Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-93/2025 09.01.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10312,50 (on min üç yüz on iki manat əlli qəpik) manat məbləğində əsas borc, 2475 (iki min dörd yüz yetmiş beş) manat məbləğində dəbbə pulu, 4021,85 (dörd min iyirmi bir manat səksən beş qəpik) manat məbləğində əldən çıxmış fayda, hüquqi yardım ilə əlaqədar vəkilə ödənilmiş 2400 (iki min dörd yüz) manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 19209,35 (on doqquz min iki yüz doqquz manat otuz beş qəpik) manat məbləğində pul vəsaitinin və 180 (yüz səksən) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında 25 may 2023cü il tarixli 194RTL-0523ERC saylı “Məhsul/xidmət satışına dair” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən alıcı – Cavabdeh müqavilənin qüvvədə olduğu müddət ərzində vaxtaşırı yerləşdirdiyi sifarişləri əsasında satıcı – İddiaçı təqdim etdiyi məhsul/xidməti almağı, müqavilənin 4.3-cü bəndinə əsasən isə alıcı – Cavabdeh müqaviləyə əsasən məhsul/xidmətin dəyərinin ödənilməsini bank vasitəsi ilə köçürmə yolu ilə və Azərbaycan Respublikasının milli valyutası olan manatla həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə qüvvəyə mindikdən sonra tərəflər öz öhdəliklərini yerinə yetirməyə başlamışlar və İddiaçı tərəfindən Cavabdeh ümumilikdə 19193,59 manat dəyərində mal satılmış, iddiaçı tərəfindən cavabdehə 4068,22 manat dəyərində malın satılması ilə əlaqədar 30 may 2023-cü il tarixli EBDG seriyalı 721001 nömrəli, 1368,01 manat dəyərində malın satılması ilə əlaqədar 24 iyun 2023-cü il tarixli EBDİ seriyalı, 602133 nömrəli, 742,90 manat dəyərində malın satılması ilə əlaqədar 24 iyun 2023-cü il tarixli EBDİ seriyalı 602136 nömrəli, 1504,45 manat dəyərində malın satılması ilə əlaqədar 24 iyul 2023-cü il tarixli EBDK seriyalı 547321 nömrəli, 1199,80 manat dəyərində malın satılması ilə əlaqədar 09 avqust 2023-cu il tarixli EBDL seriyalı 751472 nömrəli, 1405,37 manat dəyərində malın satılması ilə əlaqədar 14 noyabr 2023-cü il tarixli EBDS seriyalı 656263 nömrəli, 1087,88 manat dəyərində malın satılması ilə əlaqədar 14 noyabr 2023-cü il tarixli EBDS seriyalı 656266 nömrəli, 5802,82 manat dəyərində malın satılması ilə əlaqədar 14 noyabr 2023-cü il tarixli EBDS seriyalı 656270 nömrəli, 2014,04 manat dəyərində malın satılması ilə əlaqədar 14 noyabr 2023-cü il tarixli EBDS seriyalı 656274 nömrəli qaimə göndərilmişdir. Cavabdeh tərəfindən sonuncu dəfə 03 iyun 2024-cü il tarixində 2014,04 (iki min on dörd manat dörd qəpik) manat məbləğində ödəniş edilmişdir. Ödənişdən sonra cavabdehin satış məntəqəsində üzləşdirmə aparılmış və 4831,59 (dörd min səkkiz yüz otuz bir manat əlli doqquz qəpik) manat məbləğində mal qalığı aşkar edilmiş və buna dair tərəflər 13 iyun 2024-cü il tarixli akt tərtib edib imzalamışlar. Cavabdeh qalıqda olan malların satılması üçün 2024-cü ilin iyun ayının sonuna kimi vaxt istəmiş və ayın sonunda borcunu ödəyəcəyinə dair vəd vermişdir. Cavabdeh istədiyi müddət ərzində möhlət verilsə də, o, öz vədini yerinə yetirməmiş və iddiaçıya olan borcunu qaytarmamışdır. Cavabdeh 01 iyul 2024-cü il tarixində 7/1/24 saylı pretenziya göndərilmiş və 10312,50 (оn min üç yüz on iki manat əlli qəpik) manat məbləğində borcun 5 (beş) iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin Cavabdeh heç bir ödəniş etməmişdir. Hal-hazırda onun İddiaçınə 10312,50 (оn min üç yüz on iki manat əlli qəpik) manat məbləğində əsas borcu qalmışdır. Müqavilənin 4.7-ci bəndinə əsasən müqavilənin sifarişlərində başqa hal müəyyən edilməyibsə və ya tərəflərin razılaşması əsasında ödənişi 10% avans şəklində satıcının hesab faktura təqdim etdiyi təqvim günündən 10 (on) təqvim günü ərzində ödənilməlidir. Müqavilənin 4.9-cu bəndinə əsasən alıcı məhsul/xidmət üzrə ödənişi müqavilənin 4.2-ci bəndində müəyyən olunmuş vaxtda həyata keçirmədikdə, satıcının hər gecikən gün üzrə, ödənməyən məbləğə görə alıcıya həmin məbləğin 0,1 faizi məbləğində dəbbə pulu tətbiq etmək hüququ vardır. Cavabdeh müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmədiyi üçün İddiaçınə zərər vurmuşdur. Müqavilənin 4.9-cu bəndinə əsasən ödənilməyən məbləğin 0,1 faizi məbləğində dəbbə pulu 2475 manat təşkil edir. Ölkə üzrə rəsmi bank uçot dərəcəsinə görə əldə çıxmış fayda 02 noyabr 2023-cü il tarixindən 21 dekabr 2023-cü il tarixinədək – 876,56 manat (8,5%), 21 dekabr 2023-cü il tarixindən xx.xx.2024-cü tarixinədək –825 manat (8,0%), 01 fevral 2024-cü il tarixindən 29 mart 2024-cü tarixinədək – 799,21 manat (7.75%), 29 mart 2024-cü il tarixindən 02 may 2024cü tarixinədək – 773,43 manat (7,5%), 02 may 2024-cü il tarixindən isə - 747,65 manat (7,25%) təşkil edir. Bundan başqa iddiaçı hüquqi yardım göstərilməsi ilə əlaqədar vəkilə 2400 manat xidmət haqqı ödəmişdir. Beləliklə, Cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün İddiaçınə 10312,50 manat məbləğində əsas borc, 2475 manat məbləğində dəbbə pulu, 4021,85 manat məbləğində əldən çıxmış fayda, hüquqi yardım ilə əlaqədar vəkilə ödənilmiş 2400 manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 19209,35 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, tərəflər arasında olan işgüzar münasibətlərə əsasən əvvəllər Cavabdeh tərəfindən İddiaçınə satılan malların dəyəri ödənilir, satılmayan mallar isə qalıq olaraq müəyyən edilirdi. Hazırda iddiaçı tərəfindən cavabdehdən bütün borc məbləği tələb edilir, cavabdeh isə 13 iyun 2024-cü il tarixli üzləşmə aktında qeyd olunan satılmış malların dəyərini təşkil edən 5480,94 manatın iddiaçıya ödənilməsinə etiraz etmir, lakin həmin aktda qeyd olunan 4831,59 manat dəyərində qalıq malların qaytarılmasını və yaxud satıldıqca hissə-hissə dəyərinin ödənilməsini istəyir. O, Cavabdeh zərərə uğradığını, mübahisənin nə ilə yekunlaşacağını bilmədiyi üçün başqa şirkətlərlə müqavilə bağlayaraq mağazaya yeni mallar almadığını qeyd etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə alıcı Cavabdeh arasında bağlanmış 25 may 2023-cü il tarixli, 194RTL-0523ERC nömrəli "Məhsul/xidmət satışına dair" müqaviləyə əsasən alıcı bu müqavilənin qüvvədə olduğu müddət ərzində vaxtaşırı yerləşdirdiyi sifarişləri əsasında satıcının təqdim etdiyi məhsul/xidməti alır. Müqavilə alıcı və satıcı tərəfindən imzalandıqdan sonra qüvvəyə minir və bütün keçmiş təklifləri, danışıqları və yazışmaları əvəz edir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən satıcı tərəfindən alıcıya hesab-faktura və eqaimə manatla (e-qaimənin alıcıya təqdim edildiyi tarixə xarici valyutanın manata olan rəsmi məzənnəsinə uyğun olaraq) təqdim edilir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən məhsul/xidmətin dəyərinin ödənilməsi bank vasitəsi ilə köçürmə yolu ilə və Azərbaycan Respublikasının milli valyutası olan manatla həyata keçirilir. Həmin müqavilənin 4.9-cu bəndinə əsasən alıcı məhsul/xidmət üzrə ödənişi bu müqavilənin 4.2-ci maddəsində müəyyən olunmuş vaxtda həyata keçirmədikdə, satıcının hər gecikən gün üzrə, ödənməyən məbləğə görə alıcıya həmin məbləğin 0,1 faizi məbləğində dəbbə pulu tətbiq etmək hüququ vardır. İş materiallarından görünür ki, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Cavabdeh 4068,22 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDG seriyalı 721001 nömrəli, 742,90 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDİ seriyalı 602136 nömrəli, 1368,01 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDİ seriyalı 602133 nömrəli, 1504,45 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDK seriyalı 547321 nömrəli, 1199,80 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDL seriyalı 751472 nömrəli, 2014,04 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDS seriyalı 656274 nömrəli, 1087,88 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDS seriyalı 656266 nömrəli, 1405,37 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDS seriyalı 656263 nömrəli, 5802,82 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDS seriyalı 656270 elektron qaimələr təqdim olunmuşdur. İş materiallarında olan 25 may 2023-cü il tarixli, 194RTL-0523ERC nömrəli "Məhsul/xidmət satışına dair" müqaviləyə Qiymət razılaşdırma protokolu №1-ə əsasən tərəflər satıcı tərəfindən satılcaq malların siyahısını razılaşırlar. Həmin qiymət razılaşdırma protokolunun 6-cı bəndinə əsasən lazımi qaydada ödənişə dair öhdəliklər pozulduqda, alıcı satıcıya hər gecikən gün üçün ödənilməmiş məbləğin 0,1 faizi nisbətində cərimə ödəməlidir. Həmin qiymət razılaşdırma protokolunun 8-ci bəndinə əsasən satıcı alıcıya malı təhvil verdikdə hesab-faktura təqdim edir, alıcı hesab-fakturanı aldıqdan sonra ödənişi 30 təqvim günü ərzində ödəyir. Həmin qiymət razılaşdırma protokolunun 9-cu bəndinə əsasən alıcı mallardan imtina edərsə və yaxud qaytarılma olarsa alıcı satıcıya malın ümumi dəyərinin 100 % həcmində vəsait ödəyir. Həmin qiymət razılaşdırma protokolunun 12-ci bəndinə əsasən müqaviləyə Əlavə №1 ilə müqavilənin şərtləri arasında hər hansı ziddiyət olarsa, müqaviləyə Əlavə №1-in şərtlərinə üstünlük verilir. İş materiallarında olan 13 iyun 2024-cü il tarixli aktdan görünür ki, 194RTL-0523ERC nömrəli 25 may 2023-cü il tarixli “Məhsul/xidmət satışına dair müqavilə” üzrə alıcıya məxsus satış nöqtələrində və /və ya anbar(lar)da yoxlamalar aparılmış və müqavilə üzrə təqdim edilmiş mallardan 5480,94 manat dəyərində oyuncaq satıldığı, 4831,59 manat dəyərində oyuncaq qalıq qaldığı aşkar edilmişdir. İş materiallarında olan ödəniş sənədlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 08 avqust 2023-cü il tarixdə 1368,01 manat, 25 dekabr 2023-cü il tarixdə 1199,8 manat və 03 iyun 2024-cü il tarixdə 2014,04 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 25 may 2023-cü il tarixli, 194RTL-0523ERC nömrəli "Məhsul/xidmət satışına dair" müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 19193,59 manat dəyərində mal satılmış, lakin Cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək malların dəyərini tam ödəməmişdir. Buna görə İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, 25 may 2023-cü il tarixli, 194RTL-0523ERC nömrəli "Məhsul/xidmət satışına dair" müqavilə üzrə ödənilməmiş 10312,50 (оn min üç yüz on iki manat əlli qəpik) manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 2475 (iki min dörd yüz yetmiş beş) manat məbləğində dəbbə pulunun tutulması” hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla dəbbə pulunun məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 550 (beş yüz əlli) manat məbləğində dəbbə pulu tutulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə bank uçot dərəcəsi kimi hesablanmış 4021,85 (dörd min iyirmi bir manat səksən beş qəpik) manat məbləğində əldən çıxmış faydanın tutulması” hissəsi əsassız olduğundan təmin edilə bilməz. İddiaçı tələbin bu hissəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2009-cu il tarixli qərarına ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutmuşdur. Lakin, iddiaçı ona məxsus pul vəsaitindən normada sadalandığı kimi cavabdeh tərəfindən hər hansı gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əldə edilməsi halını məhkəmə prosesi zamanı sübuta yetirə bilməmiş, buna dair hər hansı sübut təqdim etməmişdir. Bunun üçün də tələbin həmin hissədə təmin edilməsi üçün əsaslar mövcud deyildir. Bundan əlavə, işin konkret halları və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, iddia tələbinin “hüquqi yardımla əlaqədar ödənilmiş 2400 (iki min dörd yüz) manat məbləğində xidmət haqqının” tutulması hissəsi qismən əsaslıdır. Belə ki, məhkəmə prosesində nümayəndə qismində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə ilə təmsil olunan iddiaçı - hazırkı iddia tələbində hüquqi yardımla əlaqədar ödənilmiş 2400 (iki min dörd yüz) manat məbləğində xidmət haqqının cavabdehdən tutulmasını xahiş etmiş və bununla bağlı məhkəməyə İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Nümayəndə və Partnyorları Vəkil Bürosunun hesabına hüquqi xidmətə görə 2400 (iki min dörd yüz) manat məbləğində pul ödənilməsini təsdiq edən 18 iyul 2024-cü il tarixli ödəniş tapşırığını təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinin tələblərinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Yəni, bu normanın tələbinə görə fiziki şəxs olaraq işdə iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin ağlabatan məbləğdə tutulmasına yol verilir. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən Nümayəndə və Partnyorları Vəkil Bürosunun bank hesabına köçürülmüş 2400 (iki min dörd yüz) manat məbləğində pulun da cavabdehdən tutulması tələb olunur ki, bu məbləğ - bu iş üzrə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə cavabdeh tərəfindən ödənilməli olan ağlabatan məbləğ hesab edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 18 dekabr 2008-ci il tarixli qərarında da qeyd olunur ki, ərizəçi - xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi” halda tutulmasına yol verilir. Bu halda, iddiaçı tərəfindən cavabdehdən tələb olunan “hüquqi yardımla əlaqədar ödənilmiş 2400 (iki min dörd yüz) manat məbləğində xidmət haqqının tutulması”, yəni hüquqi xidmətlərə görə 2400 manat məbləğində pul vəsaiti - hazırkı iş üzrə ağlabatan və zərurətlə xərclənən məbləğ hesab edilə bilməz. Buna görə də, həmin məbləğin hamısı deyil, yalnız hazırkı iş üzrə mövcud şəraitdə və dövrdə ağlabatan və zərurətlə xərclənən hissəsi cavabdehə aid edilə bilər. Odur ki, hüquqi yardıma görə cavabdehdən tələb olunan 2400 (iki min dörd yüz) manat məbləğində pulun həqiqətən və zərurətlə xərcləndiyi sübut edilmədiyindən və bu məbləğ həcminə görə ağlabatan və əsaslı olmadığından, həmin hissədə iddia qismən təmin edilməli və cavabdehdən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə, yəni 600 (altı yüz) manat məbləğində pul tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “180 (yüz səksən) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 122,59 (yüz iyirmi iki manat əlli doqquz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 10312,50 (оn min üç yüz on iki manat əlli qəpik) manat məbləğində əsas borc, 550 (beş yüz əlli) manat məbləğində dəbbə pulu, hüquqi yardım ilə əlaqədar vəkilə ödənilmiş 600 (altı yüz) manat məbləğində xidmət haqqı və 122,59 (yüz iyirmi iki manat əlli doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 11585,09 (on bir min beş yüz səksən beş manat doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10312,50 (оn min üç yüz on iki manat əlli qəpik) manat məbləğində əsas borc, 550 (beş yüz əlli) manat məbləğində dəbbə pulu, hüquqi yardım ilə əlaqədar vəkilə ödənilmiş 600 (altı yüz) manat məbləğində xidmət haqqı və 122,59 (yüz iyirmi iki manat əlli doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 11585,09 (on bir min beş yüz səksən beş manat doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-93/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-93/2025
09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver