Məhkəmə qərarları › İş №e-2-2(119)-909/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-909/2025

19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-909/2025 19.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 4595,84 (dörd min beş yüz doxsan beş manat səksən dörd qəpik) manat məbləğində əsas borc, 459 (dörd yüz əlli doqquz) manat məbləğində dəbbə pulu, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı və 76 (yetmiş altı) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5630,84 (beş min altı yüz otuz manat səksən dörd qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sonuncuya verilmiş mallar üzrə hazırda Cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə 4595,84 manat borcu vardır. Belə ki, Şahbaz” Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilmiş xx.xx.2022-ci il tarixli EBCG seriyalı 456687 nömrəli elektron qaimə üzrə malların dəyəri ƏDV daxil olmaqla 5423,09 manat təşkil etmişdir. Bu məbləğdən 827,25 manat təşkil edən ƏDV “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin müvafiq ƏDV sub-uçot hesabına ödənilmişdir. Dəfələrlə şirkətlərin səlahiyyətli nümayəndələri arasında danışıqların aparılmasına və 2,5 il müddətin keçməsinə baxmayaraq qalan əsas məbləğ indiyədək ödənilməmiş qalmışdır. Müqavilənin 5.2-ci bəndinə uyğun olaraq, ödəniş müddətlərinə əməl edilmədiyinə görə hər gecikmə günü (860 gün) üçün gecikdirilmiş ödəniş məbləğinin 0,1% miqdarında, ən çoxu 10% olmaqla hesablanmış dəbbə pulu 459 manat təşkil edir. Cavabdehə göndərilmiş pretenziya cavabsız qalmış, bu səbəbdən bu iddianın verilməsi məcburiyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki-prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı Cavabdeh arasında bağlanmış 22 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı alıcıya bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və özündə satılan məhsulun (və ya məhsulların) adını, miqdarını, ölçüsünü və qiymətini əks etdirən qiymət razılaşdırılması haqqında protokolda qeyd olunan malları alıcıya təhvil verir, alıcı isə həmin malı qəbul edərək bu müqavilə ilə razılaşdırılmış olan məbləği satıcıya köçürmə yolu ilə ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti və miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan müqaviləyə 1 saylı əlavə ilə müəyyənləşdirilir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən alıcı satıcı tərəfindən təhvil verilən malların dəyərini bu müqavilənin 5.1-ci bəndində nəzərdə tutulan müddətdə ödəmədikdə gecikdirilən hər bir təqvim günü üçün razılaşdırma protokolunda qeyd olunan məbləğin 0,1%-i həddində, lakin həmin məbləğin 10%-dən artıq olmamaq şərti ilə dəbbə pulu ödəməlidir. İş materiallarında olan 22 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin 1 saylı əlavəsində (qiymət razılaşdırılması protokolu) toplam 40 ədəd olmaqla 5423 manat məbləğində qabın qiyməti tərəflər arasında razılaşdırılmışdır. İş materiallarından görünür ki, iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehnə 5423,09 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.20224-ci il tarixli EBCG seriyalı 456687 nömrəli elektron qaimə-faktura təqdim olunmuşdur. İş materiallarında olan 27 oktyabr 2022-ci il tarixli **********889521 nömrəli köçürmə haqqında bildirişə əsasən Cavabdeh tərəfindən “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə 827,25 manat məbləğində ƏDV ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Beləliklə, iddia ərizəsinin məzmunu və iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında 22 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehnə 5423,09 manat dəyərində mal satılmış, cavabdeh 827,25 manat məbləğində ƏDV ödəmiş və onun iddiaçıya 4595,84 manat məbləğində borcu qalmışdır. Buna görə “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməyərək malların dəyərini tam ödəməmişdir. Buna görə də, iddia tələbi 22 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 4595,84 (dörd min beş yüz doxsan beş manat səksən dörd qəpik) manat məbləğində əsas borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 459 (dörd yüz əlli doqquz) manat məbləğində dəbbə pulunun tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla dəbbə pulunun məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 200 (iki yüz) manat məbləğində dəbbə pulu tutulmalıdır. Bundan əlavə, işin konkret halları və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, iddia tələbinin “hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının” tutulması hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil ilə təmsil olunan iddiaçı hazırkı iddia tələbində “hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının” da cavabdehdən tutulmasını xahiş etmiş və bununla bağlı məhkəməyə iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 07 may 2025-ci il tarixli 3962 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilə, Ədalət Vəkil Bürosuna 500 manat məbləğində ödəniş edilməsi ilə bağlı MT2505 seriyalı, 10881691 nömrəli 12 may 2025-ci il tarixli elektron qaimə, Ədalət Vəkil Burosunun hesabına hüquqi xidmətə görə 500 (beş yüz) manat məbləğində pul ödənilməsini təsdiq edən 12 may 2025-ci il tarixli ödəniş tapşırığını təqdim etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinin tələblərinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Yəni, bu normanın tələbinə görə fiziki şəxs olaraq işdə iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin ağlabatan məbləğdə tutulmasına yol verilir. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən Ədalət Vəkil Burosunun bank hesabına köçürülmüş 500 manat məbləğində pulun da cavabdehdən tutulması tələb olunur ki, bu məbləğ - bu iş üzrə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə cavabdeh tərəfindən ödənilməli olan ağlabatan məbləğ hesab edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 18 dekabr 2008-ci il tarixli qərarında da qeyd olunur ki, ərizəçi - xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi” halda tutulmasına yol verilir. Bu halda, iddiaçı tərəfindən cavabdehdən tələb olunan “hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının tutulması”, yəni hüquqi xidmətlərə görə 500 (beş yüz) manat məbləğində pul vəsaiti - hazırkı iş üzrə ağlabatan və zərurətlə xərclənən məbləğ hesab edilə bilməz. Buna görə də, həmin məbləğin hamısı deyil, yalnız hazırkı iş üzrə mövcud şəraitdə və dövrdə ağlabatan və zərurətlə xərclənən hissəsi cavabdehə aid edilə bilər. Odur ki, hüquqi yardıma görə cavabdehdən tələb olunan 500 (beş yüz) manat məbləğində pulun həqiqətən və zərurətlə xərcləndiyi sübut edilmədiyindən və bu məbləğ həcminə görə ağlabatan və əsaslı olmadığından, həmin hissədə iddia tələbi qismən təmin edilməli və cavabdehdən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə, yəni 300 (üç yüz) manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “76 (yetmiş altı) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin olunmalı və Cavabdehndən hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun hesablanan 67,96 (altmış yeddi manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdehndən 4595,84 (dörd min beş yüz doxsan beş manat səksən dörd qəpik) manat məbləğində əsas borc, 200 (iki yüz) manat məbləğində dəbbə pulu, hüquqi yardımla əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və 67,96 (altmış yeddi manat doxsan altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5163,80 (beş min yüz altmış üç manat səksən qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 4595,84 (dörd min beş yüz doxsan beş manat səksən dörd qəpik) manat məbləğində əsas borc, 200 (iki yüz) manat məbləğində dəbbə pulu, hüquqi yardımla əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və 67,96 (altmış yeddi manat doxsan altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5163,80 (beş min yüz altmış üç manat səksən qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar