Məhkəmə qərarları › İş №e-2-2(119)-91/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-91/2025

25.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-91/2025 25.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17 may 2023-cü il tarixli AZ/ML0635 saylı müqaviləyə əsasən ödənilmiş 55503 (əlli beş min beş yüz üç) manat məbləğində pulun, 8436,45 (səkkiz min dörd yüz otuz altı manat qırx beş qəpik) manat məbləğində dəbbə pulunun və ödənilmiş 281,82 (iki yüz səksən bir manat səksən iki qəpik) manat məbləğində dövlət rüsumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı İddiaçı ilə satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 17 may 2023-cü il tarixli AZ/ML0635 saylı müqavilə və həmin müqavilənin tərkib hissəsi olan 17 may 2023-cü il tarixli 1 saylı Əlavə imzalanmışdır. 17 may 2023-cü il tarixli AZ/ML0635 saylı müqaviləyə əsasən 2023-cü ilin sonunda 9 (doqquz) ədəd “Agrose” markalı çiləyici alınmış və sezon sonu işlər yekunlaşdığına görə həmin çiləyicilər 2024-cü ilin aprel ayında işlədilməyə başlanılmışdır. Bu çiləyicilər daha asan və relyefi düz olan alma bağlarında işlədilməsinə baxmayaraq ilk gündən çiləyicilərin keyfiyyətsiz olduğu aşkar edilmişdir. Belə ki, reduktor şesternalarının kipləşməsi nəticəsində kardandan gələn qüvvə vasitəsi ilə bağlama yerləri parçalanaraq qopmuş, bağlantı, qaynaq və birləşmə hissələrində zəiflik, pompa, dəmir keyfiyyətsizliyi və paslanma aşkar edilmişdir. Bu çiləyicilərin üç ədədində ilk işə salma zamanı mühərrikdə kənar səslərin olması müşahidə edilmiş və servis xidməti baxış keçirdikdən sonra hər üç çiləyicinin mühərriki tam yenilənmişdir. Yenilənmədən sonra ilk istismar zamanı bir çiləyicidə təkrar nasazlıq aşkar edilmiş və ikinci dəfə servis xidməti yeni çiləyicinin mühərrikini dəyişməli olmuşdur. Dörd çiləyicinin birində isə mühərrikin üst qapaqlarından biri sıradan çıxmışdır. Müqavilənin 2.3-cü bəndində malların siyahısı qeyd edilmişdir. Həmin siyahıda 5-ci sırada olan “Agrose” markalı 9 ədəd dərman çiləyicinin güzəştli satış qiyməti 55503 manat qeyd edilmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən “Agrose” markalı 9 ədəd dərman çiləyicinin güzəştli satış qiyməti də daxil olmaqla siyahıda qeyd edilən malların ilkin ödənişi olan 206984 manat iddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmişdir. Göründüyü kimi, yeni alınmış aqreqatlarda yaranmış belə nasazlıqların baş verməsi və onların aradan qaldırılması ciddi vaxt itkisinə, eləcə də sahədə əməliyyatların, aqrotexniki tədbirlərin icrasında ciddi ləngimələrə səbəb olmuşdur. Yeni texnikalarda bu kimi nasazlıqların aşkar edilməsi aqreqatların ümumi keyfiyyətinin aşağı səviyyədə olmasına, bəzi hallarda isə istehsal qüsurlu şəkildə təqdim olunmasına dəlalət edir. “Agrose” markalı 9 ədəd dərman çiləyicinin keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar) pozulmuşdur. Qeyd edilənləri nəzərə alaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xəbərlarlıq məktubu göndərilərək 17 may 2023-cü il tarixli AZ/ML0635 saylı müqavilənin 6.5-ci bəndinə əsasən 9 ədəd “Agrose” markalı çiləyicinin 55503 manat məbləğində ödənişinin geri qaytarılması və bu müqavilənin 7.4-cü bəndinə əsasən hər gecikmə günü üçün 55503 manat məbləğin 0,1-i faiz həcmində, 2024-cü ilin aprel ayından başlayaraq cəmi 120 gün gecikməyə görə 6660,36 manat dəbbə pulunun, ümumilikdə 62163,36 manatın ödənilməsi bildirilmiş və 10 iş günü ərzində müvafiq tədbir görülməsi tələb olunmuşdur. Lakin cavabdeh tərəfindən pretenziya məktubuna hazırkı vaxtadək cavab verilməmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı İddiaçı arasında bağlanmış 17 may 2023-cü il tarixli, AZ/ML0635 nömrəli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə görə müqaviləyə əsasən satıcı malları bu müqavilədə müəyyən edilmiş şərtlərlə alıcıya satmağı, alıcı malları qəbul etməyi və qiymətini bu müqavilə ilə müəyyənləşdirilmiş qaydada və şərtlərlə satıcıya satış qiymətinin minimum 60% hissəsini ödəmayi öhdəsinə götürür, müvəkkil kredit təşkilatı isə satış qiymətinin yerdə qalan hissəsini AKİA-nın müvafiq vəsaitləri vasitəsilə satıcının hesabına ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndində alqı-satqı olunacaq malların siyahısı qeyd edilmiş və “Agrose” markalı 9 ədəd dərman çiləyicinin güzəştli satış qiyməti 55503 manat qeyd edilmişdir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən müqavilənin ümumi məbləği 301915,65 manat təşkil edir. Bu məbləğin 206984 manat hissəsi satıcı tərəfindən alıcıya təqdim olunmuş hesab-fakturaya əsasən alıcı tərəfindən satıcıya ödənilir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən satıcı bu müqaviləni bağlamaq üçün alıcının etibar etdiyi aşağıdakı bəyanat və zəmanətləri verir: Mallar malların istehsal olunduğu müəssisənin bütün texniki tələblərinə tam cavab verir. Mallar təyinatı üzrə istifadə edilə bilməsi üçün tam, istifadəyə yararlı, keyfiyyətli, tam yeni və işlək vəziyyətdədir və malların ondan təyinatı üzrə istifadəni qeyri-mümkün edən və ya çətinləşdirən heç bir qüsuru yoxdur. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən müqavilədə müəyyən edilmiş miqdar, çeşid, keyfiyyət və komplektlik şərtlərinə tam əməl etmək satıcının vəzifəsidir. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən satıcı alıcıya bu müqavilənin keyfiyyət haqqında şərtlərinə uyğun gəlməyən mallar verdikdə alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıda öz seçimi ilə qiymətin mütənasib surətdə azaldılmasını, malların qüsurlarının ağlabatan müddətdə əvəzsiz andan qaldırılmasını, malın qüsurlarını aradan qaldırmaq üçün çəkdiyi xərcin əvəzinin qaytarılmasını, maldan imtina edərək ödənilmiş məbləğin geri qaytarılmasını tələb etsin. Həmin müqavilənin 6.5-ci bəndinə əsasən malların keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə müqavilənin icrasından imtina etsin və qiymətin geri qaytarılmasını və bu müqavilənin 7.4-cü maddəsində müəyyən edilmiş miqdarda dəbbə pulunun ödənilməsini tələb etsin. Həmin müqavilənin 7.4-cü bəndinə əsasən satıcı malların alıcıya təhvil verilməsini istehsalçılardan asılı olmayan səbəblər istisna olmaqla, 10 təqvim günündən çox olmayaraq gecikdirdikdə, alıcının ilk tələbinə əsasən satıcı qeyd- şərtsiz hər gecikdirilmiş gün üçün qiymətin 0,1 %-i miqdarında alıcıya dəbbə pulu ödəməlidir. İş materiallarında olan 17 may 2023-cü il tarixli, AZ/ML0635 nömrəli alqı-satqı müqaviləsinin 01 saylı əlavəsinə əsasən “Agrose” markalı CTT 2000/90 model 2023-cü il buraxılışlı 9 ədəd dərman çiləyicinin güzəştli satış qiyməti 55503 manat müəyyən edilmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarına əsasən İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 30 may 2023-cü il tarixdə 62095,20 manat, 14 iyul 2023-cü il tarixdə 97931,40 manat və 22 avqust 2023-cü il tarixdə 46957,40 manat olmaqla, cəmi 206984 manat ödəniş həyata keçirilmişdir. İş materiallarında olan “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin 23 aprel 2025-ci il tarixli 40 nömrəli mütəxəssis rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınmış “Agrose” markalı 9 ədəd dərman çiləyicidə dəfələrlə təkrarlanan və aqrotexniki tədbirlərin icrasını gecikləndirilən, istehsal qüsurları (su pompasının yağı su ilə qarışması, fanın reduktorun sıradan çıxması, fanın dəmir konstruksiyaların zəif olduğundan tez-tez sınması, boruların kipliyi zəiflənərək təzyiqin aşağı düşməsi və s.) mövcuddur. Həmin 9 ədəd dərman çiləyicidə keyfiyyətinə dair aradan qaldırıla bilməyən, dəfələrlə təkrarlanan, aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və aqrotexniki tədbirlərin icrasını gecikdirən qüsurlarlar (su pompasının yağı su ilə qarışması, fanın reduktorun sıradan çıxması, fanın dəmir konstruksiyaların zəif olduğundan-tez sınması, boruların kipliyi zəiflənərək təzyiqin aşağı düşməsi, fanın sinxron işlədilməyə tarazda olmaması və s.) mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. - 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: - 587.2.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; - 587.2.2-ci maddəsinə əsasən lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı İddiaçı arasında 17 may 2023-cü il tarixli, AZ/ML0635 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya “Agrose” markalı 9 ədəd dərman çiləyici satılmış və həmin çiləyicilərin güzəştli satış məbləği olan 55503 manat iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. İddiaçı tərəfindən həmin 9 ədəd dərman çiləyici işlədildikdə onlarda qüsurlar olduğu müəyyən edilmişdir. Buna görə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hazırkı iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin 23 aprel 2025-ci il tarixli 40 nömrəli mütəxəssis rəyində satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən alıcı İddiaçınə satılmış 9 ədəd dərman çiləyicidə keyfiyyətinə dair aradan qaldırıla bilməyən, dəfələrlə təkrarlanan, aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və aqrotexniki tədbirlərin icrasını gecikdirən istehsal qüsurlarlarının mövcud olduğu göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 17 may 2023-cü il tarixli, AZ/ML0635 nömrəli alqı-satqı müqaviləsinə əsasən 9 ədəd dərman çiləyicinin alınması ilə əlaqədar ödənilmiş 55503 (əlli beş min beş yüz üç) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 8436,45 (səkkiz min dörd yüz otuz altı manat qırx beş qəpik) manat məbləğində dəbbə pulunun tutulması” hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla dəbbə pulunun məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 2775 (iki min yeddi yüz yetmiş beş) manat məbləğində dəbbə pulu tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “281,82 (iki yüz səksən bir manat səksən iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 264,83 (iki yüz altmış dörd manat səksən üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 55503 (əlli beş min beş yüz üç) manat məbləğində pul, 2775 (iki min yeddi yüz yetmiş beş) manat məbləğində dəbbə pulu və 264,83 (iki yüz altmış dörd manat səksən üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 58542,83 (əlli səkkiz min beş yüz qırx iki manat səksən üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 55503 (əlli beş min beş yüz üç) manat məbləğində pul, 2775 (iki min yeddi yüz yetmiş beş) manat məbləğində dəbbə pulu və 264,83 (iki yüz altmış dörd manat səksən üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 58542,83 (əlli səkkiz min beş yüz qırx iki manat səksən üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar