Məhkəmə qərarları › İş №e-2-2(119)-90/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-90/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-90/2021 08.04.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə oğlunun iştirakı ilə, iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 50400 (əlli min dörd yüz) manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı “xxxx” QSC-nin xeyrin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" QSC (bundan sonra - “İddiaçı” adlandırılacaq) ilə fərdi sahibkar Cavabdeh (VÖEN **********) (bundan sonra - “Cavabdeh” adlandırılacaq) arasında xx xxxxxxxx 2018ci il tarixli 002-xx/xx/2018 nömrəli Alğı-Satqı Müqaviləsi (bundan sonra – Müqavilə adlandırılacaq) bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə görə “Satıcı” (Cavabdeh) hazırkı Müqavilənin ayrılmaz tərkib hissəsi sayılacaq X1 (bundan sonra – Əlavədə) göstərilən malları (bundan sonra – Mallar) “Alıcı”ya (“xxxx” QSC) satır və Alıcı isə öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən Satıcıya ödəyir. İddiaçı (Alıcı) Müqavilə öhdəliklərini və üzərinə düşən vəzifələri vicdanla, lazımi qaydada və tam olaraq icra etsə də, Cavabdeh (Satıcı) tərəfindən Müqavilənin şərtləri ciddi şəkildə pozularaq, indiyədək icra edilməmişdir. Belə ki, tərəflər arasında xx xxxxxx 2018-ci il tarixində Müqaviləyə 2 nömrəli Əlavə imzalanmışdır. Qeyd edilən Əlavəyə görə Cavabdeh tərəfindən İddiaçıya 50400 (əlli min dörd yüz) manatlıq Mallar satılmalı, İddiaçı tərəfindən isə Malların dəyəri ödənilməli idi. İddiaçı tərəfindən 2 nömrəli Əlavədə göstərilən Malların dəyəri xx xxxxxx 2018-ci il və xx xxxx 2019-cu il tarixlərində tam olaraq Cavabdehə ödənilsə də, sonuncu tərəfindən Əlavədəki Mallar bugünədək İddiaçıya təhvil verilməmişdir. Halbuki, Müqavilənin 2.4-cü maddəsinə əsasən Alıcı ödənişi həyata keçirdikdən sonra 15 təqvim günü müddətində Satıcı malları qüsursuz olaraq təhvil verməyi öz üzərinə götürür. Həmçinin Müqavilənin 2.2-ci maddəsinə görə satılan mallar Tərəflər arasında imzalanmış təhvil-təslim aktı ilə təhvil verilir. Dəfələrlə haqqında bəhs edilən Malların təhvil verilməsi ilə əlaqədar Cavabdehlə danışıqlar aparılsa da, faydasız olmuşdur (Bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinin məzmunu qeyd olunur). Məhkəmə iclasında iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh 50400 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla – cəmi 50430 manat məbləğində pul vəsaitinin iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. xx xxxx 2021-ci ildə keçirilən məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, əsassız olduğu üçün iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ona qarşı verilmiş “50400 manat məbləğində borcun tutulması” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmiş və o, öz mövqeyini - xx xxxxxxxx 2018-ci il tarixli 002-xx/xx/2018 nömrəli Alğı-Satqı Müqaviləsi üzrə 10000 manat və 40400 manat olmaqla, iki dəfəyə hesabına köçürülmüş cəmi 50400 manat məbləğində pulun müqabilində həmin Müqavilədə nəzərdə tutulan “led” lampalarının təhvil-təslim aktı tərtib olunmadan iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi ilə əsaslandırmışdı. Lakin, Cavabdeh vəsatəti əsasında xx xxxxx 2021-ci il tarixinə təxirə salınmış məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, o, həmin tarixə təxirə salınmış məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq Cavabdeh iştirakı olmadan məhkəmə baxış iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının məhkəmə iclasında vermiş olduqları izahatları, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “satıcı” Cavabdeh (VÖEN: **********) ilə “alıcı” “xxxx” Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: **********) (əvvəlki adı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti) arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli 002-xx/xx/2018 nömrəli Alqı-satqı Müqaviləsinin 1.1-ci maddəsindən görünür ki, “Satıcı” hazırkı Müqavilənin ayrılmaz hissəsi sayılacaq X1 (bundan sonra “Əlavədə”) göstərilən malları (bundan sonra “Mallar”) “Alıcı’ya satır və “Alıcı” öz növbəsində alman malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən “Satıcı”ya ödəyir. Həmin Müqavilənin 2.2-ci maddəsinə əsasən, satılan mallar Tərəflər arasında imzalanmış təhvil-təslim aktı ilə təhvil verilir. Həmin Müqavilənin 2.4-cü maddəsinə əsasən, Alıcı ödənişi həyata keçirdikdən sonra 15 təqvim günü müddətində Satıcı malları qüsursuz olaraq təhvil verməyi öz üzərinə götürür. İş materiallarında olan, xx xxxxxxxx 2018-ci il tarixli 002-xx/xx/2018 nömrəli Müqavilənin icrası ilə əlaqədar tərtib edilərək təsdiq olunmuş xx xxxxxx 2018-ci il tarixli 02 saylı "Qiymətlərin razılaşdırma” Protokolundan (Əlavə 2) görünür ki, həmin Protokola əsasən xx xxxxxxxx 2018-ci il tarixli 002-xx/xx/2018 nömrəli Müqavilə üzrə satıcı Cavabdeh tərəfindən alıcı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə cəmi 50400 (əlli min dörd yüz) manat dəyərində 560 (beş yüz altmış) ədəd “Kobra Led” lampasının satılması barədə razılığa gəlinmişdir. İş materiallarında olan maliyyə-hesabat sənədləri ilə müəyyən olunur ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin bank hesabından Cavabdeh bank hesabına xx xxxxxx 2018-ci ildə 10000 (on min) manat və xx xxxx 2019-cu ildə isə 40400 (qırx min dörd yüz) manat məbləğində pul vəsaitləri köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli 002-xx/xx/2018 nömrəli Alqı-satqı Müqaviləsinin və həmin Müqavilənin icrası ilə əlaqədar tərtib edilərək təsdiq olunmuş xx xxxxxx 2018-ci il tarixli 02 saylı "Qiymətlərin razılaşdırma” Protokolunun (Əlavə 2) tələblərinə uyğun olaraq 560 ədəd “Kobra Led” lampasının alınması üçün xx xxxxxx 2018-ci ildə 10000 (on min) manat və xx xxxx 2019-cu ildə 40400 (qırx min dörd yüz) manat olmaqla, cəmi 50400 (əlli min dörd yüz) manat məbləğində pul vəsaiti alıcı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən satıcı Cavabdeh hesabına ödənilməsinə və həmin Müqavilə ilə nəzərdə tutulan müddətin bitməsinə baxmayaraq, almış olduğu pul vəsaitinin müqabilində “Satıcı” tərəfindən məlum Protokolda nəzərdə tutulan “Kobra Led” lampaları “Alıcı”ya satılmamışdır (verilməmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh 50400 manat məbləğində borcun tutulması barədə iddia tələbi əsaslıdır. Eyni zamanda, qeyd etmək lazımdır ki, məhkəmə araşdırması zamanı Cavabdeh “Kobra Led” lampalarının alınması üçün iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cəmi 50400 manat məbləğində pul vəsaitinin ödənildiyini mübahisələndirməsə də, həmin pulun müqabilində nəzərdə tutulan “led” lampalarını heç bir təhvil-təslim aktı tərtib olunmadan iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə satdığını bildirmişdir. Halbuki, tərəflər arasında bağlanmış Müqavilənin tələblərinə görə satılan mallar Tərəflər arasında imzalanmış təhvil-təslim aktı ilə təhvil verilməli idi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdeh (VÖEN **********) 50400 (əlli min dörd yüz) manat məbləğində borc iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh (VÖEN **********) 50400 (əlli min dörd yüz) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla – cəmi 50430 (əlli min dörd yüz otuz) manat məbləğində pul vəsaiti iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar