdir. Bununla əlaqədar cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına, o cümlədən mübahisənin mediasiya vasitəsilə həllinə cəhdlər edilmiş, lakin göstərilənlər hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 30 yanvar 2024-cü il tarixində keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçıya təxminən 500 manat məbləğində borcu vardır. Belə ki, o, iddiaçıdan sement məhsulları alıb özünə məxsus olan mağazada satmaqla məşğul olmuş, həmin sement materialları “paddon” adlanan taxtaların üzərində ona təqdim edilmişdir. Satılan mallarla əlaqədar iddiaçı ona qaimə təqdim etmiş, o isə malların pulunu nağd qaydasında şirkətin nümayəndəsinə təqdim etmişdir. İddiaçı sementləri gətirdikdən sonra adətən həmin taxtaları geri götürsə də, sonuncu dəfə məhsul gətiriləndə iddiaçı şirkət taxtaları götürməmişdir. İddiaçıya məxsus həmin taxtalar hazırda ondadır. Taxtaların biri bazarda 5-10 manat aralığında olsa da, iddiaçı tərəfindən biri 20 manat olmaqla hesablanmışdır. Bir müddət əvvəl iddiaçının nümayəndəsi olan Əlinəvai adlı şəxs ona zəng edərək 1140 manat borcunun olduğunu bildirmiş, o, 500 manat borcunun olduğunu bildirərək həmin şəxsə taxtaların götürülməsini və məsələni danışıb araşdırmağı təklif etmişdir. Həmin şəxs ona məsələni araşdıracağını bildirsə də, uzun müddət keçməsinə baxmayaraq, nə borc barədə məsələyə aydınlıq gətirilmiş, nə də ki, taxtalar götürülmüşdür. Qalıq borcunun məhz 500 manat məbləğində olmasını təsdiq edən hər hansı sənədə malik deyil, o, özünün tərtib etdiyi dəftərdə qeydlər aparsa da, həmin dəftəri iddiaçı şirkətin nümayəndəsi tanış olaraq imzalamamışdır. Eyni zamanda, ona satılan mallarla bağlı yol vərəqəsinə qol çəksə də, həmin sənədləri saxlamamışdır. İzahatında qeyd etdiyi taxta materialların sayını iddiaçının özü ona bildirməli və gəlib götürməli olsa da, bu, həyata keçirilməmişdir. Cavabdeh izahatında özü tərəfindən tərtib edilmiş qeyd dəftərini növbəti məhkəmə iclasında məhkəməyə təqdim edəcəyini bildirsə də, sonradan keçirilən məhkəmə iclaslarının heç birində iştirak etməmiş və izahatında göstərdikləri lə bağlı məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 4464,14 manat dəyərində malın satılması ilə əlaqədar 18 fevral 2021-ci il tarixli EBAX seriyalı 619782 nömrəli, 4464,14 manat dəyərində malın satılması ilə əlaqədar 26 mart 2021-ci il tarixli EBAZ seriyalı 161092 nömrəli, 4464,14 manat dəyərində malın satılması ilə əlaqədar 16 aprel 2021-ci il tarixli EBBA seriyalı 280301 nömrəli, 4464,14 manat dəyərində malın satılması ilə əlaqədar 05 may 2021-ci il tarixli EBBB seriyalı 094239 nömrəli, 4751,98 manat dəyərində malın satılması ilə əlaqədar 05 iyun 2021-ci il tarixli EBBC seriyalı 727457 nömrəli, 4751,98 manat dəyərində malın satılması ilə əlaqədar 17 avqust 2021-ci il tarixli EBBG seriyalı 422401 nömrəli, 4751,98 manat dəyərində malın satılması ilə əlaqədar 17 sentyabr 2021-ci il tarixli EBBJ seriyalı 075934 nömrəli elektron qaimələr təqdim edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən bank vasitəsilə aparılmış ödənişlərin çıxarışına dair cədvəldən görünür ki, cavabdeh iddiaçıya müxtəlif məbləğlərdə ödənişlər həyata keçirmişdir. Mübahisənin obyektiv həlli məqsədilə iddiaçı tərəfindən tərtib edilərək 16 aprel 2021ci il tarixdən 17 avqust 2021-ci il tarixinədək cavabdehə təqdim edilmiş elektron qaimələr üzrə nəzərdə tutulan malların ümumi dəyərinin müəyyən edilməsi, cavabdeh tərəfindən 16 aprel 2021-ci il tarixdən 17 avqust 2021-ci il tarixinədək iddiaçıya ödənilmiş pul vəsaitlərinin məbləğinin hesablanması və həmin elektron qaimələr üzrə Cavabdeh 05 mart 2023-cü il tarixinə ödənilməmiş borcunun olub olmamasının müəyyən edilməsi, əgər borcu varsa, həmin borcun yekun məbləğinin hesablanması məqsədilə məhkəmənin 05 mart 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 22 may 2024-cü il tarixli 9/2324 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlər nəzərə alınmaqla hazırkı ekspertiza tədqiqatı zamanı, iş materiallarına əlavə edilmiş elektron qaimələr və ödənişləri özündə əks etdirən cədvəl məlumatları nəzərə alınmaqla Cavabdeh tərəfindən "Konstromat” ASC-yə ödənməli olan borcun məbləği, ümumilikdə 1149,50 manat (32112,50-30963,00) məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında şifahi formada alqı-satqı müqaviləsi və bundan törəyən alqı-satqı hüquq münasibətləri mövcud olmuş, satıcı qismində çıxış edən iddiaçı müqavilənin predmeti olan sement məhsullarını alıcı qismində çıxış edən cavabdehin mülkiyyətinə vermiş, cavabdeh müqavilə öhdəliyini lazımınca icra etməyərək aldığı malların dəyərini tam ödəməmiş, nəticədə onun iddiaçı təşkilata 1149 manat məbləğində borcu yaranmışdır. Bu hal yuxarıda istinad edilən sübutlarla tam sübut olunur. Cavabdeh iştirak etdiyi həm 30 yanvar 2024-cü il tarixində keçirilmiş məhkəmənin iclasında iddiaçıya 500 manat məbləğində borcunun mövcud olduğunu qeyd etsə də, istinad etdiyi bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin 1149 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi təmin edilməli və cavabdehdən həmin məbləğdə pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, iddia tələbinin 65 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarında olan 28 mart 2023-cü il tarixli MŞS/MTO30/2023-01705 nömrəli “İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışa əsasən, müəyyən edilir ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdehlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən 65 manat məbləğində mediasiya xərci ödənilmişdir. “Mediasiya haqqında” 29 mart 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməsi və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, iddia tələbinin 65 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsi qismən təmin edilməli, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülərək cavabdehdən həmin xərcin yarısı, yəni 32,5 manatlıq hissəsinin əvəzi tutulmalıdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1149 manat məbləğində borc və 32.,5 manat məbləğində mediasiya xərcinin əvəzi, cəmi 1181,5 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2024-cü il tarixli 9/2324 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılan ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi təmin edildiyindən aşağıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bunlardan əlavə, hazırkı iddia tələbi təmin edildiyindən yuxarıda istinad edilən Mülki Prosessual Məcəllənin 107-ci və 119.1-ci maddələrinin, o cümlədən aşağıda istinad edilən qanunvericilik normalarının tələblərinə əsasən, iddianın qiymətinə uyğun olaraq hesablanan 31,49 manat məbləğində dövlət rüsumu cavabdehdən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1149 (min yüz qırx doqquz) manat məbləğində borc və 32,5 (otuz iki manat, əlli qəpik) manat məbləğində mediasiya xərcinin əvəzi olmaqla, cəmi 1181,5 (min yüz səksən bir manat, əlli qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "Konstromat” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh 31,49 (otuz bir manat, qırx doqquz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar