Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-918/2025 19.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10 yanvar 2023-cü il tarixli S24/23 nömrəli alqı-satqı müqaviləsi üzrə 9207,11 (doqquz min iki yüz yeddi manat, on bir qəpik) manat məbləğində əsas borc, 920,71 (doqquz yüz iyirmi manat, yetmiş bir qəpik) manat məbləğində dəbbə pulu, 120,38 (yüz iyirmi manat, otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 10248,2 (on min iki yüz qırx səkkiz manat, iyirmi qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 10 yanvar 2023-cü il tarixli S24/23 nömrəli təchizat müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında mallar iddiaçı tərəfindən cavabdehin mülkiyyətinə verilməsinə baxmayaraq, cavabdeh elektron qaiməfakturalara əsasən ƏDV daxil olmaqla hesablanmış 9207,11 manat məbləğində malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də cavabdehin üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq iddiaçıya ödəməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının qanuni təmsilçisi 28 iyul 2025-ci il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 28 iyul 2025-ci il tarixli e-2-2(119)-918/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Məhkəmə iclaslarında iddiaçının qanuni təmsilçisi iddia ərizəsini müdafiə edərək izahatlarında bildirmişdir ki, cavabdehə malların təhvil verilməsi elektron qaimə-fakturalarla təsdiq edilir. Cavabdeh tərəfindən 31 yanvar 2023-cü il tarixli 909449 nömrəli elektron qaimə-faktura üzrə 140 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh tərəfindən malların qaytarılması barədə 05 sentyabr 2023-cü il tarixli akt məhkəməyə təqdim edilmişdir. Belə ki, Şahid1 adlı şəxs iddiaçı şirkətin işçisi olmuşdur. Həmin şəxs malları cavabdehdən götürsə də, müvafiq mallar şirkətə qaytarılmamışdır. Yəni mallar cavabdehdən götürülsə belə, iddiaçı təşkilatın anbarına gətirilməmişdir. Eyni zamanda malların qaytarılması barədə akt iddiaçı təşkilatda mövcud deyildir. Ekspertiza rəyi müştəri sifariş sənədləri və realizasiya sənədlərinə əsasən tərtib edilmişdir. 21 iyul 2023-cü il tarixində cavabdehlə iddiaçının nümayəndəsi arasında üzləşmə aktı tərtib edilmiş və cavabdeh 1647,83 manat məbləğində borcu olmasını qəbul etmişdir. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş malların geri qaytarılması barədə aktda 6406,14 manat məbləğində malın geri qaytarılması göstərilir. Bu həm də həmin dəyərdə malın cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edir. Digər tərəfdən qaiməfakturalardakı imzaların cavabdehə məxsus olmaması malların ona verilmədiyi anlamına gəlmir. Maliyyə arayışında cavabdehə 6 qaimə-faktura üzrə mal verilməsi göstərilir. Sonuncu qaimə-fakturadakı məbləği istisna olmaqla, digər qaimə-fakturalardakı məbləğlərin cəmi təxminən 1800 manat məbləğindədir. Cavabdeh tərəfindən 140 manat məbləğində ödəniş edilməsini nəzərə alsaq üzləşmə aktında qeyd edilmiş 1647,83 manat məbləğində cavabdehin borcu olması öz təsdiqini tapır. İddiaçının qanuni təmsilçisi məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında cavabdeh iddia ərizəsinə etiraz edərək izahatlarında bildirmişdir ki, 2023-cü ilin avqust ayında iddiaçı şirkətin Araz adlı satış təmsilçisi Şahid1 adlı şəxslə mağazaya yaxınlaşaraq, artıq təhvil-təslim etdiklərini və bundan sonra müvafiq ərazidə Şahid1 fəaliyyət göstərəcəyini bildirmişdir. Həmin şəxs təxminən 6400 manat məbləğində dəyəri olan malı mağazaya boşaldaraq, 1-2 ay sonra götürəcəyini bildirmişdir. Qeyd etdiyi kimi həmin müddət ərzində malları iddiaçı təşkilata geri qaytarmış və bu barədə akt tərtib edilmişdir. Bu mallara görə şirkət tərəfindən elektron qaimə-faktura göndərilmiş, lakin həmin elektron qaimə-faktura onun tərəfindən ləğv edilmişdir. Bu hadisədən təxminən 1-2 il sonra mağazaya audit olduğunu bildirən bir nəfər şəxs borcun ödənilməsi ilə bağlı müraciət etdiyi zaman, şirkətə hər hansı borcun olmadığını bildirmişdir. Daha əvvəl də iddiaçıdan mağaza üçün 814 manat məbləğində mal almış və həmin malın dəyəri tam olaraq ödənilmişdir. 26 iyul 2023-cü il tarixli qaimə-fakturada olan müvafiq imza ona məxsus olsa da, digər qaimə-fakturalardakı imza ona aid deyildir. Ümumiyyətlə, həmin qaimə-fakturalar ona təqdim edilməmişdir. Eyni zamanda 03 avqust 2023-cü il tarixli üzləşmə aktında olan imza da onun tərəfindən icra edilməmişdir. Cavabdeh göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materialları: İş materiallarında olan 10 yanvar 2023-cü il tarixli S24/23 nömrəli təchizat müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə əsasən satıcı (İddiaçı MMC) alıcıya (Cavabdeh) mal satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Bu müqavilə çərçivəsində mal termini dedikdə, spirtli məhsullar nəzərdə tutulur. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, malların miqdarı, çeşidi, qiyməti və dəyəri, ƏDV daxil, aksizlər, eləcə də bütün digər məcburi ödənişlər mallara əlavə edilən qaimələrlə və hesab fakturalarla tərəflərin razılaşdığı və hazırkı müqavilənin ayrılmaz hissəsi sayılan Əlavələrdə əks olunur. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, malların satışı bu müqavilənin bütün müddəti ərzində bu müqaviləyə Əlavələr və onun ayrılmaz hissəsi olan spesifikasiyalar əsasında ayrı-ayrı partiyalarda hissə-hissə həyata keçirilir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, mallar satıcı və ya onun cəlb etdiyi daşıyıcı tərəfindən alıcının müvafiq lisenziyaya malik olduğu bilavasitə alıcının anbarına (mağazaya, digər binalara) çatdırılır. Malların alıcıya faktiki təhvil verildiyi və mallar üçün əlavə hesab-fakturaların imzalandığı andan çatdırılma öhdəliyi yerinə yetirilmiş hesab olunur, həmin andan etibarən mallara qulluq yükü və malların təsadüfən itirilməsi riski alıcının üzərinə düşür. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, mallara mülkiyyət hüququ tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən mallar üzrə qaimə sənədlərinin imzaladığı andan satıcıdan alıcıya keçir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, tərəflər razılığa gəldilər ki, malların qəbulu və təhvil-təslimi zamanı keyfiyyətə dair heç bir pretenziya olmadığı təqdirdə, qaimələrin imzalanması malların keyfiyyətinə əsasdır və malların təhvil-təslimi üzrə sənədlər imzalandıqdan sonra onun keyfiyyəti ilə bağlı pretenziya qəbul olunmur. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, bu müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların satıcı qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 təqvim günü müddətində satıcının ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, alıcı satılan malların bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesabfakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, alıcı realizasiya tarixindən etibarən hər 30 təqvim günündən bir, lakin istənilən halda növbəti hesabat tarixinin 20-sindən gec olmayaraq, satılan/satılmamış malların qalıqları barədə məlumatı satıcıya təqdim etməyi öhdəsinə götürür. Alıcı tərəfindən bu cür məlumatların təqdim edilməməsi, satılmayan mallar olduğu halda belə satıcı qarşısında mallar üçün tam tam ödəniş öhdəliyi yaradır. Bununla belə, təchiz olunmuş mallara görə tam həcmdə ödəniş tələbinə əsasən alıcı satıcı tərəfindən təqdim edilmiş yazılı tələb alındığı andan 3 iş günündən gec olmayaraq ödəniş etməyə borcludur. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış malların nağd şəkildə ödənişi mümkündür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, alıcı tərəfindən bu müqavilənin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda alıcı satıcıya hər gecikən gün üçün 0,3 faiz dəbbə pulu (cərimə) ödəyir. 4.2-ci bəndə əsasən hesabatların vaxtında təqdim edilmədiyi halda alıcı razılaşır ki, satıcı təhvil verilmiş bütün mallara görə penya hesablanır. Hesabatlar 4.2-ci bənddə göstərilən müddətdə təqdim edilmədikdə alıcı razılaşır ki, satıcı bütün çatdırılmış malın dəyərinə görə cərimələri hesablayır və onu satılmış hesab edir. Cərimənin ödənilməsi alıcını bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən azad etmir. İş materiallarında olan 31 yanvar 2023-cü il tarixli EBCN seriyalı 909449 nömrəli elektron qaimə-faktura üzrə 823,75 manat, 02 fevral 2023-cü il tarixli EBCO seriyalı 144247 nömrəli elektron qaimə-faktura üzrə 310,8 manat, 24 fevral 2023-cü il tarixli EBDA seriyalı 381574 nömrəli elektron qaimə-faktura üzrə 212,64 manat, 08 mart 2023-cü il tarixli EBDB seriyalı 261291 nömrəli elektron qaimə-faktura üzrə 283,2 manat. 03 iyul 2023-cü il tarixli EBDJ seriyalı 009690 nömrəli elektron qaimə-faktura üzrə 157,44 manat və 27 iyul 2023-cü il tarixli EBDK seriyalı 781624 nömrəli elektron qaimə-faktura üzrə 7559,28 manat məbləğində olmaqla, cəmi 9347,11 manat məbləğində dəyəri olan malların təqdim edilməsi ilə bağlı elektron qaimə-fakturalar iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. İş materiallarında olan 31 mart 2023-cü il tarixli kassa mədaxil orderi üzrə 50 manat, 04 may 2023-cü il tarixli kassa mədaxil orderi üzrə 50 manat, 10 may 2023-cü il tarixli kassa mədaxil orderi üzrə 40 manat məbləğində olmaqla, cavabdeh tərəfindən cəmi 140 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan 30 iyun 2023-cü il tarixli 0000-005499 nömrəli qaimə-faktura üzrə 157,44 manat, 26 iyul 2023-cü il tarixli 0000-006215 nömrəli qaimə-faktura üzrə 7599,28 manat məbləğində malların təqdim edildiyi qeyd edilmişdir. Həmin qaiməfakturalar “Şəmsur” adı qeyd edilərək imzalanmışdır. İş materiallarında olan İnternet Vergi İdarəsindən çıxarış sənədindən görünür ki, 7559,28 (6406,14 əsas; 1153,14 ƏDV) manat məbləğində malların təqdim edilməsi ilə bağlı olan 27 iyul 2023-cü il tarixli EBDK seriyalı 781624 nömrəli elektron qaimə-faktura “Ləğv edilməsi təklif edilmişdir” statusundadır. İş materiallarında olan 05 sentyabr 2023-cü il tarixli satış üçün təqdim olunan malların geri qaytarılması aktından görünür ki, cavabdeh tərəfindən 6406,14 manat məbləğində dəyəri olan mallar satış təmsilçisi Şahid1 imzası ilə təsdiq edilməklə ona geri qaytarılmışdır. İş materiallarında olan 21 iyul 2023-cü il tarixli üzləşmə aktında Cavabdeh 1647,83 manat məbləğində borcu olduğu qeyd edilmişdir. İş materiallarında olan 03 avqust 2023-cü il tarixli qarşılıqlı üzləşmə aktında Cavabdeh 9207,11 manat məbləğində borcu olduğu qeyd edilmişdir. Həmin qarşılıqlı üzləşmə aktı bir tərəfdən iddiaçının nümayəndələri, digər tərəfdən “M.Şəmsur” adı qeyd edilərək imzalanmışdır. İş materiallarında olan 11 yanvar 2023-cü il tarixli 117 nömrəli, 30 yanvar 2023-cü il tarixli 813 nömrəli və 22 fevral 2023-cü il tarixli 1770 nömrəli müştəri sifarişi (“заказ клиента”) adlı sənədlərdən görünür ki, Cavabdeh tərəfindən “Shusha sherab evi”nə ümumi dəyəri 1417,75 manat məbləğində olan mallar sifariş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 21 avqust 2025-ci il tarixli 4/1320 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən, ekspertizaya təqdim edilmiş, kommersiya işinin 40-cı vərəqəsində (bundan sonra, i/v) olan 03 avqust 2023-cü il tarixli üzləşmə aktında “Aktın doğruluğunu imzalarla təsdiq edirik: 3.“M.Şəmsur” qrafasındakı imza, i/v 53-də olan 30 iyun 2023-cü il tarixli 0000-005499 nömrəli qaimə-fakturada “Müştəri” qrafasındakı imza, i/v 55-də olan 22 fevral 2023-cü il tarixli 1770 nömrəli, i/v 56-da olan 30 yanvar 2023-cü il tarixli 813 nömrəli, i/v 57-də olan 11 yanvar 2023-cü il tarixli 117 nömrəli müştəri sifarişləri (“заказ клиента”) sənədlərində Cavabdeh adından olan imzalar - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı tərəfindən vəsatətlə məhkəməyə müraciət edilərək zərurət yarandığından keçmiş satış təmsilçiləri Şahid1 və Şahid2 şahid qismində cəlb edilməsi və dindirilməsi xahiş edilmişdir. Məhkəmənin 17 iyul 2025-ci il tarixli və 19 sentyabr 2025-ci il tarixli bildirişləri ilə həmin şəxslər məhkəmə iclasına dəvət edilmişdirlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 570.1.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa satıcının əşyanı alıcıya vermək vəzifəsi müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən 10 yanvar 2023-cü il tarixli S24/23 nömrəli təchizat müqaviləsi üzrə 9207,11 manat məbləğində əsas borc, 920,71 manat məbləğində dəbbə pulu, 120,38 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 10248,2 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması xahiş edilsə də, təqdim edilmiş sübutlarla iddianın əsaslılığı - təchizat müqaviləsinin predmeti olan malların cavabdehə təhvil verilməsi və həmin mallara görə cavabdehin iddiaçıya borcunun olması öz təsdiqini tapmır. Belə ki, tərəflər arasında bağlanmış 10 yanvar 2023-cü il tarixli S24/23 nömrəli təchizat müqaviləsinin 2.4-cü bəndinə əsasən, malların alıcıya faktiki təhvil verildiyi və mallar üçün əlavə hesab-fakturaların imzalandığı andan çatdırılma öhdəliyi yerinə yetirilmiş hesab olunur, həmin andan etibarən mallara qulluq yükü və malların təsadüfən itirilməsi riski alıcının üzərinə düşür. Yəni tərəflər müqavilə ilə malların mülkiyyət hüququnun satıcıdan alıcıya keçməsi anını “malların alıcıya faktiki təhvil verildiyi və mallar üçün əlavə hesab-fakturaların imzalandığı an” olaraq razılaşdırmışlar. Müqavilənin istinad edilən bəndini, təqdim edilmiş ekspert rəyini və digər sübutları məcmu halda qiymətləndirərək məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini təsdiq edən sənədlər kimi iş materiallarına əlavə edilmiş 03 avqust 2023-cü il tarixli üzləşmə aktı, 30 iyun 2023-cü il tarixli 0000-005499 nömrəli qaimə-faktura, 22 fevral 2023-cü il tarixli 1770 nömrəli, 30 yanvar 2023-cü il tarixli 813 nömrəli, 11 yanvar 2023-cü il tarixli 117 nömrəli müştəri sifarişləri (“заказ клиента”) sənədləri hazırkı mübahisə üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 21 avqust 2025-ci il tarixli 4/1320 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən, 03 avqust 2023-cü il tarixli üzləşmə aktında “Aktın doğruluğunu imzalarla təsdiq edirik: 3.“M.Şəmsur” qrafasındakı imzanın, 30 iyun 2023-cü il tarixli 0000- 005499 nömrəli qaimə-fakturada “Müştəri” qrafasındakı imzanın, 22 fevral 2023-cü il tarixli 1770 nömrəli, 30 yanvar 2023-cü il tarixli 813 nömrəli, 11 yanvar 2023-cü il tarixli 117 nömrəli müştəri sifarişləri (“заказ клиента”) sənədlərində Cavabdeh adından olan imzaların Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu qeyd edilmişdir. Bundan əlavə, cavabdeh məhkəmə iclaslarında verdiyi izahatlarında 7599,28 manat dəyərində malların təhvil verildiyini təsdiq edən 26 iyul 2023-cü il tarixli 0000-006215 nömrəli qaimə-fakturadakı imzanın ona aid olduğunu təsdiq etsə də, iş materiallarından görünür ki, 7559,28 (6406,14 əsas; 1153,14 ƏDV) manat məbləğində malların təqdim edilməsi ilə bağlı olan 27 iyul 2023-cü il tarixli EBDK seriyalı 781624 nömrəli elektron qaimə-faktura cavabdeh tərəfindən qəbul edilməyərək “Ləğv edilməsi təklif edilmişdir” statusunu almış, 05 sentyabr 2023-cü il tarixli satış üçün təqdim olunan malların geri qaytarılması aktı ilə cavabdeh tərəfindən 6406,14 manat məbləğində dəyəri olan mallar iddiaçının satış təmsilçisi (iddiaçının qanuni təmsilçisi izahatında həmin şəxsin işçisi olduğunu təsdiq etmişdir) Şahid1 imzası ilə təsdiq edilməklə ona geri qaytarılmışdır. Göründüyü kimi, tələb olunan məbləğdə dəyəri olan malların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi və cavabdehin iddiaçı qarşısında hansısa maddi öhdəliyinin olması iş materialları ilə təsdiq edilmir. Eyni zamanda, iddiaçının qanuni təmsilçisi cari tarixdə keçirilən məhkəmə baxışı iclasında 21 iyul 2023-cü il tarixli üzləşmə aktını məhkəməyə təqdim edərək Cavabdeh 1647,83 manat məbləğində borc öhdəliyini qəbul etdiyini bildirmişdir. Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göründüyü kimi, iddiaçı tərəfindən təqdim edilmiş üzləşmə aktı məhkəmə baxışı zamanı təqdim edilmiş, eyni zamanda həmin sənədin məhkəməyə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməməsinin mümkün olmadığı əsaslandırılmamışdır. Belə olduğu təqdirdə həmin sənəd iş üzrə sübut qismində qiymətləndirilə bilməz. Eyni zamanda cari tarixdə keçirilmiş iclasda həmin sənədlə tanış olan cavabdeh sənəddəki ona aid edilmiş imzanın da ona məxsus olmadığını qeyd etmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İddia tələbinin məhkəmə xərclərinin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 avqust 2025-ci il tarixli 4/1320 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılan ekspertiza tədqiqatının dəyəri 126 manat təşkil etmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən yuxarıda istinad edilmiş Mülki Prosessual Məcəllənin 107ci, 115.0.1-ci və 119.1-ci maddələrinə əsasən, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 126 manat məbləğində pul vəsaiti iddiaçıdan dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 126 (yüz iyirmi altı) manat məbləğində pul vəsaiti İddiaçındən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-918/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-918/2025
19.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver