Məhkəmə qərarları › İş №e-2-2(119)-9/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-9/2020

28.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-9/2020 28.08.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil, Cavabdeh nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsi və pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «İddiaçı” Şirkəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsi və pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçi İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx xxx 2018-ci il tarixli 302 nömrəli alqısatqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh MMC-dən 13790 (on üç min yeddi yüz doxsan) manat məbləğində borc pul məbləğinin, hüquqi yardıma görə vəkilə ödənilmiş 600 (altı yüz) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə məhkəmə prosesi zamanı iddiaçı tərəf Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə ərizə təqdim edərək, həmin ərizədə iddia tələbinin həcmini artırmış və İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2018-ci il tarixli 302 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi və Cavabdeh MMC-dən 13790 (on üç min yeddi yüz doxsan) manat məbləğində borcun, həmin pulun gecikdirilməsinə görə xx xxxxxx 2018-ci il tarixdən məhkəmə qətnaməsi icra edilənədək illik 5% hesablanmaqla pulun gecikdirilməsi faizinin, hüquqi yardıma görə vəkilə ödənilmiş 600 (altı yüz) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iş vərəqi: 32-34). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı tərəfindən iddia ərizəsində və “iddia tələbinin həcminin artırılması” barədə ərizədə iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx xxx 2018-ci il tarixli 302 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin Müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh MMC-yə müxtəlif çeşidli malların (təkərlərin və s.) satılması nəzərdə tutulmuşdur. Həmin Müqavilə üzrə razılaşdırılmış mallar ayrı-ayrı vaxtlarda Cavabdeh MMC-yə verilmiş olsa da, sonuncu tərəfindən alınmış malların pulunun 13790 manat hissəsi ödənilməmişdir. Dəfələrlə həmin müqavilənin dəyərinin tam şəkildə ödənilməsi, yəni 13790 manat pulun ödənilməsi Cavabdeh MMC-dən tələb olunsa da, cavabdeh həmin borcunu ödəməmişdir. Satıcı İddiaçı alıcı Cavabdeh MMC-yə pretenziya məktubu ilə müraciət edərək, xx xxx 2018-ci il tarixli 302 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə yaranmış borc məbləğinin İddiaçınə rəsmi qaydada ödənilməsini tələb etmişdir. Cavabdeh MMC həmin pretenziya məktubuna cavab verərək, müqavilə üzrə ödənilməli olan 13790 manat pul məbləğinin ödənilməməsini təkərlərin bir çoxunun keyfiyyətsiz və yararsız olması ilə əsaslandırmışdır. Lakin, cavabdehin malların keyfiyyətisiz olması ilə bağlı yazdıqları tamamilə əsassızdır. Belə ki, ödənişi tələb edilən təkərlər və akumlayorlar xx xxxxxx 2018-ci ildən xx xxxxxx 2018-ci ilədək hissə-hissə cavabdehə təhvil verilmişdir. Yəni, xx xxxxxx 2018-ci ildə hər birinin qiyməti 235 manat olmaqla 4 ədəd 215/75R 17.5 LS/R3100126/124M ölçülü təkərlər-940 manat və hər birinin qiyməti 310 manat olmaqla 2 ədəd 315/70R22.5 20PR HS 201 ölçülü təkərlər-620 manat olmaqla, cəmi 1560 manat, 16-xx xxxxxx 2018-ci il tarixlərdə hər birinin qiyməti 460 manat olmaqla 8 ədəd 295/80R 22,5 SH 1 100TL152/148M ölçülü təkərlər-3680 manat, xx xxxxxxxx 2018-ci il tarixdə hər birinin qiyməti 550 manat olmaqla 2 ədəd 315/80R22.5 SH 1** TL ***/150M ölçülü təkərlər- 1100 manat, hər birinin qiyməti 135 manat olmaqla 2 ədəd 90 AH 12V AKU akumlyatorlar-270 manat və hər birinin qiyməti 235 manat olmaqla 4 ədəd 215/75R 17.5 LS/R3100 126/124M ölçülü təkərlər-940 manat olmaqla, cəmi 2310 manat, xx xxxxxxxx 2018-ci il tarixdə hər birinin qiyməti 320 manat olmaqla 2 ədəd 225 AH 12V AKU akumlyator-640 manat, xx xxxxxxx 2018-ci il tarixdə hər birinin qiyməti 235 manat olmaqla 2 ədəd 215/75R.17.5 LS/R3100 126/124M ölçülü təkərlər-470 manat, xx xxxxxxx 2018-ci il tarixdə hər birinin qiyməti 135 manat olmaqla 2 ədəd 90 AH 12 V AKU akumlyator-270 manat, hər birinin qiyməti 320 manat olmaqla 2 ədəd 215/75R 17.5 LS/T5500 126/124M ölçülü təkərlər-640 manat, hər birinin qiyməti 240 manat olmaqla 2 ədəd 215/75R17.5 LS/T5500 126/124M ölçülü təkər 480 manat, hər birini qiyməti 235 manat olmaqla 8 ədəd 215/75R17.5 LS/R3100 126/124M ölçülü təkərlər-1880 manat olmaqla cəmi 3270 manat, xx xxxxxx 2018-ci il tarixdə hər birinin qiyməti 135 manat olmaqla 2 ədəd 88AH12V AKU akumlyator-270 manat, xx xxxxxx 2018-ci il tarixdə hər birinin qiyməti 240 manat olmaqla 2 ədəd 215/75R17.5 LS/T5500 126/124M ölçülü təkərlər-480 manat, hər birinin qiyməti 235 manat olmaqla 215/75R17.5 LS/R3100 126/124M ölçülü təkərlər-470 manat olmaqla cəmi 950 manat, xx xxxxxx 2018-ci il tarixdə hər birinin qiyməti 320 manat olmaqla 2 ədəd 225AH 12V AKU akumulyator-640 manat olmaqla təhvil verilmiş və həmin tarixdə müvafiq olaraq elektron qaimələr cavabdehə göndərilmişdir. Buna baxmayaraq həmin malların təhvil verildiyi vaxtdan sonra onların keyfiyyətsiz və yararsız olması ilə bağlı iddiaçıya xəbərdarlıq və ya bildiriş göndərilməmiş və hər hansı tələb irəli sürülməmişdir. Cavabdeh tərəfindən ödənilməli olan 13790 manat məbləğində əsas vəsait ödənilməsə də, həmin vəsaitə görə yaranan ƏDV ödənilmişdir. Əgər satılan mallarda qüsürlar olsaydı, cavabdeh tərəf hesablanmış ƏDV-ni də ödəməzdi. Cavabdeh 13790 manat məbləğində pulu qanunsuz olaraq saxlamaqla iddiaçının əmlak hüquqlarını kobudcasına pozmuşdur. Ona görə də, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı və İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2018-ci il tarixli 302 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməlidır. Bununla yanaşı, həmin pul məbləği cavabdeh tərəfindən qanunsuz olaraq saxlanıldığına görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilən müddət üzrə, yəni xx xxxxxx 2018-ci il tarixdən pulun ödəniləcəyi günə qədər illik 5% hesablanmaqla cavabdehdən iddiaçının xeyrinə pulun gecikdirilməsinə görə faiz də tutulmalıdır. Bundan başqa, hüquqlarının məhkəmədə təmsil və müdafiə edilməsi ilə əlaqədar olaraq iddiaçı ilə Vəkil arasında hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən vəkilə 600 manat məbləğində qonorar ödənilmişdir. Vəkil tərəfindən iddiaçı təşkilata hüquqi məsləhətlər verilmiş, həmçinin iddia ərizəsi yazılmış, habelə birinci instansiya məhkəməsində hüquqi yardımın göstərilməsi öhdəliyi qəbul olunmuşdur. Ona görə də, hüquqi yardımın göstərilməsi ilə əlaqədar qonorar olaraq vəkilə ödənilmiş 600 (altı yüz) manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin artırılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2018-ci il tarixli 302 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi və Cavabdeh MMC-dən 13790 manat məbləğində borcun, həmin pulun gecikdirilməsinə görə xx xxxxxx 2018-ci il tarixdən məhkəmə qətnaməsi icra edilənədək illik 5% hesablanmaqla pulun gecikdirilməsi faizinin, hüquqi yardıma görə vəkilə ödənilmiş 600 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı «İddiaçı” Şirkətinin nümayəndəsi Vəkil suallara cavab olaraq bildirdi ki, tərəflər arasında bağlanmış xx xxx 2018-ci il tarixli 302 nömrəli müqavilə əsasında ƏDV ilə birlikdə təxminən 70000 manat məbləğində təkər, akumlyator və s. satılmış və həmin alqı-satqı üzrə alınan malların pulunun müəyyən hissəsi və ƏDV ödənilmiş olsa da, alınmış təkər və akumlyatorlara görə 13790 manat məbləğində ödənilməmiş borc qalmışdır. Həmin alqı-satqı zamanı Alıcı olan cavabdeh tərəf 18 ədəd təkərin qüsurlu olduğunu bildirmiş və buna görə də, satıcı olan iddiaçı tərəf müştəri məmnuniyyətinin təmin olunması məqsədilə 18 ədəd qüsurlu təkərin əvəzinə 20 ədəd yeni təkər vermişdi. Yəni, hər iki tərəfin nümayəndələrinin iştirakı ilə təkərlərə baxış keçirilmiş və 18 qüsurlu təkərin əvəzinə cavabdehə yenidən 20 təkər verilmişdir. Həmin vaxt Alıcı tərəfindən başqa qüsurlu təkərlərin olması barədə Satıcı tərəfə heç bir irad bildirilməmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında satılmış malların pulu ən geci xx xxxxxx 2018-ci il tarixədək ödənilməli idi. Həmin alqı-satqı müqaviləsi əsasında Alıcıya satılan təkərlər və akumlatorlar müvafiq qaydada elektronqaimələr tərtib edilməklə Alıcıya təhvil verilmiş və Alıcı əvvəlki elektron-qaimələrdə nəzərdə tutulan malların pullarını ödəmiş olsa da, xx xxxxxx 2018-ci il tarixdən etibarən tərtib edilmiş elektron qaimələr üzrə müvafiq qaydada ödəniş etməmiş və buna görə də, xx xxxxxx 2018-ci il tarixinədək ödəməli olduğu pulun 13790 manat hissəsini ödəməmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini və satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış xx xxx 2018-ci il tarixli 302 nömrəli alqı-satqı müqaviləsi üzrə alınmış 13790 manat dəyərində təkərlər istehsal qüsurlu olduğu üçün alıcı Cavabdeh tərəfindən qüsurlu təkərlərin dəyəri olan 13790 manat pulun ödənilməməsinin tam əsaslı olduğunu bildirərək, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş hazırkı iddia tələblərinin tamamilə təmin olunmaması və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclaslarında vermiş olduğu izahatlarında İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2018-ci il tarixli 302 nömrəli alqı-satqı müqaviləsi üzrə alınmış təkərlərin pulunun 13790 manat hissəsinin ödənilməməsini təsdiq etsə də, həmin pulun ödənilməməsini alınmış təkərlərin müəyyən hissəsinin qüsurlu olması ilə əsaslandırmış və qüsurlu olan 18 ədəd təkərin əvəzi olaraq iddiaçı tərəfin 20 ədəd yeni təkər verdiyini bildirərək, digər pulu ödənilməyən təkərlərin də qüsurlu olmasını həmin faktla əsaslandırmışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin artırılması” barədə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “Satıcı” - hüquqi şəxs «İddiaçı” Şirkəti ilə “Alıcı” - hüquqi şəxs Cavabdeh arasında xx xxx 2018-ci il tarixli 302 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, "Satıcı" bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrdə müəyyən olunmuş şərtlərlə müxtəlif çeşidli təkərləri və akumulyatorları (bundan sonra malları) " Alıcı"-ya satmağı, "Alıcı" isə malın dəyərini tam ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, "Satıcı" malı qanunvericiliklə müəyyən edilmiş normalara uyğun olan keyfiyyətdə və qarşılıqlı razılaşdırılmış miqdarda və çeşiddə, Hesab və qaimə faktura ilə birlikdə "Alıcı"-ya təhvil verməlidir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən,"Satıcı" satdığı mallara fabrik xətalarına qarşı bir il qarantiya verir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, "Alıcı" bu Müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan tələblərə uyğun olaraq, həmin şərtlər daxilində malın dəyərini qaiməfaktura təqdim edildikdən sonra, 3 iş günü ərzində ödəməlidir. İş materiallarında olan xx xxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək tərtib edilmiş ayrı-ayrı elektron qaimələrlə müəyyən olunur ki, satıcı «İddiaçı” Şirkəti ilə "Alıcı" Cavabdeh arasında müxtəlif çeşidli təkərlərin və akumulyatorların alqı-satqısı həyata keçirilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən iddiaçı «İddiaçı” Şirkətininə ünvanlanmış xx xxx 2019-cu il tarixli 27 nömrəli məktubla müəyyən olunur ki, xx xxx 2018-ci il tarixli 302 nömrəli alqı-satqı müqaviləsi üzrə alınmış təkərlər və akumlyatorlara görə ƏDV ilə birlikdə ödənilməli olan cəmi 70776,40 manat məbləğində pulun 46190 manat əsas borc və 10796,40 manat ƏDV pulu tam ödənilmiş olsa da, alınmış təkərlərin keyfiyyətsiz və yararsız olması ilə əlaqədar qalan 13790 (on üç min yeddi yüz doxsan) manat pulun ödənişi dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlardan görünür ki, “satıcı” «İddiaçı” Şirkəti ilə “alıcı” Cavabdeh arasındabağlanmış xx xxx 2018-ci il tarixli 302 nömrəli alqı-satqı müqaviləsi əsasında ƏDV ilə birlikdə hesablanmış cəmi 70776,40 manat məbləğində təkər və akumlyatorların alqı-satqısı baş tutmuş olsa da, həmin məbləğin təkər və akumlyatorların dəyərinə aid 13790 manat hissəsi ödənilməmişdir. Məhkəmə araşdırması zamanı tərəflər müqavilə üzrə alınmış mallara görə 13790 manat məbləğində pulun ödənilməməsini mübahisələndirməmişlər. Lakin, cavabdeh tərəf (alıcı) həmin məbləğin ödənilməməsini alınmış təkərlərin bir hissəsinin istehsal qüsurlu olması ilə əsaslandırsa da, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəf (satıcı) isə həmin alqı-satqı zamanı cavabdeh tərəfin (alıcının) cəmi 18 ədəd təkərin qüsurlu olması barədə məlumat verdiyini və buna görə də, həmin qüsurlu təkərlərin əvəzinə 20 ədəd təkərin verilərək, həmin zərərin aradan qaldırıldığını bildirmişdir. Qeyd etmək lazımdır ki, cavabdeh tərəf pulu ödənilməyən təkərlərin istehsal qüsurlu olması ilə əlaqədar məhkəməyə xx xxxxxx 2020-ci il tarixli akt, məktub və fotoşəkillər təqdim etmiş olsa da, həmin sənədlərlə pulu ödənilməmiş təkərlərin məhz istehsal qüsuruna görə yararsız hala düşməsinin müəyyən edilməsi mümkün olmamışdır. Çünki, həmin halın müəyyən edilməsi üçün “Alıcı” tərəfindən qüsurlu təkərlərin vaxtında istismardan çıxarılaraq müvafiq qaydada “Satıcı” tərəfə təqdim edilməsi və bu xüsusatın tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin və qanunvericiliyin tələblərinə uyğun sənədləşdirilərək, mübahisələndirilməsi müəyyən edilməmişdir. Halbuki, tərəflər arasında bağlanmış məlum Müqavilənin 2.2-ci bəndinə əsasən, "Satıcı"nın satdığı mallara fabrik xətalarına qarşı bir il qarantiya verməsi nəzərdə tutulduğu üçün, “Alıcı” aldığı təkərlərin fabrik xətaları olmasını müəyyən etdiyi halda müvafiq qaydada "Satıcı"-ya məlumat verərək, zəruri sənədləşmə işlərini aparmalı idi. Məhz, 18 ədəd qüsurlu təkərlərə münasibətdə bu qaydaya riayət olunması səbəbindən, həmin qüsurlu təkərlərin əvəzi “Satıcı” tərəfindən “Alıcı”-ya ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx xxx 2018-ci il tarixli 302 nömrəli alqı-satqı müqaviləsi üzrə alınmış mallara görə ödənilməli olan pulun bir hissəsi, yəni 13790 manat məbləğində borc Cavabdeh tərəfindən iddiaçı «İddiaçı” Şirkətinə ödənilməmişdir və iddia ərizəsində 13790 manat məbləğində borcla yanaşı, cavabdehdən “həmin pulun gecikdirilməsinə görə xx xxxxxx 2018-ci il tarixdən məhkəmə qətnaməsi icra edilənədək illik 5% hesablanmaqla pulun gecikdirilməsi faizinin tutulması” da tələb olunur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə, işin konkret hallarına və yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, xx xxx 2018-ci il tarixli 302 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin Müqavilənin icrası ilə əlaqədar 13790 manat məbləğində borcun Cavabdehndən İddiaçı xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Lakin, “iddia tələbinin həcminin artırılması” barədə ərizədə cavabdehə qarşı dəqiq və konkret olmayan tələb kimi verilmiş “həmin pulun gecikdirilməsinə görə xx xxxxxx 2018-ci il tarixdən məhkəmə qətnaməsi icra edilənədək illik 5% hesablanmaqla pulun gecikdirilməsi faizinin tutulması” hissəsində isə iddia tələbinin əsaslılığı sübuta yetməmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, iddianın cavabdehdən “hüquqi xidmətlərə görə ödənilmiş 600 (altı yüz) manat pulun tutulması" hissəsi də əsaslıdır. Çünki, bununla bağlı iddia ərizəsinə iddiaçı «İddiaçı” Şirkəti tərəfindən Vəkil hüquqi xidmətlərə görə 600 (altı yüz) manat məbləğində pulun ödənilməsini təsdiq edən xx xxxxx 2019-cu il tarixli 214925 nömrəli kassa mədaxil qəbzi əlavə edilmişdir (i/v: 31). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2018-ci il tarixli 302 nömrəli alqı-satqı müqaviləsi ləğv edilməli və Cavabdehndən İddiaçıinin xeyrinə 13790 (on üç min yeddi yüz doxsan) manat əsas borc və hüquqi xidmətə görə ödənilmiş xərcin əvəzi kimi 600 (altı yüz) manat məbləğində pul tutulmalıdır. İddia tələbi cavabdehdən “həmin pulun gecikdirilməsinə görə xx xxxxxx 2018-ci il tarixdən məhkəmə qətnaməsi icra edilənədək illik 5% hesablanmaqla pulun gecikdirilməsi faizinin tutulması” hissəsində isə təmin olunmamalıdır. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 13790 (on üç min yeddi yüz doxsan) manat məbləğində borc, 600 (altı yüz) manat məbləğində hüquqi xidmətə görə ödənilmiş xərc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 14420 (on dörd min dörd yüz iyirmi) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2018-ci il tarixli 302 nömrəli alqısatqı müqaviləsi ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar