Məhkəmə qərarları › İş №e-2-2(119)-888/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-888/2020

09.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-888/2020 09.12.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu İddiaçı cavabdeh Cavabdeh oğluna qarşı pul tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 999.04 (doqquz yüz doxsan doqquz manat yeddi qəpik) manat əsas borcun və 329 (üç yüz iyirmi doqquz) manat cərimə borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun ümumilikdə 1358.07 (min üç yüz əlli səkkiz manat yeddi qəpik) manat tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edib, hesab edir ki, aşağıdakı səbəblərdən iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. MPM-nin 150.0.3-cü maddəsinə əsasən isə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim olunmuş hazırkı iş üzrə iddia ərizəsi X2 tərəfindən imzalanmışdır. Halbuki, X1 İddiaçı MMC-nin direktoru (qanuni təmsilçisi) olması barədə hər hansı sənəd işə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Mülki Məcəllənin 44 və 47-ci maddələrinin tələblərinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Eyni zamanda Mülki Məcəllənin məhdud məsuliyyətli cəmiyyətdə idarəetməni tənzimləyən 91 və 91-2-ci maddələrinə əsasən cəmiyyətin idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası Mülki Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir. Cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edilərkən İddiaçı adından idda ərizəsini imzalamaq səlahiyyəti olan, habelə bu səlahiyyəti digər şəxslərə etibar edən şəxsin müvafiq səlahiyyətini təsdiq edən və qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilmiş sənədlərin (hüquqi şəxsin nizamnaməsi, hüquqi şəxsin dövlət reyesterindən çıxarış) iddia ərizəsinə əlavə edilməsi zəruridir. Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. Eyni zamanda məhkəmə iddiaçının nəzərinə çatdırır ki, sənədlərin elektron təqdim edilməsi zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2019-cu il tarixli “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının, habelə “Elektron Məhkəmə” İnformasiya Sistemi üzrə tətbiq edilən “Proses iştirakçısının Elektron kabinetindən istifadə qaydaları”nın tələblərinə əməl olunmalı, sənədlər fotoşəkil (.ipg) formatında deyil, elektron sənəd (.edoc, .adoc, .pdf) formatında təqdim edilməlidir. Yuxarıda göstərilənlərə əsasən vəAzərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.2, 152.4, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar