Məhkəmə qərarları › İş №e-2-2(119)-879/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-879/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-879/2024 15.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun və digər ödənişlərin tutulması” tələbi barədə ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək aralarında bağlanmış 19 iyun 2023cü il tarixli avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşınması təşkilatı haqqında müqaviləyə əsasən 27599 (iyirmi yeddi min beş yüz doxsan doqquz) ABŞ dolları məbləğində borcun, gecikdirilmiş vaxt üçün 05 avqust 2023-cü il tarixdən ödənildiyi günə qədər illik beş faizlə hesablanmaqla faiz borcunun, 05 avqust 2023-cü il tarixdən məhkəmə qətnaməsi tam icra olunanadək Azərbaycan Respublikasının Mərkəzi Bankının 7,5 % bank uçot dərəcəsi əsas götürülməklə hesablanan faiz borcunun, həmçinin 230,76 (iki yüz otuz manat, yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin və hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaitinin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmiş tərəflər arasında bağlanmış və hazırkı iddianın faktiki əsasını təşkil edən 19 iyun 2023-cü il tarixli 077/2023 nömrəli avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşınması təşkilatı haqqında müqavilənin “Mübahisələrə baxılması qaydası” adlanan 6-cı hissəsinin 3-cü bəndində qeyd edilmişdir ki, əgər tərəflər razılığa gələ bilməzlərsə, onda bu müqavilədən irəli gələn və ya onun pozulması ilə bağlı olan istənilən mübahisə, fikir ayrılığı yaxud tələb Bakı şəhərinin Kommersiya Məhkəməsində həll edilməlidir. Başqa sözlə, tərəflər həmin müqavilə ilə, həm də müqavilə aidiyyətini müəyyən edərək gələcəkdə aralarında yarana biləcək mübahisələrə Bakı Kommersiya Məhkəməsində baxılacağı barədə qarşılıqlı razılaşmışlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələbinə riayət edilməklə verilmədiyinə görə iddia ərizəsinin Sumqayıt Kommersiya Məhkəməsində məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət edilməsinə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar