Məhkəmə qərarları › İş №e-2-2(119)-909/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-909/2024

05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-909/2024 05.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Nəzərli Günay İlqar qızının katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi İsmayılov Gündüz Pəhlivan oğlunun, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Hacıyev Pərviz Əhməd oğlunun iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 15 may 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 14092,5 (on dörd min doxsan iki manat 50 qəpik) manat məbləğində əsas borcun, 1500 (min beş yüz) manat məbləğində cərimənin və 137 (yüz otuz yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC mineral gübrə və pestisidlərin, o cümlədən bitki mühafizə vasitələrinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “malların alqı-satqısına dair” 15 aprel 2022-ci il tarixli 22/19 nömrəli müqavilə bağlanmışdır. Həmin Müqaviləyə əsasən cavabdehə ümumilikdə cəmi 57760,50 (əlli yeddi min yeddi yüz altmış manat 50 qəpik) manat dəyərində mal satılmışdır. Cavabdeh tərəf həmin müqavilə məbləğindən 18% ƏDV daxil 36418 (otuz altı min dörd yüz on səkkiz) manat miqdarında ödəniş etmiş və verilən malın 7250 (yeddi min iki yüz əlli) manat hissəsini isə tərəflərin qarşılıqlı razılığı ilə geri qaytarmışdır. Lakin, hal-hazırda cavabdeh MMC-nin həmin alqısatqı üzrə cəmi 14092,5 (on dörd min doxsan iki manat 50 qəpik) manat ödənilməmiş qalıq borcu qalmışdır. Qeyd olunan qalıq borc məbləği müvafiq qaydada təqdim olunmuş 17 fevral 2023-cü il tarixli EBDA 084533 nömrəli, 22 fevral 2023-cü il tarixli EBDA 345657 nömrəli və 21 fevral 2023-cü il tarixli EBDA 260869 nömrəli elektron-qaimələr üzrə qalmışdır. Tərəflər arasında imzalanmış Müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” “Alıcı”nı Müqavilənin Əlavələrində (Qiymət Razılaşma Protokolu) qeyd olunmuş məhsulla, Tərəflər arasında müəyyən edilmiş müddətdə təmin edir, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilədə razılaşdırılmış qaydada və müddətdə Malın dəyərini “Satıcı”ya ödəyir. İddiaçı tərəfindən cavabdeh tərəfə 17 oktyabr 2023-cü il tarixdə elektron qaydada pretenziya məktubu göndərilmiş olsa da, hal-hazıradək qalıq borcun ödənilməsi ilə bağlı cavabdeh tərəf heç bir hərəkət etməmişdir. Bu Müqavilənin 5.3-cü bəndinə görə isə, ödənişin müqavilədə göstərilən qaydada həyata keçirilməməsi halında – Satıcı Alıcıdan hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 0,1%-i miqdarında cərimə tələb edə bilər və Müqavilənin həmin bəndinə əsasən gecikdirilmiş məbləğ üçün cərimə 1500 (min beş yüz) manat təşkil edir. Qeyd etmək lazımdır ki, tərəflər arasında imzalanmış alğısatqı müqaviləsinə əsasən tərəflərin hər ikisinin üzərinə düşən müvafiq icra hərəkətləri olub. İddiaçı üzərinə düşən hərəkətləri müqavilə ilə müəyyən edilmiş vaxtda və qüsursuz şəkildə yerinə yetirməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb olmadan qarşılıqlı olaraq öz üzərinə düşən öhdəliklərini yerinə yetirməmiş və yaranmış borcu qəsdən ödəməmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi İsmayılov Gündüz Pəhlivan oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 14092,5 manat məbləğində əsas borcun, 1500 manat məbləğində cərimənin və 137 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Hacıyev Pərviz Əhməd oğlu oğlu iddia tələbini qəbul etmədiyini bildirib, əsassız olduğu üçün iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini - iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “malların alqı-satqısına dair” bağlanmış 15 aprel 2022-ci il tarixli 22/19 nömrəli müqavilə üzrə alınan mallara görə borcun olmaması ilə əsaslandırdı. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) ilə alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında bağlanmış 15 aprel 2022-ci il tarixli 22/19 nömrəli Alqı-satqı Müqaviləsinin şərtlərinə görə “Satıcı” “Alıcını bu Müqavilənin Əlavələrində (Qiymət Razılaşdırılma Protokolu) qeyd olunmuş məhsulla (bundan sonra “Mal”) Tərəflər arasında müəyyən edilmiş müddətdə təmin edir. “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə Malın dəyərini “Satıcı’ya ödəyir (1.1-ci bənd). Həmin Müqavilənin 3.4.3-cü bəndinə əsasən, ödənişləri vaxtında həyata keçirmək Alıcının vəzifəsidir. Həmin Müqavilənin 5.2.ci bəndinə əsasən, “Satıcı” ödənişin təsdiqi olaraq “Alıcı”ya hesab-faktura təqdim edir. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən, ödənişlərin bu müqavilənin 5.2-ci bəndində göstərilən qaydada həyata keçirilməməsi halında, “Satıcı" “Alıcıdan hər gecikdirilən gün üçün Müqavilənin ümumi məbləğinin 0,1 %-i miqdarında cərimə tələb edə bilər. Həmin Müqavilənin 5.4-cü bəndinə əsasən, ödənişlərin həyata keçirilməsinin 1(bir) aydan daha uzun müddətə gecikdirilməsi “Satıcı” tərəfindən Müqaviləyə xitam verilməsi üçün əsasdır. Həmin Müqavilənin 10.1-ci bəndinə əsasən, bu Müqavilə imzalandığı andan qüvvəyə minir və 1 (bir) il müddətinə qüvvədədir. Müqavilənin müddətin bitməsinə 15 (on beş) gün qalmış Tərəflərdən hər hansı biri Müqaviləyə xitam verilməsinə dair təşəbbüs göstərməzsə, Müqavilə eyni şərtlərlə eyni müddətə uzadılmış sayılır. Müddəti uzadılmış müqavilənin şərtlərində hər hansı dəyişiklik olarsa, bununla bağlı Tərəflər arasında Müqaviləyə Əlavə imzalanacaqdır. İş materiallarında olan sənədlərlə (elektron-qaimə, hesab-fakturalar və digər sənədlərlə) müəyyən olunur ki, tərəflər arasında bağlanmış 15 aprel 2022-ci il tarixli 22/19 nömrəli Alqı-satqı Müqaviləsi əsasında satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müxtəlif adda mallar satılmışdır. İş materiallarından görünür ki, 15 aprel 2022-ci il tarixli 22/19 nömrəli Alqı-satqı Müqaviləsi əsasında satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (göndərən) tərəfindən alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (qəbul edən) hazırkı iddia ərizəsində iddia tələbinin əsaslandırıldığı 17 fevral 2023-cü il tarixli EBDA 084533 nömrəli Elektron Qaiməfaktura üzrə cəmi 17980 manat dəyərində, 21 fevral 2023-cü il tarixli EBDA 260869 nömrəli Elektron Qaimə-faktura üzrə cəmi 11062,5 manat dəyərində və 22 fevral 2023-cü il tarixli EBDA 345657 nömrəli Elektron Qaimə-faktura üzrə cəmi 2700 manat dəyərində olmaqla, ümumilikdə cəmi 31742,5 (otuz bir min yeddi yüz qırx iki manat 50 qəpik) manat dəyərində müxtəlif adlı məhsulların satılması ilə əlaqədar müvafiq qaydada tərtib olunaraq təsdiq edilmiş yuxarıda qeyd olunan həmin Elektron Qaimə-fakturalar təqdim olunmuşdur. İş materiallarında olan alıcı "xxxx" MMC (göndərən) tərəfindən satıcı "xxxx" MMC-yə (qəbul edən) "Malların qaytarılması" barədə təqdim edilmiş Elektron qaimə-fakturalarla müəyyən olunur ki, göndərən "xxxx" MMC tərəfindən qəbul edən "xxxx" MMC-yə 16 iyun 2023-cü il tarixli EBDİ 054501 nömrəli Elektron Qaimə-faktura ilə 5450 manat, 16 iyun 2023-cü il tarixli EBDİ 054102 nömrəli Elektron Qaimə-faktura ilə 540 manat və 16 iyun 2023-cü il tarixli EBDİ 053601 nömrəli Elektron Qaimə-faktura ilə 1260 manat məbləğində olmaqla, ümumilikdə cəmi 7250 (yeddi min iki yüz əlli) manat dəyərində alınmış mallar alıcı "xxxx" MMC tərəfindən satıcı "xxxx" MMC-yə geri qaytarılmışdır. İddiaçı tərəfin təqdim etdiyi 05 iyul 2024-cü il tarixli AG-469/24 nömrəli Maliyyə Arayışından görünür ki, alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 14092,5 (on doqquz min üç yüz səksən doqquz manat 76 qəpik) manat məbləğində əsas borcu vardır. İş materiallarında olan 15 aprel 2022-ci il tarixli 22/19 nömrəli Alqı-satqı Müqaviləsi üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ödənişlərini əks etdirən Bank Hesabından Çıxarışdan görünür ki, alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 17 fevral 2023-cü il tarixli EBDA 084533 nömrəli Elektron Qaimə-faktura üzrə 04 aprel 2023-cü ildə 4000 manat, 12 aprel 2023-cü ildə 1000 manat və 14 aprel 2023-cü ildə 1000 manat olmaqla - cəmi 6000 manat və 21 fevral 2023-cü il tarixli EBDA 260869 nömrəli Elektron Qaimə-faktura üzrə isə 19 iyun 2023-cü ildə 1000 manat, 25 iyun 2023-cü ildə 1000 manat, 12 iyul 2023-cü ildə 1000 manat, 02 avqust 2023-cü ildə 1000 manat və 08 sentyabr 2023-cü ildə 400 manat olmaqla – cəmi 4400 manat məbləğində ödənişlər edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, iş materialları və işin konkret halları ilə müəyyən olunur ki, 15 aprel 2022-ci il tarixli 22/19 nömrəli alqı-satqı Müqaviləsi üzrə təqdim olunan 17 fevral 2023-cü il tarixli EBDA 084533 nömrəli, 21 fevral 2023-cü il tarixli EBDA 260869 nömrəli və 22 fevral 2023-cü il tarixli EBDA 345657 nömrəli Elektron Qaimə-fakturalar əsasında almış olduğu mallara görə yaranmış borc alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə lazımi qaydada ödənilməmişdir. Yəni, satıcı "xxxx" MMC tərəfindən alıcı "xxxx" MMC-yə 17 fevral 2023-cü il tarixli EBDA 084533 nömrəli Elektron Qaimə-faktura üzrə cəmi 17980 manat dəyərində, 21 fevral 2023-cü il tarixli EBDA 260869 nömrəli Elektron Qaimə-faktura üzrə cəmi 11062,5 manat dəyərində və 22 fevral 2023-cü il tarixli EBDA 345657 nömrəli Elektron Qaimə-faktura üzrə cəmi 2700 manat dəyərində olmaqla, ümumilikdə cəmi 31742,5 manat (17980 + 11062,5 + 2700 = 31742,5 manat) dəyərində məhsul satılmış olsa da, həmin satılan məhsulların 7250 manat hissəsi Alıcı tərəfindən Satıcıya geri qaytarılmış və 10400 manat məbləğində isə ödəniş edilmişdir. Ona görə də, iddia tələbinin əsaslandırıldığı qeyd olunan hər üç Elektron Qaimə-faktura üzrə cəmi 14092,5 manat məbləğində pul vəsaitinin Alıcı tərəfindən Satıcıya ödənilməməsi təsdiq edilir (31742,5 – 7250 – 10400 = 14092,5 manat). İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar iddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə 137 (yüz otuz yeddi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaçı "xxxx" MMC ilə bağlanmış 15 aprel 2022-ci il tarixli 22/19 nömrəli alqı-satqı Müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 14092,5 (on dörd min doxsan iki manat 50 qəpik) manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddianın cavabdehdən “1500 manat məbləğində cərimənin tutulması” tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla iddia ərizəsində tələb olunan cərimə məbləği azaldılaraq, cavabdehdən cəmi 500 (beş yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 14092,5 manat məbləğində əsas borc və 500 manat məbləğində cərimə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 137 (yüz otuz yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 14092,5 (on dörd min doxsan iki manat 50 qəpik) manat məbləğində əsas borc, 500 (beş yüz) manat məbləğində cərimə və 137 (yüz otuz yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 14729,5 (on dörd min yeddi yüz iyirmi doqquz manat 50 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar