Məhkəmə qərarları › İş №e-2-2(119)-874/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-874/2024

03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-874/2024 03.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh qanuni təmsilçisi Əliyeva Durdanə İlham qızının iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 10 may 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 33961,68 (otuz üç min doqquz yüz altmış bir manat 68 qəpik) manat məbləğində əsas borc və 192 (yüz doxsan iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 34153,68 (otuz dörd min yüz əlli üç manat 68 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında malların alqı-satqısına dair 05 aprel 2022-ci il tarixli AVR-DDN/220405 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilənin tələblərinə əsasən Cavabdeh MMC İddiaçı QSC-dən qəbul etdiyi malların dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklər tam yerinə yetirilsə də, cavabdeh tərəf öz öhdəliklərini yerinə yetirməmiş, ödənişin həyata keçirilməsini əsassız olaraq gecikdirmiş və borcunu ödəməmişdir. Ona görə də, bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı formada məlumat verilmiş və ondan müqavilə üzrə olan ödənişlərin edilməsi xahiş olunmuşdur. Lakin, cavabdeh 33961,68 (otuz üç min doqquz yüz altmış bir manat 68 qəpik) manat məbləğində olan borcunu ödəməmişdir. Satıcı İddiaçı QSC bir tərəfdən və digər tərəfdən alıcı Cavabdeh MMC arasında cavabdehin 33961,68 manat məbləğində borcunun mövcud olmasını təsdiq edən 29 fevral 2024-cü il tarixli üzləşmə aktı da imzalanmışdır. Qeyd olunan 33961,68 manat məbləğində borcun olması İddiaçı QSC-nin mühasibatlıq şöbəsi tərəfindən verilmiş 06 may 2024-cü il tarixli maliyyə arayışında da öz əksini tapmışdır. Bundan əlavə, iddia ərizəsinin məhkəməyə verilməsinə görə iddiaçı tərəfindən 192 (yüz doxsan iki) manat məbləğində dövlət rüsumu da iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə baxış iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdehndən 33961,68 manat məbləğində əsas borc və 192 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 34153,68 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə baxış iclasında Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə iddia tələbini qəbul etmədiyini bildirsə də, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 aprel 2022-ci il tarixli AVR-DDN/220405 nömrəli “Malların alqısatqısı” müqaviləsi üzrə Cavabdeh həqiqətən də İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 33961,68 manat məbləğində borcunun olmasını təsdiq edərək, cavabdeh MMC-nin maddi vəziyyəti ağır olduğu və banklara borcu olduğu üçün həmin borcu bir dəfəyə ödəmək imkanı olmamasını və İddiaçı QSC yenidən mal verilməsini bərpa etdiyi halda, həmin mövcud borcun da hissə-hissə ödəniləcəyini bildirmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (VÖEN **********) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 05 aprel 2022-ci il tarixli AVR-DDN/220405 nömrəli Alqı-satqı Müqaviləsinin şərtlərinə görə Satıcı Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələrində (X1) göstərilən çeşiddə, miqdarda və təsvir olunan texniki göstəricilərə malik malları (bundan sonra - Mallar) istifadə məqsədləri üçün yararlı halda Alıcını təmin etməyi, Alıcı isə həmin Malları təhvil alıb dəyərini Müqavilədə müəyyən edilmiş məbləğdə və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürmüşdür (1.1-ci bənd). Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, müqavilə üzrə ödənişlər, Satıcı tərəfindən Alıcıya göndərilən elektron qaimə-fakturanın tarixindən etibarən 10 (on) iş günü ərzində nağdsız hesablaşmalar qaydasında aparılır. Həmin Müqavilənin 4.3.1-ci bəndinə əsasən, müqavilənin şərtlərinə uyğun təchiz olunmuş malları qəbul etmək və həmin malların dəyərini müqavilə ilə müəyyən olunmuş qaydada Satıcıya ödəmək Alıcının öhdəliyidir. Həmin Müqavilənin 14.1-ci bəndinə əsasən, müqavilə hər iki Tərəfdən imzalandığı və möhürü olan Tərəfin möhürlədiyi andan qüvvəyə minir və 1 (bir) il müddətinə qüvvədə qalır. İş materiallarında olan, satıcı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə alıcı Cavabdeh tərəfindən imzalanıb-möhürlənmiş 29 fevral 2024-cü il tarixli Üzləşmə Aktından (Əlavə 4) görünür ki, alıcı Cavabdeh 29 fevral 2024-cü il tarixinə satıcı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə cəmi 33961,68 (otuz üç min doqquz yüz altmış bir manat 68 qəpik) manat məbləğində ödənilməmiş qalıq borcu vardır. İddiaçı tərəfin hazırkı ilkin iddia ərizəsini verərkən təqdim etdiyi 06 may 2024-cü il tarixli Maliyyə Arayışında göstərilir ki, alıcı Cavabdeh 29 fevral 2024-cü il tarixinə satıcı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 33961,68 (otuz üç min doqquz yüz altmış bir manat 68 qəpik) manat məbləğində əsas borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin konkret halları ilə müəyyən olunur ki, 05 aprel 2022-ci il tarixli AVR-DDN/220405 nömrəli alqı-satqı Müqaviləsi üzrə almış olduğu mallara görə yaranmış borc alıcı Cavabdeh tərəfindən satıcı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməmişdir. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar İddiaçı QSC tərəfindən məhkəməyə müraciət olunarkən 192 (yüz doxsan iki) manat məbləğində dövlət rüsumu və 0,4 (40 qəpik) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, Cavabdeh MMC İddiaçı QSC ilə bağlanmış 05 aprel 2022-ci il tarixli AVR-DDN/220405 nömrəli alqı-satqı Müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 33961,68 (otuz üç min doqquz yüz altmış bir manat 68 qəpik) manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdehndən 33961,68 manat məbləğində əsas borc İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Həmçinin, iddia tələbi təmin olunduğundan, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 192 (yüz doxsan iki) manat məbləğində dövlət rüsumunun əvəzi də Cavabdehndən tutularaq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 33961,68 (otuz üç min doqquz yüz altmış bir manat 68 qəpik) manat məbləğində əsas borc və 192 (yüz doxsan iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 34153,68 (otuz dörd min yüz əlli üç manat 68 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar