Məhkəmə qərarları › İş №e-2-2(119)-875/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(119)-875/2021

10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-875/2021 10.08.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı "X7 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehndən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 10620 manat (on min altı yüz iyirmi manat) tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışıdır ki, iddiaçı ilə cavabdeh arasında 12 dekabr 2019-cu il tarixli, 47/19 TLS saylı “Mühasibat uçotunun aparılması, vergi və digər icbari hesabatların təqdim edilməsi və vergi və hüquq konsaltinqi üzrə xidmətlər göstərilməsinə dair” Müqavilə bağlanmışdır. Xidmət müqaviləsinə əsasən, iddiaçı cavabdehə onun Azərbaycan Respublikasının ərazisində vergi öhdəlikləri ilə bağlı mühasibat uçotunun aparılması, vergi və digər icbari hesabatların təqdim edilməsi və eyni zamanda, müştərinin ayrı-ayrı müraciətləri əsasında vergi və hüquq konsaltinqi üzrə xidmətləri göstərəcəkdir. Cavabdeh də öz növbəsində iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə aylıq haqqı vaxtında ödəməli idi. Müqavilə tərtib edilmiş, şərtləri iddiaçı və cavabdeh tərəfindən qəbul edilmiş, iddiaçı tərəfindən imzalanaraq cavabdehə göndərilmişdir. Lakin, cavabdeh bu günə kimi müqavilənin özü tərəfindən imza edilmiş nüsxəsini iddiaçıya təqdim etməmişdir. Cavabdeh müqavilədə qeyd edilən xidmətlərin icrasını iddiaçıya həvalə etmiş, iddiaçı isə həmin xidmətləri cavabdehə göstərmişdir. İddiaçı xidmət müqaviləsi bağlandığı tarixdən 2020-ci ilin may ayına kimi cavabdeh üçün müqavilə ilə nəzərdə tutulmuş müvafiq xidmətlər göstərmiş və göstərilmiş xidmətlərə dair cavabdehə aylıq olaraq elekton qaimələr təqdim etmişdir. Xidmət müqaviləsinin şərtlərinə əsasən, cavabdeh hər ay iddiaçının göstərdiyi xidmət qarşılığında tərəflər arasında şərtləşdirilmiş məbləği ödəməyi öhdəsinə götürür. Cavabdeh xidmət müqaviləsi üzrə öz öhdəliklərini ümumiyyətlə həyata keçirməmişdir. Buna baxmayaraq, iddiaçı tərəflər arasında işgüzar münasibətlərə əsaslanaraq xidmətləri göstərməkdə davam etmişdir. Müqavilənin qüvvədə olduğu bütün dövr ərzində cavabdehin rəhbərliyinin, işçilərinin və əlaqəli üçüncü şəxslərin rəsmi elektron ünvanlarından daxil olmuş tapşırıqlar, sorğular, eləcə də müqavilə üzrə xidmətlər iddiaçı tərəfindən vaxtında icra edilmiş və təhvil verilmişdir. İddiaçı cavabdehlə yaranmış bu mübahisənin məhkəmədənkənar həll edilməsinə çalışsa da, onun cavabdehə şifahi və yazılı müraciətləri müsbət nəticə verməmişdir. Cavabdehə dəfələrlə şifahi və elektron ünvan vasitəsi ilə xəbərdarlıqlar edilmiş, müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbi ilə 1 iyun 2020-ci il tarixindən xidmət müqaviləsinə birtərəfli qaydada xitam verilməsi barədə iddiaçı tərəfindən yazılı şəkildə məlumatlandırılmışdır. Həmçinin, xidmət müqaviləsinə xitam verilən tarixədək ödənilməmiş aylıq xidmət haqlarının, cəmi 10620 manat məbləğində olmaqla iddiaçıya ödənilməsini tələb edən bildiriş ilə cavabdehə müraciət edilmiş, bildiriş 14.05.2020-ci il tarixində cavabdehin işçisi tərəfindən təhvil alınmışdır. Bildiriş məktubu ilə cavabdeh tərəfindən yuxarıda qeyd edilən pul vəsaitinin ödənişinin məktub təhvil alındığı tarixdən 15 iş günü müddətində könüllü şəkildə icra edilməyi tələb edilmişdir. Cavabdeh öz öhdəliklərini könüllü şəkildə icra etmədiyi üçün iddiaçı pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək niyyətindədir. İddia ərizəsində göstərilir ki, cavabdehin xidmət müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində iddiaçıya dəyən zərərin ödənilməsi məhkəmə qaydasında mövcud qanunvericiliyin tələblərinə əməl edilməklə təmin edilməlidir. İddia ərizəsində Mülki Məcəllənin 385.1, 425.1, 442 və 445.2-ci maddələrinə istinad edilməklə iddianın təmin olunması barədə qətnamə qəbul olunması xahiş olunur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh "xxxx" MMC-dən «X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə 10620,00 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən X1 2018-ci ildən iddiaçı şirkətdə İİ dərəcəli vergi məsələləri üzrə köməkçi menecer vəzifəsində işlədiyini və tərəflər arasında bağlanılmış müqaviləyə əsasən "xxxx" MMC-yə göstərilən xidmətlərə bilavasitə məsul olan şəxs olduğunu, özü və digər iki əməkdaşla birgə "xxxx" MMC-nin vergi, DSMF və digər zəruri hesabatların hazırlanması, mühasibat uçotunun aparılması və bütün digər konsaltinq xidmətlərinin icrasını həyata keçirdiyini, cavabdehin məsul şəxslərinin elektron poçt ünvanlarından daxil olan müraciətlər əsasında onlara müvafiq xidmətlərin təqdim edildiyini, lakin hal-hazıradək xidmətlərin haqqının ödənilmədiyini, bu barədə şifahi və elektron poçt vasitəsilə xəbərdarlıqlar edildiyini bildirmişdir. Şahid həmçinin ifadəsində cavabdehin əməkdaşının ona yeni qrafik təqdim edilərək borcun ödəniləcəyini bildirdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 2014-cü ildən iddiaçı şirkətdə işlədiyini, hazırda İİ dərəcəli vergi məsələləri üzrə baş mencer vəzifəsində işlədyini, cavabdeh "xxxx" MMC-yə müqavilə əsasında xidmətlər göstərilməsində menecer kimi iştirak etdiyini, gündəlik vergi və mühasibatlıq xidmətlərinin göstərildiyini, əsas icraçı kimi Pərvin Abbasovun iştirak etdiyini, lakin cavabdeh tərəfindən müxtəlif bəhanələrlə hərhansı ödənişin edilmədiyini bildirmişdir. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə nümayəndəsini göndərməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmədə təmsil edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Sumqayıt Kommersiya Məhkəməsinin 10.08.2021-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin ərizəsi nəzərə alınmaqla işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. MPM-in 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Əsaslandırıcı hissə: Məhkəmə, iddiaçının nümayəndəsinin izahatlarını və şahid ifadələrini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Bundan əlavə, MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Məhkəmə qeyd edir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən MPM-də və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.1 və 76.2-ci maddələri). Mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. İddiaçı tərəfindən təqdim edilmiş “Müştəri” "xxxx" MMC ilə “icraçı” "X7 Azərbaycan" QSC arasında bağlanıldığı göstərilən və sonuncunun direktoru tərəfindən imzalanaraq möhürlə təsdiqlənmiş “Mühasibat uçotunun aparılması, vergi və digər icbari hesabatların təqdim edilməsi, vergi və hüquq konsaltinqi üzrə xidmətlər göstərilməsinə dair” 12.12.2019-cu il tarixli, 47/19 TLS saylı müqavilədən görünür ki, icraçı müştəriyə onun Azərbaycan Respublikasının ərazisində vergi öhdəlikləri ilə bağlı mühasibat uçotunun aparılması, vergi və digər icbari hesabatların təqdim edilməsi (Müntəzəm xidmətlər), eyni zamanda müştərinin ayrı-ayrı müraciətləri əsasında vergi və hüquq konsaltinqi (Xüsusi xidmətlər) üzrə və müqavilədə nəzərdə tutulmuş digər xidmətlər göstərməyi, müştəri isə müqavilədə qeyd edilmiş xidmətlərə görə müəyyənləşdirilmiş məbləğdə haqq ödəməyi öhdəsinə götürür. İddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş yazılı izahatda göstərilir ki, xidmət göstərilən Cavabdeh MMC-nin 12 dekabr 2019-cu il tarixli, 47/19 TLAS saylı xidmət müqaviləsi və ya 12.12.2019-cu il tarixdən 01.05.2020-ci il tarixədək təqdim olunan xidmətlər üzrə ddiaçıya 10620 manat borcu vardır. Xidmətlər iddiaçının əmək müqaviləsinə əsasən xidmət göstərən işçiləri X1 və X2 tərəfindən icra olunmuş və müvafiq olaraq cavabdehin məsul şəxsləri kimi İsaməddin Dəmirov, Samirə Yusifova, Xalid Məmmədov, Nərgiz Qafarova, Natiq Ömərov və Dəmir Dəmirov adlı şəxlər tərəfindən təhvil alınmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışından və 09.01.2020, 12.02.2020, 05.03.2020, 02.04.2020, 01.05.2020-ci il tarixli hesab fakturalardan görünür ki, cavabdehin iddiaçıya 2019-cu ilin dekabr ayından 2020-ci ilin aprel ayınadək olan dövrdə müqavilə üzrə xidmətlərin göstərilməsi üçün hər ay 1800 manat əsas borc, 324 manat ƏDV borcu hesablanaraq 09.08.2021-ci il tarixinə 9000 manat əsas borc, 1620 manat ƏDV borcu olmaqla, ümumilikdə 10620 manat məbləğində borcu yaranmışdır. 20.05.2021-ci il tarixli hesab-fakturada da cavabdehin iddiaçıya 9000 manat əsas borc, 1620 manat ƏDV borcu olmaqla, ümumilikdə 10620 manat məbləğində borcu olduğu göstərilmişdir. İddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə iddiaçı "X7 Azərbaycan" QSC-nin əməkdaşlarına aid olduğu bildirilən elektron poçt ünvanlarından (o cümlədən hazırkı iş üzrə şahid qismində ifadə vermiş Pərvin Abbasova məxsus) cavabdehin əməkdaşlarına aid olduğu bildirilən müxtəlif elektron poçt ünvanılarına 12 dekabr 2019-cu il tarixli, 47/19 TLAS saylı xidmət müqaviləsinin predmetinə uyğun olan işlərin görülməsi, xidmətlərin göstərilməsi, müxtəlif hesabatların hazırlanaraq təqdim edilməsi barədə çoxsaylı elektron poçt yazışmalarının təsdiq edilmiş surətləri təqdim edilmişdir. Həmin yazışmalarda həmçinin 12 dekabr 2019-cu il tarixli, 47/19 TLAS saylı xidmət müqaviləsinin imzalanaraq təqdim edilməsi, göstərilmiş xidmətlərə görə ödənişlərin həyata keçirilməsi ilə bağlı məsələlər də öz əksini tapmışdır. Cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etmədiyindən, eyni zamanda yuxarıda qeyd edilən yazışmalarda əks olunan məlumatlar digər sübutlarla – təqdim edilmiş müqavilə və digər yazılı sənədlər, iddiaçının nümayəndəsinin izahatı, habelə şahid ifadələri ilə təsdiq edildiyindən məhkəmə həmin elektron poçt yazışmalarını MPM-nin 89-cu maddəsinin tələblərinə uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən sübut kimi qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir ( maddə 777.1 və 777.2). Mülki Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki dövriyyənin sabitliyinin ən vacib prinsiplərindən biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində də təsbit edilmişdir. Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. İşin yuxarıda qeyd edilən hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən 12 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən cavabdehə mühasibat uçotunun aparılması, vergi və digər icbari hesabatların təqdim edilməsi və s. ilə bağlı xidmətlər göstərilmiş, lakin cavabdeh tərəfindən bunun müqabilində hər-hansı haqq ödəməmişdir. Buna görə də, məhkəmə cavabdeh "xxxx" MMC-dən İddiaçı QSC-nin xeyrinə 10620 manat tutulmasına dair iddia tələbini əsaslı hesab edərək onun təmin edilməli olması nəticəsinə gəlir. Bundan əlavə, MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da cavabdeh "xxxx" MMC-dən tutulmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 241, 242, 244, 252, 253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdehndən 10620 (on min altı yüz iyirmi) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 10650 (on min altı yüz əlli) manat pul tutularaq iddiaçı "X7 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Sumqayıt Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar