Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-880/2021 10.08.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan yaranmış 6177,50 (altı min yüz yetmiş yeddi manat əlli qəpik) manat məbləğində əsas borcun, əldən çıxmış faydaya görə 239,20 (iki yüz otuz doqquz manat iyirmi qəpik) pul məbləğinin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış 19.08.2020-ci il tarixli, 271 saylı alğı-satqı müqaviləsinə əsasən, müqaviləyə 1 saylı əlavə olan spesifikasiya aktında adları göstərilən malları satıcı satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. Alğı-satqı mübadiləsi yekunlaşdıqdan sonra 09.09.2020-ci il tarixdə tərəflər arasında üzləşdirmə aktı tərtib edilmişdir. Hər iki tərəfin imzası ilə təsdiqlənmiş üzləşdirmə aktına əsasən, cavabdeh iddiaçıya 6947 manat borcunun olduğunu təsdiq etmişdir. İddiaçı üzərinə götürdüyü öhdəlikləri tamamilə icra etsə də, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, alınan malların dəyərinin bir hissəsi ödənilsə də, iddiaçıya 6177,50 manat məbləğində qalıq borc qalmış və bu günə kimi ödənilməmişdir. Məsələni həll etmək məqsədilə dəfələrlə borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Həmçinin 30.04.2021-ci il tarixində cavabdehin ünvanına rəsmi qaydada pretenziya məktubu göndərilərək qalıq borcun ödənilməsi tələb olunsa da, münasibətlərin qaydaya salınması məqsədilə heç bir addım atılmamışdır. İddiaçı tərəfindən üzərinə düşən bütün öhdəliklər tamamilə icra olunsa da cavabdeh öz öhdəliklərini bu günə kimi tam yerinə yetirməmiş, hər dəfə borcu ödəməkdən yayınmağa çalışmşdır. Bu da iddiaçının mülkiyyət hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində iddiaçı müəssisədə satış təmsilçisi işlədiyini, Cavabdeh Fatmayı qəsəbəsində inşaat malları mağazası olduğunu və müraciəti əsasında müqvilə bağlanılaraq ona mallar verildiyini, lakin sonradan mağazanın bağlanıldığını və malların orda olmadığının müəyyən edildiyini, cavabdehlə 09.09.2020-ci il tarixdə akt tərtib edilərək qalan borcunun məbləğinin müəyyənləşdirildiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarında olan alıcı Cavabdeh oğlu (VÖEN-**********) ilə satıcı İddiaçı arasında bağlanılmış 19.08.2020-ci il tarixli, 271 saylı alğı-satqı müqaviləsinə əsasən satıcı müqavilədə müəyyən edilmiş şərtlər əsasında, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan (Müqaviləyə 1 saylı Əlavə) Spesifikasiyada adları göstərilən malları satıcıya satmağı, alıcı isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. Cavabdeh tərəfindən imzalanmış 09.09.2020-ci il tarixli üzləşdirmə aktı ilə müəyyən olunur ki, onun İddiaçınə 6177,50 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Qeyd edilən 09.09.2020-ci il tarixli aktı imzalamaqla Cavabdeh aktda “qalıq kreditor borcu dəqiqləşdirdiyini, gələcəkdə bu qalıq kreditor borcda hər-hansı fərqin olması ilə bağlı iddiasının olmayacağını” da bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İddiaçı tərəfindən təqdim olunmuş sübutlardan görünür ki, tərəflər arasında baş tutmuş alqı-satqı üzrə Cavabdeh 6177,50 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır və həmin borca görə iddiaçı tərəfindən əlavə illik 5% olmaqla, cəmi 239,20 manat məbləğində əldən çıxmış faydaya görə pul hesablanmışdır. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı xeyrinə Cavabdeh 6177,50 manat məbləğində əsas borcun tutulması hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməlidır. Bundan əlavə, 19.08.2020-ci il tarixli, 271 saylı alqı-satqı müqaviləsinin 6.1.2-ci bəndinə əsasən, alıcı sifariş edilmiş malların dəyərini bu müqavilənin 5.1-ci bəndində müəyyən edilmiş müddət ərzində ödəmədiyi halda hər gecikdirlən gün üçün, satıcıya sifariş edilmiş malların tam ödənildiyi günə qədər, malların ödənilməyən dəyərinin 0,1% (sıfır tam onda bir) faizi məbləğində cərimə ödəyir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarına istinadən məhkəmə hesab edir ki, 6177,50 manat əsas borc məbləğinə əldən çıxmış faydaya görə hesablanmış 239,20 manat cərimə borcunun hesablanması zamanı əsas borcla cərimə arasında tənasüb gözlənməmişdir. Məhkəmə 6177,50 manat əsas borc məbləğinə 50 manat məbləğində cərimənin hesablanmasını məqsədəmüvafiq hesab edir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bununla yanaşı, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6177,50 manat əsas borc, 50 manat cərimə və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla cəmi 6257,50 (altı min iki yüz əlli yeddi manat 50 qəpik) manat tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(119)-880/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-880/2021
10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver