Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-901/2023 12.10.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 07 iyul 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (VÖEN **********) 10586,99 (on min beş yüz səksən altı manat 99 qəpik) manat əsas vəsait, 1059 (min əlli doqquz) manat dəbbə pulu və 400 (dörd yüz) manat mediasiya xərci olmaqla, ümumilikdə 12046 (on iki min qırx altı) manat məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı İddiaçı ASC ilə satıcı Cavabdeh (VÖEN: **********) arasında bağlanmış 10 sentyabr 2021-ci il tarixli 10092021_BZRSTN nömrəli Alqı-satqı Müqaviləsinə əsasən Cavabdeh (bundan sonra “Satıcı”) İddiaçı ASC-yə (bundan sonra “Alıcı”) həmin Müqavilənin Əlavəsində göstərilən Malları satmağı, Satıcı isə öncədən razılaşdırılmış qaydada Malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin, Satıcı müqavilədə göstərilən müddət ərzində öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmış və bu günə kimi 10 sentyabr 2021-ci il tarixli 10092021_BZRSTN nömrəli Alqı-satqı müqaviləsi üzrə “Alıcıya” 10586,99 (on min beş yüz səksən altı manat 99 qəpik) manat pul borcludur. Dəfələrlə satıcı Cavabdehla fərdi qaydada söhbət aparılaraq, Müqavilə ilə nəzərdə tutulan mərməri təhvil verə bilmədiyinə görə müqavilə üzrə ödənilmiş pulların geri qaytarılması tələb edilsə də, bu günə qədər ödənilmiş maliyyə vəsaiti Cavabdeh tərəfindən geri qaytarılmamışdır. Hər dəfəsində o, guya malları təhvil verdiyini bildirir. İdidiaçı isə malların İddiaçı ASC-yə təhvil verilməsi barədə təhvil-təslim aktlarını təqdim etməyi xahiş edir. O cümlədən qeyd edilməlidir ki, həmin Müqavilənin 5.5-ci bəndinə əsasən – mal-material təhvil verilərkən “Satıcı” “Alıcıya” E-Qaimə təqdim etməlidir. Lakin, Cavabdeh bu gün-sabah deyə-deyə, vaxt uzatmaqla məşğuldur. Nəhayət, tərəflər könüllü qaydada problemin həlli üçün mediasiyada iştirak etmişlər. Lakin, mediasiyada da nəticə əldə olunmamışdı. Tikinti sahəsində gecikmə baş verdiyindən və cavabdehin müqavilə üzrə mərmərləri vaxtında təhvil vermədiyinə görə İddiaçı ASC məcburi qaydada digər şəxsdən mərmər alıb, işləri yekunlaşdırmışdır. İşin faktiki hallarını təhlil edən zaman qısa icmal edilsə, belə aydın olur ki, alıcı İddiaçı ASC ilə satıcı Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, lakin cavabdeh öz öhdəliklərini bu günə qədər də yerinə yetirmədiyindən İddiaçı ASC məcbur şəkildə başqa müqavilə bağlayaraq ikiqat xərcə düşmüşdür. İddiaçı ASC müqavilə üzrə maliyyə vəsaitinin 100 % miqdarını əvvəlcədən cavabdehə bank vasitəsi ilə müqavilədə göstərilmiş bank rekvizitlərinə köçürmüşdür. Maddi hüquq normalarının təhlili zamanı tərəflər arasında bağlanmış müqavilənin qüvvədə olması, iddia müddətinin ötürülmədiyi də aydın olur. İddiaçı ”Azenco” ASC cavabdehlə dəfələrlə görüşüb məsələnin həllini danışıqlar yolu ilə nizama salmaq istəsə də, buna nail olmamışdır. “Azenco“ ASC-nin inzibati binasında növbəti dəfə məsələnin çözülməsi üçün təşkil olunmuş görüşlərin birində İddiaçı ASC tərəfindən cavabdehə rəsmi qaydada pretenziya təqdim edilsə də, pretenziyada göstərilən müddət ərzində vəsait İddiaçı ASC-yə geri qaytarılmamışdır. Bundan sonra qanunvericiliyin tələblərinə əsasən tərəflər mediasiya sessiyasında qarşılaşsalar da, mediasiyada da bu mübahisənin həlli mümkün olmamışdır. Odur ki, başa çatmış tikinti obyektində artıq mərmərə ehtiyac olmadığından, cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 599.3-cü maddəsinə əsasən pulunu geri tələb etmək hüququ yaranır. Məhkəmə iclaslarında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh 10586,99 manat məbləğində əsas vəsait, 1059 manat məbləğində dəbbə pulu və 400 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə cəmi 12046 manat məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, tərəflər arasında bağlanmış 10 sentyabr 2021-ci il tarixli Alqı-satqı müqaviləsinin tələblərinə uyğun olaraq mərmər alışı üçün alıcı İddiaçı ASC tərəfindən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı Cavabdeh bank hesabına 13 sentyabr 2021-ci ildə 3080 manat və 17 sentyabr 2021-ci ildə isə 7506,99 manat olmaqla, cəmi 10586,99 manat məbləğində pul köçürülməsinə baxmayaraq, sonuncu tərəfindən müqavilə öhdəliyi yerinə yetirilməyərək ödənilmiş pul vəsaiti müqabilində müvafiq miqdarda mərmər Alıcıya təhvil verilməmişdir. Lakin, bununla əlaqədar Satıcı ilə dəfələrlə aparılan danışıqlar heç bir nəticə verməmiş və ödənilən pulun müqabilində mərmər verilməmiş və yaxud ödənilmiş pul vəsaiti geri qaytarılmamışdır. Hazırki mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən mediasiya prosesi də təşkil olunmasına və cavabdeh mediasiya sessiyasında iştirak etməsinə baxmayaraq, yenə də həmin pul vəsaiti qaytarılmamış və mübahisənin məhkəmədən kənar və yaxud mediasiya qaydasında həll edilməsi mümkün olmamışdır. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunaraq, Cavabdeh 10586,99 manat məbləğində ödənilmiş əsas vəsaitin və Müqavilənin 4-cü maddəsinə əsasən hesablanmış 1059 manat məbləğində dəbbə pulunun, eləcə də iddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin əvəzinin tutulması xahiş olunmuşdur. Məhkəmə iclaslarında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə suallara cavab olaraq bildirdi ki, tərəflər arasında bağlanmış Müqavilə şərtlərinə uyğun olaraq iddiaçı tərəf Alıcı olaraq alacağı mərmərin pulunu əvvəlcədən ödəmiş olsa da, Satıcı tərəf həmin pul vəsaitinin müqabilində nəzərdə tuutulan məbləğdə mərmər verməmişdir. Çünki, həmin Müqavilə əsasında tərəflərin imzaladığı “qiymətlərin razılaşdırılması” barədə protokolun 2ci bəndində alınacaq mərmərinin 100% dəyərinin əvvəlcədən ödənilməsi və mərmərin isə ödəniş tarixindən 3 gün ərzində təhvil verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi 3080 manat dəyrində mərmərin təhvil verilməsi barədə tərtib edilmiş və İddiaçı ASC-nin işçisi Eyyubov Vüqar tərəfindən imzalanmış Akt isə mötəbər sübut kimi nəzərə alına bilməz. Çünki, Eyyubov Vüqar İddiaçı ASC-nin işçisi olsa da, onun belə bir Aktı imzalamaq səlahiyyəti olmamışdır və buna görə də rəhbərlik tərəfindən onun barəsində intizam tənbeh tədbiri görülmüşdür. Halbuki, təhvil-təslim aktı səlahiyyətli şəxs tərəfindən imzalanmalı idi və hüquqi şəxsin möhürü ilə təsdiqlənməli idi. İddiaçının 2021-ci ilin sentyabr ayından sonra məhkəməyə müraciət etməməsinin səbəbi isə, şahid qismində məhkəməyə gəlmiş X2 cavabdehin əvəzindən dəfələrlə borcu ödəcəyi barədə vədlər verməsi olmuşdur. Məhkəmə iclaslarında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ödəmiş olduğu pulun yalnız 4800 manat hissəsində mərmər verilmədiyini və buna görə də, ondan yalnız 4800 manat məbləğində pulun tutulmalı olduğunu bildirdi və öz mövqeyini onunla əsaslandırdı ki, o, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2021-ci ildə xəstə olduğu dövrlərdə tanışı X2 təklifi ilə “satıcı” qismində o, İddiaçı ASC ilə mərmər satışı üçün 10 sentyabr 2021-ci il tarixli Alqı-satqı müqaviləsi bağlamış və həmin Müqavilə əsasında 2021-ci ilin sentyabr ayında İddiaçı ASC tərəfindən onun bank hesabına 3080 manat və 7506,99 manat olmaqla, cəmi 10586,99 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Lakin, həmin Müqavilə üzrə bütün işləri Müşfiq Əliyev görmüş və buna görə də, o, mərmər alışı üçün hesabına köçürülən pulu Müşfiq Əliyevə vermişdir. Müqavilə bağlandıqdan və pul köçürüldükdən bir müddət sonra İddiaçı ASC-nin əməkdaşları onu narahat edərək, ya mərmərin verilməsini, ya da 10586,99 manat məbləğində pulun qaytarılmasını tələb etmişlər. Bununla əlaqədar həmin işləri aparan Müşfiq Əliyevlə söhbət edərkən ona məlum olmuşdur ki, bu Müqavilə üzrə İddiaçı ASC-yə təxminən 4800 manat məbləğində borc vardır və onlar həmin pulun qaytarılmasından boyun qaçırmırlar. Çünki, Müşfiq Əliyevin hesabatına görə birinci dəfə köçürülmüş 3080 manat pulun müqabilində nəzərdə tutulan miqdarda mərmər məhsulu İddiaçı ASC-nin Eyyubov Vüqar adlı işçisinə təhvil verilmişdir və bununla bağlı Eyyubov Vüqarın da imzaladığı Akt məhkəməyə təqdim olunmuşdur. Bundan başqa, 7506,99 manat məbləğində köçürülmüş pulun müqabilində isə Müşfiq Əliyev tərəfindən mərmər təhvil verilməklə İddiaçı ASC-nin ofisində təxminən 2800 manat dəyərində iş görülsə də, İddiaçı ASC tərəfindən bu işlə əlaqədar akt verilməmişdir. Bununla belə həmin görülən işin dəyəri də nəzərə alınmalıdır. Ona görə də hesabına köçürülən pula görə onun təxminən 4800 manat məbəğində borcu qalmışdır və iddiaçı tərəf ondan yalnız 4800 manat məbləğində pul tələb etməlidir. Məhkəmə, proses iştirakçılarını dinləyib, şahid ifadələrini, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, o, uzun müddətdir mərmər satışı ilə bağlı satıcı olaraq müxtəlif şəxslərlə bağlanmış müqavilələrin icrası üzrə alıcı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq zamanı o, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh ilə İddiaçı ASC arasında mərmər satışı üçün bağlanmış 10 sentyabr 2021-ci il tarixli Alqı-satqı müqaviləsinin icrası ilə də yaxından məşğul olmuş və bu Müqavilə üzrə Cavabdeh əvəzindən bütün hərəkətləri özü etmişdir. Elə buna görə də həmin Müqavilə ilə əlaqədar İddiaçı ASC ilə aparılan bütün danışıqlarda da özü iştirak etmişdir. Həmin Müqavilənin icrası üzrə İddiaçı ASC tərəfindən köçürülmüş 3080 manat müqabilində nəzərdə tutulan mərmər materialı Şüvəlan qəsəbəsində aparılan tikinti ilə əlaqədar onun tərəfindən İddiaçı ASC-nin iş işçisi Eyyubov Vüqara şəxsən təhvil verilmiş və bununla əlaqədar tərtib edilən Aktı sonuncu öz imzası ilə təsdiq etmişdir. Bundan əlavə, həmin Müqavilə üzrə o, İddiaçı ASC-nin “Ulduz” metro stansiyası yaxınlığında yerləşən ofisinə 9 ədəd mərmərdən pəncərə önləri aparmış və Tofiq adlı usta ilə birlikdə həmin mərmərləri döşəmişlər. Lakin, bu işlə əlaqədar İddiaçı ASC-dən hər hansı bir sənəd ala bilməmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq “Ulduz” metro stansiyası yaxınlığında yerləşən ofisdə gördüyü işləri təsdiq edən sənədi İddiaçı ASC-nin işçiləri ona verməmişlər. Cavabdeh məhkəməyə təqdim etdiyi 3080 manat dəyərində işin görüldüyünü təsdiq edən Akt isə Şüvəlanda görülmüş işə aiddir. Həmin təhvil-təslim aktını imzalayan Vüqar adlı şəxs İddiaçı ASC-nin iş icraçısıdır. İddiaçı ASC Cavabdeh məhkəməyə verəndən sonra sonuncu ilə birlikdə müdir müavinin yanına gedəndə, müdir müavini 3080 manat dəyərində işlərin görüldüyünü təsdiqləyən sənədi verdi. Beləliklə də, həmin Müqavilə əsasında Cavabdeh hesabına ödənilən puldan təxminən 4750-4800 manat məbləğində pulun əvəzində mərmər verilməmişdir. Bununla əlaqədar o, İddiaçı ASC-nin nümayəndəsi kimi iştirak edən Ramin müəllimlə də məhkəmədən kənar görüşmüş və məlum müqavilə üzrə borcun 4800 manat olduğunu və həmin borcu 5-10 günə ödəyəcəyini demişdi. Lakin Ramin müəllim razılaşmamış və daha çox pul tələb etmişdi. O, bu işlərin icracısı olaraq, Cavabdehlə bağlanmış müqavilə üzrə İddiaçı ASC-yə təxminən 4800 manat məbləğində borcun qaldığını təsdiq edir. Cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, o, mərmər döşəyən usta kimi işləyir və tanışı X1 ilə sahibini tanımadığı tikinti sahəsində 9 ədəd pəncərə önünə mərmər döşəyib, pulunu da Müşfiqdən almışdır. Cavabdeh isə mərmər işi ilə məşğul olan bir şəxs kimi tanısa da, onun sifarişi ilə hər hansı bir iş görməmişdir. İş materiallarında olan hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “satıcı” Cavabdeh (VÖEN **********) ilə “alıcı” İddiaçı Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) arasında bağlanmış 10 sentyabr 2021-ci il tarixli 10092021_BZRSTN nömrəli Alqı-satqı Müqaviləsinin 1.1-ci bəndindən görünür ki, bu müqaviləyə əsasən “Satıcı” “Alıcı’ya hazırkı müqavilənin Əlavələrində göstərilən Malı (bundan sonra “Mal”) satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, malın növü, çeşidi, sayı, qiyməti, xarakterik xüsusiyyətləri və digər əlamətləri hazırkı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələr ilə müəyyən olunur. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, “Satıcı” Müqaviləyə uyğun olaraq “Alıcı” tərəfindən daxil olmuş sifarişlərə uyğun olaraq 3 (üç) iş günü ərzində Malı “Alıcı”ya öz ərazisində təhvil verməyi öhdəsinə götürür. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, “Satıcı” Malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri “Alıcı”ya təqdim etməlidir. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən, malın “Alıcı”ya çatdırılmasının gecikdirilməsi halında “Satıcı” “Alıcı”ya hər gecikmə günü üçün gecikdirilmiş malın müqavilə dəyərinin 0.5%-i həcmində cərimə ödəməlidir. Lakin bu cərimənin miqdarı malın Müqavilə dəyərinin 10%-dən artıq olmamalıdır. Həmin Müqavilənin 4.4-cü bəndinə əsasən, hazırkı Müqavilə üzrə ödənilən cərimənin miqdarı malın Müqavilə dəyərinin 10%-nə çatdığı halda, “Alıcı” müqavilə üzrə ödədiyi bütün pul vəsaitini geri qaytarmağı “Satıcı”dan istənilən vaxt tələb etmək və müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malik olur. Həmin Müqavilənin 5.5-ci bəndinə əsasən, mal-materiallar təhvil verilərkən Satıcı Alıcıya E-Qaimə (bundan sonra - “E-Qaimə") təqdim edir. Həmin Müqavilənin 9.1-ci bəndinə əsasən, bu Müqavilə imzalandığı andan qüvvəyə minir və 31 dekabr 2022-ci il tarixinədək hüquqi qüvvəsini saxlayır. İş materiallarında olan, 10 sentyabr 2021-ci il tarixli 10092021_BZRSTN nömrəli Müqavilə üzrə tərtib edilərək satıcı Cavabdeh və alıcı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən imzalanaraq təsdiq olunmuş 10 sentyabr 2021-ci il tarixli "Qiymət Razılaşma” Protokolundan (Əlavə № 1) görünür ki, həmin 01 nömrəli Əlavəyə əsasən 10 sentyabr 2021-ci il tarixli 10092021_BZRSTN nömrəli Müqavilə üzrə satıcı Cavabdeh tərəfindən alıcı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə bir metr kvadratı 140 (yüz qırx) manat dəyərində olmaqla, cəmi 3080 (üç min səksən) manat məbləğində hesablanmış 22 kv.metr “Bej Mərmər” məhsullarının satılması barədə razılığa gəlinmişdir. Həmin 01 nömrəli Əlavənin 2-ci bəndində qeyd olunur ki, hazırkı Müqavilə üzrə ödənişlər və Malın təhvil verilməsi aşağıdakı qaydada həyata keçirilir: - Müqavilə və hazırkı Əlavə hər iki tərəfdən imzalandıqdan sonra, “Alıcı” “Satıcı”nın hesab fakturasına qarşı Razılaşma dəyərinin 100%-i civarında bank köçürməsi yolu ilə avans ödənişi edir. Həmin 01 nömrəli Əlavənin 3-cü bəndinə əsasən, mal avans ödənişi tarixindən 3 (üç) gün müddətində “Satıcı”nın anbarında “Alıcı”ya təhvil verilməlidir. İş materiallarında olan, 10 sentyabr 2021-ci il tarixli 10092021_BZRSTN nömrəli Müqavilə üzrə tərtib edilərək satıcı Cavabdeh və alıcı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən imzalanaraq təsdiq olunmuş 17 sentyabr 2021-ci il tarixli "Qiymət Razılaşma” Protokolundan (Əlavə № 2) görünür ki, həmin 02 nömrəli Əlavəyə əsasən 10 sentyabr 2021-ci il tarixli 10092021_BZRSTN nömrəli Müqavilə üzrə satıcı Cavabdeh tərəfindən alıcı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə bir metr kvadratı 239 (iki yüz otuz doqquz) manat dəyərində olmaqla, cəmi 7506,99 (yeddi min beş yüz altı manat 99 qəpik) manat məbləğində hesablanmış 31,41 kv.metr “Pəncərə mərməri, ağ, Super bəyaz, Türk mərməri 1-ci sinif, 2 sm qalınlıq, montaj daxil (6 ədədin havalandırma hissələri açılmış vəziyyətdə)” məhsullarının satılması barədə razılığa gəlinmişdir. Həmin 02 nömrəli Əlavənin 2-ci bəndində qeyd olunur ki, hazırkı Müqavilə üzrə ödənişlər və Malın təhvil verilməsi aşağıdakı qaydada həyata keçirilir: - Müqavilə və hazırkı Əlavə hər iki tərəfdən imzalandıqdan sonra, “Alıcı” “Satıcı”nın hesab fakturasına qarşı Razılaşma dəyərinin 100%-i civarında bank köçürməsi yolu ilə avans ödənişi edir. Həmin 02 nömrəli Əlavənin 3-cü bəndinə əsasən, mal avans ödənişi tarixindən 3 (üç) gün müddətində “Satıcı”nın anbarında “Alıcı”ya təhvil verilməlidir. Yuxarıda qeyd olunan həmin Əlavələrin 4-cü bəndinə əsasən, həmin Əlavələr qarşılıqlı imzalandığı andan 10 09.2021-ci il tarixli 10092021_BZRSTN nömrəli Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilirlər. İş materiallarında olan, "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsilə həyata keçirilmiş 13 sentyabr 2021-ci il tarixli 2242 nömrəli Ödəniş Tapşırığından görünür ki, 10 sentyabr 2021-ci il tarixli 10092021_BZRSTN nömrəli Müqaviləyə əsasən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh hesabına 3080 (üç min səksən) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan, "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsilə həyata keçirilmiş 17 sentyabr 2021-ci il tarixli 2312 nömrəli Ödəniş Tapşırığından görünür ki, 10 sentyabr 2021-ci il tarixli 10092021_BZRSTN nömrəli Müqaviləyə əsasən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh hesabına 7506,99 (yeddi min beş yüz altı manat 99 qəpik) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş üzrə məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilərək, iş materiallarına əlavə edilmiş “Təhvil Təslim” Aktından görünür ki, 10 sentyabr 2021-ci il tarixli 10092021_BZRSTN nömrəli Müqavilənin icrası ilə əlaqədar tərtib edilərək təsdiq olunmuş 10 sentyabr 2021-ci il tarixli "Qiymət Razılaşma” Protokoluna (Əlavə № 1) əsasən “Şafran” tikinti lahiyəsində 2-ci mərtəbədə eyvan döşəmə üçün nəzərdə tutulmuş 22 m2, 2 sm qalınlığnda, 3080 manat məbləğində olan mərmərləri 14 dekabr 2021-ci il tarixdə "Qazel" markalı **-HK-*** qeydiyat nişanlı nəqliyat vasitəsi ilə tikinti obyektində "xxxx" ASC-nin iş icracısı Eyyubov Vüqara təhvil verilmişdir (İddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahata əsasən Eyyubov Vüqar hal-hazırda da "xxxx" ASC-nin işçisidir). Göründüyü kimi, alıcı "xxxx" ASC (iddiaçı) ilə satıcı Cavabdeh (cavabdeh) arasında bağlanmış 10 sentyabr 2021-ci il tarixli 10092021_BZRSTN nömrəli Alqı-satqı Müqaviləsi üzrə imzalanmış 10 sentyabr 2021-ci il tarixli "Qiymət Razılaşma” Protokolu (Əlavə № 1) və 17 sentyabr 2021-ci il tarixli "Qiymət Razılaşma” Protokolu (Əlavə № 2) əsasında alıcı "xxxx" ASC tərəfindən "mərmər məhsulları"ın alınmasından ötrü satıcı Cavabdeh hesabına 13 sentyabr 2021-ci ildə 3080 manat və 17 sentyabr 2021-ci ildə isə 7506,99 manat olmaqla, ümumilikdə cəmi 10586,99 (on min beş yüz səksən altı manat 99 qəpik) manat məbləğində pul vəsaiti ödənilmişdir. Lakin, satıcı Cavabdeh tərəfindən həmin Müqavilə üzrə ödənilmiş pul müqabilində nəzərdə tutulan malların təhvil verilməməsi əsası ilə iddiaçı "xxxx" ASC “Cavabdeh (VÖEN **********) 10586,99 (on min beş yüz səksən altı manat 99 qəpik) manat əsas vəsait, 1059 (min əlli doqquz) manat dəbbə pulu və 400 (dörd yüz) manat mediasiya xərci olmaqla, ümumilikdə 12046 (on iki min qırx altı) manat məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması” barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, satış üçün nəzərdə tutulan mərmərlər verilmədiyi üçün ödənilmiş pulun qaytarılması ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən mediatorun hesabına 400 (dörd yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (Cavabdeh oğlu ilkin mediasiya sessiyasında iştirak etmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 10 sentyabr 2021-ci il tarixli 10092021_BZRSTN nömrəli Müqavilə üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Lakin, həmin Müqavilə üzrə hazırkı iddia ərizəsində tələb olunan “10586,99 (on min beş yüz səksən altı manat 99 qəpik) manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması” barədə iddia tələbi qismən əsaslıdır. Çünki, məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla və işin konkret halları ilə müəyyən olunmuşdur ki, hazırkı mübahisə üzrə Cavabdeh ilə bağlanmış 10 sentyabr 2021-ci il tarixli 10092021_BZRSTN nömrəli Müqavilə üzrə 3080 manat dəyərində mərmər məmulatları İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilmişdir. Belə olan halda isə, yəni məlum müqavilə və ona Əlavələr əsasında ödənilmiş cəmi 10586,99 manat məbləğində pul vəsaiti üzrə 3080 manat məbləğində mal təhvil verildikdən sonra ödənilməmiş borc qalığı iddia ərizəsində tələb olunan 10586,99 manat məbləğində deyil, cəmi 7506,99 (yeddi min beş yüz altı manat 99 qəpik) manat məbləğində təşkil edir (10586,99 – 3080 = 7506,99). Eyni zamanda, bununla əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, məhkəmə iclaslarında İddiaçı ASC-nin nümayəndəsi 10 sentyabr 2021-ci il tarixli Alqı-satqı müqaviləsinin tələblərinə uyğun olaraq satıcı Cavabdeh alıcı İddiaçı ASC-yə qaytarmalı olduğu pul məbləğinin 10586,99 manat olmasını və Cavabdeh isə İddiaçı ASC tərəfindən ödənilən 10586,99 manat məbləğində pulun yalnız 4800 manat hissəsində mərmər verilmədiyini və buna görə də, onun yalnız 4800 manat məbləğində borcu olduğunu bildirmişlər. Lakin, iş materiallarında cavabdeh tərəfindən təqdim edilmiş “Təhvil Təslim” Aktından görünür ki, 10 sentyabr 2021-ci il tarixli 10092021_BZRSTN nömrəli Müqavilənin icrası ilə əlaqədar tərtib edilərək təsdiq olunmuş 10 sentyabr 2021-ci il tarixli "Qiymət Razılaşma” Protokoluna (Əlavə № 1) əsasən “Şafran” tikinti lahiyəsində eyvan döşəmə üçün nəzərdə tutulmuş 3080 manat məbləğində olan mərmərləri 14 dekabr 2021-ci il tarixdə həmin tikinti obyektində "xxxx" ASC-nin iş icracısı Eyyubov Vüqar təhvil almışdır. Bununla bağlı iddiaçının nümayəndəsi alıcı İddiaçı ASC-nin işçisi olmasına baxmayaraq Eyyubov Vüqarın həmin “Təhvil Təslim” Aktının imzalamaq səlahiyyətinin olmadığını bildirsə də, bu sənədlə faktiki olaraq qeyd olunan mərmərin iddiaçı "xxxx" ASC-yə aid tikinti obyektinə çatdırılması və sonuncunun məlum işçisi tərəfindən təhvil alınması xüsusatı öz təsdiqini tapmışdır. Lakin, Cavabdeh iddia tələbini yalnız 4800 manat hissəsində qəbul etdiyini bildirsə də, o, 10 sentyabr 2021-ci il tarixli 10092021_BZRSTN nömrəli Müqavilə üzrə 3080 manat dəyərində mərmərdən başqa, əlavə olaraq hər hansı bir miqdarda mərmər təhvil verilməsini sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh əsas borc olaraq 7506,99 manat məbləğində pul vəsaiti tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddianın cavabdehdən “1059 (min əlli doqquz) manat məbləğində dəbbə pulunun tutulması” tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla iddia ərizəsində tələb olunan dəbbə pulu məbləği azaldılaraq, cavabdehdən cəmi 300 (üç yüz) manat məbləğində dəbbə pulu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin, qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu məbləği azaldılarkən digər hallarla yanaşı, tərəflər arasında bağlanmış Müqavilə üzrə alınan malların təhvil verilməsi müddətinin və qaydasının dəqiq müəyyən edilməsinə baxmayaraq, iddiaçı tərəfindən həmin Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər vaxtında görülməyərək, uzun müddət sonra məhkəməyə müraciət edilməsi və bununla əlaqədar hesablanan dəbbə pulu məbləğinin də artması və dəbbə pullu məbləğinin artmasına iddiaçı tərəfin də hərəkətsizliyinin səbəb olması nəzərə alınmalıdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh Cavabdeh (VÖEN **********) 7506,99 manat məbləğində borc və 300 manat məbləğində dəbbə pulu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eyni zamanda, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməsi və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Cavabdeh iddiaçının xeyrinə mediatora ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının 200 (iki yüz) manat hissəsinin əvəzi tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Eləcə də, Cavabdeh iddianın təmin olunan hissəsinə mütənasib olaraq hesablanan 98,06 (doxsan səkkiz manat 06 qəpik) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh (VÖEN **********) 7506,99 (yeddi min beş yüz altı manat 99 qəpik) manat borc, 300 (üç yüz) manat dəbbə pulu və mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 200 (iki yüz) manat hissəsi olmaqla, cəmi 8006,99 (səkkiz min altı manat 99 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 98,06 (doxsan səkkiz manat 06 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-901/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-901/2023
12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver