Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-873/2021 06.10.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı "X10 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehndən 64900 AZN (altmış dörd min doqquz yüz manat) tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışıdır ki, iddiaçı cavabdeh arasında 1 iyun 2017-ci il tarixli 14/17 TLS saylı “Mühasibat uçotunun aparılması, vergi və digər icbari hesabatların təqdim edilməsi və vergi və hüquq konsaltinqi üzrə xidmətlər göstərilməsinə dair” müqavilə bağlanmışdır. Həmin müqavilənin müddəti bitdiyindən tərəflər arasında 12 dekabr 2019-cu il tarixli 48/19 saylı “Mühasibat uçotunun aparılması, vergi və digər icbari hesabatların təqdim edilməsi və vergi və hüquq konsaltinqi üzrə xidmətlər göstərilməsinə dair” müqavilə bağlanmışdır. Hər iki müqavilənin şərtləri qarşılıqlı surətdə razılaşdırlımışdır. Müqavilələr tərtib edilmiş, şərtləri iddiaçı və cavabdeh tərəfindən qəbul edilmiş, iddiaçı tərəfindən imzalanaraq cavabdehə göndərilmişdir. Lakin cavabdeh bu günə kimi müqavilələrin özü tərəfindən imza edilmiş nüsxəsini iddiaçıya təqdim etməmişdir. Bu səbəbdən də məhkəməyə müqavilələrin yalnız iddiaçı tərəfindən imzalanmış nüsxəsini təqdim edilmişdir. Xidmət müqavilələrinə əsasən, iddiaçı cavabdehə onun Azərbaycan Respublikasının ərazisində vergi öhdəlikləri ilə bağlı mühasibat uçotunun aparılması, vergi və digər icbari hesabatların təqdim edilməsi və, eyni zamanda, müştərinin ayrı-ayrı müraciətləri əsasında vergi və hüquq konsaltinqi üzrə xidmətləri göstərəcəkdir. Cavabdeh də öz növbəsində İddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə aylıq haqqı vaxtında ödəməli idi. İddiaçı Xidmət Müqaviləsi bağlandığı tarixdən 2020-ci ilin may ayına kimi cavabdeh üçün Müqavilə ilə nəzərdə tutulmuş müvafiq xidmətlər göstərmiş və göstərilmiş xidmətlərə dair cavabdehə aylıq olaaraq elekton qaimələr təqdim etmişdir. Xidmət Müqaviləsinin şərtlərinə əsasən, cavabdeh hər ay İddiaçının göstərdiyi xidmət qarşılığında tərəflər arasında şərtləşdirilmiş məbləği ödəməyi öhdəsinə götürür. Cavabdeh Xidmət Müqaviləsi üzrə öz öhdəliklərini ümumiyyətlə həyata keçirməmişdir. Buna baxmayaraq, iddiaçı tərəflər arasında işgüzar münasibətlərə əsaslanaraq xidmətləri göstərməkdə davam etmişdir. Müqavilənin qüvvədə olduğu bütün dövr ərzində cavabdehin rəhbərliyinin, işçilərinin və əlaqəli üçüncü şəxslərin rəsmi elektron ünvanlarından daxil olmuş tapşırıqlar, sorğular, eləcə də Müqavilə üzrə xidmətlər iddiaçı tərəfindən vaxtında icra edilmiş və təhvil verilmişdir. Buna dair rəsmi elektron yazışmalar mövcuddur. İddiaçı cavabdehlə yaranmış bu mübahisənin məhkəmədənkənar həll edilməsinə çalışsa da, onun cavabdehə şifahi və yazılı müraciətləri müsbət nəticə verməmişdir. Cavabdehə dəfələrlə şifahi və elektron ünvan vasitəsi ilə xəbərdarlıqlar edilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbi ilə 1 iyun 2020-ci il tarixindən Xidmət Müqaviləsinə birtərəfli qaydada xitam verilməsi barədə iddiaçı tərəfindən yazılı şəkildə məlumatlandırılmışdır. Həmçinin, Xidmət müqaviləsinə xitam verilən tarixədək ödənilməmiş aylıq xidmət haqlarının, cəmi 64900 (altmış dörd min doqquz yüz) Azərbaycan manatı məbləğində olmaqla iddiaçıya ödənilməsini tələb edən bildiriş ilə cavabdehə müraciət edilmişdir. Bildiriş 14 may 2021-ci il tarixində cavabdehin işçisi tərəfindən təhvil alınmışdır. Bildiriş məktubunun təhvil alınması ilə bağlı kuryer şirkətinin təqdim etdiyi xəbərnamə iddia ərizəsinə əlavə olunmuşdur. Bildiriş məktubu ilə cavabdeh tərəfindən yuxarıda qeyd edilən pul vəsaitinin ödənişinin məktub təhvil alındığı tarixdən 15 iş günü müddətində könüllü şəkildə icra edilməyi tələb edilmişdir. Cavabdeh öz öhdəliklərini könüllü şəkildə icra etmədiyi üçün iddiaçı pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək niyyətindədir. İddiaçı hesab edir ki, cavabdehin xidmət müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində iddiaçıya dəyən zərərin ödənilməsi məhkəmə qaydasında mövcud qanunvericiliyin tələblərinə əməl edilməklə təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdehndən 64900 manat (altmış dörd min doqquz yüz manat) tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 2018-ci ildən iddiaçı şirkətdə İİ dərəcəli vergi məsələləri üzrə köməkçi menecer vəzifəsində işlədiyini və tərəflər arasında bağlanılmış müqaviləyə əsasən "xxxx" MMC-yə göstərilən xidmətlərə bilavasitə məsul olan şəxs olduğunu, özü və digər iki əməkdaşla birgə "xxxx" MMC-nin vergi, DSMF və digər zəruri hesabatların hazırlanması, mühasibat uçotunun aparılması və bütün digər konsaltinq xidmətlərinin icrasını həyata keçirdiyini, cavabdehin məsul şəxslərinin elektron poçt ünvanlarından daxil olan müraciətlər əsasında onlara müvafiq xidmətlərin təqdim edildiyini, lakin hal-hazıradək xidmətlərin haqqının ödənilmədiyini, bu barədə şifahi və elektron poçt vasitəsilə xəbərdarlıqlar edildiyini bildirmişdir. Şahid həmçinin ifadəsində cavabdehin borcun bir hissəsinin etirafı ilə bağlı sənədi imzaladığını, yeni qrafik təqdim edilərək borcun ödəniləcəyini bildirdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 2014-cü ildən iddiaçı şirkətdə işlədiyini, hazırda İİ dərəcəli vergi məsələləri üzrə baş mencer vəzifəsində işlədyini, cavabdeh "xxxx" MMC-yə müqavilə əsasında xidmətlər göstərilməsində menecer kimi iştirak etdiyini, gündəlik vergi və mühasibatlıq xidmətlərinin göstərildiyini, əsas icraçı kimi Pərvin Abbasovun iştirak etdiyini, lakin cavabdeh tərəfindən hər-hansı ödənişin edilmədiyini bildirmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iddiaçının nümayəndəsinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Bundan əlavə, MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Məhkəmə qeyd edir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən MPM-də və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.1 və 76.2-ci maddələri). Mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. İş materiallarında olan 01.06.2017-ci il tarixli mühasibat uçotunun aparılması, vergi və digər icbari hesabların təqdim edilməsi, və vergi və hüquq konsaltinqi üzrə xidmətlər göstərilməsinə dair 14/17TLS nömrəli müqaviləyə əsasən müqavilənin şərtlərinə müqavif olaraq, İcraçı ("xxxx" QSC) Müştəriyə (Cavabdeh) onun Azərbaycan Respublikasının ərazisində vergi öhdəlikləri ilə bağlı mühasibat uçotunun aparılması, vergi və digər icbari hesabatların təqdim edilməsi və eyni zamanda Müştərinin ayrı-ayrı müraciətləri əsasında vergi və hüquqi konsaltinqi üzrə xidmətləri göstərəcəkdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən tərəflərdən hər hansı biri birtərəfli qaydada Müqaviləyə xitam verərsə və ya Müştəri İcraçıya onun öhdəliklərini yerinə yetirmək üçün tələb olunan məlumatı təqdim edə bilməzsə və ya vaxtında təqdim edə bilməzsə və bu səbəbdən icraçı tərəfindən öhdəliklərin icrası qeyri-nümkün olarsa, Müştəri, müvafiq olaraq, vergi və digar icbari hesabatların təqdim edilməsi üzrə xidmətlərə görə yuxarıda göstərilən aylıq haqqı nəzərə alaraq, faktiki görülmüş işlərə görə hesablanmış haqqı İcraçıya ödəyəcəkdir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən öhdəliklərin yerinə yetirilməməsi və ya düzgün yerinə yetirilməməsi görə tərəflərin məsuliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilənin şərtləri ilə tənzimlənir. İddiaçı tərəfindən təqdim edilmiş “Müştəri” "xxxx" MMC ilə “icraçı” "xxxx" QSC arasında bağlanıldığı göstərilən və sonuncunun direktoru tərəfindən imzalanaraq möhürlə təsdiqlənmiş “Mühasibat uçotunun aparılması, vergi və digər icbari hesabatların təqdim edilməsi, vergi və hüquq konsaltinqi üzrə xidmətlər göstərilməsinə dair” 12.12.2019-cu il tarixli, 48/19 TLS saylı müqavilədən görünür ki, icraçı müştəriyə onun Azərbaycan Respublikasının ərazisində vergi öhdəlikləri ilə bağlı mühasibat uçotunun aparılması, vergi və digər icbari hesabatların təqdim edilməsi (Müntəzəm xidmətlər), eyni zamanda müştərinin ayrı-ayrı müraciətləri əsasında vergi və hüquq konsaltinqi (Xüsusi xidmətlər) üzrə və müqavilədə nəzərdə tutulmuş digər xidmətlər göstərməyi, müştəri isə müqavilədə qeyd edilmiş xidmətlərə görə müəyyənləşdirilmiş məbləğdə haqq ödəməyi öhdəsinə götürür. İddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş yazılı izahatda göstərilir ki, xidmət göstərilən Cavabdeh MMC-nin 01 iyun 2017-ci il və 12 dekabr 2019-cu il tarixli xidmət müqavilələri və ya 01.06.2017-ci il tarixdən 01.05.2020-ci il tarixədək təqdim olunan xidmətlər üzrə iddiaçıya 64900 (altmış dörd min doqquz yüz) manat borcu vardır. Xidmətlər iddiaçının əmək müqaviləsinə əsasən xidmət göstərən işçiləri X2, X1, X4 və X3 tərəfindən icra olunmuş və müvafiq olaraq cavabdehin məsul şəxsləri kimi İsaməddin Dəmirov, Tural Çələbizadə, Tərlan Həmidov, Nizaməddin İmaməliyev, Təranə Əliyeva, Yadigar Aslanov, Gülbəniz Məmmədova, Samirə Yusifova, Xalid Məmmədov, Nərgiz Qafarova, Vəfa Qədirova, Şamxal Zülfiqarlı, Natiq Ömərov və Dəmir Dəmirov adlı şəxlər tərəfindən təhvil alınmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışından və 09.01.2020, 12.02.2020, 05.03.2020, 02.04.2020, 01.05.2020-ci il tarixli hesab fakturalardan görünür ki, cavabdehin iddiaçıya 2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayınadək olan dövrdə müqavilə üzrə xidmətlərin göstərilməsi üçün hər ay 2000 manat əsas borc, 360 manat ƏDV borcu hesablanaraq 09.08.2021-ci il tarixinə 55000 manat əsas borc, 9900 manat ƏDV borcu olmaqla, ümumilikdə 64900 manat məbləğində borcu yaranmışdır. 20.05.2021-ci il tarixli hesab-fakturada da cavabdehin iddiaçıya 55000 manat əsas borc, 9900 manat ƏDV borcu olmaqla, ümumilikdə 64900 manat məbləğində borcu olduğu göstərilmişdir. İş materiallarında olan və Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanaraq möhürlə təsdiqlənmiş sənəddən görünür ki, 2017-ci il tarixli, 14/17 TLS nömrəli müqaviləyə uyğun olaraq Cavabdeh MMC-nin 20.02.2019-cu il tarixə “X5” QSC-yə (ƏDV daxil) 53100 manat borcu vardır. İddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə iddiaçı "X10 Azərbaycan" QSC-nin əməkdaşlarına aid olduğu bildirilən elektron poçt ünvanlarından cavabdehin əməkdaşlarına aid olduğu bildirilən müxtəlif elektron poçt ünvanılarına yuxarıda qeyd edilən xidmət müqavilələrində göstərilən xidmətlərin göstərilməsi, o cümlədən, müxtəlif hesabatların hazırlanaraq təqdim edilməsi, cari mühasibatlıq işləri ilə bağlı sorğuların cavablandırılması barədə çoxsaylı elektron poçt yazışmalarının təsdiq edilmiş surətləri təqdim edilmişdir. Həmin yazışmalarda əks olunan məlumatlar digər sübutlarla – təqdim edilmiş müqavilə və digər yazılı sənədlər, iddiaçının nümayəndəsinin izahatı, habelə şahid ifadələri ilə təsdiq edildiyindən məhkəmə həmin elektron poçt yazışmalarını MPM-nin 89cu maddəsinin tələblərinə uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən sübut kimi qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir (maddə 777.1 və 777.2). Mülki Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki dövriyyənin sabitliyinin ən vacib prinsiplərindən biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində də təsbit edilmişdir. Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. İşin yuxarıda qeyd edilən hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən 01.06.2017 və12.12.2019-cu il tarixli müqavilələrə əsasən cavabdehə mühasibat uçotunun aparılması, vergi və digər icbari hesabatların təqdim edilməsi və s. ilə bağlı xidmətlər göstərilmiş, lakin cavabdeh tərəfindən bunun müqabilində hər-hansı haqq ödəməmişdir. Buna görə də, məhkəmə cavabdeh "xxxx" MMC-dən İddiaçı QSC-nin xeyrinə 55000 manat tutulmasına dair hissədə iddia tələbini əsaslı hesab edərək onun təmin edilməli olması nəticəsinə gəlir. Bununla yanaşı, məkəmə qeyd edir ki, cavabdehdən əsas borc üzrə hesablanmış 9900 (doqquz min doqquz yüz) manat ƏDV borcunun cavabdehdən tutulmasına dair hissədə iddia tələbi əsaslı deyildir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən ödənilməmiş xidmət haqlarına görə ayrı-ayrılıqda hər bir ay üzrə hesab-fakturalar tərtib edilərək cavabdeh "xxxx" MMC-yə təqdim olunsa da, dövlət büdcəsinə hər hansı bir məbləğdə əlavə dəyər vergisi ödənilməmişdir. İddiaçının cavabdehə müvafiq xidmətlər göstərməsi və bu xidmətlərə görə cavabdeh tərəfin cəmi 55000 manat məbləğində xidmət haqqı borcunun yaranması sübut olunsa da, iddiaçı tərəfin ƏDV kimi hesabladığı pulu tələb etməsi əsaslı deyildir. Belə olan halda iddia tələbi həmin hissədə təmin edilməməlidir. MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da cavabdeh "xxxx" MMC-dən tutulmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 241, 242, 244, 252, 253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdehndən 55000 (əlli beş min) manat məbləğində xidmət haqqı borcu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdehndən tutularaq iddiaçı İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(119)-873/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-873/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver