Məhkəmə qərarları › İş №e-2-2(119)-909/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-909/2021

09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-909/2021 09.09.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı nümayəndəsi Həsənova Gülnar İbrahim qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2007 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin hüquqi varisi İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə uyğun olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 04 sentyabr 2019-cu il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-yə 2007 (iki min yeddi) manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği 04 sentyabr 2020-cı il tarixinədək tam olaraq "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən həmin borcdan hazırkı tarixədək heç bir məbləğ ödənilməmişdir və həmin borc məbləği ödənilməmiş vəziyyətdə qalmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 24 dekabr 2019-cu il tarixli Çıxarışında İddiaçı MMC-nin "xxxx" MMC-nin hüquqi varisi olduğu öz əksini tapmışdır. Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış 04 sentyabr 2019-cu il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilənin 2.2-ci bəndinə əsasən borclu ödəniş etmədiyi təqdirdə MMC-nin məhkəməyə müraciət etmək hüququ yaranır. 18 avqust 2020-ci il tarixdə Cavabdeh qeydiyyatda olduğu ünvanına yuxarıda göstərilən borc məbləğinin ödənilməsi barədə pretenziya (xəbərdarlıq) məktubu göndərilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh 2007 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “Satıcı” - hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Alıcı” - hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh (VÖEN **********) arasında 21 noyabr 2018-ci il tarixli 801 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə borclu Cavabdeh arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli “Borcun etirafı və Ödəniş qaydası haqqında” Müqaviləyə əsasən “Borc verən” "xxxx" MMC 2007 (iki min yeddi) manat məbləğində pul vəsaitini (bundan sonra “Borc” adlandırılacaq) “Borc alan” Cavabdeh verdiyini, “Borc alan” isə 2007 (iki min yeddi) manat məbləğindən həmin borcu bu Müqavilənin şərtlərinə uyğun olaraq “Borc verənə” geri qaytarmağı öhdəsinə götürür (Müqavilənin 1-ci bəndi). Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, Borclu bu müqaviləni imzalamaqla, Kreditora 2007 (iki min yeddi) manat borcun yarandığını tam etiraf edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, Borclu 12 (on iki) aya 2007 (iki min yeddi) manat borcun yarandığı qəbul edərək, həmin məbləği 04 oktyabr 2019-cu il tarixindən başlayaraq, aylıq 167,25 manat ödəməklə müqavilə ilə razılaşdırılmış müddətə tam olaraq Kreditora ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, Borclu tərəfindən ödəniş hər ay borcun etirafı müqaviləsinin bağlandığı gün tarixində həyata keçirilməlidir. Ödəniş il ərzində ardıcıl olaraq 2 ay edilmədiyi təqdirdə, Borc verən məhkəməyə müraciət edə bilər. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, Borclu Kreditorun bu Müqaviləyə əsaslanan iddiasına qarşı etiraf olunan borcun əsaslandığı digər əqdlərə istinad edə bilməz. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən, müqavilə imzalandığı andan qüvvəyə minir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi verilmiş 24 dekabr 2019-cu il tarixli **********508800 nömrəli Çıxarışla müəyyən olunur ki, İddiaçı 05 iyun 2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və 01 avqust 2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulmaları nəticəsində yenidən təşkil edilmişdir və İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinin tələblərinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (maddə 882.1); bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (maddə 882.2); bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir (maddə 882.4); əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir (maddə 882.5). Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən, hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən, yenidən təşkil edilən hüquqi şəxsin kreditorunun ixtiyarı var ki, yenidən təşkil edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərə xitam verilməsini və ya onların vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etsin. Göründüyü kimi, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, kreditor "xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli “Borcun etirafı və Ödəniş qaydası haqqında” Müqavilənin tələblərinə əsasən hal-hazırda Cavabdeh İddiaçınə 2007 manat məbləğində ödənilməmiş borcu mövcuddur. İş materiallarından görünür ki, yaranmış borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, Cavabdeh 04 sentyabr 2019-cu il tarixli “Borcun etirafı və Ödəniş qaydası haqqında” Müqavilə üzrə ödənilməmiş cəmi 2007 manat məbləğində borcun İddiaçı MMC-nin xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdeh (VÖEN **********) 2007 manat məbləğində borc İddiaçı xeyrinə tutulmalıdır. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh (VÖEN **********) 2007 (iki min yeddi) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2037 (iki min otuz yeddi) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar