Məhkəmə qərarları › İş №e-2-2(119)-898/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-898/2020

09.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-898/2020 09.12.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Tağıyev Xəqani Qəhrəman oğlu – İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizənin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İddia ərizəsi ilə müəyyən olunur ki, iddiaçı cavabdehdən “X2” ATSC-nin və “Aydın və Fəxrəddin Quliyev qardaşları adına X1” ASC-nin səhmlərinə görə ödədiyi 26900000 manatın inflyasiya nəzərə alınaraq hazırda mövcud Azərbaycan manatına olan məzənnə ilə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Göründüyü kimi, hazırkı iddia tələbi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid deyil. Yəni, dövlət mülkiyyətində olan hər-hansı müəssisənin özəlləşdirilməsi məqsədilə onun səhmərinin hərracda satılması və alınması istər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, istərsə də həmin səhmləri alan şəxslərin sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar olan fəaliyyət sayıla bilməz. Bu səbəbdən, hazırkı iddia ərizəsi üzrə mülki işə ümumi məhkəmədə baxılmalıdır. Bundan başqa, qeyd edilməlidir ki, iddia ərizəsi ərazi aidiyyəti baxımından da düzgün verilməmişdir. Belə ki, ərizədə cavabdeh kimi göstərilən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50 ünvanında yerləşir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Buna görə də, bu işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq, hesab edirəm ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı pul tələbinə dair iddia ərizəsi ümumi məhkəmədə baxılmalı olduğuna görə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24, 26, 32, 40, 45, 151, 263, 264, 267 və 268-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı pul tələbinə dair iddia ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar