Məhkəmə qərarları › İş №e-2-2(119)-908/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-908/2023

26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-908/2023 26.10.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş "borcun tutulması" tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Qara Çay“ Şirkətindən 32172,57 (otuz iki min yüz yetmiş iki manat əlli yeddi qəpik) manat əsas borc, 11742 (on bir min yeddi yüz qırx iki) manat dəbbə pulu, özgəsinin pul vəsaitini gecikdirdiyi üçün borcun 5 faizi miqdarında hesablanmaqla 1608 (min altı yüz səkkiz) manat faiz, mediasiya ilə əlaqədar ödənilmiş 200 manat mediasiya xərci və vəkilə ödənilmiş 150 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı alıcı “Qara Çay“ Şirkəti arasında 15 iyul 2019-cu il tarixli 31/2019 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı malı “Qara Çay“ Şirkətinə təhvil verməli, “Qara Çay“ Şirkəti isə aldığı malların pulunu müqavilənin 6.2-ci bəndinə əsasən 30 gün ərzində ödəməli idi. Müqavilə şərtləri əsasında İddiaçı üzərinə düşən bütün öhdəliklər icra olunmuş, “Qara Çay“ Şirkəti tərəfindən bütün mallar qəbul edilmişdir. Cavabdeh şirkət xx.xx.2020-ci il tarixində axırıncı malı almışdır. Lakin hal-hazırkı dövrə qədər müqavilədə nəzərdə tutulan ödənişlər cavabdeh “Qara Çay“ Şirkəti tərəfindən həyata keçirilməmişdir. Cavabdeh “Qara Çay“ Şirkətinin İddiaçınə olan borcu 32172,57 ( otuz iki min yüz yetmiş iki manat əlli yeddi qəpik) manat təşkil edir. Bundan başqa müqavilənin 8.2-ci maddəsinə əsasən alıcı malın dəyərini 30 gün müddətində ödəmədiyi (gecikdirdiyi) təqdirdə satıcının ödəniş daxil olduğu günə qədər gecikmiş hər iş günü üçün vaxtında ödənilməyən məbləğin 0,1%-i həcmində dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır. Bu məbləğ eyni zamanda əldən çıxmış fayda hesab edilir. Həmçinin “Qara Çay“ Şirkəti aldığı malların dəyərini 868 (2021-352 gün; 2022-365; 2023-151 gün) gün gecikdirmişdir. Lakin iddiaçı tərəfindən cavabdehdən sadəcə 365 gün gecikdirilmiş günlər üzrə olan dəbbə pullu tələb edilir. Müqavilənin 8.2-ci maddəsinə əsasən “Qara Çay“ Şirkəti tərəfindən ödənilməli olan dəbbə pulu məbləği aşağıdakı qaydadır: 32172 manat x 0,1%=3217,2 manat, 3217,2 manat x 365 gün =11742 manat. İddiaçı tərəfindən “Qara Çay“ Şirkətinə dəfələrlə borcun ödənməsinə və alqı-satqı müqaviləsinin şərtlərini kobud şəkildə pozduğuna görə şifahi və yazılı xəbərdarlıq etmişdır. Lakin edilən xəbərdarlıqlara məhəl qoymayan cavadeh bugünə qədər aldığı malın dəyərini ödəmir. Həmçinin tərəflər arasında olan borc mübahisəsinin həll edilməsi məqsədi ilə “Mediasiya haqqında” Qanunun tələbinə uyğun olaraq mediasiya prosesi keçirilmişdir. 31 iyul 2023-cü il tarixdə Cavabdeh tərəfindən məhkəməyə ərizə verilərək iddia müddəti ötürüldüyündən hazırkı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən Cavabdeh nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə gəlmiş tərəfi dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 15 iyul 2019-cu il tarixli 31/2019 nömrəli malların alqı-satqısı haqqında müqaviləyə əsasən satıcı malı alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə alıcıya ödəməyi öhdəyə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqaviləyə əsasən satılan malların hər birinin adı, çeşidi və miqdarı bu müqavilənin ayrılmaz hissəsi sayılan Qiymət razılaşdırma protokolunda müəyyən edilir. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən alıcı malın satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0,1 %-i məbləğində dəbbə pulu ödəyir. İş materiallarında olan elektron qaimələrdən görünür ki, alqı-satqı müqaviləsi üzrə İddiaçı tərəfindən Cavabdehnə ümumilikdə 123425,64 manat dəyərində malların satılması ilə əlaqədar 22 iyul 2019-cu il tarixindən 30 dekabr 2020-ci il tarixinədək 38 ədəd elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan İddiaçı “X1 Azərbaycan” QSC-də olan bank hesabından çıxarışdan görünür ki, Cavabdeh tərəfindən iddiaçıya 12 sentyabr 2019-cu il tarixdə 6077 manat, 03 oktyabr 2019-cu il tarixdə 5100 manat, 20 noyabr 2019-cu il tarixdə 7395 manat, 13 aprel 2020ci il tarixdə iddiaçıya 1560 manat, 22 aprel 2020-ci il tarixdə iddiaçıya 18900 manat, 23 iyun 2020-ci il tarixdə 2109 manat, 24 iyun 2020 il tarixdə 8365 manat, 26 avqust 2020-ci il tarixdə 2500 manat, 16 sentyabr 2020-ci il tarixdə 3400 manat, 12 oktyabr 2020-ci il tarixdə 3300 manat və 18 dekabr 2020-ci il tarixdə 11000 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan kassa mədaxil orderindən görünür ki, 19 avqust 2021-ci il tarixdə Cavabdeh tərəfindən İddiaçınə 6000 manat məbləğində, 17 sentyabr 2021-ci il tarixdə isə 3000 manat ödəniş olunmuşdur. İş materiallarında olan İddiaçı sub-uçot hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının ƏDV sub-uçot hesabına 11 sentyabr 2019-cu il tarixdə 1093,95 manat, 03 oktyabr 2019-cu il tarixdə 918 manat, 20 noyabr 2019-cu il tarixdə 1331 manat, 16 aprel 2020-ci il tarixdə 280,80 manat, 21 aprel 2020-ci il tarixdə 3402 manat, 23 iyun 2020-ci il tarixdə 379,62 manat, 25 iyun 2020-ci il tarixdə 1505,70 manat, 26 avqust 2020-ci il tarixdə 450 manat, 18 sentyabr 2020-ci il tarixdə 612 manat, 13 oktyabr 2020-ci il tarixdə 594 manat və 17 dekabr 2020-ci il tarixdə 1980 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 23 avqust 2023-cü il tarixli maliyyə arayışından görünür ki 15 iyul 2019-ci il tarixli 31/2019 nömrəli müqavilə üzrə ümumi alqı-satqı dövriyyəsi 123425,64 manat təşkil etmiş, Cavabdeh tərəfindən sonuncu ödəniş 17 sentyabr 2021-ci il olmaqla, alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq 91253,07 manat məbləğində ödəniş edilmiş və 23 avqust 2023-cü il tarixinə Cavabdeh İddiaçınə 32172,57 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 15 iyul 2019-ci il tarixli 31/2019 nömrəli malların alqı-satqısı haqqında müqavilə bağlanmış, İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək cavabdehin sifarişi əsasında 123425,64 manat dəyərində malları Cavabdehnə vermişdir. Cavabdeh isə verilmiş malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 32172,57 manat məbləğində borcu yaranmışdır. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmiş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərci və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən dövlət büdəsinə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra edərək malları cavabdehə versə də, cavabdeh həmin malların dəyərin tam ödəməyərək müqavilə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi “32172,57 (otuz iki min yüz yetmiş iki manat əlli yeddi qəpik) manat məbləğində əsas borcun tutulması” hissəsində iddia təmin edilməli, cavabdehdən 32172,57 (otuz iki min yüz yetmiş iki manat əlli yeddi qəpik) manat məbləğində əsas borc tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddianın tələbinin “cavabdehdən iddiaçının xeyrinə 11742 (on bir min yeddi yüz qırx iki) manat məbləğində dəbbə pulunun tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 500 (beş yüz) manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə hesab edir ki, “özgəsinin pul vəsaitini gecikdirdiyi üçün borcun 5 faizi miqdarında hesablanmaqla 1608 (min altı yüz səkkiz) manat faiz tutulması” bağlı hissədə iddia tələbinin əsaslılığı öz təsdiqini tapmadığına görə iddia həmin hissədə təmin olunmamalıdır. İddia tələbinin “vəkilə ödənilmiş 150 manat məbləğində pul vəsaitinin tutulması” hissəsi ilə bağlı məhkəmə hesab edir ki, qeyd olunan pul vəsaitinin ödənilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim olunmadığından iddia həmin hissədə təmin olunmamalıdır. Bundan başqa məhkəmə Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş “iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd edilməsi” barədə ərizə ilə bağlı qeyd edir ki, ərizədə göstərilənlər əsassızdır. Belə ki, işin halları ilə iddia tələbi üzrə iddia müddətinin keçməsi təsdiq edilmir. Çünki malların satılması ilə əlaqədar İddiaçı tərəfindən Cavabdehnə sonuncu elektron qaimə 30 dekabr 2020-ci il tarixdə göndərilmiş, cavadeh tərəfindən iddiaçıya 18 dekabr 2020-ci, 19 avqust 2021-ci və 17 sentyabr 2021-ci il tarixlərdə ödənişlər edilmiş, hazırkı iddia ərizəsi isə 10 iyul 2023-cü il tarixdə məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 32172,57 (otuz iki min yüz yetmiş iki manat əlli yeddi qəpik) manat məbləğində əsas borc və 500 (beş yüz) manat məbləğində cərimə tutularaq İddiaçınə ödənilməlidir. Bununla yanaşı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən dövlət büdəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 188,02 (yüz səksən səkkiz manat iki qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 158,02 (yüz əlli səkkiz manat iki qəpik) manat məbləğində (188,02 manat – 30 manat = 158,02 manat) pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi Cavabdehndən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 32172,57 (otuz iki min yüz yetmiş iki manat əlli yeddi qəpik) manat məbləğində əsas borc, 500 (beş yüz) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 32902,57 (otuz iki min doqquz yüz iki manat əlli yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 158,02 (yüz əlli səkkiz manat iki qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar