Məhkəmə qərarları › İş №e-2-2(119)-88/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-88/2022

16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-88/2022 16.02.2022 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 19.06.2015-ci il tarixli 1196-GL/15 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə, cavabdehin 19.06.2015-ci il tarixli, 1196-GL/15 nömrəli müqaviləyə dair maliyyə arayışının tərtib edildiyi 14.09.2021-ci il tarixə 19.06.2015-ci il tarixli, 1196-GL/15 nömrəli müqavilə üzrə 31.175 manat gecikdirilmiş borcu və hesablanmış 33.538,91 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 (yüz) manat məbləğində mediasiyaya dair xərc də Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ödənilib. Bu məbləğ də məhkəmə xərci kimi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, hüquqi yardım göstərilməsi üçün vəkilə müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 350 (üç yüz əlli manat) manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən 19.06.2015-ci il tarixli 1196-GL/15 nömrəli müqavilə üzrə 31.175 manat gecikdirilmiş borcun və hesablanmış 33.538,91 manat cərimə borcunun, hüquqi yardımla bağlı 350 (üç yüz əlli) manat cəmi: 64.743,91 (altmış dörd min yeddi yüz qırx üç manat 91 qəpik) manat pul vəsaitinin Cavabdehndən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə gəlmiş tərəfi dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 19.06.2015-ci il tarixli 1196-GL/15 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" ASC ümumi dəyəri 43.900 manat olan və Spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə vermişdir. Həmin müqavilənin 1.2-ci bəndinə görə, lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 14.09.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh MMC-nin 19.06.2015-ci il tarixli, 1196-GL/15 nömrəli nömrəli müqavilə üzrə 31.175 manat məbləğində gecikdirilmiş borcu və 33.538,91 manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan 01 dekabr 2021-ci il tarixli 2021-007315 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışın surətindən görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilkin mediasiya sessiyasında iştirak etmiş va ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan 01.10.2021-ci il tarixli 2037 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətindən və 07.12.2021-ci il tarixli, 000İPX********** nömrəli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi hüquqi yardım göstərilməsi üçün vəkilə 350 manat ödəniş etmişdir. İddia ərizəsinə əlavə edilmiş pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh MMC borcunu qısa müddətdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödəməli olduğu, əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin ondan məcburi qaydada alınaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Sadalananlara əsasən, məhkəmə hesab edir ki, CavabdehMMC lizinq müqaviləsi əsasında iddiaçı "xxxx" ASC-dən (hazırda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi) lizinq obyekti olan texnikanı istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilələr əsasında lizinq məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh operativ lizinq müqaviləsi əsasında iddiaçıdan kənd təsərrüfatı texnikalarını lizinqə götürməsinə dair hüququndan istifadə etmiş, müvəqqəti istifadəyə götürülmüş texnikalar ilə bağlı ödəniş etmək öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdehdən kənd təsərrüfatı texnikasının lizinqə verilməsi ilə bağlı yaranmış borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 386.1-ci maddəyə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə CavabdehMMC arasında bağlanmış müqaviləyə əsasən CavabdehMMC kənd təsərrüfatı texnikalarını lizinqə götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Hazırda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, CavabdehMMC-dən 19.06.2015-ci il tarixli 1196- GL/15 nömrəli müqavilə üzrə 31.175 ( otuz bir min yüz yetmiş beş) manat gecikdirilmiş borcun və hesablanmış 33.538,91 (otuz üç min beş yüz otuz səkkiz manat, 91 qəpik) manat cərimə borcunun, hüquqi yardımla bağlı 350 (üç yüz əlli) manat ümumilikdə, 64.743,91 (altmış dörd min yeddi yüz qırx üç manat 91 qəpik) pul vəsaitinin tutulmasını tələb edir. İddiaçının istinad etdiyi hallar iş materialları ilə təsdiq olunur. Buna görə də iddia əsas borc tələb olunan hissədə təmin olunmalıdır. Məhkəmə hesab edir ki, 19.06.2015-ci il tarixli, 1196-GL/15 nömrəli müqavilə üzrə 33.538,91 manat cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə 5000 manata qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia əsas borc tələbinə dair hissədə əsaslı olduğu üçün tam təmin olunmalı, cərimə tələbinə dair hissədə isə qismən əsaslı olduğu üçün cərimə 19.06.2015-ci il tarixli 1196-GL/15 nömrəli müqavilə üzrə 5000 manat məbləğində tutulmalı, qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eləcə də, iş üzrə çəkilmiş məhkəmə xərclərinin 44%-i iddiaçıya, 56%-i cavabdehə aid edilməlidir. İddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində mediasiya haqqının 44%-i iddiaçıya, 56%-i cavabdehə aid edilməlidir. Ödənilmiş mediasiya haqqına görə cavabdehdən 224 manat alınaraq iddiaçıya verilməlidir. Hüquqi yardım üçün iddiaçının vəkilə ödədiyi 350 manat məbləğində xidmət haqqının 44%-i yəni, 154 manatı iddiaçıya, 56%-i yəni, 196 manatı cavabdehə aid edilməlidir. Cavabdehdən vəkilə ödənilmiş xidmət haqqının əvəzi olaraq 196 manat pul tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 09.06.2016-cı il tarixli, 1582-GL/16 nömrəli müqavilə üzrə 31.175 manat gecikdirilmiş əsas borc və hesablanmış 5000 manat cərimə tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinin 44%-i iddiaçıya, 56%-i cavabdehə aid edilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 400 manat məbləğin 44%-i iddiaçıya, 56%-i cavabdehə aid edilsin. Cavabdehdən ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə çəkilmiş xərcin əvəzi olaraq 224 manat pul tutularaq, iddiaçıya ödənilsin. İddiaçı tərəfindən hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş 350 manat məbləğində xidmət haqqının 44%-i iddiaçıya, 56%-i cavabdehə aid edilsin. Cavabdehdən vəkilə ödənilmiş xidmət haqqının əvəzi olaraq 196 manat pul tutularaq, iddiaçıya ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar