Məhkəmə qərarları › İş №e-2-2(119)-926/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-926/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-926/2021 05.10.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun tutulması tələbinə dair işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı Cavabdehndən əsas borc olaraq 17,416.80 (on yeddi min dörd yüz on altı manat səksən qəpik) manat və gecikmə tarixlərinə görə hər gün üçün yaranan cərimə məbləğlərinin 3135 manat, cəmi 20,551.80 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (Satıcı) ilə Cavabdeh MMC (Alıcı) arasında 14.08.2020-ci il tarixdə 45/2020 saylı mal alqı-satqısı müqaviləsi bağlanmışdır. Bağlanmış müqavilə şərtlərinə əsasən İddiaçı MMC müxtəlif vaxtlarda Cavabdeh MMC-yə mal satmışdır. Cavabdeh MMC aldığı malların dəyəri olan 17,416.80 (on yeddi min dörd yüz on altı manat səksən qəpik) manat (ƏDVdaxil) borcu İddiaçı MMCyə ödəməmişdir. Müqavilənin 6.2-ci bəndində göstərilmışdir ki, alıcı aldığı malın dəyərini razılaşdırılmış müddət ərzində ödəməlidir. Həmin müqavilənin 8.2-ci maddəsində göstərilmişdir ki, alıcı ödəməni vaxtında yerinə yetirməzsə gecikən hər gün üçün qalan məbləğin 0.1% məbləğində cərimə ödəməlidir. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqla qalan borcu ödəmələri barədə müraciət edilmişdir. Lakin, cavabdeh borcu ödəməmişdir. Cavabdehin İddiaçı MMC-yə olan əsas borcu 17,416.80 (on yeddi min dörd yüz on altı manat səksən qəpik) manat və gecikmə tarixlərinə görə hər gün üçün yaranan cərimə məbləğlərinin cəmi 3135 manat edir. Beləliklə, cavabdehin İddiaçı MMC-yə olan borcunun cəmi 20,551.80 manat təşkil edir. Cərimə məbləği olaraq hesablanan borc 23.12.2020-ci il tarixindən 23.06.2021-ci il tarixinədək hesablanmışdır. İş üzrə əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 cavabdehin əsas borcu qəbul etdiyini və ödəməyə hazır olduğunu bildirmiş, pandemiya səbəbindən müəssisənin işində çətinliklər yarandığının nəzərə alınmasını, cərimə borcunun silinməsini xahiş etmişdir. Əsaslandırıcı hissə Məhkəmə iş materiallarını tədqiq edib, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “satıcı” İddiaçı MMC (VÖEN: **********) ilə “alıcı” "xxxx" MMC (VÖEN: **********) arasında 14.08.2020-ci il tarixli, 45/2020 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə satıcı malı alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini Müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə Alıcıya ödəməyi öhdəyə götürür. Müqavilənin 6.2-ci bəndinə görə, alıcı qaimə-faktura üzrə qəbul etdiyi malın dəyərini 30 gün ərzində satıcıya ödənilməsini təmin etməlidir. Həmin müqavilənin 3.1-ci bəndində qeyd edilmişdir ki, satıcı bu müqavilə imzalandığı tarixdən 2 təqvim günü ərzində razılaşdırılmış çeşiddə və miqdarda keyfiyyətli malı alıcının səlahiyyətləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş nümayəndəsinə təhvil verir. Müqavilənin 5.1.1ci bəndinə əsasən malın alınması ilə bağlı alıcıya elektron qaimə-faktura satıcı tərəfindən alıcıya göndərilidikdən sonra, alıcı 5 təqvim günü ərzində ona göndərilmiş qaiməfakturanın ləğv və ya düzəliş edilməsi ilə bağlı müraciət edə bilər. Əks təqdirdə həmin mal alıcı tərəfindən qəbul edilmiş sayılır. İş materiallarında olan 16.09.2020-ci il tarixli, 012928 nömrəli elektron qaiməyə əsasən ümumi dəyəri 5131,58 manat, 27.10.2020-ci il tarixli, 721204 nömrəli elektron qaiməyə əsasən ümumi dəyəri 2599,78 manat, 23.11.2020-ci il tarixli, 838158 nömrəli elektron qaiməyə əsasən ümumi dəyəri 5293,01 manat, 20.08.2020-ci il tarixli, 782383 nömrəli elektron qaiməyə əsasən ümumi dəyəri 4392,43 manat olan mallar İddiaçı tərəfindən Cavabdehnə təhvil verilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 09.08.2021-ci il tarixli maliyyə arayışına əsasən, cavabdehin həmin tarixə 17,416.80 manat əsas və gecikmə tarixlərinə görə 3135 manat cərimə borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi – yəni malların cavabdehə verilməsi müvafiq elektron qaimələrlə sübuta yetirilmiş, Cavabdeh MMC malların təhvil alınmasını mübahisələndirməmişdir. İş materiallarından görünür ki, cavabdehin 17,416.80 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmış və həmin borca görə iddiaçı tərəfindən Müqavilənin 6.2-ci bəndinə əsasən, gecikən hər gün üçün qalan məbləğin 0.1% məbləğində olmaqla, 3135 manat cərimə hesablanmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi üzrə İddiaçı xeyrinə Cavabdehndən 17,416.80 manat məbləğində əsas borcun tutulması hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməlidır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci madəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarına istinadən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin 17,416.80 manat əsas borc məbləğinə 3135 manat cərimə borcunun hesablanması zamanı əsas borcla dəbbə arasında tənasüb gözlənməmişdir. Məhkəmə işin hallarını və cavabdehin dəlillərini nəzərə alaraq 300 manat cərimənin hesablanmasını məqsədəmüvafiq hesab edir. Bununla yanaşı, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 17,416.80 (on yeddi min dörd yüz on altı manat səksən qəpik) manat məbləğində əsas borc, 300 (üç yüz) manat məbləğində cərimə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 17746,80 (on yeddi min yeddi yüz qırx altı manat 80 qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçınə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (ay) müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar