Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-89/2022 10.02.2022 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğunun katibliyi, İddiaçı MMM-in nümayəndəsi Ağa-zadə Aygün Aydın qızının, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı MMM-in Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMM Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM ilə Cavabdeh 23.06.2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq əməkdaşlıq etməyə başlamışlar. Həmin tarixdən etibarən cavabdeh ayrı-ayrı tarixlərdə İddiaçı MMM-ə məxsus müxtəlif adlı, çeşidli məhsullar sifariş vermiş və təhvil almışdır. Lakin, cavabdeh malların təhvil-qəbul aktlarında qeyd olunan tarixlərdə təhvil aldığı mallara görə bu günə kimi tam ödəniş etməmişdir. Dəfələrlə xəbərdarlıq olunsa da, müxtəlif bəhanələr gətirərək bu günə kimi İddiaçı MMM-ə olan 4.957,94 (dörd min doqquz yüz əlli yeddi manat, doxsan dörd qəpik) manat borcunu ödəməmiş və tərəflər arasnda bağlanmış alqı-satqı müqaviləsinin şərtlərini pozmuşdur. Nəticə etibarilə, cavabdeh müqavilə şərtlərinə əməl etməyərək, müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Alqı-satqı Müqaviləsinin 5.1-ci bəndinə əsaslanaraq, alıcı kreditlə aldığı malın dəyərini 2 saylı əlavədə müəyyən edilmiş müddət ərzində, yəni 21 (iyirmi bir) gün ərzində ödəmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,2% həcmində faiz tələb etmək hüququna malikdir. Müqavilənin 5.2-ci bəndində faizin maksimal həddi ödənişi gecikdirilmiş malın ümumi məbləğinin 10%-i müəyyən edilir. Belə ki, cavabdeh tərəfindən gecikdirilmiş minimal 446,21 (dörd yüz qırx altı manat, iyirmi bir qəpik) manat məbləğində dəbbə pulu yaranmışdır. Cavabeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, eyni zamanda həmin müqavilə üzrə öhdəliklərin icra edilməsini gecikdirmişdir. Hazırda cavabdehin İddiaçı MMM-ə 4.957,94 (dörd min doqquz yüz əlli yeddi manat, doxsan dörd qəpik) manat məbləğində əsas borcu və 446,21 (dörd yüz qırx altı manat, iyirmi bir qəpik) manat məbləğində dəbbə pulu yaranmışdır. Alqı-satqı müqaviləsinin 8.1-ci bəndinə əsasən müqavilənin icrası üzrə yaranan mübahisələr qarşılıqlı razılıqla həll olunmalıdır. Qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi əsasında Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll olunur. Buna görə də iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən Cavabdeh 4.957,94 (dörd min doqquz yüz əlli yeddi manat, doxsan dörd qəpik) manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 446,21 (dörd yüz qırx altı manat, iyirmi bir qəpik) məbləğində dəbbə pulu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMM-in nümayəndəsi Ağa-zadə Aygün Aydın qızı iddia tələbini müdafiə etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 izahat verərək əsas borc məbləğini qəbul etdiklərini və cərimə borcunun azaldılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 23.06.2020-ci il tarixli, 4645/P20 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı malları cavabdehə satmağı, cavabdeh isə malların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 20.06.2020-ci il tarixli, 379635 nömrəli, 06.07.2020-ci il tarixli, 988949 nömrəli, 09.07.2020-ci il tarixli 162441 nömrəli, 29.08.2020-ci il tarixli, 326742 nömrəli elektron qaimələrin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 6.158,44 (altı min yüz əlli səkkiz manat, qırx dörd qəpik) manat məbləğində mal təhvil verilmişdir. İş materiallarında olan malların təhvil-qəbul aktlarında malların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi öz əksini tapmışdır. İş materiallarında olan 16 sentyabr 2021-ci il tarixli, 2021/02685 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı MMM ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə yazılı ərizə təqdim edərək iddiaçıya olan əsas borcu qəbul etdiyini bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı MMM ilə Cavabdeh arasında 23.06.2020-ci il tarixli, 4645/P20 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq iddiaçı nəzərdə tutulmuş malları alıcıya satmağı, alıcı- Cavabdeh oğlu isə həmin malları qəbul edib onların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh malların dəyərini iddiaçıya tam ödəməmişdir. Bu hal iş materialları və cavabdehin etirafı ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə görə satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 597.1-ci maddəsinə görə alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı MMM ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı nəzərdə tutulmuş malları alıcıya satmağı, alıcı- Cavabdeh oğlu isə həmin malları qəbul edib onların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüş, iddiaçı cavabdehə 6.158,44 manat məbləğində mal təhvil verilmiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Hazırda, İddiaçı MMM iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4.957,94 (dörd min doqquz yüz əlli yeddi manat, doxsan dörd qəpik) manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 446,21 (dörd yüz qırx altı manat, iyirmi bir qəpik) manat məbləğində dəbbə pulu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsini tələb edir. Cavabdehin iddiaçıya olan əsas borcu iş materialları və cavabdehin nümayəndəsinin yazılı etirafı ilə təsdiq olunur. Buna görə də iddia əsas borc tələb olunan hissədə təmin olunmalıdır. Məhkəmə hesab edir ki, 23 iyun 2020-ci il tarixli, 4645/P20 nömrəli müqavilə üzrə 446,21 (dörd yüz qırx altı manat, iyirmi bir qəpik) manat cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 100 manata qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməli, Cavabdeh 4.957,94 (dörd min doqquz yüz əlli yeddi manat, doxsan dörd qəpik) manat məbləğində əsas borc və 100 (yüz) manat cərimə tutularaq İddiaçı MMM-ə ödənilməlidir. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iş üzrə çəkilmiş məhkəmə xərclərinin 7%-i iddiaçıya, 93%-i cavabdehə aid edilməlidir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 100 manat məbləğin 7%-i iddiaçıya, 93%-i cavabdehə aid edilməli, cavabdehdən ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə çəkilmiş xərcin əvəzi olaraq 93 manat pul tutularaq, iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMM-in Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 4.957,94 (dörd min doqquz yüz əlli yeddi manat, doxsan dörd qəpik) manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 100 (yüz manat) manat məbləğində dəbbə pulu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinin 7%-i iddiaçıya, 93%-i cavabdehə aid edilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 100 manat məbləğin 7%-i iddiaçıya, 93%-i cavabdehə aid edilsin. Cavabdehdən ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə çəkilmiş xərcin əvəzi olaraq 93 manat pul tutularaq, iddiaçıya ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-89/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-89/2022
10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver