Məhkəmə qərarları › İş №e-2-2(119)-928/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-928/2021

16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-928/2021 16.07.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı 4400 ABŞ dolları və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin tərəflər bölməsində Cavabdeh qeydiyyat ünvanı Kəlbəcər rayonu, Hopurlu kəndi, iddia ərizəsinin mətnində isə yaşayış yeri kimi Abşeron rayonu, Saray qəsəbəsi kimi göstərilmişdir. İddia ərizəsinə əlavə edilmiş fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdeh Cavabdeh ********** saylı (VÖEN) şəhadətnamə ilə “Xanlar (hazırda Göygöl) rayonu, Azad kəndi” ünvanında vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Bununla belə iddiaçı cavabdehin sonuncu yaşayış yeri üzrə məhkəmədə iddia qaldırsa da iddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, cavabdehin faktiki yaşadığı ünvan kimi “Abşeron rayonu, Saray qəsəbəsi” ünvanı göstərilməklə ona yalnız bir zərf ünvanlanmış (həmin zərfin içində pretenziya məktubunun, yaxud iddia ərizəsinin surətinin olmasını müəyyən etmək mümkün deyil), həmin göndəriş isə poçt xidməti tərəfindən 04.05.2021-ci il tarixdə “ünvan tam deyil” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı onunla müqavilə münasibətlərində olan cavabdehin faktiki ünvanı ona məlum olduğu halda (tərəflər arasında bağlanmış müvafiq müqavilədə cavabdehin Abşeron rayonu Saray qəsəbəsində şərti adı “Yeni Market” olan ticarət obyektində fəaliyyət göstərdiyi əks olunmuşdur) müvafiq sənədləri ona hər-hansı digər formada çatdırmaq imkanından istifadə etməmiş (cavabdehin faktiki fəaliyyət ünvanı ən azından iddiaçının satış təmsilçilərinə məlum olmuşdur), çatdırmanın iddiaçının iradəsindən asılı olmayan hallar səbəbindən mümkün olmadığını sübut edən sənədləri iddia ərizəsinə əlavə etməmiş, formal olaraq tam olmayan ünvana müvafiq sənədləri göndərməklə kifayətlənmişdir. Halbuki iddia ərizəsinə əlavə edilmiş tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndinə əsasən tərəflər arasında mübahisə qarşılıqlı razılıqla həll edilir. Mülki-Prosessual Məcəllənin 4.3-cü maddəsinə əsasən isə əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisənin tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qarşılıqlı razılıqla həll edilməsi üçün iddiaçı ilk növbədə bu tələbini cavabdehə bildirməli, mübahisəni qarşılıqlı razılıq yolu ilə həll etmək mümkün olmadıqda məhkəməyə müraciət etməli, məhkəməyə müraciət etməzdən əvvəl isə müvafiq iddia ərizəsini cavabdehə çatdırmalı və bu barədə sənədi iddia ərizəsinə əlavə etməlidir. Lakin, hazırkı iddia ərizəsinə cavabdehə ünvanlanmış pretenziya məktubunun özünün də əlavə edilməməsi bu nəticəyə gəlməyə əsas verir ki, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət etməmişdir. Halbuki, iddia ərizəsində pretenziya məktubunun cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq bugünə qədər üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi göstərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması və iddia ərizəsinin çatdırılmasına dair qaydalara riayət etməmişdir. Mülki-Prosessual Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, 152.1.4-cü maddəsinə əsasən isə kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar