Məhkəmə qərarları › İş №e-2-2(119)-872/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-872/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-872/2021 16.09.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Kazımov Emil Məhəmmədəli oğlunun iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 23 iyun 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 12390 (on iki min üç yüz doxsan) manat məbləğində pul vəsaitinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh (bundan sonra “Cavabdeh”) arasında 01 iyun 2017-ci il tarixli 15/17 TLS saylı “Mühasibat uçotunun aparılması, vergi və digər icbari hesabatların təqdim edilməsi və vergi və hüquq konsaltinqi üzrə xidmətlər göstərilməsinə dair” Müqavilə (bundan sonra “Xidmət Müqaviləsi”) bağlanmışdır. Xidmət müqaviləsinə əsasən iddiaçı cavabdehə onun Azərbaycan Respublikasının ərazisində vergi öhdəlikləri ilə bağlı mühasibat uçotunun aparılması, vergi və digər icbari hesabatların təqdim edilməsi və eyni zamanda, müştərinin ayrı-ayrı müraciətləri əsasında vergi və hüquq konsaltinqi üzrə xidmətləri göstərməli, Cavabdeh də öz növbəsində iddiaçı tərəfindən göstərilən həmin xidmətlərə görə aylıq haqqı vaxtında ödəməli idi. Həmin müqavilənin müddəti bitdiyindən tərəflər arasında 12 dekabr 2019-cu il 49/19 TLS saylı “Mühasibat uçotunun aparılması, vergi və digər icbari hesabatların təqdim edilməsi və vergi və hüquq konsaltinqi üzrə xidmətlər göstərilməsinə dair” Müqavilə (bundan sonra “Xidmət Müqaviləsi”) bağlanmışdır. 12 dekabr 2019-cu il 49/19 TLS saylı müqavilənin şərtləri qarşılıqlı surətdə razılaşdırlımışdır. Müqavilə tərtib edilmiş, şərtləri iddiaçı və cavabdeh tərəfindən qəbul edilmiş və müqavilə iddiaçı tərəfindən imzalanaraq cavabdehə göndərilmişdir. Lakin cavabdeh bu günə kimi müqavilənin özü tərəfindən imza edilmiş nüsxəsini iddiaçıya təqdim etməmişdir. Bu səbəbdən də məhkəməyə 12 dekabr 2019-cu il 49/19 TLS saylı müqavilənin yalnız iddiaçı tərəfindən imzalanmış nüsxəsi təqdim edilir. İddiaçı Xidmət Müqaviləsi bağlandığı tarixdən 2020-ci ilin may ayına kimi cavabdeh üçün Müqavilə ilə nəzərdə tutulmuş müvafiq xidmətlər göstərmiş və göstərilmiş xidmətlərə dair cavabdehə aylıq olaraq elekton qaimələr təqdim etmişdir. Xidmət Müqaviləsinin şərtlərinə əsasən, cavabdeh hər ay iddiaçının göstərdiyi xidmət qarşılığında tərəflər arasında şərtləşdirilmiş məbləği ödəməyi öhdəsinə götürür. Lakin Cavabdeh Xidmət Müqaviləsi üzrə öz öhdəliklərini yalnız 2 ay üzrə həyata keçirmişdir. Qalan digər aylar üzrə icra etməmişdir. Buna baxmayaraq, iddiaçı tərəflər arasında işgüzar münasibətlərə əsaslanaraq xidmətləri göstərməkdə davam etmişdir. Müqavilənin qüvvədə olduğu bütün dövr ərzində cavabdehin rəhbərliyinin, işçilərinin və əlaqəli üçüncü şəxslərin rəsmi elektron ünvanlarından daxil olmuş tapşırıqlar, sorğular, eləcə də Müqavilə üzrə xidmətlər iddiaçı tərəfindən vaxtında icra edilmiş və təhvil verilmişdir. Buna dair rəsmi elektron yazışmalar mövcuddur. İddiaçı cavabdehlə yaranmış bu mübahisənin məhkəmədənkənar həll edilməsinə çalışsa da, onun cavabdehə şifahi və yazılı müraciətləri müsbət nəticə verməmişdir. Cavabdehə dəfələrlə şifahi və elektron ünvan vasitəsi ilə xəbərdarlıqlar edilmişdir. Cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbi ilə 01 iyun 2020-ci il tarixindən Xidmət Müqaviləsinə birtərəfli qaydada xitam verilməsi barədə iddiaçı tərəfindən yazılı şəkildə məlumatlandırılmışdır. Həmçinin, Xidmət müqaviləsinə xitam verilən tarixədək ödənilməmiş aylıq xidmət haqları cəmi 12390 (on iki min üç yüz doxsan) manat məbləğində olmaqla iddiaçıya ödənilməsini tələb edən Bildiriş ilə cavabdehə müraciət edilmişdir. Bildiriş 14 may 2020-ci il tarixində cavabdehin işçisi tərəfindən təhvil alınmışdır. Bildiriş məktubunun təhvil alınması ilə bağlı kuryer şirkətinin təqdim etdiyi xəbərnamə iddia ərizəsinə əlavə olunmuşdur. Bildiriş məktubu ilə cavabdeh tərəfindən yuxarıda qeyd edilən pul vəsaitinin ödənişinin məktub təhvil alındığı tarixdən 15 iş günü müddətində könüllü şəkildə icra edilməsi tələb edilmişdir. Cavabdeh öz öhdəliklərini könüllü şəkildə icra etmədiyi üçün iddiaçı pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı hesab edir ki, cavabdehin Xidmət müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində iddiaçıya dəyən zərərin ödənilməsi məhkəmə qaydasında mövcud qanunvericiliyin tələblərinə əməl edilməklə təmin edilməlidir. İddiaçı cavabdehə Xidmət Müqaviləsi üzrə bütün xidmətləri vaxtında və keyfiyyətlə göstərsə də, cavabdeh özünün müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və Xidmət Müqaviləsinin 2.1-ci bəndində nəzərdə tutulmuş aylıq xidmət haqqını vaxtı-vaxtında ödəməmişdir. Nəticə etibari ilə cavabdehin 2017-2020-ci illər ərzində göstərilmiş xidmətlərə görə 12390 (on iki min üç yüz doxsan) manat məbləğində borcu yaranmışdır. 30 oktyabr 2017-ci ildən 01 may 2020-ci ilədək cavabdehə təqdim edilmiş hesab-fakturalar (23 ədəd hesab-faktura iddia ərizəsinə əlavə olunur) üzrə heç bir ödəniş edilməmişdir. Buna baxmayaraq, cavabdehlə iddiaçı arasında 20 fevral 2019-cu il tarixinədək yaranmış borcun təsdiqini ifadə edən üzləşmə Aktı mövcuddur. Mübahisəni tənzimləyən Xidmət Müqaviləsinə əsasən öhdəliklərin yerinə yetirilməməsi və ya düzgün yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi və bu Müqavilənin şərtləri ilə tənzimlənir. Xidmət Müqaviləsinin 4.1-ci bəndinə əsasən tərəflər bu Müqavilədən irəli gələn istənilən mübahisələri danışıqlar yolu ilə həll etməyə çalışacaqlar. Tərəflər qarşılıqlı razılıq əldə edə bilməzlərsə, mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə müvafiq olaraq, Azərbaycan Respublikasının müvafiq məhkəməsində həll ediləcəkdir. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdehndən 12390 manat məbləğində xidmət haqqı borcunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi Vəkil suallara cavab olaraq bildirdi ki, iddiaçı hüquqi şəxsin Cavabdeh MMC-nin rəhbərliyi ilə işgüzar münasibətləri olmuş və həmin münasibətlərə görə də tərəflər arasında İddiaçı QSC-nin işçiləri tərəfindən Cavabdeh MMC-nin maliyyə sahəsində, yəni mühasibat uçotunun aparılması, vergi və digər icbari hesabatlarının təqdim edilməsi, vergi və hüquq konsaltinqi üzrə xidmətlərin göstərilməsi üçün xidmət müqaviləsi bağlanması barədə razılığa gəlinmiş və bunun üçün də iddiaçı ilə cavabdeh arasında 01 iyun 2017-ci il tarixli 15/17 TLS nömrəli “Mühasibat uçotunun aparılması, vergi və digər icbari hesabatların təqdim edilməsi və vergi və hüquq konsaltinqi üzrə xidmətlər göstərilməsinə dair” Müqavilə bağlanmışdır. Həmin Müqavilənin vaxtı bitdikdən sonra isə qarşılıqlı razılaşma əsasında iddiaçı tərəfindən 12 dekabr 2019-cu il tarixli 49/19 TLS nömrəli “Mühasibat uçotunun aparılması, vergi və digər icbari hesabatların təqdim edilməsi və vergi və hüquq konsaltinqi üzrə xidmətlər göstərilməsinə dair” yeni Müqavilə tərtib edilib-imzalanaraq cavabdeh hüquqi şəxsin Quba rayonunda yerləşən hüquqi ünvanına göndərilmişdir. Telefon danışıqları zamanı cavabdeh tərəfin rəhbərliyi göndərilmiş Müqavilə ilə əlaqədar heç bir irad bildirməyərək, Müqaviləni imzalayıb qaytaracağına söz vermiş olsa da, 2-ci müqavilənin cavabdeh tərəfindən imzalanmış nüsxəsi iddiaçıya qaytarılmamışdır. Müqavilələrdə nəzərdə tutulan xidmətlərin yerinə yetirilməsi üçün mütəmadi olaraq Cavabdeh MMC-nin müvafiq mühasibatlıq və digər sənədləri, şifrə və kodu İddiaçı QSC-nin müvafiq səlahiyyətli işçilərinə təqdim olunmuş və iddiaçının işçiləri tərəfindən 2017-ci ilin iyun ayından etibarən məlum Müqavilələrdə nəzərdə tutulan Cavabdeh MMC-yə aid bütün xidmətlər, yəni cavabdeh şirkətin mühasibat uçotunun aparılması, 1C proqramında əməliyyatların qeydə alınması, aylıq, rüblük və illik əsasda vergi hesabatlarının hazırlanması və onlayn kargüzarlıq vasitəsilə vergi orqanına təqdim edilməsi, digər məcburi ödənişlərlə bağlı hesabatların hazırlanması və dövlət orqanlarına təqdim edilməsi, şirkətlərin kredit götürdükləri banklara mütəmadi əsasda maliyyə hesabatlarının təqdim olunması, təqdim olunan maliyyə hesabatları ilə əlaqədar bank əməkdaşlarının suallarının yazılı və ya fiziki görüşlər zamanı cavablandırılması, vergi orqanı tərəfindən aparılan kameral və səyyar vergi yoxlamaları zamanı cavabdeh şirkətin təmsil edilməsi və bu sahədə yaranan digər bütün xidmətləri tam həcmdə yerinə yetirilmişdir. Cavabdeh MMC isə iddiaçı tərəfindən göstərilən xidmətləri qəbul edib, həmin xidmətlərə görə hər ay üçün nəzərdə tutulan 01 iyun 2017-ci il tarixli 15/17 TLS nömrəli müqavilə üzrə 500 manat miqdarında aylıq xidmət haqqı məbləğlərini və həmin məbləğlərə hesablanan 90 manat miqdarında ƏDV-ni yalnız 2 aya görə ödəmiş, 12 dekabr 2019-cu il tarixli 49/19 TLS nömrəli müqavilə üzrə 300 manat miqdarında aylıq xidmət haqqı məbləğlərini və həmin məbləğlərə hesablanan 54 manat miqdarında ƏDV-ni isə ümumiyyətlə ödəməmişdir. Yəni, 2017-ci ilin iyun ayından 2020-ci ilin aprel ayı da daxil olmaqla göstərilən xidmətlər üzrə hesablanan xidmət haqqı borcunun və ƏDV-nin cavabdeh tərəfindən 2 ayı ödənilmiş olsa da, sonrakı aylar üzrə ödənişlər edilməmişdir. Cavabdeh göstərilən məlum xidmətlərə görə 25 iyul 2018-ci ildə ödəniş etmiş və həmin ödənişlə 2017-ci ilin oktyabr və noyabr ayına daxil olan dövrə olan borcları silinmişdir. Lakin, cavabdeh 2017-ci ilin iyun ayından 2020-ci ilin aprel ayı daxil olmaqla 23 ay üçün göstərilmiş xidmətlərə görə borcunu ödəməmişdir. Buna görə də, 01 may 2020-ci il tarixindən etibarən iddiaçı tərəf cavabdeh tərəfə göstərdiyi bütün xidmətləri dayandırmış və son 23 ayda göstərilmiş xidmətlər üzrə ödənilməmiş 10500 manat xidmət haqqı borcu və 1890 manat məbləğində ƏDV borcu olmaqla, ümumilikdə 12390 manat məbləğində borcun ödənilməsi cavabdehdən tələb olunmuşdur. İddiaçı tərəf hazırkı iddia ərizəsində cəmi 10500 manat xidmət haqqına görə ümumilikdə 1890 manat məbləğində ƏDV məbləği də hesablayaraq, həmin pulun da cavabdehdən tutulmasını xahiş edir. Lakin, tələb olunan cəmi 10500 manat xidmət haqqına görə iddiaçı tərəfindən Dövlət Büdcəsinə heç bir məbləğdə ƏDV pulu ödənilməmişdir. Yəni, ödənilməmiş cəmi 10500 manat xidmət haqqına görə iddiaçı tərəfindən cavabdeh tərəfə “elektron-qaimə”lər təqdim olunmamış və həmin xidmət haqqı borcu üzrə Dövlət Büdcəsinə İddiaçı QSC tərəfindən hər hansı bir məbləğdə, eləcə də 1890 manat məbləğində ƏDV ödənməmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatlarını, şahid ifadələrini, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyətin işçiləri - X3, X1 və X2 məhkəmə iclasında vermiş olduqları ifadələrində İddiaçı QSC-nin işçiləri olaraq, bilavasitə Cavabdeh MMC-yə 01 iyun 2017-ci il tarixdən 01 fevral 2019-cu il tarixədək və 01 dekabr 2019-cu il tarixdən 01 may 2020-ci il tarixədək maliyyə sahəsində, yəni mühasibat uçotunun aparılması, vergi və digər icbari hesabatlarının təqdim edilməsi, vergi və hüquq konsaltinqi üzrə xidmətlər və sair maliyyə xidmətlərinin göstərilməsində iştirak etdiklərini, lakin Cavabdeh MMC tərəfindən həmin xidmətlərə görə hesablanmış aylıq xidmət haqlarının tam ödənilmədiyini və buna görə də, 01 may 2020-ci il tarixindən etibarən Cavabdeh MMC-yə göstərdikləri bütün xidmətləri dayandırdıqlarını bildirmişlər. Məhkəmə araşdırması zamanı tədqiq edilən iş materialları ilə müəyyən olunur ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: **********) - “İcraçı”, Cavabdeh (VÖEN: **********) – “Müştəri” olaraq tərtib olunmuş 01 iyun 2017-ci il tarixli 15/17 TLS nömrəli “Mühasibat uçotunun aparılması, vergi və digər icbari hesabatların təqdim edilməsi və vergi və hüquq konsaltinqi üzrə xidmətlər göstərilməsinə dair” Müqavilə hər iki müqavilə iştirakçısı (İcraçı və Müştəri) tərəfindən müvafiq qaydada imzalanaraq möhürlənmiş olsa da, həmin tərəflər arasında bağlanması nəzərdə tutulan 12 dekabr 2019-cu il tarixli 49/19 TLS nömrəli “Mühasibat uçotunun aparılması, vergi və digər icbari hesabatların təqdim edilməsi və vergi və hüquq konsaltinqi üzrə xidmətlər göstərilməsinə dair” növbəti Müqavilə isə “Müştəri” tərəfindən imzalanmamışdır. Lakin, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş müxtəlif xarakterli (maliyyə, vergi və s.) sənədlərlə təsdiq olunur ki, icraçı İddiaçı QSC tərəfindən 01 iyun 2017-ci il tarixdən 01 fevral 2019-cu il tarixədək (2019-cu ilin yanvar ayı daxil olmaqla) və 01 dekabr 2019-cu il tarixdən 01 may 2020-ci il tarixədək (2020-ci ilin aprel ayı daxil olmaqla) müştəri Cavabdeh maliyyə sahəsinə aid xidmətlər, yəni sonuncunun mühasibat uçotunun aparılması, 1C proqramında əməliyyatların qeydə alınması, aylıq, rüblük və illik əsasda müxtəlif vergi hesabatlarının hazırlanması və onlayn kargüzarlıq vasitəsilə vergi orqanına təqdim edilməsi, digər məcburi ödənişlərlə bağlı hesabatların hazırlanması və dövlət orqanlarına təqdim edilməsi, kredit götürülən banklara mütəmadi əsasda maliyyə hesabatlarının təqdim olunması, təqdim olunan maliyyə hesabatları ilə əlaqədar bank əməkdaşlarının suallarının yazılı və ya telefon (fiziki) görüşlər zamanı cavablandırılması, vergi orqanı tərəfindən aparılan kameral və səyyar vergi yoxlamaları zamanı Şirkətin təmsil edilməsini nəzərdə tutan xidmətlər göstərilmiş və həmin xidmətlər müştəri Cavabdeh MMC tərəfindən qəbul olunmuşdur. İş materiallarında olan İddiaçı QSC tərəfindən tərtib edilərək Cavabdehnə təqdim edilmiş 30 oktyabr 2017-ci il tarixli 409/2017 nömrəli Hesab-Faktura ilə 2017-ci ilin iyun ayı üçün göstərilmiş xidmətlər üzrə, 30 oktyabr 2017-ci il tarixli 410/2017 nömrəli Hesab- Faktura ilə 2017-ci ilin iyul ayı üçün göstərilmiş xidmətlər üzrə, 30 oktyabr 2017-ci il tarixli 411/2017 nömrəli Hesab-Faktura ilə 2017-ci ilin avqust ayı üçün göstərilmiş xidmətlər üzrə, 30 oktyabr 2017-ci il tarixli 412/2017 nömrəli Hesab-Faktura ilə 2017-ci ilin sentyabr ayı üçün göstərilmiş xidmətlər üzrə, 30 oktyabr 2017-ci il tarixli 413/2017 nömrəli Hesab- Faktura ilə 2017-ci ilin oktyabr ayı üçün göstərilmiş xidmətlər üzrə, 12 dekabr 2017-ci il tarixli 474/2017 nömrəli Hesab-Faktura ilə 2017-ci ilin noyabr ayı üçün göstərilmiş xidmətlər üzrə, 23 yanvar 2018-ci il tarixli 029/2018 nömrəli Hesab-Faktura ilə 2017-ci ilin dekabr ayı üçün göstərilmiş xidmətlər üzrə, 14 fevral 2018-ci il tarixli 081/2018 nömrəli Hesab-Faktura ilə 2018-ci ilin yanvar ayı üçün göstərilmiş xidmətlər üzrə, 14 mart 2018-ci il tarixli 140/2018 nömrəli Hesab-Faktura ilə 2018-ci ilin fevral ayı üçün göstərilmiş xidmətlər üzrə, 18 aprel 2018-ci il tarixli 190/2018 nömrəli Hesab-Faktura ilə 2018-ci ilin mart ayı üçün göstərilmiş xidmətlər üzrə, 22 may 2018-ci il tarixli 256/2018 nömrəli Hesab- Faktura ilə 2018-ci ilin aprel ayı üçün göstərilmiş xidmətlər üzrə, 25 iyun 2018-ci il tarixli 297/2018 nömrəli Hesab-Faktura ilə 2018-ci ilin may ayı üçün göstərilmiş xidmətlər üzrə, 23 iyul 2018-ci il tarixli 343/2018 nömrəli Hesab-Faktura ilə 2018-ci ilin iyun ayı üçün göstərilmiş xidmətlər üzrə, 13 avqust 2018-ci il tarixli 392/2018 nömrəli Hesab-Faktura ilə 2018-ci ilin iyul ayı üçün göstərilmiş xidmətlər üzrə, 25 sentyabr 2018-ci il tarixli 449/2018 nömrəli Hesab-Faktura ilə 2018-ci ilin avqust ayı üçün göstərilmiş xidmətlər üzrə, 29 oktyabr 2018-ci il tarixli 497/2018 nömrəli Hesab-Faktura ilə 2018-ci ilin sentyabr ayı üçün göstərilmiş xidmətlər üzrə, 28 noyabr 2018-ci il tarixli 556/2018 nömrəli Hesab-Faktura ilə 2018-ci ilin oktyabr ayı üçün göstərilmiş xidmətlər üzrə, 27 dekabr 2018-ci il tarixli 626/2018 nömrəli Hesab-Faktura ilə 2018-ci ilin noyabr ayı üçün göstərilmiş xidmətlər üzrə, 27 dekabr 2018-ci il tarixli 627/2018 nömrəli Hesab-Faktura ilə 2018-ci ilin dekabr ayı üçün göstərilmiş xidmətlər üzrə və 20 fevral 2019-cu il tarixli 034/2019 nömrəli Hesab- Faktura ilə 2019-cu ilin yanvar ayı üçün göstərilmiş xidmətlər üzrə hər ay üçün ümumilikdə 590 (beş yüz doxsan) manat (500 manat xidmət haqqı + 90 manat ƏDV - 18%) məbləğində olmaqla, icraçı İddiaçı QSC-nin bank hesabına ödənilməsi xahiş olunmuşdur (ödənilməmiş hesab-fakturalarla əlaqədar İcraçı tərəfindən Müştəriyə qanunvericiliyin tələb etdiyi qaydada “elektron-qaimə”lərin göndərilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır). İş materiallarında olan İddiaçı QSC tərəfindən tərtib edilərək Cavabdehnə təqdim edilmiş 09 yanvar 2020-ci il tarixli 040/2020 nömrəli Hesab-Faktura ilə 2019-cu ilin dekabr ayı üçün göstərimiş xidmətlər üzrə, 12 fevral 2020-ci il tarixli 110/2020 nömrəli Hesab- Faktura ilə 2020-ci ilin yanvar ayı üçün göstərimiş xidmətlər üzrə, 05 mart 2020-ci il tarixli 172/2020 nömrəli Hesab-Faktura ilə 2020-ci ilin fevral ayı üçün göstərimiş xidmətlər üzrə, 02 aprel 2020-ci il tarixli 271/2020 nömrəli Hesab-Faktura ilə 2020-ci ilin mart ayı üçün göstərimiş xidmətlər üzrə və 06 may 2020-ci il tarixli 339/2020 nömrəli Hesab-Faktura ilə 2020-ci ilin aprel ayı üçün göstərimiş xidmətlər üzrə hər ay üçün ümumilikdə 354 (üç yüz əlli dörd) manat (300 manat xidmət haqqı + 54 manat ƏDV - 18%) məbləğində olmaqla, icraçı İddiaçı QSC-nin bank hesabına ödənilməsi xahiş olunmuşdur (ödənilməmiş hesabfakturalarla əlaqədar İcraçı tərəfindən Müştəriyə qanunvericiliyin tələb etdiyi qaydada “elektron-qaimə”lərin göndərilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır). İş materiallarında olan, İddiaçı QSC tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş Maliyyə Arayışında olan məlumatlarla müəyyən olunur ki, icraçı İddiaçı QSC tərəfindən müştəri "xxxx" MMC-yə 01 iyun 2017-ci il tarixdən 01 fevral 2019-cu il tarixə və 01 dekabr 2019-cu il tarixdən 01 may 2020-ci il tarixə qədər maliyyə sahəsində göstərilən xidmətlərə görə hər ay üzrə hesab-fakturalar tərtib olunmuş və sonuncu tərəfindən həmin xidmətlər üzrə 2017-ci ilin oktyabr-noyabr ayları üçün 25 iyul 2018-ci ildə hər ay üçün 500 manat xidmət haqqı və 90 manat ƏDV olmaqla, qeyd olunan həmin ayların hər birinə görə 590 manat (ümumilikdə iki aya görə cəmi 1180 manat) məbləğində pul vəsaiti icraçı İddiaçı QSC-yə ödənilmiş və həmin qeyd olunan aylara görə heç bir borc qalmamışdır. Lakin, 2017-ci ilin iyun ayından 2017-ci ilin sentyabr ayı daxil olmaqla və 01 dekabr 2017-ci ilin dekabr ayından 2019-cu ilun yanvar ayı da daxil olmaqla hər ay üçün 500 manat xidmət haqqı və 90 manat ƏDV (01 iyun 2017-ci il tarixli 15/17 TLS nömrəli müqavilə) və 2019-cu ilin dekabr ayından 2020-ci ilin aprel ayı da daxil olmaqla hər ay üçün 300 manat xidmət haqqı və 54 manat ƏDV (12 dekabr 2019-cu il tarixli 49/19 TLS nömrəli müqavilə) ödənilməmiş və buna görə də, müştəri "xxxx" MMC-nin 01 iyun 2017-ci il tarixdən 01 fevral 2019-cu il tarixə və 01 dekabr 2019-cu il tarixdən 01 may 2020-ci il tarixə qədər göstərilmiş xidmətlər üzrə ümumilkdə 10500 (on min beş yüz) manat əsas borc (500 manat x 18 ay və 300 manat x 5 ay) və 1890 (min səkkiz yüz doxsan) manat ƏDV borcu (90 manat x 18 ay və 54 manat x 5 ay) olmaqla, cəmi qalıq borcu 12390 (on iki min üç yüz doxsan) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Göründüyü kimi, 01 iyun 2017-ci il tarixdən 01 fevral 2019-cu il tarixədək maliyyə sahəsində göstərilən xidmətlərə görə 2019-cu ilin yanvar ayı daxil olmaqla nəzərdə tutulan aylıq xidmət haqları (01 iyun 2017-ci il tarixli 15/17 TLS nömrəli müqavilə üzrə hər ay üçün 500 manat) və ƏDV məbləğləri (hər ay üçün 90 manat) və 01 dekabr 2019-cu il tarixdən 01 may 2020-ci il tarixədək maliyyə sahəsində göstərilən xidmətlərə görə 2020-ci ilin aprel ayı daxil olmaqla nəzərdə tutulan aylıq xidmət haqları (12 dekabr 2019-cu il tarixli 49/19 TLS nömrəli müqavilə üzrə hər ay üçün 300 manat) və ƏDV məbləğləri (hər ay üçün 54 manat) müştəri "xxxx" MMC tərəfindən icraçı İddiaçı QSC-yə 2 ay yəni, 2017-ci ilin oktyabr və noyabr ayları üçün ödənilmiş olsa da, bundan yerdə qalan 23 ay üzrə göstərilmiş xidmətlər üzrə ümumilkdə 10500 (on min beş yüz) manat məbləğində xidmət haqqı borcu (500 manat x 18 ay və 300 manat x 5 ay) müştəri "xxxx" MMC tərəfindən icraçı İddiaçı QSC-yə ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 10500 (on min beş yüz) manat məbləğində xidmət haqqı borcunun və həmin borc üzrə hesablanmış 1890 (min səkkiz yüz doxsan) manat ƏDV borcunun (90 manat x 18 ay və 54 manat x 5 ay) cavabdeh "xxxx" MMC-dən iddiaçı İddiaçı QSC-nin xeyrinə tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, 01 iyun 2017-ci il tarixdən 01 fevral 2019-cu il tarixə və 01 dekabr 2019-cu il tarixdən 01 may 2020-ci il tarixə qədər göstərilmiş xidmətlər üzrə ümumilkdə 10500 (on min beş yüz) manat məbləğində xidmət haqqı Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə ödənilməmiş və hazırkı iddia ərizəsində cəmi qalıq borc kimi tutulması xahiş olunan 12390 (on iki min üç yüz doxsan) manat məbləğində ümumi iddia tələbinin tərkib hissəsi olan 10500 (on min beş yüz) manat məbləğində xidmət haqqının cavabdehdən tutulmalı olması əsaslıdır. Lakin, məhkəmə araşdırması zamanı iddia tələbinin digər hissəsi, yəni hazırkı iddia ərizəsində cəmi qalıq borc kimi tutulması xahiş olunan 12390 manat məbləğində ümumi iddia tələbinin digər tərkib hissəsi olan “əsas borc üzrə hesablanmış 1890 (min səkkiz yüz doxsan) manat ƏDV borcunun” cavabdehdən tutulmalı olması isə əsaslı deyildir. Çünki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı QSC tərəfindən 23 ay üzrə ödənilməmiş xidmət haqlarına görə ayrı-ayrılıqda hər bir ay üzrə “hesab-fakturalar” tərtib edilərək Cavabdeh MMC-yə təqdim olunmuş olsa da, həmin tələb olunan xidmət haqqı borcları, yəni xidmət göstərilməsi ilə əlaqədar tələb olunan cəmi 10500 manat məbləğində xidmət haqqı borcu üzrə iddiaçı tərəfindən Dövlət Büdcəsinə hər hansı bir məbləğdə ƏDV (X8) ödənilməmişdir. Qeyd etmək lazımdır ki, iddiaçının cavabdehə müvafiq xidmətlər göstərməsi və bu xidmətlərə görə cavabdeh tərəfin cəmi 10500 manat məbləğində xidmət haqqı borcunun yaranması sübut olunsa da, iddiaçı tərəfin ödəməmiş olduğu hər hansı bir pul vəsaitinin, o cümlədən də “X8” (ƏDV) kimi hesabladığı pulu tələb etməsinin əsaslılığı məhkəmə araşdırması zamanı təsdiq olunmamışdır (ödənilməmiş hesab-fakturalarla əlaqədar İcraçı tərəfindən Müştəriyə qanunvericiliyin tələb etdiyi qaydada “elektronqaimə”lərin təqdim edilməsi müəyyən olunmamışdır). Halbuki, xidmət göstərmiş tərəf xidmətinə görə hesablanmış pul vəsaiti üzrə qanunvericiliyin müəyyən etdiyi qaydada hesablanmış ƏDV-ni (qanunvericiliyin tələb etdiyi qaydada “elektron-qaimə”lər təqdim etməklə) Dövlət Büdcəsinə ödəmiş olduğu halda, onun həmin ƏDV məbləğinin əvəzini qarşı tərəfdən (borcludan) tələb etmək hüququ yaranmış olardı. Yəni, göstərdiyi xidmətə görə xidmət haqqı kimi yaranmış borcunu tələb edən iddiaçı tərəfin həmin xidmətlər üzrə “elektron-qaimə”lər təqdim etmədiyinə görə müvafiq qaydada hesablanaraq Dövlət Büdcəsinə ödənilməmiş ƏDV-nin əvəzinin hazırkı iddia tələbində cavabdehdən “iddiaçının xeyrinə tutulmasını” tələb etməsi tamamilə əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdehndən 10500 (on min beş yüz) manat məbləğində xidmət haqqı borcu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən – hazırkı iş üzrə iddia tələbi qismən təmin olunduğu üçün məhkəməyə müraciət edərkən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun (22 iyun 2021-ci il tarixli ********* nömrəli Ödəniş Qəbzi) 25 (iyirmi beş) manatı Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 10500 (on min beş yüz) manat məbləğində xidmət haqqı borcu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 25 (iyirmi beş) manat olmaqla, cəmi 10525 (on min beş yüz iyirmi beş) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar